Aİ Azərbaycanla ticari-iqtisadi münasibətləri genişləndirməkdə davam edir - Aİ nümayəndəliyinin rəhbəri Siyasət
Avropa İttifaqı (Aİ) Azərbaycanla ticari-iqtisadi münasibətləri genişləndirməkdə davam edir.
Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Onun sözlərinə görə, Aİ ekspertləri "Azərbaycanın uzunmüddətli enerji inkişafı strategiyası"nı hazırlayır. Strategiyanın layihəsində bərpa olunan enerji mənbələrinin potensialı, enerji səmərəliliyi və COVID-19-un təsirinin qiymətləndirilməsinə əsaslanan 2050-ci ilədək müxtəlif ssenarilər və variantlar təhlil olunur:
"Azərbaycan bizim tərəfdaşımızdır, biz artıq uzun illərdir müxtəlif mövzular üzrə, ilk növbədə enerji sahəsində əməkdaşlıq edirik. Biz qarşılıqlı fayda və dünyanın rifahı üçün daha çox iş görə bilərik. İndidən fəaliyyətə başlamılıyıq və bunun üçün bizə tərəfdaşlar lazımdır".
K.Yankauskas bildirib ki, enerji bazarı baxımından ilk növbədə enerji səmərəliliyinə diqqət ayırmaq lazımdır: "Biz enerjidən daha səmərəli istifadə etməklə həm pula qənaət edə, həm də planetə yardım göstərə bilərik. 2019-cu ildə Azərbaycan Enerji səmərəliliyi və ətraf mühit üzrə Şərqi Avropa tərəfdaşlığına qoşulub. O zaman Aİ ölkədə enerji səmərəliliyi sahəsində layihələr üçün 5,1 milyon avro vəsait ayırmışdı. 2020-ci ilin martında Azərbaycan Gəncədə "Yaşıl şəhər" proqramı ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa başlayıb".
Aİ rəsmisi qeyd edib ki, heç bir layihə və heç bir texnologiya müvafiq hüquqi baza olmadan dayanıqlı funksiya göstərə bilməz: "2016-cı ildən EU4ENERGY proqramı Azərbaycana təmiz enerjiyə keçid və enerji bazarının liberallaşması üçün etibarlı enerji qanunvericiliyi və normativ aktları qəbul etməyə kömək göstərir. Analoji şəkildə "EU4Digital" təşəbbüsü "Şərq tərəfdaşlığı" regionunda rəqəmsal bazarların uyğunlaşdırılmasına kömək edir".
K.Yankauskas əlavə edib ki, Aİ Azərbaycanda yaşıl iqtisadiyyatın yaradılmasına, "yaşıl" layihələrin reallaşdırılmasna kömək edir: ""Merlər sazişi" adlı daha bir proqram şəhərlərin ekoloji təmiz və səmərəli planının hazırlanmasını nəzərdə tutur. Mingəçevir bələdiyyəsi və Bakı şəhəri bələdiyyələrindən biri bu proqramı imzalayan ilk bələdiyyələrdən olub. Bu yaxınlarda onlara Şəki, Gəncə, Qazax, Şamaxı, Xaçmaz, Yevlax və Bakı şəhərinin Binəqədi rayonu qoşulub. Etibarlı hüquqi baza və işləyən enerji bazarı olacağı təqdirdə, bərpa olunan enerji mənbələri enerji sisteminə inteqrasiya olunduqdan sonra Azərbaycan günəş və külək enerjisindən mənfəət əldə edə biləcək".
K.Yankauskas vurğulayıb ki, "Şərq tərəfdaşlığı"nın növbəti sammitinə hazırlıq çərçivəsində Aİ ilin sonunda bütün region üçün "İqtisadi və investisiya planı"nı təqdim edəcək: "Bu plan real iqtisadiyyata post-COVID investisiyaları, iş yerlərinin yaradılması, əsas iqtisadi və sosial sektorların dayanıqlılığının təmin olunması, yaşıl iqtisadiyyat, genişzolaqlı rabitə və rəqəmsal gələcəyin təmin olunmasını əhatə edir".
Onun sözlərinə görə, Azərbaycanda işləyən Avropa şirkətləri ölkə iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməyə hazırdır. Azərbaycan və Aİ-nin enerji və nəqliyyat sahələrində münasibətləri son illər ərzində yaxşı inkişaf edir və daha da möhkəmlənmək potensialına malikdir:
"Azərbaycanda 400-ə yaxın Avropa şirkəti işləyir. Sonuncu Aİ-Azərbaycan biznes forumunda minə yaxın iştirakçı olub. Azərbaycanda işləyən Avropa şirkətləri ölkə iqtisadiyyatına investisiyaları davam etdirməyə hazır olduqlarını bildirib. Onlar "ASAN xidmət" mərkəzlərinin yaradılmasını, elektron xidmətlərin göstərilməsini, gömrük və miqrasiya xidmətlərinin işinin təkmilləşdirilməsini yüksək qiymətləndirir. Biz, həmçinin hesab edirik ki, Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması ticarətin genişlənməsinə və Avropa şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalarının artımına xidmət edəcək. Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını, eləcə də iqtisadi şaxələndirməni dəstəkləyir"
K.Yankauskas əlavə edib ki, Azərbaycan TEN-T (Trans-Avropa Nəqliyyat Şəbəkəsi) baza şəbəkəsi sahəsinin yaradılmasını başa çatdırır:
"Aİ və Dünya Bankı "Trans-Avropa Nəqliyyat Şəbəkəsinə investisiya üzrə fəaliyyət planına" uyğun olaraq "Şərq tərəfdaşlığı" ölkələrinin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə birgə iş həyata keçirir. Həmin planla nəzərdə tutulan layihələrə yeni və mövcud avtomobil və dəmir yollarının, liman, aerport, eləcə də logistika mərkəzlərinin tikintisi və bərpası daxildir. Azərbaycan artıq prioritet layihələrin reallaşdırılmasında irəliləyişə nail olub və 2019-cu il martında ölkə ərazisinə genişləndirilən TEN-T baza şəbəkəsinin sahəsinin yaradılmasını başa çatdırır"