Səfir: "Norveç Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib" Siyasət

Səfir: "Norveç Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib"

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycanda akkreditə olunmuş səfiri Erling Sönsberq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, S. Seyidov ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən söz açıb.

Səfir Erling Sönsberqin dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrdə əldə edilmiş nəticələrə toxunan komitə sədri təhsil və humanitar sahələrdə əməkdaşlıq layihələrindən bəhs edib, Milli Məclisdə Norveçlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu formalaşdırıldığını nəzərə çatdırıb.

Norveçin Azərbaycandakı səfiri Erling Sönsberq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini, bölgədə sülhün və sabitliyin davamı üçün dialoqların qurulmasının, Azərbaycanla Ermənistan arasında problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Görüşdə 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli bəyanatda əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığı bildirilib. Bölgədə sülhün və sabitliyin təmin olunması üçün problemlərin və fikir ayrılıqlarının həlli üçün konstruktiv yanaşmanın önəmi vurğulanıb, bu istiqamətdə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun fəaliyyətindən bəhs edilib.

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.