"Qardaşlığımız, birliyimiz alovdan da güclüdür" Siyasət

"Qardaşlığımız, birliyimiz alovdan da güclüdür"

"Türkiyə də bizim vətınimizdir. Vətənimizin hər yeri bizə doğmadır və onu qorumaq bizim vətəndaşlıq, türkçülük borcumuzdur. Türkiyənin hər bir acısını biz də çəkməliyik, tarixən bizim yanımızda necə duruş gətiriblərsə, biz də bu gün onun yanındayıq. Türkiyədəki qardaşlarımızın kədəri, sevinci bizimdir".

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.

QHT sədri deyib ki, Türkiyədə meşə yanğınları sıradan bir hadisə deyil:"
"Bu təxribat da ola bilər, əvvəlcədən hazırlanan bir ssenari də. Bütün hallarda bizim qardaş ölkəmizə qarşı məkrli bir plandır. Meşələrdə, ətraf yaşayış məskənlərindən yanan hər bir ağac, hər bir ev bizimdir. Var gücümüzlə qorumalıyıq, bu ağır gündə qardaşlarımızla əl-ələ verib yanğının içinə syılnslıylq. İmkan verməməliyik ki, yanğının miqyası genişlənsin. Biz birlikdə bu alovu tezliklə söndürəcəyik. Həyat yenidən bərpa olunacaq. Buna gücümüz çatır. Qardaş birliyi qarşısında hər şey acizdir".

F.Kərimov onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yanğınsöndürmə və xilasetmə qüvvələrimiz, texnika qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi işinə cəlb edilib. Azərbaycanlılar türk qardaşları ilə birlikdə alova qarşı mübarizə aparırlar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu bu gün Türkiyəyə yola düşüb.

Yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, bu gün həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi də Türkiyəyə uçub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola salınıb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Cavid