Azərbaycanda söz və məlumat azadlığına heç bir məhdudiyyət yoxdur Layihə

Azərbaycanda söz və məlumat azadlığına heç bir məhdudiyyət yoxdur

Söz və mətbuat, məlumat azadlığı problemi dünya jurnalistikasında hələ də aktuallığını saxlamaqdadır və müasir medianın inkişafında, şübhəsiz ki, bu problem ən çox müzakirə olunan mövzulardandır. İnformasiyanın sərbəst və sürətlə yayıldığı indiki zamanda söz və mətbuat azadlığına münasibət bir çox yönləri ilə diqqət çəkir.
Azərbaycan dövləti demokratiyanın vacib elementlərindən olan söz və mətbuat azadlığına daim böyük önəm verir. 26 il öncə ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətində inkişafa doğru əsaslı dönüş yarandı, mətbuat və söz azadlığının, fikir plüralizminin əsası qoyuldu. Siyasi həmlələrdən, senzuradan əziyyət çəkən söz azadlığı bütün təzyiqlərdən azad oldu, azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, həmçinin mətbuatın dövlət tənzimlənməsindən imtina olundu. Demokratik cəmiyyətin əsas meyarlarından hesab olunan azad sözün və fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş ümumilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi ilə bağlı milli mətbuatımızın tarixinə qızıl hərflərlə yazılan addım idi.

***

Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.
Onu da qeyd edək ki, insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır.
Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

***

Amma ölkəmizə qarşı təzyiq və şantaj həyata keçirmək istəyən bəzi antiazərbaycan dairələr Azərbaycanda bərqərar olan söz və mətbuat azadlığı məsələsini manipulyasiya alətinə çevirməyə çalışırlar. Halbuki ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Azərbaycanda mövcud olan hüquqi baza da vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır. “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib. Digər tərəfdən, Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan siyasi mövqeyindən asılı olmayaraq bütün jurnalistlər yararlana bilirlər, hər hansı bir ayrı-seçkilik müşahidə edilmir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ayrılan maliyyə vəsaiti isə dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın suveren iradəsini, müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayan qüvvələr, erməni lobbisi və antiazərbaycan dairələr qarayaxma kampaniyası vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar. Bu zaman “sapı özümüzdən olan baltalar”la yanaşı, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatların, Soros Fondunun xidmətlərindən istifadə edirlər. Həmin təşkilatların hesabatlarında ölkəmizlə bağlı qərəzli və subyektiv mülahizələrə əsaslanan məqamlar yer alır. Belə təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Sadəcə olaraq həmin qurumlar erməni lobbisinin və antiazərbaycan dairələrin əlində alətə çevriliblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qeyd etdiyi kimi, bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq dairələrin məqsədyönlü şəkildə söz və məlumat azadlığından sui-istifadə etdiyini və jurnalistlərin konkret istiqamətə yönəltdiyini unutmamalıyıq: "Bu gün böyük dövlətlərdə baş verən hadisələr həmin ölkələrin bəlli dairələrinin senzurasından keçirilərək onlara məxsus transmilli media vasitəsilə dünyaya təqdim olunur. Üstəlik, həmin transmilli media ayrı-ayrı müstəqil ölkələrdə, məsələn, müsəlman dövlətlərində baş verən hadisələri də həmin dairələrin maraqları prizmasından dünyaya çatdırmaq istəyir”.

***

Amma daim Azərbaycana “demokratiya dərsi” keçmək istəyən Avropanın başlıca dəyərlərindən olan söz azadlığı ciddi təhlükə altındadır.
Müstəqil müşahidə təşkilatı “Freedom House”un hesabatında deyilir ki, Mərkəzi Avropadan tutmuş ABŞ-a qədər mediaya qarşı repressiyaların müxtəlif yeni formaları yaranıb. Bildirilir ki, Tramp administrasiyasının jurnalizmə və mətbuata təzyiqlərinin yeni formaları narahatlığa əsas verir.
Hər beş ölkədən dördünün azad olduğu Avropada da geriləmə müşahidə edilir. Freedom House-un hesabatında deyilir ki, azad ölkə kimi tanınan 16 dövlətdə də son 5 ildə geriləmə müşahidə edilib.
Təşkilatın rəsmisi Sara Repuçi deyir ki, “Freedom House”un dünyanın aparıcı demokratik qüvvəsi adlandırdığı ABŞ-da media təhdidlər və hücumlarla üzləşib.
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının qənaətincə isə ötən il KİV azadlığı sahəsində vəziyyət ilk növbədə Avropada pisləşib. Təşkilatın məlumatına görə, son ildə ölkələrin 42 faizində bu sahədə vəziyyət pisliyə doğru dəyişib.
Təşkilatın nümayəndəsi Katya Qloger deyib: “Demokratiyanın diskussiyalara və tənqidə ehtiyacı var. Jurnalistlərə nifrət hissi yayanlar və bütövlükdə KİV-lərə etimadı şübhə altına alanlar demokratik cəmiyyətin əsaslarını şüurlu şəkildə dağıdırlar”. Onun sözlərinə görə, təəssüf ki, belə hallar Avropa ölkələrində getdikcə daha çox baş verir.
Azad mətbuat reytinqində göstəriciləri kəskin aşağı düşən beş ölkədən dördü Avropada yerləşir. Bu ölkələrdə aparıcı siyasətçilər jurnalistləri təhqir və təhdid ediblər, habelə onları hüquqi təqibə məruz qoyublar.
Yeri gəlmişkən, ötən ilin elə bu ayında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısında Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb və AFJ prezidenti Moqan Bliçer Bjerregard öz məruzəsində Avropada media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığını qeyd edib.
AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından da Avropa məkanında durum pisləşməkdə davam edir. Əksər ölkələrdə media, əmək, təhlükəsizlik sahəsində qəbul edilən qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilir. Avropada jurnalistlərə qarşı təhdidlərin, hədələrin, izləmələrin artması, həbslərin çoxalması ilə yanaşı ölüm hallarında da xüsusi artım qeydə alınıb: “Jurnalist qətlləri, təhdidlər artmaqda, buna görə cəza alanların sayı isə azalmaqdadır. Jurnalistlərə qarşı törədilmiş cinayətlər açılmamış qalır, kimsə buna görə cəzalandırılmır”.

***

Avropadakı hallar isə Azərbaycanda yoxdur. Təbii ki, qanun aliliyinə hörmət etməyən, qanun tələbələrini pozan istənilən şəxs mütləq məsuliyyətə cəlb olunur. Amma bunu fikir, söz və məlumat azadlığının pozulması kimi qələmə vermək düzgün deyil...
... Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, 8 milyon insan internetdən istifadə edirsə, mətbuat və söz azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?
Azərbaycanda qəzetlərin, saytların, internet qəzetlərinin, qrup və səhifələrin sayı-hesabı yoxdursa, hər bir QHT-nin, hər bir siyasi partiyanın, ayrı-ayrı fərdlərin bloqları varsa, sərbəst şəkildə fikrini ictimailəşdirirsə hansı fikir prülarizminin, söz azadlığının boğulmasından söhbət gedə bilər?
Ölkədə bir çox tanınmış xarici KİV-in Azərbaycan nümayəndəliyi fəaliyyət göstərirsə, hansı məhdudiyyətdən danışıla bilər?
Radikal müxalifətin aksiya və mitinqlərinin keçirməsinə icazə verilirsə və dövlət tərəfindən onların təhlükəsizlikləri təmin olunursa hansı insan hüquqlarının məhdudlaşdırılmasından danışmaq olar?
Onlara verilən sərbəst tribunlardan çıxışlar edərək, öz fikir və bəyanatlarını dünyaya bəyan edirlərsə, xarici ölkələrin medialarına çıxışları varsa, sosial səhifələrində hətta böhtanlar, məntiqsiz fikirləri ictimailəşdirirlərsə hansı məhdudiyyətlərdən söhbət gedə bilər?
Xaricdə məskunlaşan bir qrup radikalın ermənipərəst mövqelərdən çıxışlar edib Azərbaycan dövlətinə və dövlətçiliyinin qorunmasına təhdidlərini, böhtanlarını sosial səhifələrində ictimailəşdirirlərsə fikir prülarızmini necə məhdudlaşdırmaq olar?
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla aidiyyəti dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayanların məsuliyyətə cəlb olunması fikir azadlığının pozulması deməkdirmi, yoxsa qanun aliliyinin qorunması?
Qərb dəyərlərini dillərində əzbər edib guya demokratik norma və prinsiplərə söykənən fəaliyyətlə məşğul olduqlarını iddia edən, digər tərəfdən isə qərəzli və birtərəfli yayımla, Azərbaycan dövlətini hədəf alan "qara piar"la məşğul olan
"Azadlıq" radiosu, "Amerikanın səsi" və "BBC" nin Azəraycan bürolarının bağlanması söz və fikir azadlığının boğulması deməkdirmi?..

***

…Azərbaycan dövləti mətbuat azadlığının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İnternet mediasının inkişafı və sosial şəbəkələrin genişlənməsi isə qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz və məlumat azadlığına heç bir halda məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil.
Avropanın əksər ölkələrində adi terror, kriminal hadisə baş verərsə, hakimiyyət tənqid və təhqir olunarsa müvəqqəti də olsa sosial şəbəkələr bağlanılır. Ancaq Azərbaycanda hətta sosial medianın milli təhlükəsizlik üçün təhdid rolunu oynadığı məqamlarda sosial medianın fəaliyyəti məhdudlaşdırılmayıb. Bu Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafının göstəricisidir.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir