“Ordunun hazırlığı yüksək səviyyədə olmalıdır” Layihə

“Ordunun hazırlığı yüksək səviyyədə olmalıdır”

Qulu Məhərrəmli: “Çünki bu məsələ lokal müharibələrsiz, toqquşmalarsız həll edilməyəcək”

Ermənistan işğalçı siyasətini davam etdirməklə özünün iqtisadi fiaskosu ilə yanaşı siyasi çöküşünü də sürətləndirir. Beynəlxalq siyasi arenada uduzan Ermənistanın KTMT-dəki vəziyəti bəllidir. Paşinyan hakimiyyəti dönəmində isə havadarı Rusiya ilə münasibətlərində ciddi problemlər yaşayan İrəvanın yeganə isti münasibətdə olduğu ölkə İrandır.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, İran bilərəkdən və ya bilməyərəkdən Ermənistanı mələk kimi görür. Mərkəz direktorunun sözlərinə görə, son günlər baş verən proseslər göstərdi ki, Ermənistan İrana qarşı istənilən təxribata getməyə hazırdır: “I. Ermənistanda elektrik qəzası baş verdi. Rəsmilər bunu İranla əlaqələndirmək istədilər. Amma heç kəs izah edə bilmədi ki, niyə İranla Ermənistan sərhədində olan 2-3 Su Elektrik Stansiyasında qəza baş vermədi, İrəvanda İstilik Elektrik Stansiyalarında qəza baş verdi. İranda Ermənistanın İran sərhədlərinə yaxın elektrik stansiyasında qəzanın baş verməməsi, məhz Yerevanda baş verməsi göstərir ki, qəzanın əsas mənbəyi Ermənistanın daxilindədir, qəza İranda da hiss olunub.
Ağıla gələn variantlardan biri də budur ki, kimsə Ermənistan ərazisi vasitəsilə İranda elektrik qəzası törətmək istəyirmiş.
II. İsrail-Ermənistan münasibətlərində yeni dinamika var. N.Paşinyan İran səfərindən qayıtdıqdan sonra dərhal İsrailə Ermənistanın 2 rəsmi nümayəndə heyəti getdi.
İran bu günədək Ermənistanın İsraillə münasibətlərinə bir dəfə də olsun reaksiya verməyib. Amma Ermənistan-İsrail münasibətlərinin motivasiyasında İranın olması barədə hətta Ermənistanın Baş naziri və Xİ nazirinin səsləndirdiyi bəyanatlarda var.
İran indi Ermənistana barterlə qaz vermək istəyir. Əslində bu yenidən Ermənistanı xilas etmək anlamındadır. Qazın qiymətinin Rusiya tərəfindən qaldırıldığı bir vaxtda İranın Ermənistana barterlə qaz verməsi Rusiyanın İrana qarşı siyasətinə təsir edəcək. Rusiya İranın şimal ərazilərində, xüsusən qaz və elektriklə təchizatında mövqeyini möhkəmləndirəcək ki, İran Ermənistanla münasibətlərini kəssin. Bu artıq regional miqyaslı məsələdir.
İranın Ərəb dövlətlərinə qarşı əsas iradı işğalçı İsrailin başını sığallamasıdır. İsrail bəzi Ərəb dövlətlərinin qonşusudur. İran özü də işğalçı qonşusu ilə münasibətdə çox məsələləri nəzərə almalıdır”.
Bütün bunlara baxmayaraq Ermənistan qeyri konstruktiv mövqeyindən əl çəkmir. Bu isə müharibə ehtimalını artırır. Maraqlı məqam isə əvvəlki dövrlərə nisbətən cəbhə xəttində nisbi sabitlikdir.
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirib ki,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra cəbhə xəttində nisbi atəşkəs ikitərəfli anlaşmanın nəticəsidir: “Təbii ki, istənilən an atəşkəs pozula və Ermənistanın təxribatı baş verə bilər. Bu da yeni müharibənin başlanmasına qığılcım olar. Qeyd edim ki, Vaşinqton danışıqlarında ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib. Burada ola bilsin konkret detallar müzakirə olunub. Ermənistandan hər hansı bir gözlənti olmalıdır. Belə bir qənaətdəyəm. Bundan əlavə danışıqlar prosesində hələlik ictimaiyyətə açıqlanmayan proseslər var. İntensiv danışıqları görmürük. Amma müəyyən dərəcədə diplomatik hərəkətlilik var. Müharibə ehtimalı yüksək səviyyədə qalır. Hesab edirəm ki, müharibə başlayarsa güc mərkəzi Azərbaycan olacaq. Ermənistan tərəfi müharibədən çəkinir , çünki ordusu çox zəifdir”.
Politoloq Əli Qənbərli diqqətə çatdırıb ki, cəbhə xəttindəki gərginlik hər an var: “Bir gün, iki gün və ya bir həftə silahlar işləmirsə o demək deyil ki, gərginlik yoxdur.Yəni psixoloji gərginlik hökm sürür. Çünki ortada münaqişə tərəflərinin toqquşan mövqeyi var. Deməzdim ki, bu fırtınadan əvvəlki sakitlikdir. Sadəcə olaraq hər gün o qədər cəbhədən toqquşma ilə bağlı xəbərlər gəlir ki, müvəqqəti səssizlik, yəni sakitlik bu cür qiymətləndirilir”.
O, həmçinin “danışıqlar prosesində deməzdim, həlledici nəsə var. Azərbaycan insanı üçün həlledici məsələ o zaman ola bilər ki, torpaqlar işğaldan azad olunsun”, - deyə vurğulayıb: “Bu olunmayana qədər nəyəsə həlledici demək yersiz olar. Hətta, ortada ümidverici bir şey də yoxdur. Yəni həmişəki kimi danışıqlar davam edir. Bircə onu deyə bilərəm ki, danışıqlar dalana dirənməyib, sülh yolu ilə problemin həll olunmasına inananlar da var”.
Ekspert bildirib ki, müharibə şəraitində güc balansının hazırda o qədər də əhəmiyyəti yoxdur: “Çünki müharibə olacağı təqdirdə biz Ermənistanla deyil, onun havadarı ilə üz-üzə gəlmiş olacağıq. O baxımdan bunu münaqişə tərəflərinin güc balansı kimi təqdim etmək olmaz, yəni məsələyə belə yanaşmaq olmaz. Təbii ki, əgər münaqişə tərəfləri 3-cü tərəfin müdaxiləsi olmadan müharibə aparsalar hərbi üstünlük Azərbaycanın tərəfində olacaq”.
Politoloq Qulu Məhərrəmli bildirib ki, Qarabağ məsələsi ilə bağlı belə ümidverici qığılcımlar zaman – zaman yaranıb. Onun sözlərinə görə, Azərbaycan tərəfini qane edən belə addımlar vaxtaşırı olur və bu da Azərbaycan cəmiyyətində müəyyən ümidlər doğurur.
Q.Məhərrəmli xüsusilə, son vaxtlar həmsədrlərdən və Avropa İttifaqı rəhbərinin Azərbaycana səfəri zamanı, “Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” kimi bəyanatları, nəhayət heç bir şərt irəli sürmədən problemin dövlətin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı danışıqların davam etdirilməsi kimi fikirləri çox müsbət hal və yeni mesajlar kimi dəyərləndirib: “Bu dəfə artıq həm böyük dövlətlərin xarici siyasətində, həm ATƏT-in Minsk qrupunda qəti mövqe nümayiş etdirilir. Lakin bütün bu addımların konket nəticə ilə bitəcəyini söyləmək çətindir. Çünki proseslər onu göstərir ki, son 10 ildə Qarabağ məsələsi beynəlxalq hüquq və beynəlxalq siyasətin elementi kimi işlənilir. Bəzən bu məsələ dövlətlərarası münasibətlərdə birinin digərinə təzyiqi ilə bağlı önə gətirilir, bir alətə, vasitəyə çevrilir. Bu, məsələnin çox təhlükəli tərəfidir. İkinci bir tərəfdən Prezidentin ümidverici mesajları olsa da, bizə elə gəlirdi ki, uzun illərdir Azərbaycan diplomatiyası çox səmərəsiz fəaliyyət göstərir. Lakin kəskinləşən bu münasibətlər sistemində Azərbaycan diplomatiyasının məharətlə Qarabağ məsələsini önə gətirməsi, yəni münaqişənin həllini sürətləndirməsi müşahidə olunur”.
Politoloq bildirib ki, bu gün Azərbaycan diplomatiyasının bir tərəfdən bölgədə münaqişənin həllini yetişdirən situasiyanı qabartması ilə yanaşı Ermənistan-Rusiya, Ermənistan -Qərb münasibətlərindən faydalanması da çox vacibdir: “Bəli, Azərbaycanın haqlı mövqeyinin önə çıxması bizdə böyük ümidlər yaradır. Amma bunlar qəti nəticə üçün kifayət deyil. Bu, o zaman mümkün olacaq ki, qəti addımlar atılsın. Yəni bu problemlər Rusiyanın nəzarətindən çıxmalıdır. Məsələni həm Azərbaycanda - Qarabağda yaşayan Azərbaycan vətəndaşları, həm Ermənistan üçün beynəlxalq səviyyədə təminatların verilməsi fonunda həll etmək mümkündür. İndiki halda deyə bilərik ki, Qarabağ münaqişəsinin həlli yolundakı maniələr aydınlaşır, mövqelər qətiləşir. Bunun üçün də Azərbaycan diplomatiyası öz səmərəli işini davam etdirməlidir. Ordunun hazırlığı yüksək səviyyədə olmalıdır. Çünki bu məsələ lokal müharibələrsiz, toqquşmalarsız həll olunmayacaq. Ona görə də hesab edirəm ki, həm hərbi, həm diplomatik mexanizmlər işləməli və Azərbaycan məsələnin həlli üçün konkret addımlara keçməlidir”.
Politoloq Natiq Miri isə deyib ki, cəbhədə hər an toqquşmaların baş verməsi mümkündür. Analitik bildirib ki, Ermənistan işğal iddialarından vaz keçmir və zəbt etdiyi torpaqları geri qaytarmaqla bağlı heç bir addım atmır: “Düşmən tərəf danışıqlar masasında konkret müzakirələrə razı deyil. Danışıqlarda daha çox əsirlərin dəyişdirilməsi, atəşkəsin təmin olunması kimi Azərbaycanı qane etməyən məsələlər müzakirə olunur. Bu da Paşinyana zaman qazandırmağa xidmət edir. Ancaq proses acı bağırsaq kimi uzadıla bilməz. Rəsmi Bakı ciddi siyasi nəticəsi olmayan danışıqlarda maraqlı deyil. Düşmən tərəf cəbhə xəttində tez-tez təxribat törədir. Günün birində təxribatların genişmiqyaslı hərbi fazaya keçməsi ehtimalı artmaqdadır. Lakin savaş məsələsi təkcə Paşinyanın iradəsi çərçivəsində də deyil.
Təxribatlar Paşinyanın sözünü dinləməyən “Qarabağ klanı”nın generaliteti tərəfindən də həyata keçirilə bilər. Qondarma rejimdəki hərbi xuntanın əksər üzvləri Rusiyanın xüsusi xidmət orqanlarına bağlı adamlardır. Bu o deməkdir ki, Moskva da istənilən vaxt Qarabağ cəbhəsində gərginliyi tətikləyə bilər. Ən əsası isə danışıqların nəticə vermədiyindən əmin olan Azərbaycan tərəfinin özü də istədiyi anda qısamüddətli hərbi əməliyyatlara başlaya bilər. Bu ehtimal da çox realdır”.
Ekspert əlavə edib ki, , Moskva istənilən müharibədə erməni ordusunun böyük zərbə alacağını yaxşı bilir: “Hərbi əməliyyatlarda Silahlı Qüvvələrimizin əzici üstünlüyü birbaşa Paşinyan hökumətinə zərbə vuracaq. Çünki inqilabla hakimiyyətə gələn baş nazir iqtisadi məsələlərlə yanaşı, siyasi və hərbi yöndə də vədlər verib. Xatırladım ki, Paşinyan əvvəlki dönəmdə məqsədli şəkildə Rusiya yönümlü davranışlar sərgiləyirdi.
Bir növ Moskvanın könlünü almağa çalışırdı. Ancaq Kremldən istədiyi qarşılığı ala bilmədiyinə görə tədricən onu inqilab yolu ilə hakimiyyətə gətirən Qərbə doğru meyillənməyə başladı. İndiki məqamda yalnız Qərbin və ABŞ-ın xüsusi marağı çərçivəsində Paşinyan cəbhədə gərginlik yaratmaq niyyətinə düşər. Erməni baş nazirin təkbaşına müharibə qərarı alması böyük riskdir. Müharibə sadəcə qondarma rejimin deyil, eyni zamanda, Paşinyan hökumətinin də sonunu gətirə bilər. Nəzərə alaq ki, erməni ordusunun içində baş nazirə dəstək verənlərlə yanaşı, “Qarabağ klanı”nın yanında olanlar da var. Parçalanmış zəif düşmən ordusunu güclü Azərbaycan Ordusunun qarşısına çıxartmaq heç də ağıllı hərəkət olmaz”.

Əli