“Ermənistan nəhayət başa düşməlidir ki...” Layihə

“Ermənistan nəhayət başa düşməlidir ki...”

Arzu Nağıyev: “İşğal olunmuş ərazilərin azad edilməsi üçün istənilən addım atıla bilər”

Dağlıq Qarabağla bağlı danışıqlar prosesində hər hansı bir irəliləyiş yoxdur. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, eyni zamanda, beynəlxalq təşkilatların ikili standart yanaşmaları və beynəlxalq ictimaiyyətin seyrçi mövqeyi nəticəsində irəliyə doğru addım atılmır. Belə olan halda müharibə mövzusu yenidən gündəmə gəlir.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistanın xarici işlər naziri Mnasakanyan Vaşinqton görüşündən sonra Dağlıq Qarabağa gəldi və qondarma qurumun separatçı rəhbəri ilə aparılan danışıqları müzakirə etdi: “Görüşlə əlaqəli maraqlı hallar yaşandı”. Politoloq bildirib ki, baş nazirin müavini Tiqran Avinyan Dağlıq Qarabağa səfər etdi. Görünür Nikol Paşinyanın olmadığı dövrdə Avinyanın Dağlıq Qarabağa belə qəfləti səfəri baş nazirin şübhəliliyinin nəticəsi ola bilər: "Əvvəla, Paşinyan qondarma Dağlıq Qarabağ rəhbərliyinin Mnasakanyanla separat danışıqlarına getməsindən şübhələnir. İkincisi, qondarma qurumun rəhbərliyi David Babayanın dili ilə Ermənistanın apardığı bu danışıqlara etinasızlıq nümayiş etdirdi. Babayan bildirdi ki, Ermənistan tərəfi danışıqlara çəhrayı rəngdə baxır. Başqa sözlə, Azərbaycanın mövqeyi Ermənistan üçün çəhrayı rəngdə görünür, amma Azərbaycan isə dəyişməyib və dəyişə də bilməz. Üçüncüsü, David Babayanın verdiyi açıqlamadan Dağlıq Qarabağdakı ermənilərin Ermənistan rəhbərliyinə nisbətən ATƏT-in Minsk Qrupuna daha çox inandığını göstərir. Əlbəttə, bu qondarma qurumun separatçı rəhbərliyinin əsəbiləşdiyinin dərəcəsidir.
Dördüncüsü, Ermənistanın daxilində baş verən bəzi hərbi məsələlər də Ermənistanın Dağlıq Qarabağ mövzusunda kəskin addım atmaq mərhələsində olduğunu nümayiş etdirir. N.Paşinyan həm Rusiya, həm də Avropa İttifaqına Dağlıq Qarabağ münaqişəsini həll etmək vədini verib. Sosial şəbəkələrdə onun NATO Baş Katibinə yazdığı məktubda yayılıb. Bunların heç birisi əsaslı şəkildə təkzib olunmayıb.
Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda Nikol Paşinyan üçün ciddi vəziyyət yaradacaq. Ona görə təhlükə ilə bağlı hazırlanmış beynəlxalq şkalada rəng narıncı və sonra isə qırmızı rəngə yaxınlaşır, başqa sözlə proseslər təhlükəli həddə yaxınlaşır".
Rusiyalı siyasi ekspert Denis Korkodinov deyib ki, bnəlxalq ictimaiyyət Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur. Ekspert bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar aparmaqla yanaşı, bu mübahisədə tam əks mövqelərdə dayanıb:
“Əgər Bakı öz ərazi bütövlüyünün bərpasını tələb edirsə, İrəvan öz mövqeyini “qədim erməni hüququ” deyə, tamamilə abstrakt təsəvvürlərlə izah edir. Beləliklə, erməni qoşunlarının Qarabağ ərazisindən dərhal çıxarılması barədə beynəlxalq normaların formalaşdırdığı şüurluluq meyarları Ermənistan tərəfi üçün zəruri xarakter daşımır, bu isə əksər vaxtlarda münaqişənin gərginləşməsinə gətirib çıxarır. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət qəti sözünü deməli olduğu halda, belə görünür ki, münaqişəni uzatmağa üstünlük verməklə, problemi həll etməyə tələsmir”.
Politoloqun sözlərinə görə, danışıqlar prosesində Bakının dəstəklədiyi əsas prinsiplərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır: “Amma İrəvan bu prinsipin reallaşmasına hazır deyil və hesab edir ki, Dağlıq Qarabağ potensial Azərbaycan təcavüzünün qarşısının alınması məqsədilə yaradılmış erməni limitrofudur. Ermənistan tərəfinin bu iddiası əsassızdır, çünki Dağlıq Qarabağla bağlı təcavüzün mənbəyi hər zaman Ermənistan özü olub. Danışıqlar açıq şəkildə göstərdi ki, 25 il ərzində münaqişənin uzanmasının səbəbi Bakının danışıqlara hazır olması, Yerevanın isə olmamasıdır".
Politoloq əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimə danışıqlar prosesinin iştirakçısı statusunu vermək istəyir: “Amma bu mövqe yanlışdır, çünki Bakı ilə İrəvan arasında münaqişə ikitərəflidir və üçüncü tərəfiin iştirakı prinsipcə nəzərdə tutulmayıb”.
Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə hazırda əməl olunmur, bu isə yeni regional gərginlik dalğası üçün əsas verir: “Eyni zamanda, rəsmi Bakı beynəlxalq razılaşmalara, o cümlədən Düşənbədə qəbul olunan normalar sadiq qalmağa çalışır. Yerevan isə münaqişə zonasında öz iddialarını məhdudlaşdırmaq niyyətində deyil. Beləliklə, Ermənistan sülhə vadar olmayanadək əvvəlki razılaşmalar aktuallığını itirəcək”.
Ermənistanın hərbi təlimlərdə iştirakına gəldikdə isə D.Korkodinov bildirib ki, bu, ordunu mövcud problemlərin həllindən yayındırmaq zərurəti ilə izah olunur: “Problem ondadır ki, Nikol Paşinyan “Qarabağ klanı” və Robert Koçaryanla münasibətlərinin gərginləşməsi fonunda rəqiblərinin nüfuzunun güclü olduğu ordudan qorxmağa başlayıb. Buna görə də o, Silahlı Qüvvələri müxtəlif tədbirlərlə məşğul edir ki, onlar fikirlərini baş nazirin iqamətgahına yönləndirməsinlər. Ona görə də Ermənistanın Naxçıvanla sərhədin yaxınlığında təlimlərdə iştirakı hücum məqsədi daşımır. Nikol Paşinyanla “Qarabağ klanı” arasında münasibətlərin gərginləşməsi Azərbaycanın regiondakı siyasətinə müsbət təsir göstərir. Yekunda Azərbaycanın düşmənlərini zəiflədən amillər Bakı tərəfindən müsbət qarşılanır. Ona görə də Azərbaycan hələlik heç nə etməsə də olar. Sadəcə, müşahidə etmək lazımdır. Erməni klanları mübarizə nəticəsində Bakıya sərfəli olan addımları atacaqlar”.
Müharibə ehtimalı hər an olsa da cəbhə xəttində hələ ki nisbi sakitlikdir.
Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, cəbhə xəttindəki sakitliyə bir neçə aspektdən baxmaq lazımdır: “İlk növbədə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra humanitar məsələlərin həllinə daha çox yer verilir. Bura girovların dəyişdirilməsi, eyni zamanda, bölgədə aparılan kənd təsərrüfatı işləri və atəşkəs rejiminə riayət olunması məsələləri daxildir”. Ekspert Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətə də diqqət çəkib: “Habelə Dağlıq Qarabağ separatçıları ilə Nikol Paşinyan arasında bir uçurum var. Əvvəllər bir güllə atılanda bu, gah Qarabağdakı separatçılara, gah da Ermənistan ərazisindəki hərbi birləşmələrə bağlanılırdı. Yəni, bu sakitliyi separatçılar və tərəflər arasında yaranmış mübahisənin nəticələrindən biri kimi də qəbul etmək olar. Eyni zamanda, ermənilər artıq təxribata əl ata bilmirlər. Çünki hansısa təxribat cəhdində Azərbaycan ordusunun hərbi varianta əl atacağından çəkinirlər.
Hazırda yay mövsümüdür və buna görə də, bəzən hərbi əməliyyatların keçirilməsi mümkün olmur. Yəni, bu da cəbhədəki sakitliyə birbaşa olmasa da, dolayı yolla təsir edən amillərdən biridir. Hesab edirəm ki, aparılan danışıqlara paralel olaraq, atəşkəs rejiminə riayət olunsa, bu, müsbət atmosferin yaranmasına təkan verə bilər. Lakin atəşkəsə mövcud status-kvonu saxlamaq məqsədilə riayət olunursa, əlbəttə, bu, xoşagələn hal deyil”.
Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan ordusunun anti-terror əməliyyatlarına hazır olması, Ermənistanı narahat edən amillərdən biridir: “Təəssüf ki, müharibə şəraiti davam edir, itkilərin və şəhidlərin olması qaçılmazdır. Amma bəzən də o təəssürat yaranır ki, sanki fırtınadan öncə sakitlikdir. Buna görə də, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, işğal olunmuş ərazilərin azad edilməsi üçün istənilən addım atıla bilər.
Keçirilən son təlimlər də bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən anti-terror əməliyyatlarına başlamağa hazırdır. Düşünürəm ki, cəbhədə sakitliyin hökm sürməsinin əsas səbəblərindən biri də budur”.

Müdafiə Nazirliyindən isə bildirilib ki, bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyini, ölkəmizin hüdudlarını, ərazisini qoruya bilən qüdrətli bir orduya çevrilib. Nazirlikdən qeyd olunub ki, hazırda Azərbaycan Ordusunun təlim mərkəzlərində dünyanın ən qabaqcıl, müasir ordularının döyüş və mənəvi-psixoloji hazırlıq üsullarından istifadə edilir: "Bu istiqamətdə bir çox böyük dövlətlərin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində imzaladığı müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan bütün tədbirlərdə, təlimlərdə fəal iştirak edərək, dünya dövlətlərinin ordu quruculuğu sahəsində qabaqcıl təcrübələrə yiyələnir. Məhz 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi".

Əli