“Əgər Azərbaycan antiterror əməliyyatlarına başlayarasa...” Layihə

“Əgər Azərbaycan antiterror əməliyyatlarına başlayarasa...”

Məhəmməd Əsədullazadə:”Qərb ölkəmizə qarşı hər hansı təzyiq etməyəcək”

Cəbhə xəttində bir müddət davam edən nisbi sakitlikdən sonra birdən -birə gərginliyin yaranması maraq doğurur. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəsi pozmaqla cəbhədə təxribat yaradırlar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, bu gün regionda yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır: “Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun üç üzv ölkəsinin daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır.
Nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin başvermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir.
Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşinqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən danışıqların davam etdirildiyini bəyan etmişdi.
Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdi. Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırılmasını, dayanıqlı sülh və əmin-amanlığı, rifahın bərpa olunmasını təmin edəcək”.
Politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistanın indiki rəhbərliyi heç də keçmiş rəhbərliyin dəsti-xəttindən çox uzağa getməyib: “Onlar təxminən eyni siyasət aparmaqla məşğuldurlar. Hər halda cəbhədə köklü surətdə dəyişiklik hiss olunmur. Baxmayaraq ki, danışıqlar prosesində məhz atəşkəs rejiminə əməl olunması və hümanitar addımlarla bağlı konkret məsələlər müzakirə olunurdu. Amma görünür ki, bu müzakirələr heç bir fayda vermir. Ümumiyyətlə, Ermənistan tərəfindən təmas xəttində təxribatların əsas məqsədi həmişə olduğu kimi danışıqlar prosesini pozmaqdır. Bu ilin sentyabr ayında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılırdı. Bu görüş çərçivəsində sonuncu XİN rəhbərlərinin görüşündən sonrakı proseslər, məsələlər müzakirə olunacaqdı. Ermənistan tərəfi çalışır ki, cəbhədəki gərginliyi Azərbaycanın üzərinə atsın. İşğalçı ölkə həmsədrlərin və dünya ictimaiyyətinin diqqətini yayındırır və guya Azərbaycan pozuculuq hərəkətləri ilə məşğuldur. Azərbaycan tərəfi danışıqlar prosesində konkret məsələlərin müzakirəsinin tərəfdarıdır”.
Politloloq Elxan Ələsgərovun fikrincə, Ermənistanda sosial məzmunlu etirazlar əsasən sərhəd bölələrində baş verir: “Hakimiyyət bu cür təxribatlara əl atmaqla əhali arasında psixologi gərginlik yaratmaq, beləliklə də diqqəti sosial problemlərdən yayındırmağa cəhd göstərirlər”.
Politoloq hesab edir ki, Ermənistanın son təxribatları bu ölkənin danışıqlar prosesində irəliləyişin əldə edilməsində maraqlı olmadığını göstərir. Ermənistan son günlər Azərbaycanla sərhəddə bir neçə təxribat həyata keçirməyə cəhd göstərib. Azərbaycana məxsus Hərbi tibbi yardım avtomobili atəşə məruz qalıb. İyulun 28-də isə azərbaycan sərhəd qoşunlarının hərbi yük maşını atəşə tutulub. Daha əvvəl Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin əsgəri yaralalanıb”.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, atəşkəsin mütəmadi pozulması İrəvanın danışıqlar prosesindən getdikcə aralandığını göstərir: “Azərbaycanın ABŞ, Fransa və digər Qərb ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq etməsi, İrəvanda ciddi siyasi böhrana səbəb olmaqdadır. Ermənistanın milli təhlükəsizlik konsepsiyasının qəbulu da Yereavanı bu çətin vəziyyətdən çıxarmaq iqtidarında deyil”.
Ekspert Azərbaycan antiterror əməliyyatlarına başlayacağı təqdirdə, Qərbin ölkəmizə qarşı hər hansı təzyiq etməyəcəyini vurğulayıb: “ABŞ-ın Azərbaycana 101 milyon dollar vəsait ayırması İrəvanın regionda tədricini daha da gücləndirəcək. Artıq Azərbaycan Qərbin regionda əsas təhlükəsiz və strateji partnyorudur. Ermənistan və Gürcüstana gəldikdə isə bu ölkələrin xarici siyasətində Qərbyönümlü tendensiyalar nümayiş etdirilsə də, ciddi bir dəyişikliyə gətirməyib. Hər iki respublika iqtisadi vəziyyətlərinə görə Rusiyanın təzyiqi altındadır.
Azərbaycanın enerji və iqtisadi siyasəti artıq Qərbin üzünü Azərbaycana çevirməkdədir. Ona görə də Qərbin silah ixracatçı şirkətləri ölkəmizlə hərbi-texniki sahədə əməkdaşlığa başlamaq istiqamətində iş aparırlar. Bu onu göstərir ki, Azərbayacan artıq Qarabağ məsələsində Qərbdən istədiyi dəstəyi almış olur.
Əgər Azərbaycan antiterror əməliyyatlarına başlayarasa, Qərb ölkəmizə qarşı hər hansı təzyiq etməyəcək. Azərbaycan Qərblə yanaşı Rusiya ilə də ümumi tarazlıq siyasətini qorumaqla Ermənistanın izolyasiyasını dərinləşdirə bilər. Türkiyə-Rusiya əlaqələrindən istifadə edib, Ankaranı Qarabağ məsləsində yenidən aktiv olmağa cəlb etməlidir. Proseslər bu istiqamətdə gedərsə, Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başlayıb, Yerevanı kompromisə gətirə bilər. Azərbaycanın Qərblə hərbi əməkdaşlığı mütləq şəkildə müharibə variantını yaxınlaşdırır”.
Politoloq Fikrət Sadıxov isə hesab edir ki, Nikol Paşinyan hakimiyyətə gələrkən keçirdiyi mitinqlərdə çox şey vəd edən bəyanatlar verib: “Həmin bəyanatlarda səsləndirilən fikrin mahiyyəti ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsini yeni yolla həll edəcək. Lakin vaxt göstərdi ki, o, öz sələflərinin yolu ilə gedir və “Qarabağ klanı” nümayəndələrinin yol verdiyi səhvləri təkrarlayır.
Hazırda belə bir mənzərə alınır: Paşinyan istərdi ki, onun təxribatlarına güclü zərbə ilə cavab versinlər. Paradoks olsa da, müəyyən mənada bu, Paşinyanı qane edərdi, çünki ona Azərbaycanın guya təcavüzkar olduğunu və Bakı ilə danışıqlar aparmağın mümkünsüzlüyünü dünya birliyinə və beynəlxalq strukturlara nümayiş etdirmək lazımdır. Yeri gəlmişkən, Paşinyan Bakı ilə danışıqlardan dəfələrlə boyun qaçırıb.
Ermənistanın Baş nazirinə ölkəmizi sakitliyin pozucusu kimi göstərmək vacibdir, çünki bu onun apardığı siyasi xəttin məcrasına uyğun gələcək. Paşinyanın siyasi xətti beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam məhəl qoymamaqdan və atəşkəslə bağlı razılaşmaları pozmağa davam etməkdən ibarətdir.
Lakin Paşinyan xatırlamalıdır ki, ölkəmiz düşmənin hər bir zərbəsinə ikiqat cavab verir və yekunda düşmən tərəfinin bütün atəş nöqtələrini susdurur.
Fikrimcə, burada Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı daha bir səbəb var. Yəni Paşinyan bu gün özünü çox da inamlı hiss etmir. Birincisi, onun partiyasının daxilində artıq hansısa narazılıq baş verir və parlamentdə dəfələrlə bəyan ediblər ki, onlar danışıqlarda söhbətin nədən getdiyindən xəbərdar deyillər. Xarici işlər naziri Zöhrab Mnatsakanyanı parlamentə çağıraraq deyiblər ki, danışıqlarda baş verənləri bilməlidirlər. Bilmək istəyirlər ki, rəsmi Yerevanın bu görüşlərdə hansı dəqiq xətti var.
Bütün bunlara əlavə olaraq Ermənistan cəmiyyətində hansısa qütbləşmə başlayıb. Koçaryan, onun tərəfdarları, eləcə də Paşinyan üçün siyasi perspektivlər görməyən qüvvələr haradasa qruplaşacaqlar. Əlbəttə ki, onlar hələ Baş naziri aradan götürmək üçün güclü qüvvə deyillər. Lakin birmənalı olaraq qüvvələrin qruplaşması gedir, Paşinyan da bunu anlayır və görür. Paşinyan bu qüvvələrə primitiv üsullarla sübut etmək istəyir ki, o, bu kursun davamına əsaslanmış siyasi xəttə ciddi əməl edir və torpaqların tutulması və özgə ərazilər üzərində nəzarət siyasəti davam edəcək. Paşinyan öz fəaliyyəti ilə opponentlərinin əlindən sübutedici bazanı almaq istəyir.
Bu cəhd primitiv və miskindir, lakin əfsus ki, o, arada işləyir və bəziləri buna uyur, ümumən hesab edirlər ki, o, Ermənistanın gücünü saxlamaq və Azərbaycanın hərbi potensialına layiqincə qarşı çıxmaq üçün lazım olan hər şeyi edir”.

Əli