“Azərbaycan bütün imkanlarını səfərbər etməlidir” Layihə

“Azərbaycan bütün imkanlarını səfərbər etməlidir”

10 may

Fəzail Ağamalı: “Torpaqları güc yoluyla işğaldan azad etmək haqqında düşünməlidir”

Ermənistanın baş naziri Nikol Paşinyanın gələcəyi sual altında olsa da təxribat xarakterli əməllərini davam etdirir. Xatırladaq ki, o, Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə gəlib. O, burada Şuşanın işğalı günüylə əlaqədar təşkil edilən tədbirlərdə iştirak edib. Daha sonra o, Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, “Yallı” gedib.

Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına səfərini şərh edib.XİN-dən verilən məlumatda bildirilir ki, Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi İrəvanın səsləndirdiyi "Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir" kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir:"Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar".

Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda bildirir ki, Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir: “Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir.

Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasınn qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”.

Hərbi ekspert Şair Ramaldanov Paşinyanın Şuşanın işğalının 27-ci ildönümüylə əlaqədar bu şəhərdə təntənəli mərasimdə iştirak etməsini şərh edərkən deyib ki, Paşinyanın Şuşada şərab içib, Azərbaycan mahnısına rəqs etməsi onu göstərir ki, Azərbaycan artıq bu məsələni güc yolu ilə həll etməlidir.O bildirib ki, Ermənistana hansı hakimiyyət gəlir-gəlsin, Dağlıq Qarabağla bağlı vəziyyət dəyişməyəcək və onlar işğalçı siyasətlərini davam etdirəcəklər:“Azərbaycan öz torpaqlarını güc yolu ilə almayana qədər onların işğalçı siyasətləri bitməyəcək. Bir dövlətin başçısı oğlunu separatçı rejimin tərkibində xidmət etməyə göndərirsə, ondan hər şey gözləmək olar. Paşinyanın apardığı ucuz siyasət onu göstərir ki, Ermənistan müstəqil deyil, onu idarə edən qüvvələr var. Bu qüvvələr imkan verməyəcək ki, Ermənistan hökuməti müstəqil addımlar atsın. Onlar hər zaman kənar qüvvələrin çaldığı havaya oynayacaq. Paşinyanın Şuşaya getməsi, işğal altında olan torpaqlarda bayram etməsi göstərir ki, Azərbaycanın bu məsələdə bir yolu var, o da müharibə yoludur. Mən hesab edirəm ki, artıq müəyyən bir fürsət olan kimi Azərbaycan öz qərarına sadiq qalaraq, torpaqlarımızı güc yolu ilə geri alacaq. Bu, Paşinyana və separatçılara vurulan ən sərt zərbə olacaq”.

Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qarabağ bölgəsinə, Şuşaya qanunsuz səfəri onun xarici siyasətində heç nəyin dəyişmədiyini göstərir: “Gözləmək olardı ki, keçmiş prezident Sarkisyanın siyasətinə etiraz edən xalqın dəstəyi ilə hakimiyyətə gələn bu az tanınan siyasətçi Ermənistanın xarici siyasətində müəyyən dəyişikliklər edəcək. Amma zaman keçdikcə məlum olur ki, bu dəyişikliklər yoxdur və məhz bunun nəticəsidir ki, Ermənistanın özündə Paşinyanın reytinqi günü-gündən azalmaqdadır”.Millət vəkili bildirib ki, Ermənistanın mövcud problemlərinin kökündə ilk növbədə onun Azərbaycana qarşı işğalçılıq siyasətinin dayanması hələ də yeni hakimiyyətin düşüncəsinə hakim ola bilmir: “Paşinyanın yenə də işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycana qarşı təxribatçılıq hərəkətləri törətməsi Sarqsyanın fəaliyyətindən heç nə ilə fərqlənmir.Amma bir məsələ var: eyni siyasət eyni nəticə ilə sonuclanır, bitir və bu baxımdan, tamamilə gözləniləndir ki, müəyyən dövrdən sonra cəbhə xəttində Ermənistanın təxribatlarına cavab olaraq, yenidən Aprel hadisələri sayağı hadisələr baş versin.

Tamamilə gözləniləndir ki, Ermənistanın özündə Paşinyan siyasətinə qarşı daha güclü etiraz dalğası başlasın. Tamamilə gözləniləndir ki, Ermənistan Sarqsyan-Paşinyan siyasəti nəticəsində tamam pis, dözülməz vəziyyətə düşsün.Eyni zamanda, əgər Paşinyan hesab edirsə ki, onun ritorikası Azərbaycanı yanlış yola döndərəcək, yaxud da Azərbaycan onun provakasiyalı hərəkətlərinə göz yumacaq, çox yanılır.Azərbaycan öz mənafeyini, öz qürurunu qorumaq qüdrətindədir və bu cür hərəkətlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşəcək”.

Millət vəkili Tahir Rzayev diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşanın işğal gününün 27-ci ildönümü münasibətilə zəbt olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri beynəlxalq hüquq normalarına ziddir: “Bu kimi məqamlar münaqişənin sülh yolu ilə həll olunmasına əngəl yaradır”. Tahir Rzayev bildirib ki, N.Paşinyan və ondan əvvəl hakimiyyətdə olan erməni rəhbərlər bu normaları dəfələrlə pozub, Qarabağa qanusuz səfərlər ediblər: "Bu, onlar üçün adi haldır və erməni xalqı qarşısında millətçilik imici qazanmaq üçün vasitədir. Çünki 1988-ci ildən bu günə kimi Ermənistana rəhbərlik edənlər belə təcavüzkar əməlləri, millətçilik ideyaları ilə çıxış etmələri sayəsində vəzifələrini qoruyub saxlamağa nail olublar. Nikol Paşinyan da bu yolun yolçusudur. Təəssüf ki, Ermənistan rəhbərlərinin qanunsuz səfərlərinə beynəlxalq qurumlar, xüsusilə ATƏT-in Minsk qrupu tərəfindən uzun müddətdir, ciddi münasibət bildirilmir. Məhz bu laqeydlik münaqişənin həllini ləngidir. Gələcəkdə regionda sabitliyin pozulmasına, müharibənin daha geniş miqyasda yayılmasına şərait yaradır. Münaqişənin kəskinləşməməsi üçün beynəlxalq təşkilatlar belə hallara qarşı barışmaz mövqedə olmalıdırlar".

Deputat Fəzail Ağamalı deyib ki, artıq Ermənistanla Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparmağın heç bir mənası yoxdur: “ Bu gün Nikol Paşinyan himayədarları və havadarlarına arxalanaraq danışıqlar prosesindən yayınır. O, hətta son görüşlərdə əldə olunan razılıqlardan imtina edir. Bu hərəkətləri Paşinyan konkret erməni riyakarlığını, xislətini nümayiş etdirmiş olur. Onun mayın 9-da işğal olumuş Azərbaycan torpaqlarına səfəri də bunun bariz göstəricisidir”.

Deputat hesab edir ki, Azərbaycan bütün imkanlarını səfərbər edib torpaqları güc yolu işğaldan azad etmək haqqında düşünməlidir:”Ona görə də təklif edirəm ki, Rusiya ilə intensiv danışqılara başlamalıyıq. Rusiyanın Qarabağ məsələsində mövqeyini neytrallaşdırmağa çalışmalıyıq.Bundan sonra ermənilər döyüş əməliyyatları həyata keçirmədən Azərbaycan qarşısında ağ bayraq qaldıracaq”.

Əli