İrəvan xanlığında əhalinin etnik və say tərkibi Layihə

İrəvan xanlığında əhalinin etnik və say tərkibi

3-cü yazı

İşğaldan sonra İrəvan şəhərində Cənubi Azərbaycandan, İrandan və Osmanlı dövlətindən köçürülmüş erməni əhalisi də yerləşdirilmişdi. Belə ki, şəhərdə İran və Cənubi Azərbaycandan 366, Osmanlı ərazisindən isə 11 köçürülən erməni ailəsi yaşayırdı. Şəhərə köçürülmüş erməni ailələri demək olar ki, bütün məhəllələrə paylanmışdı. Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, onlar əsasən şəhərin mərkəzi hissəsində yerləşdirilmişdi. İran və Cənubi Azərbaycandan köçürülən 231 erməni ailəsi İrəvanın «Şəhər», 87-si «Təpəbaşı», 48-i həmin vaxta qədər heç bir erməni ailəsinin yaşamadığı «Dəmirbulaq» məhəllələrində, Osmanlı ərazisindən köçürülən 8 ailə «Şəhər», 3-ü isə «Təpəbaşı» məhəllələrində yerləşdirilmişdi. Ümumilikdə, şəhərə köçürülən erməni əhalisinin sayı 1763 nəfərdən ibarət idi.

İrəvan xanlığı əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdı. Bəzi mənbə və tarixi ədəbiyyatda xanlıq əhalisinin ümumi etnik və say tərkibi haqqında statistik rəqəmlər göstərilsə də, Rusiya işğalına qədər kəndlərdə yaşayan əhalinin sayı haqqında məlumata rast gəlmədik.

Kənd əhalisinin sayı haqqında yalnız işğaldan sonra 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınma əsasında konkret rəqəmlər söyləmək mümkündür. Kənd əhalisinin etnik və say tərkibinin ümumi mənzərəsini izləmək baxımdan məhz kameral təsvir böyük əhəmiyyət kəsb edir.

Kameral təsvirdə İrəvan xanlığının ərazisində 831 kənd qeydə alınmışdı. Lakin bunlardan 310 kənd tamamilə dağıdılmışdı. Dağıdılmış kəndlərin sayahısı aşağıdakılardır:

1. Qırxbulaq mahalında - Kürəcik, İynədüz, Güllücə, Qaraceyran, Tecirəbək, Bozaklı, Qaraqala, Qatırçay və yaxud Heydərgöl, Ərzap, Norinus, Damcılı, Kitikən və yaxud Kətikut, Quyulu, Qızqala, Tezxarab, Babacur, Damagirməz, Dəlləkli, Kankan, Göykilsə, Yaycı, Qızılqala, Çobangərəkməz, Azaklar, Əkikənd və yaxud Muradtəpə, Ərzini (26 kənd);

2. Zəngibasar mahalında - Həsənağa, Sinnik, Qaracalar, Ozanlar, Dərcan, Yeniköy, Cəfərabad (7 kənd);

3. Gərnibasar mahalında - Məsimli, Taytan, Bayraməliqışlağı, Qulaqsız, Zöhrablı, Qurdkəndi, Şəfiabad, Kirbozavənd, Başqərni, Mürzük, Heyranısuliya, Burduq, Kerkəc, Gilanarsufla, Moll Əhməd, Qaqavuz, Şəhriyar, Şoğaib, Heyranıs Sufi, Kərpicli, Abdallar, Qurbanqala ulya, Qurbanqala sufi, Ərtiz, Yappa, Əlimərdan, Əliqırağı, Ellicə, Buralan, Sultantəpə, Əzizli, Əlisərgi, Qalakənd, Qarahacılı, Xıdırlı, Adətli, Taraşköy, Əliqızıl, Bulaqbaşı, Bayraməli kəndi, Purça, İmamverdiqalası, Tərəkəmələr (43 kənd);

4. Vedibasar mahalında - Reyhanlı, Şirazlı, Qaralar, Saray, Çatqıran, Qarabağlar sufi, Qarabağlar ulya, Talasavan, Şahablı, Zəncirli, Pünüt, Şorsu, Daşnov, Həsənqala, Vəlican, Köşəhli, Abbasabad, Əliqızıl, Muradabad, Əliabad, Əliqırıq, Günlük, Baxçacıq, Xamud, Qızılverən, Zimmi, Musacıq, Hand, Qazançı, Xosrov, Haxıs (33 kənd);

5. Şərur mahalında - Hacıqara, Qalacıq, Fərhadarxı, Boşqışlaq, Daşarx ulya, Örtülü məzrə, Şaban məzrə, Kürkçi Bayat məzrə, Yovşan məzrə, Kabud məzrə, Dəhnəkənd və yaxud Dəmirçiqışlağı (11 kənd);

6. Sürməli mahalında - Vəlican, Talasavan, Abbasabad, Sərhəngabad, Rəsullu, Zəagan, Atlıca, Hacıabbas, Saxsalı, Qaraçılı, Mərhava, Çıraxlı, İstinax çıraqlı, Uruşmuş, Ərgöv, Göyumus, Qurqan, Qaraçay, Əliməlik, Zor, Əlikeçən, Quşçu, Karvansaray, Asma, Quyuca, Çıraxçı, Sarıhasar, Muça (28 kənd);

7. Dərəkənd-Parçenis mahalında - Qaraqoyunlu, Kiti, Sürməli, Aşıq Hüseyn, Qarabulaq, Qaraqala, Çaldağ, Qaziqoparan (8 kənd);

8. Saatlı mahalında- Xəlilqışlağı, Ərmən kövşəni, Sufilər, Mirzəxan, Başqışlağı (5 kənd);

9. Talın mahalında- Aylanlı, Siçanlı, Nadirxanlı, Pirmələk, Sutökülən, Ağakiçik, Məzarcıq, Pirtikən, Qaraqala, Çiçəkli, Püsəgən, Çartəpə, Müstüklü, Qoruq, Parakənd, Daşqala, Çorsulu, Bəbirli, Sadıqlı, Zərincə, Aşağı Dəmirçili, Sabunçular, Kiçikyataq, Balaşbəy qulu, Böyükqızıl qul, Göyərçin (27 kənd);

10. Sərdarabad mahalında- Cəfərxan Rəncbəri, Teymurxan kəndi və yaxud Dövlətabad, İtköy, Qatırabad və yaxud Əbdülabad, Artaşad (Fəthabad), Rəhimabad və yaxud Molla Bədəl və yaxud Səfiabad, Keçili, Xam (8 kənd);

11. Körpübasar mahalında- Teymurxan Kolani, Ağdəmir, Qaraqışlaq, İnəkli, Çobani, Arpahəvəsik, Haçabağ, İlançalan, Anberd (9 kənd);

12. Abaran mahalında - Qotur, Tezxarab, Şabanlı, Xaçbulaq, Köhnə Qəzənfər, Bitli, Əmirli, Yarbaş, Məmişkəndi, Qarabulaq, Hamamlı, Kürdəli, Cancik, Cilligöl, Şahqulu olan, Porsuqlu, Camışlı, Əyri budaq, Muncuqlu, Pəmbək, Günbəz, Sibitağ (22 kənd);

13. Dərəçiçək mahalında- Ada Göyçə, Kiçik Ördəkli, Alapapaq, Barat, Qonaqgirməz, Eşşəkquduran, Çobangölü, Keğaç, Maman, Aydın, Şəhərbaşı, Misxana, Sutökülən, Çiçəkli, Pirpalıd, Zeynalağa (16 kənd);

14. Göyçə mahalında - Buğdatəpə, Hacımumu xan, Allahverdibəy, Üçtəpə (2 kəndin adı unudulub), Kərimkəndi (4 kəndin adı unudulub), Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poqos (burada 5 kəndin adı unudulub), Ağrıca, Atdaş, Axsaqtovuz, Karvansaray, Qasımbaşı, Mədinə (burada 6 kəndin adı unudulub), Baş Gözəldərə, Xan Çingizoğlu (5 kəndin adı unudulub), Qızılkilsə (5 kəndin adı unudulub), Böyükağa (9 kəndin adı unudulub), Ağkilsə (2 kəndin adı unudulub), Göyçə, Sultanəli, Satanağac, Karvansaray, Ağrığa (2 kəndin adı unudulub), Kərimağa kəndi, Dəli Harutyun, Qəmasar (67 kənd). İrəvan xanlığının mahallarından yeganə Seyidli-Ağsaqqallı mahalında dağıdılmış kəndlər qeydə alınmamışdı.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında qeyd olunur ki, ümumiyyətlə, İrəvan xanlığında əhalinin yaşadığı 521 kənd var idi. 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalma əsasında mahallar üzrə kəndlərdə yaşayan yerli əhalinin say dinamikasını və etnik tərkibini əks etdirən cədvələ nəzər saldıqda bu qənaətə gəlmək olur.

Mahallar üzrə kəndlər və kənd əhalisinin sayı göstərilmiş həmin cədvəllərdə, həmçinin əksəriyyətində əvvəllər yerli azəri əhalisinin yaşadığı və məlum səbəblər üzündən boş qalmış kəndlər də qeydə alınmışdı. Bunlar Qırxbulaq mahalında 12, Zəngibasar mahalında 3, Gərnibasar mahalında 7, Sürməli mahalında 15, Talın mahalında 8, Sərdarabad mahalında 11, Körpübasar mahalında 6, Abaran mahalında 38 ( burada 1 kənddə bir erməni ailəsi qalmışdı), Dərəçiçək mahalında 18 (burada 1 kənddə 20 ailənin yaşadığı 1 erməni kəndi qalmışdı), Göyçə mahalında isə 24 kənd idı. Bütünlüklə mahallar üzrə qeydə alınmış kəndlərdən 142-i boş idi. Kameral siyahıyaalınmda diqqəti cəlb edən kəndlərin böyük əksəriyyətində 1, 2, 3 və s. ailənin qeydə alınmasıdır. Cədvəldə yalnız oturaq həyat tərzi keçirən azəri, erməni və qaraçı ailələri göstərilmişdir. Lakin işğaldan sonra Rusiya hakim dairələri mahalların boş qalmış kəndlərinə İran və Osmanlı ərazisindən köçürülən erməni ailələrini yerləşdirmişdi.

İrəvan xanlığında yaylaq-qışlaq həyatı keçirən əhali də yaşayırdı. İ.Şopenin yazdığına görə, xanlıq dövründə 2984 kürd elat ailəsi köçəri maldarlıqla məşğul olmuşdu. Lakin işğaldan sonra İrəvan ərazisində onların cəmi 847 ailəsi qalmışdı. Onların çoxu Cənubi Azərbaycana və Osmanlı dövlətinə qaçmışdılar. Kürdlər əsasən Göyçə və Sürməli mahallarında qışlayır və Ağrıdağ vadisində köçəri həyat keçirirdilər. Köçmə maldarlıqla məşğul olan Azərbaycan türk elatları da xanlıq ərazisində qeydə alınmışdı.

Burada 13 Azərbaycan-türk, 10 kürd və 1 qaraçı elatlan var idi. Bu elatlar 1411 ailə və yaxud 7813 nəfərdən ibarət idi. Beləliklə, kameral siyahıyaalınmada keçmiş İrəvan xanlığında 14205 ailə qeydə alınmışdı. Bunlar etnik tərkibinə görə, 9746 Azərbaycan-türk ailəsi və yaxud 53409 nəfər, 3452 erməni ailəsi və yaxud 19878 nəfər, 847 kürd ailəsi və yaxud 4217 nəfər, 60 qaraçı ailəsi və yaxud 257 nəfər idi. Ümumiyyətlə, bütün xanlığın yerli əhalisi 77761 nəfərdən ibarət olmuşdu. Bu işğaldan sonra hesablanan əhalinin sayı idi. Lakin kameral təsvirdə İrəvan xanlığı işğal olunmamışdan əvvəl burada 16.384 ailənin yaşadığı göstərilmişdir. 1829-1832-ci il məlumatı əhalinin 2179 ailəyə qədər (10895 nəfər) azaldığını göstərir.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, əgər XIX əsrin əvvəllərindən başlayan Rusiya-İran müharibələri zamanı əhalinin xanlıqdan didərgün düşdüyünü nəzərə alsaq, onda siyahıyaalınmada yerli əhalinin say dinamikası və etnik mənzərəsinin düzgün əks etdirilmədiyi qənaətinə gəlmək olar. Hərbi əməliyyatlar nəticəsində dinc sakinlərin bir hissəsi qırılmış, bir hissəsi isə yaşayış yerlərini tərk edərək qonşu ölkələrə köçmüşdü. Müharibələrdən müsəlman əhali, xüsusilə, azəri türkləri böyük əziyyət çəkmişdi. Erməni əsilli ingilis tarixçisi D.Bornatyan əsərində göstərir ki, rus işğalından sonra 25.000 müsəlman İrəvan xanlığını tərk edərək qonşu ölkələrə qaçmışdı. Onun verdiyi bu məlumat əhəmiyyətli olsa da, bizə elə gəlir ki, xanlığın müsəlman əhalisinin itkisi daha çox olmuşdu. 1829-1832-ci illərdə tərtib edilmiş kameral təsviri nəzərdən keçirsək bunun şahidi olarıq. Məsələn, siyahıyaalınmada tamamilə dağıdılmış 310 və yerli əhalinin tərk etdiyi 142 boş kənd göstərilmişdi. Nəticədə, İrəvan xanlığına məxsus 820 kənddən 462-də azəri türklərinin yaşadığı yerli əhali qeydə alınmamışdı. Əgər orta hesabla hər kənddə 20 ailənin və yaxud 100 nəfərin yaşadığını nəzərə alsaq, bu 46200 nəfər oturaq əhali edir. Bundan əlavə, maldarlıqla məşğul olaraq yaylaq-qışlaq həyatı keçirən kürdlərə məxsus 2137 elat ailəsi və yaxud 10685 nəfər də İrəvan xanlığını tərk edərək Cənubi Azərbaycana və Osmanlı ərazisinə köçmüşdü. Kameral siyahıyaalınmaya görə, müharibələrlə və kütləvi xəstəliklərlə əlaqədar olaraq ölən və qonşu ölkələrə emiqrasiya edən İrəvanın müsəlman əhalinin sayı təxminən 56885 nəfərdən ibarət olmuşdu. Digər tərəfdən, İrəvan xanlığının mahallarından olan və müharibələr nəticəsində ondan qopardılaraq sultanlığa çevrilən Pəmbək, Şuragöl və Maku mahallarının əhalisi bu statistikaya daxil edilməmişdi.

Beləliklə, 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmaya əsasən, Rusiya-İran müharibələrindən əvvəl İrəvan xanlığının əhalisi 22964 ailə və yaxud 134646 nəfərdən ibarət olmuşdu. Bunlardan 16438 Azərbaycan-türk ailəsi (99.609 nəfər), 3496 erməni ailəsi (19878 nəfər), 2984 kürd ailəsi (14902 nəfər), 46 qaraçı ailəsi (257 nəfər) idi.

Elçin Qaliboğlu