Ermənistan yenidən müharibəyə cəhd etsə... Siyasət

Ermənistan yenidən müharibəyə cəhd etsə...

Hərbi ekspert: İşğalçı ölkə ağır məğlubiyyətindən nəticə çıxarmalı, boş vədlərə inanmamalı, reallıqla barışmalıdır

Məlum olduğu kimi, son günlər Ermənistan-Azərbaycan sərhədlərində vəziyyət gərginləşib. Belə ki, işğalçı ölkə açıq-aydın hərbi əməliyyatların başlanmasına yönələn cəhdlər edir. Xüsusən də sərhədin Kəlbəcər istiqamətindən düşmən təxribatlarının daha da intensivləşməsi müşahidə edilir. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Ermənistan müstəqil dövlət deyil: “Tam əminliklə demək olar ki, bu addımları da işğalçı ölkə müstəqil atmır. O, xarici qüvvələrdən, beynəlxalq təşkilatlardan və erməni lobbisindən asılı vəziyyətdədir. Zəngəzur dəhlizinin bərpası ilə bağlı Ermənistanın sayıqlamaları da onun idarəedilən dövlət olmasından qaynaqlanır. Fransanın Ermənistandakı səfirinin Zəngəzur dəhlizinin əleyhinə söylədiklərini nümunə gətirmək olar. Bu günlərdə Amerikanın bu ölkədəki səfirinin Ermənistanın sərhəd bölgələrinə səfəri də siyasi etikadan kənar, diplomatik qaydalara uyğun olmayan addımlardır. Göründüyü kimi, Minsk qrupunun üzvləri olan Amerika ilə Fransa ATƏT-in həmsədr missiyasının davam etdirilməsində maraqlıdırlar. Bəzi maraqlı qüvvələr kimi, bu diplomatların da münaqişənin bitməsini istəməmələrinin səbəbi Cənubi Qafqazda təsirlərini qoruyub saxlamaqdır. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra razılıq əsasında Rusiya ilə Türkiyə bölgədə vasitəçilik missiyasını həyata keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına dair təşəbbüs irəli sürürlər. Ancaq Ermənistan və onun dünya siyasətindən xəbərsiz başçıları Qərbin aldadıcı vədlərinə inanaraq hələ də böyük sülh sazişini imzalamaqdan imtina edirlər. Bununla da Rusiyanın, Türkiyənin vasitəçiliyinə kölgə salmaq istəyirlər”.

Hərbi ekspert onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan Azərbaycanın zəif olan vaxtlarında torpaqlarını işğal etdi, əhalisinə qarşı soyqırımlar törətdi: “Ancaq dünya dövlətlərindən heç kim işğal faktı, Azərbaycanda törətdikləri hərbi cinayətləri üçün ermənilərə təsir, təzyiq göstərmədi. Ölkəmizin çətin duruma düşdüyü vaxtda onu ulu öndər Heydər Əliyev xilas etdi. Ulu Öndər sayəsində güclü, qüdrətli Azərbaycan dövləti, qüdrətli nizami ordu formalaşdı. Əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu islahatlarını davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin təkmilləşdirdiyi Silahlı Qüvvələrimiz 2016-cı ilin aprel döyüşlərində, Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində gücünü, qüdrətini göstərdi. Həmin əməliyyatlardan nəticə çıxarmayan Ermənistanın 44 günlük müharibədə darmadağın edilməsi labüd idi. Nəticədə müdafiə qüdrəti güclənən Azərbaycan Milli Ordumuzun rəşadəti sayəsində torpaqlarımızı düşmən tapdağından azad etdi. Bununla da ölkəmiz BMT-nin illərdən bəri həllini gözləyən qətnamələrini öz gücünə yerinə yetirdi və haqqı-ədaləti bərpa etdi. Son günlərdə yenidən təxribatlar törədən, atəşkəsi pozan Ermənistanın mövcudluğu belə sual altındadır”.

E. Həsənli onu da qeyd edib ki, bu gün Ermənistan iqtisadiyyatı çox ağır durumdadır: “Bu illər ərzində işğalçı ölkədən 100 minlərlə insan köç edib. Sözsüz ki, miqrasiya daha da çoxalacaq. Ermənistan yenidən müharibəyə cəhd etsə hərbi texnikanı demirik, cəbhəyə göndərmək üçün əsgər belə tapmayacaq. Hazırda orada bir qrup imkansız erməni yaşayır ki, onların da tezliklə köçüb gedəcəkləri şübhəsizdir. Yox, əgər ağıllarını başlarına yığıb Türkiyə ilə, Azərbaycanla normal münasibət qurub, ölkəmizin müstəqilliyini tanıyıb, sülhə hazır olsalar qlobal layihələrdə iştirak edərək iqtisadiyyatlarını dirçəldə bilərlər. Artıq işğlaçı ölkə ağır məğlubiyyətdən nəticə çıxarmalı, boş vədlərə inanmamalı, reallıqla barışmalıdır. Müstəqil yaşmaq imkanı olmayan Ermənistan ilk növbədə qonşuları Türkiyə və Azərbaycanla razılaşmalıdır. Ən ədalətli çıxış yolu da budur”.