“Ermənilər status-kvonu saxlamağa çalışırlar” Layihə

“Ermənilər status-kvonu saxlamağa çalışırlar”

13 May

Arzu Nağıyev: “Düşməni danışıqlar masasına əyləşdirməyin yeganə yolu güc nümayiş etdirməkdir”

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25 illiyi münasibətilə yeni bir bəyanatla çıxış edib. Bu barədə Ermənistana məxsus tert.am saytında məlumat dərc olunub.Bəyanatda qeyd olunub ki, Vyanada və Sankt-Peterburqda imzalanmış sazişlər həyata keçirilməlidir. Ermənistan tərəfi hər dəfə atəşkəsi, ümumiyyətlə, bütün mövcud razılaşmaları pozan tərəf olsa da, sözügedən saytda atəşkəsin yaradılmasının, hərbi əməliyyatların dayandırılmasının və atəşkəs razılaşmasının vacibliyi vurğulanır.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir: “Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcüvüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir". XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır: "Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri, Ermənistanın onilllərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə isə dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir. Əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir. Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar".

Onu da əlavə edək ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin pozulması, status-kvonun saxlanılması üçün təxribatlarını davam etdirir. Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, son vaxtlar Ermənistanla qondarma qurum arasında bütün görüşlərin, danışıqların protokollaşdırılması da bu qəbildəndir.

Siyasi-şərhçi Arzu Nağıyev deyib ki, son vaxtlar Ermənistanla qondarma qurum arasında bütün görüşlərin, danışıqların protokollaşdırılması təsadüfi deyil: “Təəssüf doğuran hal budur ki, Avropa ölkələrində separatçı meyllərin baş qaldırmasına dözməyib, dərhal təcili tədbirlər görənlər Azərbaycanın 20 faiz ərazisində qondarma dövlət elan olunmasına səbrli davranış nümayiş etdirirlər.Son baş verən hadisələr bir daha sübut edii ki, artıq 25 il bundan əvvəl imzalanan atəşkəs aktuallığını itirib. Son Moskva görüşündə əldə edilən razılaşmalar da yerində qalıb”. ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin baş verənlərə reaksiya vermədiyini deyən ekspert söyləyib ki, maraqlı məqamlardan biri Rusiyanın da bununla bağlı heç bir bəyanat səsləndirməməsidir.A. Nağıyev vurğulayıb ki, 9 may - Qələbə Günü ermənilərin Şuşada hərbi parad keçirməsi, həmin günün Şuşanın "alınması" və qondarma qurumun ordusunun yaranması kimi qələmə vermələri erməni xislətindən xəbər verir: “Belə olan halda, hansı danışıqlardan söhbət gedə bilər?! Bundan başqa ermənilərin ambisiyalarının hər gün daha da artdığının şahidi oluruq. Ermənilər münaqişənin həll edilməsində maraqlı deyil, sadəcə status-kvonu saxlamağa çalışırlar”. Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili yanaşmalar öz işini görməkdədir.Ekspertin fikrincə, düşməni danışıqlar masasına əyləşdirməyin yeganə yolu güc nümayiş etdirməkdir: “Artıq başqa yol qalmayıb. Ərazi bütövlüyümüz çərçivəsində bu məsələyə son qoyulmalıdır. Havadan “barıt qoxusu” gəlir və cəbhədə gərginlik hökm sürür. Mütləq şəkildə beynəlxalq təşkilatlar bu məsələyə reaksiya verməlidir. Nə qədər sülhsevər də olsaq, ermənilərin bu addımlarına cavab verilməlidir”.

Millət vəkili Aqil Abbas deyib ki, bu gün Ermənistanla Azərbaycan arasındakı atəşkəs rejiminin uzanması Ermənistanın xeyrindədir: “Ermənistan bundan faydalanıb, işğlaçı siyasətini davam etdirir və oradakı mövqelərini möhkəmlətməklə məşğuldur. Düzdür, Azərbaycan da bu müddət ərzində iqtisadiyyatını inkişaf etdirib, güclü ordu yaradıb”.

Onun sözlərinə görə, artıq vəziyyət dəyişib və Azərbaycan da reallığa uyğun hərəkət etməlidir: “Hələ Ermənistanda Ter-Petrosyan hakimiyyəti dövründə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsləsi gündəmə gəlmişdi. O məsələnin hansısa formada həllini istəyirdi. “Yolagələn” bir rəhbər idi. Ancaq nə baş verdi? Erməni qadınları ayağa qalxaraq dedilər ki, əgər torpaqlar geri qaytarılacaqdısa, bizim oğullarımız niyə Ağdam, Kəlbəcər, Fizuli, Cəbrayılda öldü. Ondan sonra Petrosyan da geri çəkilməli oldu. Və onun hakimiyyətinin aqibətini də bilirsiniz necə oldu? Rusiya və bəzi başqa ölkələr onu hakimiyyətdən devirdilər”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan görüş keçirir, onun müdafiə naziri Tonoyan ABŞ-da yeni torpaqları işğal etmək barədə bəyanat verir. Bax, indi belə bir durumla üz-üzəyik. Ona görə də deyirəm ki, atəşkəsin uzanması onların xeyrinədir”.Yaranmış durumdan çıxış yoluna gəldikdə millət vəkili deyib ki, bu məsələdə əsas oyunçu Rusiyadır və ilk növbədə onunla dil tapmağa çalışmaq lazımdır: “Sizə bir məsələni xatırladım, 1992-ci ildə döyüşlər zamanı ermənilər Azərbaycan ordusu qarşısında tab gətirə bilmirdi. O zaman Azərbaycan ordusu Xankəndinin 7 km-liyində, Laçın dəhlizini nəzarətə götürmək ərəfəsində idi. Ağdaərə işğaldan azad edilmişdi və sair. Nə zaman ki, nizamı rus qoşunları ermənilərə dəstəyə gəldi vəziyyət dəyişdi. Çünki Azərbaycanın könüllülərdən ibarət ordusu nizami ordu ilə üz-üzə dayan bilmədi və geri çəkilmək zorunda qaldı. Bax ona görə də deyirəm ki, bizim torpaqları erməni ordusu yox Rus ordusunun köməyi ilə işğal etdi”- deputat bildirib.
A.Abbas deyib ki, ona görə də Qarabağ məsələsinin həllində biz ilk olaraq Rusiya ilə danışmalıyıq:“Əgər onlar yola gəlməzlərsə başqa variantlara əl atmalıyıq. Ya Qarabağ, ya ölüm deyib, döyüşə atılmalıyıq.Onsuz da sonu döyüşdür. Torpaqları ermənilər verəsi deyilik ki?! Hansı yolla olur-olsun biz mütləq torpaqları işğaldan azad edəcəyik.Bunun başqa yolu da yoxdur. Bunu Azərbaycanın Ali Baş Komandanı da dəfələrlə bəyan edib. O, bəyan edib ki, danışıqlar nəticə verməzsə, güc yolu istisna deyil. Çünki Ali Baş Komandan bildirib ki, Azərbaycanın xalqının səbri sonsuz deyil. Hər bir səbrin sonu var. Bu səbr tükənməkdədir və biz torpaqları işğaldan azad edəcəyik”.

Millət vəkili Flora Qasımova da hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Şuşaya və digər ərazilərimizə səfəri təxribat xarakteri daşıyır. F.Qasımova bildirib ki, xarici işlər nazirlərinin Moskva görüşündən sonra qarşı tərəf müəyyən razılaşmalara əməl etməli idi. Amma Ermənistan bunun tam əksini edir: "Bu isə qeyri-konstruktivlik deməkdir. Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi heç bir razılaşmaya əməl etmək istəmir. Məqsəd isə status-kvonu qoruyub saxlamaqdır. Hesab edirəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar işğalçı tərəfindən əməllərinə reaksiya bildirməlidir". Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Tª-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir. 25 ildir atəşkəs rejimi davam edir. Bu, həmçinin münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənisan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir: "Ermənistan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması, etnik təmizləməyə məruz qalan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq olunması Ermənistan və Azərbaycan arasında normal qonşuluq münasibətlərinin bərpa olunmasının və bölgədə davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunmasının əsasını təşkil edir".

Əli