Dağlıq Qarabağ ifadəsi artıq tarixə qovuşub Siyasət
Nail Cəlil: “Qarabağın tarixi-mədəni, milli siması sürətlə dəyişəcək, bərpa olunacaq”
“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi və Şərqi Zəngəzur regionunun bərpası, inkişafı ölkə ictimaiyyətinin, eləcə də dövlət strukturlarının daimi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər azad Qarabağın tarixi-mədəni, milli simasının yaxın illərdə sürətlə geri qayıdacağını göstərir. Bu, bütövlükdə Azərbaycan, Güney Qafqaz regionu üçün yeni, mütərəqqi başlanğıcdır. Son günlər əsas diqqət səfirlərin, müxtəlif ölkələrdən olan nüfuzlu qonaqların Şuşaya səfərlərinə, müvafiq ərazilərdə təhlükəsizlik vəziyyətinin getdikcə yaxşılaşdırılmasına, daha da möhkəmləndirilməsinə yönəlib. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə “İqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu fərmanla iqtisadi rayonların sayı artırılaraq, 14-ə çatdırılıb. Müvafiq fərman regionun sosial-iqtisadi inkişafını, rifahını gücləndirəcək, tarixi və strateji əhəmiyyətli bir sənəddir".
Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında siyasi ekspert Nail Cəlil səsləndirib. O bildirib ki, fərmanın indiki mərhələdə imzalanması, dəqiq ölçülüb-biçilmiş, böyük milli hədəflərə xidmət edən addımdır: “Fərmanın səfirlərin Şuşaya səfəri ərəfəsində imzalanması beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində diplomatik, siyasi, iqtisadi tədbirlərin ciddi şəkildə əlaqələndirildiyini göstərir. Dövlət başçısının bu fərmanı ilə Dağlıq və ya Yuxarı Qarabağ ifadəsi de-yure və de-fakto tarixə qovuşub. Şərqi Zəngəzur iqtisadi regionunun yaradılması isə bütün dünyaya tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzurun da mövcudluğunu xatırladır. Bununla həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqəti tarixi ədalətin bərpasına yönləndirilir. Bütün bunlar həm də həqiqəti, reallığı – Ermənistanın əslində, Azərbaycan torpaqlarında yaradılmış asılı, forpost dövlət olduğunu dünya ictimai rəyinə aşılamaq, anlatmaq baxımından, çox önəmlidir”.
Siyasi ekspert onu da qeyd edib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin 30 illik erməni işğalından azad edilməsi regionda siyasi ədaləti bərpa etməklə yanaşı, Qafqazın cənubunda sosial-iqtisadi mənzərəni də nəzərəçarpacaq dərəcədə dəyişir. Bu mənada yeni iqtisadi ərazi bölgüsünün həyata keçirilməsi - Qarabağın və Zəngəzurun şərqini əhatə edən rayonların erməni işğalından azad edilməsi ilə bağlıdır. İqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirirən mühüm amillərdən biri də regionun gələcək sosial-iqtisadi rifahının təmin olunması zərurətidir. Üçtərəfli 10 noyabr sazişinin şərtlərinə uyğun olaraq, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla yanaşı, Ermənistanın da siyasi-iqtisadi maraqlarına uyğundur. Bununla Ermənistan ən yaxın qonşuları – Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri bərpa etmək imkanı qazanır, müvafiq nəqliyyat, kommunikasiya əlaqələrindən istifadə etməklə Qərbə, Şərqə və Şimala birbaşa çıxış yolları qazanır.
Nail Cəlil onu da vurğulayıb ki, iqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun, eləcə də digər iqtisadi regionların, bütövlükdə Azərbaycanın inkişafını sürətləndirəcək. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması ən vacib, mühüm prioritetdir. Azad edilmiş torpaqlarda əsas diqqət zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində təxirəsalınmaz tədbirlərin gerçəkləşdirilməsinə yönəlib. Qarabağ, Şərqi Zəngəzur bölgələrinə daxil edilən rayonların zəngin iqtisadi potensialı və infrastruktur, tarixi-mədəni baxımdan sıx bağlılığı da sirr deyil. Yeni ərazi bölgüsü bu potensialdan düzgün, səmərəli istifadəni birbaşa şərtləndirir: “Bu ərazilərin zəngin sosial-iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından faydalanmaq Azərbaycan qüdrətini, hərbi-siyasi gücünü daha da artıracaq. Görünən odur ki, bütün bu işlər məqsədli, sistemli, yaxşı düşünülmüş, vahid, strateji proqram əsasında həyata keçirilir: “Nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması bu istiqamətdə mümkün sosial-iqtisadi riskləri qarşılamağa, önləməyə, aradan qaldırmağa imkan verir. Artıq azad etdiyimiz doğma torpaqlarımızda ölkəmiz üçün 44 günlük müharibədən sonra tam fərqli, yeni mütərəqqi bir dövr başlayıb. Yeni iqtisadi ərazi bölgüsü artıq Xankəndini, Xocalı, Xocavənd rayonlarını da Qarabağ iqtisadi bölgəsinə bağlayır. Bu, müharibədən sonra həmin ərazidə yaşayan mülki vətəndaşların adaptasiyası və reinteqrasiyası üçün yaradılan əlverişli şərait deməkdir”.
Həmsöhbətimiz söyləyib ki, 44 günlük Vətən müharibəsi regionda yeni siyasi reallıqlar yaradıb və bu reallıqlar kimin kim olduğunu bir daha ortaya qoyur. Erməni separatçıları üzərində tarixi qələbəmizə dünyada sevinən dostlarımız çoxdur, kifayət qədərdir. Haqq işimizi, qələbəmizi hansı ölkələrin, dövlətlərin mənəvi cəhətdən səmimi, təmənnasız, açıq şəkildə dəstəklədiyini bilirik. Regionda maraqlı olan bir sıra nüfuzlu ölkələrin davranışı, artıq əhəmiyyətli dərəcədə həll olunmuş bir məsələni süni şəkildə yenidən gündəmə gətirmək cəhdləri də diqqətdən yayınmır. Vacib olan odur ki, işğal altında olan torpaqlarımızı düşməndən azad etdikdən sonra regionda, o cümlədən ölkəmizdə yeni hərbi, siyasi və iqtisadi reallıqlar yaranıb. Xüsusən, sosial-iqtisadi sahədə bir çox həlli vacib məsələlər gündəmə gəlib. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, bərpası üçün tədbirlər görmək zərurətini qiymətləndirən Prezident İlham Əliyev bununla bağlı mühüm qərarlar qəbul edib. Öncə qeyd etdiyimiz sənəd - dövlət başçısının 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını da həmin qərarların məntiqi, gözlənilən, qanunauyğun davamıdır.
Nail Cəlil hesab edir ki, iqtisadi rayonların yeni bölgüsü həm iqtisadi, həm də siyasi baxımdan mühüm hədəfləri özündə əks etdirir, unitarlıq prinsipinin dəyişməzliyini ortaya qoyur. Labüd məğlubiyyətə, 10 noyabr sazişinə imza atmalarına baxmayaraq, Ermənistan rəhbərliyi və onların himayəçiləri absurd bir şəkildə “Dağlıq Qarabağın statusu”ndan danışmaqda davam edirlər. Uzun müddət münaqişənin sülh yolu ilə həllinə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri olmuş ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfərdən imtinası da həm də bu məqamla bağlıdır. Onlar erməni icmasının təsirinin nisbətən güclü olduğu Fransanın köməyi ilə bu məsələni gündəlikdə saxlamağa çalışırlar. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman isə bu düşüncədə olanları bir daha məyus edir. Diplomatik anlamda bunu onlara ünvanlanan “Azərbaycanın ərazisi, xalqı və vətəndaşları bütövdür, hər hansı etnik bölgü yolverilməz, qəbuledilməzdir” cavabı kimi qiymətləndirmək olar.
Cavid