İrəvan xanlığında əhalinin etnik və say tərkibi Layihə

İrəvan xanlığında əhalinin etnik və say tərkibi

5-ci yazı

İrəvan xanlığında Qüdrətli xanların din xadimləri üzərində böyük təsiri var idı. Onlar nüfuz sahibi olan axundu, qazini, müctəhidi və müsəlman ruhanilərinin başçısı şeyx-ül-islamı seçirdi. Xanlar hətta din xadimləri arasında özbaşnalığın qarşısını almaq və dini gəlirlərdə qanun-qayda yaratmaq üçün vəqf mülkiyyətinin işlərinə də müdaxilə edə bilirdilər. Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, xanın fərmanı ilə vəqf mülkiyyətinə nəzarət din xadimləri arasında daha nüfuzlu olan axunda tapşırılırdı. Xan bu haqda xüsusi təliqə verirdi. İrəvan xanlığının ən görkəmli xanlarından biri olan Hüseynəli xan Axund Molla Əlini vəqf torpaqlarını idarə etmək üçün rəhbər təyin etmişdi. Onun verdiyi təliqədə qeyd edilir ki, «Molla Əli vəqf mülklərini şəxsən, müstəqil idarə etməli, onlara aid bütün məsələlərin həllində çalışmalı, bu barədə mövcud olan dəftər və kitablara rəhbərlik etməlidir. O, öz şəninə cəsarətlə bacarığına uyğun vəqf mülklərinin təşkilində, bərpa edilməsində çalışmalıdır. Vəqf mülklərinin bütün gəlirlərini topladıqdan sonra ona verilən təliqədə, tədris haqqındakı təliqədə deyildiyi kimi xərc edib, gəlir və məxaricə dair ayrılan siyahını bizim nəzərimizə çatdırsın. Vəqf torpaqlarının əkinçilərinə, həmin torpaqlarda vergi yığan məmurlarına ali Həzrət Molla Əliyə və onun mülazimlərinə tabe olmağı əmr edilsin». Bundan əlavə, xanlar hər mahalın şəriət məhkəməsinə bir və yaxud iki qazini başçı təyin edirdi.

Din xadimləri şəriət işlərindən əlavə mülki işlərdə də iştirak etmək səlahiyyətinə malik idilər. Dini təhsil almış mollalar kargüzarlığa və hesabdarlığa götürülürdü. Onlar mirzə adlanırdı. Ən nüfuzlu ruhanilər xan tərəfindən divana üzv seçilirdi və onlar divanbəyi adlanırdı. Müsəlman din xadimlərinə Şeyx-ül-islam (dini rəhbər idi, bu vəzifəyə varlı, hörmətli, hakimiyyətlə dini idarə arasında əlaqə yarada bilən şəxslər təyin olunurdu), qazilər (dini hakimlər), müfti (sünnü» təriqət qanunlarının nəzarətçisi), Əmr-məruflar (xalqı xeyirxah işlərə istiqamətləndirən, bəd əməllərdən çəkindirən), piş namazlar (həyatını allaha ibadətə həsr edən və xalqla birlikdə ibadət edənlər), vaizlər (mərasimlərdə təbliğçi), üləmalar (ilahiyyat alimləri), Quranı şərh edənlər, müdərrislər (dini elmlərin və ərəb dilinin müəllimləri), əfəndilər («sünnü» təriqət alimləri), axundlar («şiə» təriqət alimi), müəzzinlər (azan verənlər), imamlar (kənd cəmiyyətlərində dini rəhbər), müştəhidlər (şiə təriqətində din xadimi), dərvişlər, ruhani uşaqlan daxil idi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, müsəlman din xadimləri dəstəsinə seyidlər də daxil idi. Seyidlər peyğəmbər nəslindən idi. Onlar heç bir dini vəzifə daşımırdı və əhali arasında böyük nüfuz sahibi idilər. Seyidlər vergi və mükəlləfiyyətlərdən azad olmuşdular. Onlar yaxşı təmin olunmuş və əksəriyyətinin böyük torpaq sahələri var idi. Xanların özləri də seyidlərə hörmətlə yanaşır və onlara xüsusi fərmanla torpaq sahələri bağışlayırdılar. İşğaldan sonra həyata keçirilən kameral siyahıyaalınmada seyidlər əhalinin vergi verən hissəsinə daxil edilmişdi. Lakin bununla belə onlar heç bir vergi ödəmirdilər. Kənd əhalisi onların nəslinə, xüsusən də Məhəmməd peyğəmbərə hörmət əlaməti olaraq seyidlərin payına düşən vergini özləri ödəyirdilər. İrəvan xanlığında müsəlman din xadimlərinin sayı haqqında dəqiq məlumat əldə edə bilmədik. 1829-1832-ci illər kameral siyahıyaalınmadakı məlumatda işğaldan sonra erməni din xadimlərindən fərqli olaraq, müsəlman ruhanilərinin say tərkibi azaldılaraq göstərilmişdi. Məhz bu səbəbdən kameral təsvirdəki məlumat tarixi gerçəkliyi əks etdirmir. Lakin buna baxmayaraq, siyahıyaalınma bir daha sübut edir ki, xanlığın yuxarı təbəqələri kimi müsəlman ruhaniləri də hakim qüvvə idi.

Müsəlman din xadimləri və əhali arasında hacı, məşhədi və kərbəlayı adı daşıyanlar da vardı. Kameral siyahıyaalınmaya görə, bu adı daşıyan ruhanilərin sayı aşağıdakılardır: İrəvan şəhərində 85 hacı, 158 məşhədi, 105 kərbəlayı; mahallarda 25 hacı, 77 məşhədi, 239 kərbəlayı; elatlar arasında 6 hacı, 7 məşhədi, 4 kərbalayı. Yekun nəticəyə görə, İrəvan xanlığında 111 hacı, 242 məşhədi və 348 kərbəlayı yaşamışdı.

Xanlıqda xristianlığın erməni-qriqoryan qolu fəaliyyət göstərirdi. Bu dindən olan ermənilər Eçmiədzin və ona tabe olan kəndlərlə məhdudlaşırdı. Bu dinin xidmətində dayananlar rahibliyə və ağlara bölünürdü. Erməni-qriqoryan dininə Eçmiədzində oturan katolikos başçılıq edirdi. Müsəlman din xadimlərindən fərqli olaraq erməni ruhaniləri hər il xəzinəyə vergi ödəyirdilər. Bu haqda «vergi və mükəlləfiyyətlər» bölməsində bəhs edilmişdir. İşğaldan sonra köçürülmə nəticəsində erməni əhalisinin digər təbəqələrində olduğu kimi, ruhanilərin də sayı artmışdı.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında qeyd olunur ki, İrəvan xanlığında kəndlilər üç qrupa bölünürdü: Birinci qrupa daxil olan kəndlilər xəzinə, bəy və vəqf torpaqlarında sakin olan rəiyyətlər, yəni bəhrəkərlər adlanırdı. Bəhrəkərlərin öz təsərrüfatı, torpaq payı, əmək aləti və qoşqu heyvanları olurdu. Onlar sahibkara becərdikləri məhsulun 1/3-ni və 10 tümən binaçı vergisi ödəyirdilər. Kəndlilərin ikinci qrupuna yarıkərlər daxil idi. Yarıkərlər əsasən, qaçqın və işsizlər hesabına yaranırdı. Birinci Rusiya-İran müharibəsi dövründə qonşu xanlıqlardan gəlmiş qaçqın ailələrinin sayı çoxalmışdı. 1818-ci ildə general leytenant Velyaminov Abbas Mirzəyə yazdığı məktubda qeyd edirdi ki, «Əlahəzrətə məlumdur ki, Rusiya-İran müharibəsi dövründə sıxışdırılmış bir neçə azəri türk ailəsi Gürcüstandan (Şuragöl və Pəmbək-E.Q.) İrəvan xanlığına qaçmışdı. ... O, (Hüseünqulu xan -E.Q.) sayı 400 ailədən ibarət belə qaçqınları toplayaraq, Zəngi çayının sağ sahilində sərhəddə yerləşdirərək, Mürsəli, Barat, Ərdağlı, Qarakeşiş, Karvansaray, Qara Murad, Yaycı, Təklər kəndlərini saldırmışdı». Sərdar bu cür adamları yerləşdirərək, onlara torpaq paylayır, iş heyvanı, kotan və hər cür toxumla təmin edirdi. Təsərrüfatlarını qurana qədər o, həmin kəndlilərdən vergi almırdı. Bir müddətdən sonra yarıkərlər aldıqları borcun əvəzində yığdıqları məhsulun yarısını xəzinəyə ödəməli idi. Üçüncü qrupa isə rəncbərlər daxil idi. Rəncbərlərin vəziyyəti daha ağır idi. Belə kəndlilərin nə öz torpağı, nə də əmək alətləri vardı. Onlar sahibkar və xəzinə torpaqlarını icarə götürməklə yaşayırdılar. Rəncbərlər böyük məbləğdə icarə haqqı verməklə yanaşı sahibkar üçün ağır mükəlləfiyyətlər də icra etməli idi.

Sərdar bu vəziyyətdə olan kəndliləri sakin kimi deyil, muzdur işçi kimi baxırdı. İrəvan xanlığının mahallarında torpaqların icarə haqqı fərqli idi. Məsələn, Zəngibasar mahalının Çarbağ kəndinin rəncbərləri çəltik və pambığın 2/3 hissəsini, digər məhsulun üç hissəsini, Şərur mahalının Çamaxtir kəndinin rəncbərləri çəltiyin 2/3 hissəsini, digər məhsulların isə yarısını, Körpübasar mahalının Muğancıq kəndinin sakinləri isə ümumi məhsulun 4/5 hissəsini icarə haqqı olaraq ödəyirdilər. Maldarlıqla məşğul olan sadə köçəri elatlar da kəndli təbəqəsinə aid idi. Onlar da müxtəlif vergi verir və mükəlləfiyyətlər yerinə yetirirdilər. Elatlar xan və bəylərin sürülərini otarır, maldarlıq təsərrüfatında bir sıra işlər görür və peşkəş adlanan vergi verirdilər. Sadə elatların vəziyyəti digər kəndlilərə nisbətən yaxşı idi. Belə ki, onlar xanlığın qoşununa əsgər verdiklərindən müəyyən güzəştlərə malik idilər. Lakin elatlardan mal-qara, yağ, pendir və yun vergisi alınırdı.

İrəvan xanlığında əhalinin vergi verənlər silkinə tacirlər, kiçik ticarətlə və müxtəlif sənət növləri ilə məşğul olan sənətkarlar da daxildir. Kameral təsvirdə «Erməni vilayəti»ndə (keçmiş İrəvan, Naxçıvan xanlıqlarında və Ordubadda-E.Q.) bu silklərə daxil olanların sayı haqqında məlumat verilmişdir. Siyahıyaalınmaya görə, vilayətdə tacir və hər cür ticarətlə məşğul olanların sayı 895 nəfər, müxtəlif cür sənətkarlıqla məşğul olanlar isə 9.229 nəfərdən ibarət olmuşdu. Ümumi sayı əks etdirən bu siyahıda keçmiş İrəvan xanlığı ərazisində nə qədər tacir və sənətkarların olmasını təyin etmək çətindir.

İrəvan xanlığının silki quruluşunda maafları xüsusi qeyd etmək lazımdır. Maaf sözü hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmiş, xanın xüsusi tapşırıqlarını danışıqsız yerinə yetirilənlərə deyilirdi. «Oz ictimai vəziyyətinə görə bəylərdən və bəzi köçərilərdən (elbəyi-E.Q.) aşağıda duran, öz əyalətlərində (çərik) hərbi qulluqda və feodal dəstələrində olmaqdan başqa, torpaq sahiblərinə heç bir vergi verməyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdı». Xan tərəfindən təyin edilən maaflardan həm hərbiçi, həm də polis kimi istifadə edilirdi. Ordu yığılarkən onlar ilk olaraq qulluğa gəlməli idilər. Bundan əlavə, maaflardan vergilər yığmaq və bəylərin digər işlərinin görülməsində istifadə edilirdi. Buna görə də, xanlar onlara xüsusi diqqət yetirir, torpaq və rəncbərlər hədiyyə edirdi. İrəvan xanlığında xüsusi maaf dəstələri fəaliyyət göstərirdi. Lakin işğaldan sonra kameral təsvir zamanı onlar əhalinin vergi verən hissəsinə daxil edilmiş və beləliklə onların sayı itirilmişdi.

İrəvan xanlığında əhalinin aşağı təbəqəsinə nökərlər də daxil idi. Xanın və iri feodalların şəxsi qoruyucuları, hərbi qulluqçular, sərhəd mühafizəçiləri nökərlər adlanırdı. Maaflar kimi nökərlər də heç bir vergi və mükəlləfiyyət daşımırdı. Onların sosial bazasını rəiyyətlər təşkil edirdi. Nökərçilik irsən keçirdi. Nökərlər bütün xanlıq ərazisinə səpələnmişdilər və lazım gəldikdə bir yerə toplanırdılar. Onlar əla geyim, silah və atları ilə seçilirdilər. İrəvan xanlığında nökərlərin sayı haqqında heç bir məlumat yoxdur. Lakin mənbədə xan əhalidən məhsul vergisi alarkən öz nökərlərindən istifadə etməsi haqqında məlumat vardır. Onlar yığım vaxtı xanın əmri ilə kəndləri gəzərək məhsul oğurluğunun və itkisinin qarşısını alırdılar. Bu əmri yerinə yetirən nökərlər əhalinin hesabına yaşayırdılar.

Beləliklə, İrəvan xanlığı əhalisinin sosial tərkibi digər Azərbaycan xanlıqlarının sosial tərkibindən heç nə ilə fərqlənmirdi, əhalinin əsas hissəsi kəndlilər idi. Etnik cəhətdən əhalinin əksəriyyətini isə Azərbaycan türkləri təşkil edirdi. İstər dövlət, istərsə də qeyri-dövlət vəzifələrində azərbaycanlılar təmsil olunmuşdu.

Elçin Qaliboğlu