“Ermənilər unutmasın ki, ikinci həll variantı hərbi yoldur” Layihə

“Ermənilər unutmasın ki, ikinci həll variantı hərbi yoldur”

Arzu Nağıyev: “Hərbi yola əl atılması isə bütün regionda müharibənin alovlanması deməkdir”

Bir müddət nisbi sakitlikdən sonra cəbhədə vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini mütəmadi olaraq pozmaqla bütün cəbhəboyu təxribatlarını davam etdirirlər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Onu da əlavə edək ki, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan yenidən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib. Davtyan Qarabağda təmas xəttində yerləşən hərbi hissədə olub. Onu burada qondarma rejimin "müdafiə naziri" general-mayor Karen Abramyan müşayiət edib.
Bu, Davtyanın son 1 ay ərzində Qarabağa ikinci səfəridir. O, sonuncu dəfə Qarabağda iyulun 3-də olub.
Ermənistan Baş naziri Nikol Paşinyan da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələcək. Paşinyan avqustun 5-də separatçıların Xankəndi şəhərində keçirəcəyi “VII Pan-Erməni Oyunları”nın açılış mərasimində iştirak etmək üçün Qarabağa gələcək.
Məlumatda Paşinyanın Xankəndində Ermənistan diaspor nümayəndələri ilə iclas keçirəcəyi bildirilib.
Erməni baş nazir Qarabağa sonuncu dəfə bu ilin may ayında gəlmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, gərginliyin artması Dağlıq Qarabağda bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla ziddiyyət təşkil edir. O, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahat olduqlarını deyib: “Gərginliyin artması bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla və siyasi vasitələrlə nizamlanmaya nail olmaq barədə açıqlamalarla ziddiyyət təşkil edir. Biz hesab edirik ki, gərginliyin artması qəbulolunmazdır və qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə, güc tətbiqindən imtina etməyə və vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlər görməyə çağırırıq”.
Politoloq Natiq Miri bildirib ki, Nikol Paşinyan iqtidarı təmas xəttində hərbi proseslərə nəzarət edə bilmir: “Bundan əlavə işğal olunmuş Azərbaycan ərazilərində Robert Köçəryan və Serj Sərkisyanın qurub yaratdığı və rəhbərlik etdiyi hərbi xuntaya aid generalitet Paşinyan hökumətini saymır. Bu generalitet Paşinyan hökumətini devirmək üçün hərbi təxribatlar törətməklə yeni müharibəyə rəvac verə və nəticədə Ermənistan ordusu Azərbaycan ordusundan ciddi zərbə ala bilər.
Bu zərbə təkcə canlı qüvvə və hərbi texnika itkisilə deyil, həm də çox ciddi strateji ərazilərin azad olunması ilə də nəticələnə bilər”.
O, əlavə edib ki, Ermənistan ictimai rəyində hələ də Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı dəyişiklik mövcud deyil:
“Erməni ictimai rəyi hələ də Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasına heç bir vəchlə razılıq vermir. Ona görə də əgər Köçəryan-Sərkisyan rejiminə xidmət edən hərbi xunta Azərbaycanın işğal olunmuş ərazilərində bu cür hərbi təxribatlar yaradarsa, – düşünürəm ki, son hərbi insidentlərin də arxasında bu istək və niyyətlər dayanır –bu, Paşinyan üçün həqiqətən də çox xoşagəlməz durum yarada bilər”.
Analitik Arzu Nağıyev deyib ki, ermənilərin təmas xəttində gərginlik yaratmalarında əsas məqsədləri odur ki, Azərbaycan tərəfi cavab atəşi versin, onlar da bu barədə beynəlxalq qurumlara müraciətlər etsinlər: “Bütün bunların hamısı problemi uzatmağa hesablanıb. Amma Azərbaycan öz sözünü Xarici İşlər Nazirliyi və digər dövlət qurumları səviyyəsində deyir”. A.Nağıyev vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq buna reaksiya verməlidir: “Biz beynəlxalq hüquq normaları çərcivəsində öz problemimizi həll etməliyik. Amma ermənilər unutmasın ki, ikinci həll variantı hərbi yoldur. Hərbi yola əl atılması isə bütün regionda müharibənin alovlanması deməkdir”.
Hərbi ekspert Şair Ramaldanov Minval.infoya bildirib ki, Ermənistan daxilində siyasi vəziyyət gərginləşəndə Qarabağda, cəbhəboyuda gərgin durum yaranır: “Biz düşmən dövlətlə üz-üzə durmuşuq. Atəşkəs istər Dağlıq Qarabağa aid ərazidə, istər Dağlıq Qarabağa aid olmayan, ancaq işğal altındakı rayonların ərazisində, istərsə də dövlət sərhədi sayılan təmas xəttində pozulur. Düzdür, son zamanlar Dövlət Sərhəd Xidməti bu istiqamətdə müəyyən funksiyaları yerinə yetirir. Ancaq düşmənin niyyəti, düşmənçiliyi dəyişməyib axı, necə var idi, elə də qalıb. Belə olan halda hansı istiqamətdən olur-olsun, təxribatlara əl atılması gözləniləndir. Ermənistan Rusiyanı, yaxud KTMT-nin üzvü olan digər ölkələri bu müharibəyə cəlb etmək istəyir. Ancaq bu, qeyri-mümkündür. Çünki birincisi, Azərbaycan əsgəri ona atəş açan mövqeləri cavab atəşi il susdurub. O tərəfdən itki olsa da, olmasa da, Azərbaycan ordusu Ermənistanın dövlət sərhədini keçməyib. Dövlət sərhədini keçmədiyi halda bu məsələyə hansısa ölkənin müdaxiləsi mümkünsüzdür. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq hansısa dövlət onun sərhədlərini keçib bu ölkəyə hücum edərsə, o halda Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Azərbaycan da heç vaxt Ermənistanın sərhədləri daxilində hücum əməliyyatlarını həyata keçirməyəcək. Çünki ölkəmizin əsas məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir. Aktiv hərbi əməliyyatlar yalnız işğal olunmuş Azərbaycan ərazilərində aparılacaq. Ona görə də Ermənistanın Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti olsa da, onun reallaşdırılması ehtimalı yoxdur. Bunun üçün nə hüquqi, nə də siyasi əsaslar var. Rusiyanın bu proseslərə müdaxiləsi Ermənistanı silahlandırmaqdan ibarətdir. Həmçinin Rusiyanın hərbi bazasının bu ölkədə olması da faktdır. Lakin açıq şəkildə Azərbaycana qarşı hansısa formada təzyiq edilməsinə, yaxud Ermənistanın xeyrinə addım atılmasına inanmıram. Azərbaycan Ermənistanın dövlət sərhədini keçib onun ərazisində hansısa hərbi əməliyyatları həyata keçirərsə, o halda təbii ki, müəyyən addımlar atıla bilər”.
Ekspert əlavə edib ki, ermənilər hər hansı bir addım atmağa hazırdırlar ki, Azərbaycana qarşı təzyiqlərə nail olsunlar: “Biz bilirik ki, bu il ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin miqdarı azalıb. Həmçinin Qarabağa ayrılan yardımın miqdarında da azalma olub. İndi Azərbaycana 100 milyon ayrılır, bu, ilk növbədə Sərhəd Xidmətinin xərcləri ilə bağlıdır. Ancaq düşünmürəm ki, ermənilər məkrli niyyətlərinə nail ola biləcəklər. Bu, o vaxt ola bilər ki, Azərbaycan aktiv hərbi əməliyyatlara başlasın. Cəbhədə və təmas xəttində mütəmadi şəkildə monitorinqlər keçirilir, atəşkəsin pozulması və nəticələri ilə bağlı həmin qrup məruzələr hazırlayır. Ancaq buna baxmayaraq, ermənilər bütün təmas xətti və dövlət sərhədi boyunca müxtəlif təxribatlara əl atırlar...”.
Ş.Ramaldanov bildirib ki, biz torpaqlarımızı azad edib ərazilərimizə yiyə durmalıyıq, ərazi bütövlüyümüzü bərpa etməliyik, bununla da göstərməliyik ki, ərazilərimizin işğalı ilə barışmırıq: “İndiki halda biz ermənilərin həyata keçirdiyi hansısa işləri dayandırmaq üçün artilleriyadan da istifadə edə bilməyəcəyik. Çünki atəşkəs rejimi ilə bağlı müəyyən öhdəliklər götürmüşük. O halda biz atəşkəs rejimindən çıxmalıyıq və öhdəliklərin hamısını dayandırmalıyıq. Ondan sonra hansısa addımlar ata bilərik. Yoxsa biz atəşkəs rejimində ola-ola atəşkəsi pozsaq və ağır artilleriyadan istifadə etsək, onda müəyyən təzyiqlər olacaq, bundan da üçüncü, dördüncü qüvvələr istifadə edəcək. O zaman yenə də aprel hadisələrinə bənzər hadisə baş verəcək, deyəcəklər dayanın, qurtardı getdi… Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır. Ondan sonra artıq artilleriyadan, aviasiyadan da istifadə etmək olar. Amma sən bir tərəfdən atəşkəs rejiminə riayət etməklə bağlı sənədə qol çəkmisən, digər tərəfdən də artilleriyadan istifadə edirsənsə, bu, qəbul olunmayacaq...
Paşinyan böyük qüvvələrin əlində marionetkadır. Müstəqil siyasət yürütməyə nə Ermənistanın, nə Paşinyanın ixtiyarı yoxdur. Ermənistan rəhbərliyinə kim gəlir-gəlsin, bu ölkənin siyasəti dəyişməyəcək. Sadəcə, ermənilərə xas xüsusiyyətdir, quyruğunu bir az o yan-bu yana tərpədirlər, yumşaq mövqe nümayiş etdirməyə çalışırlar, ancaq reallıqda öz mövqelərində qalırlar. Son zamanlar Ermənistan tərəfdən, dövlət təhlükəsizlik xidməti rəisi tərəfdən verilən bəyanatlar tam əksini deyir. Ona görə Azərbaycan ciddi şəkildə son addımına, müharibəyə hazır olmalıdır, antiterror əməliyyatları apararaq öz torpaqlarını düşməndən azad etməlidir. Azərbaycan üçün başqa yol yoxdur”.
Tanınmış politoloq Pol Qobl oxu.az-a bildirib ki, cəbhədə xırda insidentlər davam edəcək, lakin bu, əsas hücum anlamına gəlmir.
Ekspert Qarabağda müharibə başlayacağı təqdirdə, baş verə biləcək mümkün ssenarilərdən də danışıb. O bildirib ki, Azərbaycan ilk zərbə endirə bilər, çünki əlində güclü qüvvə var: “Ancaq bu zaman Rusiya ortaya çıxacaq. Şəxsən mən düşünürəm ki, Dağlıq Qarabağ ətrafında gərginlik uzun müddət davam edəcək”.
Analitikin fikrincə, cəbhədə atəşkəsin pozulması dəyişməz bir fenomendir və bu, hər iki tərəfdən asılı məsələdir.
P. Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan hər hansı irəliləyiş gözləmədiyini də diqqətə çatdırıb.

Əli