İrəvan xanlığının iqtisadiyyatı Layihə

İrəvan xanlığının iqtisadiyyatı

5-ci yazı

Toxuculuqla bağlı olan sənət sahələrindən biri boyaqçılıq idi. Toxucu məmulatı üçün lazım olan iplərin, pambıq və yun parçaların rənglənməsində bu sahənin mühüm əhəmiyyəti vardı. Boyaqçılıqda qırmız böcəyindən alınan qırmızı rəngdən və digər bitkilərdən əldə edilən təbii rənglərdən istifadə olunurdu. İrəvan xanlığında boyaqçılar boyaqçı və şiləçi olmaqla iki qrupa bölünürdü. İstənilən hər hansı məmulatı göy rənglə rəngləyən boyaqçı icarədardan icazə almalı idi. Şiləçi isə azad surətdə qırmızı və digər rənglərdən istifadə edirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, boyaqxanalar icarəyə verilir və eyni zamanda onlar xəzinəyə vergi ödəyirdi. Boyaqxanalarda məmulatlar əsasən, göy rənglə icra edilirdi. Boyaqçı emalatxanaları çox primitiv idi. Bu emalatxanalar daxmadan, iki gil səhəngdən və məmulatı rəngləmək üçün iki çubuqdan ibarət idi. İrəvan xanlığının əksəriyyət mahallarında boyaqxanalar fəaliyyət göstərirdi. Belə boyaqxanalar İrəvan şəhərində, Dərəçiçək, Göyçə mahallarında, Zəngibasar mahalının Uluxanlı kəndində, Gərnibasar və Vedibasar mahallarının İmamşahlı, Çikdamlı, Yuva, Artaşat (Qəmərli-E.Q.), Arxlı, Vedidərə, Dəvəli, Aralıx kəndlərində, Şərur mahalının Ərəb Yengicə və Muğanlı kəndlərində, Sürməli mahalının Qırmızı və Panik kəndlərində, Dərəkənd-Parçenis mahalının Qulp və Molla Qəmər kəndlərində, Talın mahalının Məsdərə kəndində, Sərdarabad mahalının Kürdqulu kəndində, Körpübasar mahalının isə Eçmiədzin və Əkərək kəndlərində yerləşirdi. Boyaqxanaların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş qaydalara tabe idi. Belə ki, sahibkar və yaxud icradar özü üçün yeni emalatxana o halda aça bilərdi ki, qonşu mahalda fəaliyyət göstərən boyaqxanaya ziyan verməsin. Bununla yanaşı məhsulların satışında da qaydalara riayət olunmalı idi. Sahibkar məhsulunu müəyyən olunmuş qiymətlə sata bilərdi. Məsələn, rənglənmiş, əyrilmiş yun və yun parçanın 1 arşını 4 şahıya (8 gümüş rubl), əyrilmiş pambıq və pambıq parçanın arşını isə 2 şahıya (4 gümüş qəpik) satılırdı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, əhalinin məşğuliyyət sahələrindən biri də sabun istehsalı idi. Sabun bişirənlər sabunçu adlanırdı. Azad şəkildə sabun istehsalına qadağalar qoyulsa da, bu sahədə müəyyən irəliləyiş gözə çarpırdı. Bu sahə icarəyə verilirdi. Buna görə də, İrəvanda sabun baha başa gəlirdi. Xanlıqda sabunun bişirilməsində əsasən, İrəvan şəhəri və Gərnibasar mahalının Şeyxzadəli kəndinin əhalisi məşğul olurdu. Şeyxzadəli kəndinin kişi və qadınlardan ibarət 474 nəfərinin demək olar ki, hamısı sabun bişirirdi. Onlar bişirdikləri sabunu özləri satırdılar. Sabun istehsalında Şeyxzadəli kəndi ilə İrəvan şəhəri arasında xüsusi rəqabət gedirdi. Belə ki, şəhərdə sabun istehsal edənlərin hüququnu qorumaq üçün sabun istehsalını icarəyə götürmüş icarədarın icazəsi olmadan kənddə bişirilən sabun məhsulları burada satıla bilməzdi. Digər tərəfdən, istehsal edilən sabun keyfiyyət cəhətdən aşağı idi. Xanlıqda bişirilən sabun qara olurdu və çox pis qoxu verirdi.
İrəvanlılar gön-dəri istehsalı ilə də məşğul olurdular. Bu sənətkarlıq sahəsi ilə məşğul olanlar Dərəkənd mahalının bir sıra kəndlərində və İrəvan şəhərində Zəngi çayının sahilində yerləşən 32 dükanda cəmləşmişdi. Xanlıqda yüksək keyfiyyətli dəri emal edilirdi. Bacarıqlı ustalar dərini aşılayaraq onu lazımi şəkilə salırdılar. Bundan əlavə, onlar xüsusi bitki toxumunun köməyilə dərini yumuşaldaraq qara, qırmızı və sarıya boyayırdılar. Burada ustalar yerli dəridən əlavə, Bəyazid və Makudan gətirilmiş dərilərdən xammal kimi istifadə edirdilər. İrəvan ustaları bir il ərzində irili-xırdalı 29 min dəri emal edirdilər. Böyük dəri 3 rubla, kiçiyi isə 80 qəpiyə satılırdı. İrəvan şəhərində dəri emal edən emalatxanalar iltizama verilirdi. Burada emal edilmiş dərilər xüsusi damğalanırdı. İltizam sahibi belə dəridən töycü pulu alırdı. Məsələn, üç damğalanmış qoyun və keçi dərisinin hər birindən iltizam sahibi 1 şahı (2 gümüş qəpik), camış və kəl dərisindən isə 2 şahı (4 gümüş qəpik) alırdı. Emal edilmiş dərinin əsas satış yeri bazarlar idi. Lakin onu satmaq üçün sərt qaydalar mövcud olmuşdu. Belə ki, damğalanmamış dəri satışa çıxarıla bilməzdi.
Xanlıqda sənətkarlıq sahələrindən biri də şüşə istehsalı idi. Ümumiyyətlə, İrəvan xanlığında şüşə çox primitiv şəkildə hazırlanırdı. İ.Şopen şüşə istehsal edən emalatxanalar, orada tətbiq edilən texnalogiya və əldə edilmiş məhsul haqqında çox dəyərli məlumat vermişdi. Onun yazdığına görə, "soba yandırılmış sümük ovuntusu, xüsusilə, at dırnaqları ilə qarışdırılmış gil boru ilə birləşdirilmiş təknə şəklindədir. Məhlul təknədə əridilirdi. Od yuxarıdan, məhlul ilə tavan arasından keçirdi. Hər qaynama adətən dörd gün davam edirdi. Bu vaxt ərzində 25 pud şüşə məhlul əldə olunurdu. Qaynamaya isə 2 1/2 kub sajen odun işlədilirdi". Beşinci gün ustalar şüşənin istehsalına başlayırdı. Hazır olmuş məhluldan 100, 150 və 200 ədəd şüşə alınırdı. Şüçə üçün lazım olan xammal kvarslı qum, soda və bir qədər marqans qarışığından əldə edilirdi. Bacarıqlı ustalar şüşəyə yeddi cür rəng - tünd qırmızı, qırmızı, çəhrayı, göy, mavi, yaşıl və narıncı əlavə edə bilirdi. Daha şəffaf şüşə əldə etmək üçün potaşdan (qələvi ağ maddə-E.Q.) istifadə olunurdu. Soda isə şüşəni göy rəngə boyayırdı. Pəncərə və butulka şüşəsi hazırlamaq üçün sodaya üstünlük verilirdi. Lakin işğaldan sonra bu sahə ilə məşğul olan emalatxanalar məhv edilmişdi. İrəvan xanlığında sənətkarlıq növlərindən biri də dulusçuluq idi. Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. İrəvan xanlığında da vəziyyət belə idi. Demək olar ki, "hər bir mahalda dulusçuluq emalatxanaları fəaliyyət göstərirdi". Emalatxanalarda məişətdə istifadə olunan qabları hazırlamaq üçün peçlər quraşdırılmışdı. Bu peçlərdə su və şərab saxlamaq üçün küplər, məişətdə istifadə olunan müxtəlif gil qablar, lazım gəldikdə kərpic də bişirilirdi. Xanlıqda bişirilmiş kərpic baha qiymətə satılırdı. Bir ildə kərpicdən gələn gəlir 12-14 min gümüş rubl idi. Təəssüf ki, İrəvan xanlığında "sənətkarlıq istehsalının ən qədim sahələrindən olan" dulusçuluq emalatxanalarının sayı haqqıqda məlumata rast gəlmədik.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, xanlıqda yağ hazırlayan xüsusi sənətkarlar dəstəsi də vardı. İşğaldan əvvəl bütün mahalların əksəriyyətində yağ istehsal edən müəssələr fəaliyyət göstərmişdir. İ.Şopen siyahıyaalınma aparılarkən mahalların xaraba qalmış kəndlərində çoxlu dağıdılmış yağ hazırlayan müəssələrə rast gəlmişdi.
Yağı əldə etmək üçün xüsusi qurğudan istifadə edilirdi. Bu qurğunun quruluşu çox sadə idi. Bozalt və yaxud qumdan olan dəyirman daşı bir cüt kəl və camış vasitəsilə şaquli vəziyyətdə hərəkətə gətirilərək məhsul üyüdülür, ağac pərin köməyi ilə yağ pres halında sıxışdırılıb çıxarılırdı. Yağ müəssisələrində həm kətan, həm də küncüt yağları istehsal olunurdu. Burada kətan yağma daha çox üstünlük verilirdi. Kətan bitkisi əsasən yağ əldə etmək üçün əkilirdi. Küncüt ancaq bəzi kəndlərdə əkilirdi. Küncüt yağının istehsalı az olsa da, bu yağın zeytun yağından heç də geri qalmayan xoş ətirli iyi var idi. Bir batman yağ 4 batman kətan buğdasından alınırdı. Yağ hazırlayan müəssisələr ildə 1.500 batman yağ istehsal edirdi. Müsəlmanlar kətan yağından çıraqların yandırılmasında, ermənilər isə yeməklərin bişirilməsində istifadə edirdilər.
Küncüt yağının bir batmanı 8-dən 12 abbasıya, kətan yağı isə 4-dən 6 abbasıya satılırdı. Adıçəkilən yağlardan başqa yerli əhali gənəgərçək yağından da istifadə edirdi. Gənəgərçək yağı ev şəraitində hazırlanırdı. Bu yağ qatı, rəngi isə qara olurdu və çox pis qoxusu vardı. Gənəgərçək yağından evləri işıqlandırmaq üçün çıraqlarda istifadə edilirdi. Onun bir batmanı 4-dən 6 abbasıya satılırdı. İrəvan xanlığının iqtisadiyyatında inkişaf etmiş əsas sahələrdən biri də ticarət idi. Xanlığın yaxın-uzaq ölkələrə gedən karvan yollarının qovuşduğu yerdə yerləşməsi ticarətin inkişafına öz təsirini göstərmişdi. Ticarətdən bəhs etməzdən əvvəl bu ticarət yolları haqqında məlumat vermək yerinə düşərdi. Belə ki, İrəvan xanlığında müxtəlif istiqamətlərə gedən və gələn karvan yolları mövcud olmuşdu. Mənbələr bu yollar haqqında maraqlı məlumatlar verir. Əsas karvan yolları bunlardır: 1. Tiflisdən İrəvan şəhərinə gələn yol idi ki, bu yol iki hissədən ibarətdir: a) Tiflis-Şulaver-Cəlaloğlu- Hamamlı-Abaran-Eçmiədzin-İrəvan; b) Hamamlı-Gümrü-Talın-Eçmiədzin-İrəvan. Talına qədər gələn yol düz və açıq, Talından Eçmiədzinə uzanan yol isə daşlı və susuz idi. Ona görə də, may ayında İrəvana qədər gələn yolda otlar artıq yanmışdı;
2.Tiflis-Qalagir-Başkeçid-Cəlaloğlu-Gümrü-Abaran-Mirək-Sudakənd-Eçmiədzin-İrəvan. Bu yol Mələkə kəndinə qədər hərəkəti çətinləşdirməyən xırda açıq təpəliklərlə əhatə olunmuşdu. Lakin yaşıl otluqlarla və su ilə bol idi.
3. Tiflis-Bozqala-Böyük Qarakilsə-Hamamlı-Pəmbək-Abaran-Mirək-Sudakənd-Çaləli-İrəvan-Eçmiədzin. Bu yolun iki çətinliyi vardı. Birincisi, Əştərək kəndinə 10 verst qalmış bu yol daşlıqlardan ibarət idi. Çünki üç verst uzunluğunda olan Pəmbək dağını keçmək lazım idi. Buradan İrəvana qədər yollar susuz və boş çollərlə əhatə olunmuşdu. Əvəzində Hamamlıdan Eqvard kəndinə qədər yol yaşıl otluq və su ilə bol idi.
4. Böyük Qarakilsə-Qəmzəçəmən-Eşşəkmeydan-İrəvan. Bu yol əsasən Gəncə yolundan başlayaraq Akstafa çayının sahili ilə hərəkət edərək Dilican dərəsindən keçməklə Eşşəkmeydana, buradan Göyçə gölünün yaxınlığından, Zəngi çayının mənbələrindən dönərək İrəvana doğru yönəlirdi. Yol iri aşırımlardan və sıx meşəlikdən keçirdi;
5. İrəvan-Naxçıvan-Təbriz-Tehran;
6. İrəvan-Sərdarabad-Arazın sağ sahili-Maku-Xoy-Təbriz.
Qeyd edilən karvan yollarından başqa xanlıqda müxtəlif istiqamətlərə hərəkət edən yollar da mövcud olmuşdu. Məsələn, təkcə Şuragöldən beş əsas yol keçirdi ki, bu yollar Gümrüdə birləşirdi. Buradan isə Talın-Baş Avaran-Mirək; Pəmbəyə doğru Bəykənd- Hamamlı-Böyük Qarakilsə; Osmanlı sərhəddi boyu Arpa çayını keçərək Qars-Ərzurum istiqamətində ayrılırdı.

Elçin Qaliboğlu