“Paşinyan “qırmızı xətti” keçdi, əməliyyatlar bərpa edilə bilər” Layihə

“Paşinyan “qırmızı xətti” keçdi, əməliyyatlar bərpa edilə bilər”

Politoloq: “Baş nazir açıq-aşkar Ermənistanın işğalçı dövlət olmaqla yanaşı, Azərbaycan hesabına öz ərazilərini genişləndirmək istəyini bəyan etdi”

“Paşinyanın Xankəndidəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır”.
Bu sözləri Azərbaycanın keçmiş xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
“Paşinyanın Xankəndidə dedikləri çox vacib bəyanatdır və hesab edirəm ki, bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, artıq danışıqlar üçün heç bir əsas qalmayıb. Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, çünki Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə olan havadarları da artıq danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, hətta onların imitasiyasına belə əsas yoxdur”, - keçmiş baş diplomat söyləyib.
T.Zülfüqarovun sözlərinə görə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatların başlamasında və bundan öz planlarının icrası üçün istifadə etməkdə maraqlıdır:
“Paşinyan yaxşı başa düşür ki, Moskva onu tərəfdaş olaraq qəbul etmir. Onun çoxsaylı cəhdləri var idi ki, Rusiya ilə əlaqələr qursun. Təcrübə göstərdi ki, Putin onu tərəfdaş kimi qəbul etmir və onunla əlaqələr qurmaq niyyətində deyil. Bunun əksinə olaraq müxalifətdə olan liderləri Rusiya açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə Köçəryanla bağlı olan məsələni yada salmaq olar. Buna görə də Paşinyanda və hazırkı hökumətdə müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Onlar indi başa düşürlər ki, bu köməkdən danışmaq artıq mümkün olmayacaq.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hər hansısa maddi kömək və yatırım edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun. Bunun nəticəsindən asılı olmayaraq, o, Rusiyanın İrəvanı satdığını deyəcək və indi bütün ermənilərin Qərbə tərəf getməsi gərəkdiyini bəyan edəcək. Bu hərəkətlə o, iki məqsədinə nail olacaq. İlk olaraq erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər tərəfdən isə daxildə olan rusiyayönlü müxalifəti satqınçılıqda ittiham edə biləcək. Artıq bu ssenari həyata keçirilir. Paşinyan bu bəyanatlarla Azərbaycanı savaşa təhrik edir və məqsədi də bu hərbi əməliyyatlarla Rusiyadan Qərbə siyasi dönüşü təmin edə bilməkdir”.
Bununla belə, T.Zülfüqarov Qərbin Ermənistana hansısa vədlər verməsinin Mnatsakanyanın Vaşinqton səfərləriylə əlaqədar olmadığını deyib:"Mövcud prosesə zəmin yaradan əsas məqamlardan biri Boltonun səfəri olub. Bolton Ermənistanda olanda açıq-aşkar bəyanatlar verdi. Bu bəyanatlarla birmənalı şəkildə onu demək istəyirlər ki, Rusiyanın himayəsindən çıxsanız, sizi qəbul edərik, əks təqdirdə həm Rusiyadan təhlükəsizlik qarantı, həm də Qərbdən maliyyə köməyinin istənilməsi qəbuledilməzdir. Bu məsələ iki stulun üstündə oturmaq kimi bir şeydir. Məhz buna görə Qərb İrəvanı qəbul etmir. Eyni zamanda Rusiyanın özünün də indiki hakimiyyətdən şübhələri çoxdur. Bu baxımdan Ermənistanın indiki mərhələdə siyasətinin əsas problemi bundan ibarətdir. Məhz ona görə bu bəyanatlar verilir”.
Politoloq Ramiyə Məmmədovanın fikrincə, erməni Baş nazir Nikol Paşinyan Xankəndində “Qarabağ Ermənistanındır” (“Miatsum”) şüarını səsləndirməsi və bu səbəbdən dünya ermənilərini birləşməyə çağırması Ermənistan rəhbərliyinin yürütdüyü siyasəti açıq-aşkar ortaya sərdi.
Ekspertin fikrincə, Nikol Paşinyan bu bəyanatla bütün dünyaya Ermənistanın işğalçı dövlət olduğunu bəyan etdi:“Paşinyan açıq-aşkar müharibə elan edir. Əlbəttə, onun Ermənistanın mövcud durumunu nəzərə alanda boşboğazlıq etdiyini deyə bilərik. Çünki Ermənistanın iqtisadi və sosial vəziyyətinin ağırlığı göz qabağındadır. Ermənistanın Azərbaycanla müharibəyə girməyə nə iqtisadi gücü var, nə də ordusu belə bir savaşda tab gətirə bilər.
Amma Paşinyanın bu bəyanatı Ermənistan üçün ciddi problemlər yarada bilər. Maraqlıdır ki, Paşinyana qədər nə separatçılar, nə də Ermənistanın sabiq prezidentləri demək olar bu bəyanatı səsləndirməyib. Əslində bu bəyanat və bütün dünyanı ona dəstək verməyə çağırması, Paşinyanın zəif siyasətçi olmasından və siyasətdə səriştəsizliyindən irəli gəlir”.
Ramiyə Məmmədova qeyd edib ki, Paşinyan bununla “qırmızı xətti” keçdi və açıq-aşkar Ermənistanın işğalçı dövlət olmaqla yanaşı, Azərbaycan hesabına öz ərazilərini genişləndirmək istəyini də bəyan etdi:
“Əslində o, bu cür fikirlərlə Azərbaycanın əlini gücləndirir. Bundan istifadə edərək, dünyaya Azərbaycan ərazilərinə göz dikən bir Ermənistan adlı dövlətin olduğunu göstərə bilərik. Şübhəsiz ki, Azərbaycan buna vaxtında sərt reaksiya verməlidir.
Bu, bir daha Azərbaycan ordusuna o imkanı yaradır ki, torpaqların işğaldan azad edilməsi üçün əməliyyatları bərpa etsin. Bu, aprel döyüşlərinə oxşayan bir əməliyyat ola bilər. Bu baxımdan hesab edirəm ki, bu bəyanat Paşinyana Ermənistan daxilindən olan təzyiqləri daha da sərtləşdirə bilər. Çünki Paşinyan bununla Ermənistanı həm daxili auditoriya, həm də beynəlxalq aləm qarşısında işğalçı dövlət olduğunu nümayiş etdirir”.
“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı isə bildirib ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın mövqeyinin dəyişiləcəyi, münaqişənin həlli ilə bağlı yeni yanaşmaların ortaya qoyulacağına dair müəyyən gözləntilər var idi. Şəxsən mən bununla bağlı çox optimist deyildim. Hərçənd mən də münaqişənin sürətlə, ədalətli həllini arzulayanlardanam. Amma yerli, ölkədaxili, regional və qlobal faktorları nəzərə alaraq çox ümidli olmayanlardan idim.
Ekspert təəssüf hissi ilə qeyd edib ki, onun və onu kimi düşünənlərin gözləntiləri daha çox reallaşır:
“Bunu bir neçə istiqamətdə görürük. Birincisi, Ermənistan danışıqlar prosesində konkret addımlardan çox danışıqlar prosesini uzatmağa xidmət edən addımlar atmağa başladı. Robert Köçəryan və Serj Sərkisyan dövrünün bezdirici məqamı da Ermənistanın müxtəlif taktikalara müraciət edərək danışıqlar prosesini uzatmağa çalışması idi. Sadəcə, Levon Ter-Petrosyan özü də bundan vaz keçib nəyisə dəyişməyə çalışmışdı, buna meyilli olmuşdu, hakimiyyətini itirmişdi”.
A.Aslanlı qeyd edib ki, Ermənistanın indiyə qədərki siyasəti vaxt udmağa, prosesi uzatmağa çalışmaq siyasəti idi. Paşinyanın da siyasəti bundan çox fərqlənmədi:
“Bunu ona görə deyirəm ki, Paşinyanın son açıqlaması arzuolunmaz açıqlamadır, amma sürpriz açıqlama deyil. Yəni, Paşinyanın da siyasəti təəssüf ki, özündən əvvəlkilərin siyasətindən çox fərqlənmədi. Hansısa müəyyən incə detallar fərqlənə bilər. Amma həmin incə detallar münaqişənin həllinə töhfə verəcək xarakterdə deyil. Çox xırdadır, kosmetik xarakterlidir.
Ola bilsin ki, həmin xırda, kosmetik xarakterli dəyişikliklərə görə Paşinyan daxildə təzyiqə məruz qalırdı. Bəlkə yenə də klassik xəttə qayıdır.
Bilirsiniz ki, Ermənistandakı siyasətçilərin çox böyük əksəriyyəti SSRİ-nin dağılma ərəfəsində Ermənistanda başlamış hərəkatdan çıxmış, hansısa formada o hərəkatda iştirak etmiş siyasətçilərdir. Onların böyük hissəsinin arzusu “Böyük Ermənistan”dır.
Ermənistandakı siyasətçilərin böyük əksəriyyətinin daxilində az və ya çox dərəcədə “Böyük Ermənistan” xülyası yatır. Ermənistandakı siyasətçilərin böyük əksəriyyətinin ürəyinə bütün qonşulara ərazi iddiası var. Bəzisi bunu az, bəzisi çox, bəzisi məqam tapanda deyir. Amma bu onların hamısının qəlbində var. Çünki iştirak etdikləri prosesin – hərəkatın ruhunda o var idi. Yəni, məncə, Paşinyan “Qarabağ Ermənistandır” deyərkən birincisi, bir az ruhundakını ifadə etmiş olub, ikincisi, bir az daxili siyasətdə özünə yönəlmiş təzyiqləri azaltmağa çalışıb, üçüncüsü isə Ermənistanın qeyri-standart, ardıcıl olmayan xarici siyasətinin mahiyyətini büruzə vermiş olub.
Yəni, gah “Ermənistanın Qarabağa dəxli yoxdur” ifadəsini işlətmək, gah da bunun əksini demək qeyri-standart, ardıcıl olmayan siyasətin mahiyyətindən irəli gəlir”.
Politoloq bildirib ki, Azərbaycanın buna cavabı hazırda olandan daha sərt olmalıdır:
“Məncə, bu, kifayət deyil. Azərbaycan bundan sərt reaksiya göstərməlidir. İkincisi, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, beynəlxalq təşkilatlardan və digər dövlətlərdən tələb etməlidir ki, onlar daha sərt reaksiya göstərsinlər. Yəni, həm bizim siyasətimiz sərt olmalıdır, həm də digər dövlətlərdən tələb edilməlidir ki, daha sərt reaksiya göstərsinlər.
Necə olur ki, Azərbaycan öz ərazisində hansısa hərbi xarakterli addım atanda müxtəlif tərəflər müraciət edərək sülhə uyğun addım atmağa çağırırlar. Bəs Ermənistanın bu addımı beynəlxalq sülhə, danışıqlar prosesinə zidd addım olduğu halda niyə ona sərt reaksiya görmürük. Biz tələb etməliyik ki, Ermənistandan kimsə işğal olunmuş ərazilərə səfərə gələndə ona sərt reaksiya versinlər, bunu dinc danışıqlara zidd addım kimi qiymətləndirsinlər. Eyni zamanda Ermənistan bizim ərazilərimizdə bizim icazəmiz olmadan hansısa tədbir keçirmək istəyəndə buna da beynəlxalq vasitəçilər sərt reaksiya versinlər, bunu da qınasınlar. Ermənistanın bu addımını danışıqlar prosesini pozmağa yönəlmiş addım kimi qiymətləndirsinlər”.

Cavid