Türkiyəli nazir Trend-ə Bakı-Ankara arasında nəqliyyat və infrastruktur üzrə əməkdaşlıq sahələrini açıqlayıb Siyasət

Türkiyəli nazir Trend-ə Bakı-Ankara arasında nəqliyyat və infrastruktur üzrə əməkdaşlıq sahələrini açıqlayıb

Azərbaycan və Türkiyə arasında nəqliyyat infrastrukturu üzrə əməkdaşlıq çərçivəsində iki tərəfin mənafelərinə uyğun olaraq rüsumların nəzərdən keçirilməsi və təkliflərin hazırlanması qərara alınıb.

Bunu Trend-ə özəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir qeyd edib ki, bunlarla yanaşı tərəflər arasında telefon arxivinin rəqəmsallaşdırılması xidmətləri üzrə istehsal və təchizat, Azərbaycanla birgə vaqon istehsalı və satışı üzrə texniki-iqtisadi əsaslandırmaların aparılması, Qars Logistika Mərkəzindən Naxçıvana və digər stansiyalara konteyner və iri həcmdə yüklərin daşınması, iki ölkə və digər ölkələr arasında tranzit nəqliyyatının asanlaşdırılması, Bakı-Tiflis-Qars ( BTQ) dəmir yolu xəttindən tam gücü ilə istifadə etmək üçün əməkdaşlığın gücləndirilməsi və BTQ ilə Orta Dəhliz vasitəsilə Türkiyə ilə Çin arasında nəqliyyatın artırılması qərara alınıb.

Nazir əlavə edib ki, eyni zamanda hava nəqliyyatı ilə bağlı sazişin imzalanması, limanlar arasında əməkdaşlığın artırılması, Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı texniki-iqtisadi işlərin davamı, iki ölkə arasında televiziya yayımları, peyk rabitəsi, eyni zamanda yerüstü və rəqəmsal şəbəkə imkanlarının araşdırılması, daxili və xarici turizmin inkişafı məqsədilə BTQ dəmir yolundan sərnişindaşımada istifadə üçün işlərin başlanılması Ankara və Bakı tərəfindən qərara alınıb.