“İnsanlarımız torpaqlarımızın müharibə yolu ilə azad olunması fikrinə köklənib” Layihə

“İnsanlarımız torpaqlarımızın müharibə yolu ilə azad olunması fikrinə köklənib”

Dünyada vaş verən geosiyasi proseslər ölkəmizin lehinədir. Azərbaycanın mövqeləri getdikcə güclənir. Ermənistan isə əksinə olaraq bütün dünyada dayaqlarını itirmiş durumdadır. Ermənistan diplomatiyası fiaskoya uğrayıb.
Ermənistanım baş naziri Paşinyan isə bir-birini təkzib edən bəyanatlar verir.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın telefon danışığı olub. "168 Jam" qəzetinin yaydığı məlumata görə, danışığın detalları bəlli olub.
Məlumata görə, telefon danışığının əsas mövzusu Paşinyanla İlham Əliyev arasında baş tutacaq görüş olub: "Rusiya tərəfi ehtiyat edir ki, Ermənistan Moskva ilə məsləhətləşmədən bir sıra güzəştlərə gedə bilər. Rusiya istəmir ki, bu proses onun nəzarətindən kənarda olsun".
Ermənistan Xarici İşlər naziri və Sergey Lavrov arasında baş tutan telefon danışığına münasibət bildirən politoloq Zaur Məmmədov deyib ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla böyük qardaşı arasında danışıqların əsas mövzularından biri Qarabağ olub.
O bildirib ki, şimal qonşumuzun siyasi sistemində xarici işlər naziri postu kifayət qədər vacib və yüksək yer tutur: "Tarixən Rusiyadakı liderlər – imperatorlardan, çarlardan tutmuş sovet liderlərinə qədər, hər biri xarici siyasətə cavabdeh şəxslərin fikirlərini nəzərə alıb. Müasir Rusiya tarixində Kozırev və Primakov Rusiya xarici siyasətində əsas söz sahibi olan şəxsiyyətlər idi. Belə ki, 1991-1999-сu illərdə prezident Yeltsin olsa da, bu ölkənin 1991-1996-cı illər xarici siyasəti ilə 1996-1999-cu illər siyasəti kəskin fərqlənir. Kozırev Qərbə inteqrasiyanı strategiyasında əsas tutmuşdusa (Qərbə açılım, NATO ilə az qala dostluq və s. ), vəzifəyə Primakov gələn kimi xarici siyasət orientirlərində dəyişiklik edildi. Moskva Qərb ilə münasibətlərdə yumşaq siyasətdən hücum siyasətinə keçdi, Çin və MDB ilə əlaqələrə böyük diqqət yetirildi".
Politoloq vurğulayıb ki, hazırda bu postu tutan erməni əsilli Lavrov heç vaxt Azərbaycanın yanında olmayacaq: "Bu gün Ermənistan və Rusiya arasındakı bütün münasibətlərin planı, strategiyası və gedişatı məhz həmin o nazirlikdə "qurulur, çeynənilir və yedizdirilir". Düşünürəm ki, bizim xarici işlər naziri özünü güclü nazir kimi aparmalı və milli maraqlarımız daha konkret şəkildə hər üç həmsədr dövlətə çatdırılmalıdır".
Bu proseslər fonunda Paşinyanın ikibaşlı bəyanatlarını şərh edən politoloq İlqar Vəlizadə isə vurğulayıb ki, Paşinyan daxili təzyiqlərlə üzləşəndə bir, xarici təzyiqlərlə üzləşəndə isə tamam başqa bəyanat verir: "Bu onun nə qədər zəif olduğunu göstərir. Əlbəttə, Paşinyan bu məsələdə vahid dəsti-xətt seçməlidir, ortaq məxrəcə gəlməlidir". O bildirib ki, Paşinyan daxili konyunkturanın tələblərinə dair addımlar atması münaqişə ətrafında mənfi tendensiya yaradır: "Sabah daxili konyunktura ondan tələb edəcək ki, daha radikal addımlar atsın. O da ya daxili konyunkturanın güdazına gedəcək, ya da onun tələblərinə uyğun hərəkət edəcək. Amma bu, Dağlıq Qarabağ münaqişəsi ətrafında mənfi tendensiya yarada bilər. Çünki biz faktiki olaraq, zəifləmiş qarşı tərəflə qarşılaşırıq. Biz onunla razılaşma əldə etsək, kim qarantiya verə bilər ki, Paşinyan sabah bu mövqeyindən geri çəkilməyəcək? Bu, məyusedici haldır, digər tərəfdən isə Ermənistan daxilindəki real vəziyyəti göstərir".
İ. Vəlizadə qeyd edib ki, əslində Azərbaycan Paşinyanla dil tapa bilər: "Çünki Paşinyan Qarabağ müharibəsində iştirak etməyib. Eyni zamanda, müharibənin nəticəsinin məsuliyyətini daşımır. Koçaryan və Sarkisyandan fərqli olaraq, əli azərbaycanlı qanına batmayıb. Onun digərlərindən fərqi budur ki, sülhə can atır və müharibə adamı deyil, ən azı hərbçi deyil. Koçaryan və Sarkisyan isə müharibədə iştirak etmiş adamlardır. Serj Sarkisyan isə ümumiyyətlə, hərbçi idi, həmin dönəmdə Ermənistanın müdafiə naziri postunu tuturdu. Paşinyanı onlardan fərqli olaraq, "sülh adamı" saymaq olar. Yəni, müəyyən əsaslar var ki, Azərbaycan tərəfi onunla dil tapa bilsin. Amma hər şey konkret addımlardan asılıdır. Lakin Paşinyan gələcəkdə də indiki kimi təzadlı bəyanatlar səsləndirsə, vəziyyət çətinləşəcək. Ümumiyyətlə, Paşinyan kimi adamlarla danışmaq çox çətindir. Belə adamlar bu gün bir, sabah başqa söz deyirlər".
Bu arada isə Qarabağ separatçılarının "təhlükəsizlik şurası"nın katibi Ermənistanın eks-prezidenti Serj Sərkisyanla görüşüb. Bunu "Aysor.am" portalına açıqlamasında Balasanyanın özü deyib. O, Sərkisyanla döyüş dostlarıyla birgə görüşdüyü, şam edib, sağlıq dediklərini, amma "prezident seçkisindən" danışmadıqlarını bildirib. Qeyd edək ki, Sərkisyan martın əvvəlindən Qarabağda səfərdədir. O, burada bir sıra siyasətçilərlə görüş keçirib.

Bütün bu proseslər isə müharibə ehtimalını daim aktual edir. Müharibə olacağı təqdirdə isə Ermənistan qıs müddət ərzində darmadağın ediləcək.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə bildirib ki, hansı yolla olursa olsun, Qarabağın işğaldan azad olunması zəruridir:
"Azərbaycan Qarabağı diplomatik yolla azad etməyə çalışır. Amma danışıqlar prosesi çox uzanıb. Sözsüz ki, mən bir valideyn, ziyalı kimi müharibənin tərəfdarı deyiləm. Müharibə görmüş biri kimi deyə bilərəm ki, müharibə fəlakətdir. Əgər ermənilər bu məsələnin diplomatik səviyyədə həll olmasını istəməsələr, müharibə qaçılmaz olacaq. İstənilən halda Azərbaycan xalqı torpaqların işğal altında qalması ilə barışmamalıdır. İnsanlarımız torpaqlarımızın müharibə yolu ilə azad olunması fikrinə köklənib. Torpaqların müharibə yolu ilə həll olunması ilə bağlı qərar verilsə, hamı bir nəfər kimi əlinə silah alıb vətənin müdafiəsinə qalxacaq. Əgər ermənilər diplomatik yolla bu məsələnin həllinə razı deyillərsə, biz müharibə yolu ilə torpaqlarımızı azad etməliyik".
Azərbaycanın hərbi gücünün Ermənistandan qat-qat çox olmasını xarici ekspertlər də təsdiqləyirlər.
Rusiyalı hərbi ekspert, "Export voorujenii" jurnalının redaktoru Andrey Frolov bildirib:"Şübhəsiz ki, ordusunu modernləşdirmək baxımdan keçmiş SSRİ ölkələri arasında irəlidə olan Azərbaycan bu mənada Rusiya və müəyyən dərəcədə Qazaxıstanla müqayisə oluna bilər. Bildiyimiz kimi, bu proses 2000-ci illərin ortalarında daha böyük vüsət alıb. Hazırkı Azərbaycan ordusu ilə 15 il əvvəlki Azərbaycan ordusunun texniki imkanlarının fərqli olduğunu tam arxayınlıqla söyləyə bilərik".
Ermənistan Azərbaycanın hərbi quruculuqdakı nailiyyətləri ilə ayaqlaşmağa çalışır və Rusiya ilə son müqavilə buna sübut sayıla bilər.
Ekspertin dediyinə görə, Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində böyük nailiyyətlər qazanması regionda qüvvələr nisbətinə təsirsiz ötüşə bilməzdi: "Ermənistan da Azərbaycanın hərbi quruculuğundakı uğurları ilə ayaqlaşmağa çalışır və Rusiya ilə son müqavilə buna sübut sayıla bilər. Lakin fikrimcə, onlar yenə də Azərbaycanın xüsusilə hücum silahları sahəsində əldə etdiyi dinamikaya tam şəkildə yetişə bilmirlər".
Rusiyanın daha bir hərbi eksperti Yevgeni Mixaylov son hərbi islahatlar nəticəsində Azərbaycan Ordusunun nəinki regionun, dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olduğunu diqqətə çatdırıb:
"İstər müdafiə, istərsə də hücum əməliyyatlarını təkmilləşdirməyə yönələn təlimlər ordunun təchizatının da, hazırlığının da ən yüksək səviyyədə olduğunu söyləməyə əsas verir".
Y.Mixaylovun fikrincə, istər Rusiyadan, istərsə də başqa ölkələrdən müasir silahlar tədarük etməklə hərbi qüdrətini artıran Azərbaycanın bu siyasəti Ermənistanı təşvişə salır, yeni silahlar almaq üçün kredit dilənməyə vadar edir.
"2018-ci ilin may ayında Naxçıvan istiqamətində işğal altındakı torpaqlarının bir hissəsini geri qaytarmaqla Azərbaycan Ordusu döyüş qabiliyyətini ortaya qoydu. Heç şübhəsiz, o vaxt döyüşlər dayandırılmasaydı, bu gün bölgədə fərqli gerçəkliklə üz-üzə olardıq. Yalnız üçüncü qüvvələrin diplomatik müdaxiləsi Ermənistana zahiri dövlətçiliyini qoruyub saxlamağa kömək edib", - rusiyalı ekspert fikrini tamamlayıb.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI – Stokholm İnternational Peace Research İnstitute) məlumatına görə, 2014-2018-ci illər ərzində silah idxalına görə Azərbaycan dünyada 23-cü yerdə olub. Tədarükçülər arasında Rusiya (51 faiz), İsrail (43 faiz), Türkiyə (2,8 faiz) önə çıxıb.

Əli