“XİN başçılarının Vaşinqton görüşü hansısa nəticə ilə yadda qalmadı” Layihə

“XİN başçılarının Vaşinqton görüşü hansısa nəticə ilə yadda qalmadı”

Nəzakət Məmmədova: “Bu görüş Minsk qrupunun fəaliyyətindən ümidverici nəsə gözləməyin mənasız olduğunu göstərdi”

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün nəticələri barədə açıqlamaya yayıb: “Azərbaycan tərəfi, bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir. Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. 3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”.
Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, aramızda hələ də ciddi fərqlər qalır: “Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik”. E.Məmmədyarov görüş zamanı “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: "Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır”. E.Məmmədyarov indiyədək tərəflər arasında etimadı gücləndirməyə yönəlik bir sıra mübadilələrin həyata keçirildiyinə diqqət çəkib. O, habelə problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqda danışıb: “Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normalaşdırılmasından danışanda digər vacib məsələ Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi biz əhalini sülhə hazırlamalıyıq”.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşündən öncə isə Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə təxribatçı bəyanat səsləndirib. Paşinyan bildirib ki, Ermənistan daim öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmalıdır. Ermənistanın Baş naziri bildirib ki, Qarabağda müharibə bitməyib və aktiv döyüş fəaliyyəti hər an başlaya bilər.
Politoloq Nəzakət Məmmədova deyib ki, Azərbaycan və Ermənistan XİN başçılarını Vaşinqton görüşü də digər görüşlər kimi hansısa nəticə ilə yaddaqalan olmadı: “Bu görüş də ATƏT-in Minsk qrupunun fəaliyyətindən ümidverici nəsə gözləməyin mənasız olduğunu göstərdi”. Əksinə, Vaşinqton görüşü ətəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hər zaman olduğu kimi yenidən destruktiv bəyanatların səsləndirildiyini deyən politoloq söyləyib ki, bundan başqa, ABŞ-a bağlı Gürcüstan müxalifətinin Tiflisdə Rusiyaya qarşı etirazları ilə Vaşinqton görüşünün eyni vaxta təsadüf etməsi arasında bir əlaqə olması istisna edilmir: “Bu ayın 5-dən 14-dək Gürcüstan baş naziri Mamuka Baxtadze ABŞ-da rəsmi səfərdə oldu, bir sıra yüksək səviyyəli görüşlər keçirdi, o cümlədən dövlət katibi Mayk Pompeo ilə onun audensiyası təşkil edildi. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini, Gürcüstan baş nazirini ABŞ-a dəvət etməklə Vaşinqton bölgədə açıq nüfuz savaşına başlayıb və Qərbə bağlı müxalifətin Rusiyaya bağlı "Gürcü arzusu" partiyasının qərargahına hücum etməsi Amerikanın Rusiyaya hücumu kimi qəbul edilə bilər. Vaşinqton Moskvaya Cənubi Qafqazı ona buraxmayacağı mesajını verdi”.
N. Məmmədova qeyd edib ki, bütün bu proseslər 2020-ci ilə hazırlıq kimi dəyərləndirilə bilər: “İndidən artıq böyük güclər arasında Cənubi Qafqaz uğrunda savaş başlayıb. Fransa məhkəmələrinin Azərbaycanın xeyrinə addımlar atması, Amerikanın XİN başçılarını Vaşinqtona dəvət etməsi Minsk qrupu həmsədrləri arasında böyük nüfuz savaşından xəbər verir. Burada proseslərə ən hazırlıqlı ölkə Azərbaycandır”.
Politoloq vurğulayıb ki, bu proseslərdən ən güclü, zərərsiz çıxma şansı olan ölkə Azərbaycandır: “Ermənistan və Gürcüstanı isə müəmmalı sürprizlər gözləyə bilər. Azərbaycanla bağlı əsas narahatlıq doğuran məsələ Qarabağda mütəmadi pozulan atəşkəsin esklasiyası və hərbi əməliyyatların başlaması ehtimalıdır. Gürcüstan və Ermənistanda isə siyasi sistemin dəyişikliyi ehtimalı böyükdür. Qarabağda rəngli inqilab, Paşinyan hakimiyyətinin zəifləməsi, Gürcüstanda parlament seçkiləri ilə əlaqədar iqtidar uğrunda ABŞ - Rusiya savaşı genişlənə bilər. Minsk qrupunun fəaliyyəti isə bu proseslər fonunda Qarabağ məsələsinə yanaşmada ümidverici nəsə vəd etmir”.
Politoloq Vasif Əfəndiyev isə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü son iki Paris və Moskva görüşlərinin davamı kimi qiymətləndirmək olar. Politoloqun sözlərinə görə, görüş öncəsi hər iki tərəfin XİN sözçüləri əhalini sülhə hazırlamaq bəyanatlarını verməsi bunu deməyə əsas verir: "Azərbaycan tərəfi indiyə qədər əldə olunmuş ilkin razılaşmalara və ATƏT-in Minsk qrupunun münaqişənin həlli variantlarına hazır olduğunu dəfələrlə bildirsə də Ermənistan tərəfi son nöqtəni qoymağa cəsarət etmir. Səbəb isə Ermənistanın qətiyyətsizliyidir. Rusiyanın son sözü olmadan Paşinyan sülh razılaşmasına imza atmağa ehtiyat edir. Rusiyanın son zamanlar Cənubi Qafqaz bölgəsində yenidən fəallaşması və siyasi proseslərə müdaxiləsi daha da artıb. Gürcüstanda keçirilən son prezident seçkilərində Rusiyaya meyilli Salome Zurabişvilinin hakimiyyətə gətirləməsi və Ermənistanda keçmiş ruspərəst prezident Koçaryana siyasi dəstək verməsi Paşinyana sərbəst qərar verməkdən çəkindirir. Hazırda Ermənistanda hakimiyyət krizisi yaşanır. Paşinyan hakmiyyətin bütün qollarına nəzarət edə bilmir.
Dünən Rusiya Parlament üzvlərinin Gürcütandan qovulmasını təşkil edən demokratik düşərgə hazırda ölkədə gərginliyi saxlmaqdadır. Prezidentiyə keçmiş namizəd Vaşadzenin tərəfdarları siyasi hakimiyyətə ciddi təzyiqlər edir. Eyni situasiya ruspərəst qüvvələrin Paşinyana təzyiqi fonunda baş verir. Azərbaycanda da farspərsət və ruspərəst 5-ci kolonun aktivləşməsi müşahidə edilir. Bu şəraitdə sülh razılşamasının yaxın günlərdə baş verməsi real görünmür. ABŞ-ın İrana təzyiqləri artması və Rusiyanın bu məsələdə ehtiyatlı davranması müəyyən proseslərin getdiyinə işarədir. Gözləmək olar ki, ilin sonuna qədər Rusiyanın Qarabağ məsələsində geri çəkiləcəyi baş versin. Azərbaycan tərəfi bu istiqamətdə fəal görünür. Problemin həllinin yeganə yolu Rusiyanı proseslərdən kənarlaşdırmaqdır. Bundan ötrü Azərbaycan İranla daha aktiv işləməlidir. İran bu prosesə birmənalı olaraq Azərbaycanın mövqeyni real olaraq dəstəkləməyə başlayarsa, Rusiyanın başqa seçimi olmayacaq. Bundan ötrü müəyyən perspektiv də var. ABŞ-iran münaibətlərində Rusiya və Ermənistanın sürüşkən mövqeyi cənub qonşularımıza bir dərs olmalıdır. İran-Azərbaycan münasibətləri dostluq və qardaşlıq müstəvisinə keçməlidir. Yalnız bu münasibətlər regionda inkişaf və böyük sülhə yol aça bilər. Bu yaxınlarda isə Vaşinqton görüşünün nəticələrini müzakirə etmək üçün Paşinyanın yenidən Putinlə görüşü reallaşacağı ehtimal var. Yalnız bundan sonra Ermənistan öz mövqeyini bildirəcək".
Politoloq Fikrət Sadıqov isə deyib ki, "bizim ABŞ-la münasibətlərimiz kifayət qədər yüksək səviyyədədir. Bildiyiniz kimi 28 May - Respublika Günü münasibətilə ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidentinə çox yaxşı bir məktub yazmışdı. Mən həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun regiona səfərini də qeyd etmək istərdim. O İrəvanda açıq şəkildə demişdir ki, bu məsələyə nöqtə qoymaq lazımdır. Yəni işğal olunmuş torpaqları azad etmək lazımdır. Hətta bundan sonra Ermənistanın müəyyən siyasi dairələri panikaya düşmüşdülər. Erməni mətbuatı bu barədə yazırdı.
İndi də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü keçirilir. Hər halda ABŞ super dövlətdir. Əgər ABŞ və onun Dövlət Departamenti öz ərazisində özünün iştirakı ilə belə bir görüşün keçirilməsinə şərait yaradırsa, deməli burada müəyyən maraqlar vardır. Bu heç də o demək deyil ki, bu gün və yaxud sabah məsələyə nöqtə qoyulacaq, hər şey həll olunacaq. Amma bu istiqamətdə artıq müəyyən addımlar atılır. Düşünürəm ki, bu danışıqların əsası Madrid prinsipləri olsa, o bizim xeyrimizədir. Çünki orada söhbət mərhələli prinsiplərdən gedir. Əgər bu prinsip danışıqlarda əsas kimi istifadə olunsa, düşünürəm ki, müəyyən nəticələr ola bilər".

Əli