“Rəsmi Bakı Minsk qrupunun həmsədrlərinə məlumat verməlidir” Layihə

“Rəsmi Bakı Minsk qrupunun həmsədrlərinə məlumat verməlidir”

Məhəmməd Əsədullazadə: “Bu yol infrasturkturunun dayandırılması istiqamətində digər vasitələrə də əl atmalıdır”

“Regionda geosiyasi vəziyyətin mürəkkəb olması, Rusiyanın Cənubi Qafqazda dominant siyasətini artırması Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir göstərir”. Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə müsahibəsində səsləndirib.

-Ermənistan tərəfi hazırda Qarabağ separatçılarını danışıqlarda üçüncü tərəf kimi təqdim etməyə çalışır. Bu, manipulyasiya siyasəti aparmaqla Ermənistanı kənarda tutmaq planıdır. Paşinyan iqtidarı məhz bu plana uyğun danışıqlarda maraqlıdır. Qarabağa statusun verilməsi əsasən azərbaycanlıların ora qayıtmasından sonra reallaşa bilər. Bu status erməni və azərbaycanlı icmanın iştirakı ilə ən yüksək status olacaq. Azərbaycan bunu daima ən yüksək səviyyədə qeyd edir. Qarabağa daxili idarəetmədə status veriləcək və burada ermənilər idarəetmədə təmsil olunmaqla muxtariyyətə sahib olacaqlar. Aparılan danışıqlarda rəsmi Bakı Madrid prinsiplərini və BMT-nin 822-ci qətnaməsi ilə yanaşı Helsinki Yekun Aktını da rəhbər tutmalıdır. Yalnız bu istiqamətdə danışıqlarda uğurlu diplomatik qələbə qazana bilərik. Təəssüf ki, regionda geosiyasi vəziyyətin mürəkkəb olması, Rusiyanın Cənubi Qafqazda dominant siyasətini artırması Azərbaycanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətinə bir qədər mənfi təsir edir. Çünki Kreml regionda münaqişənin həllinə Qarabağa kənar status verilməklə öz sülhməramlı qüvvələrinin burada yerləşdirməsi halında maraqlı ola bilər. Məhz Ermənistan da bunda maraqlıdır. Hesab edirəm ki, rəsmi Bakı hazırkı prinsiplərlə danışıqlarda öz mövqeyini qoruyub saxlamalıdır və bununla yanaşı cəbhə xəttində işğalçıya təzyiqi artırmalıdır.
-Yeni yolun çəkilməsi hansı məqsədlərə xidmət edir?
-Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz boyunca “cənub istiqaməti” adlandırılan yeni yolun çəkilməsi hərbi təyinatlı olaraq Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə hesablanıb. Ermənistan bir neçə ildir işğal etdiyi ərazilərimizdə məskunlaşma siyasəti aparır. Burada qurulan yeni yollar, infrastrukturlar da bu siyasətin bir parçasıdır. Bu, Ermənistanın cəzasız qalmasından və beynəlxalq birliyin ikili standartlarından irəli gəlir. Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi İrəvanın cənub - Cəbrayıl və Füzuli istiqamətində çəkəcəyi yol təbii ki, danışıqlar prosesinə zərbə kimi qiymətləndirilməlidir. Rəsmi Bakı Minsk qrupunun həmsədrlərinə məlumat verməli və bu yol infrasturkturunun dayandırılması istiqamətində digər vasitələrə əl atmalıdır. Rəsmi İrəvan bu yol vasitəsi ilə həm məskunlaşma siyasəti aparacaq və həm də bu yoldan hərbi məqsədlər üçün istifadə edəcək. Ermənistan tərəfi daima danışıqlarda bu rayonların qaytarılması ilə bağlı təkliflərlə razılaşır. Hazırda isə Qarabağdan kənarda bu rayonlarda yolların çəkilməsi birbaşa İrəvanın bu ərazilərdən çəkilməmək planına əsaslanır. ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar yenə də susqunluq nümayiş etdirəcək və danışıqlar prosesində irəliləyiş olamayacaq. Bunun bir yolu qalır. Azərbaycan ultimatium verərək bu cür infrasturkturları vursa, məskunlaşma siyasətinə imkan verilməyəcək. Ermənistan tərəfi bu yolu çəkərək həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla bir növ koridor formalaşdıracaq. Bu günə kimi aparılan danışıqlarda göründüyü kimi İrəvan əldə olunan kiçik detallara belə əməl etmir. Ona görə də Azərbaycan qəti şəkildə danışıqlarda konkret məsələlərlə bağlı irəliləyişə nail olmaq üçün təzyiqə başlamalıdır. Ermənistana təzyiq etməyincə, qarşısı alınmayınca bu yol da çəkilməyə davam edəcək.
-Rusiyanın MDB üzrə xarici siyasətin kurasiyasına Volinkini gətirməsi ilə bağlı nə demək olar?
-Rusiya rəhbərliyi MDB üzrə xarici siyasətin kurasiyasına ermənipərəst və Ermənistandakı keçmiş səfiri Volinkini gətirməsi Qarabağla bağlı strategiyasında dəyişməz olaraq qalacağına işarədir. Volinkin daha da münaqişənin həlli ilə bağlı proseslərdə təxribatçı çıxışlar səsləndirəcək və Ermənistanın mövqeyini kifayət qədər müdafiə edəcək. Qeyd edim ki, Rusiya XİN rəhbərliyinin fəaliyyəti demək olar anti-Azərbaycan siyasətinə köklənib. Volinkini MDB üzrə xarici məsələlərə gətirməsi Azərbaycana qarşı yeni cəbhənin olması deməkdir. Keçmiş kurator Karasin kifayət edər balanslı siyasət həyata keçirib, Moskvanın siyasətini uzlaşdıra bilirdi. Volinkinin fəaliyyətində bu siyasəti görməyəcəyik. Rəsmi Bakı Rusiya ilə diplomatik danışıqları gücləndirməli, dost və tərəfdaşlarının sayını artırmalıdır. Bu gün Rusiyada yüksək çinli, dövlət siyasətinə təsir edən dostlarımız yoxdur. Amma Avropada da var. Bu istiqamətdə Rusiya ilə də işləmək lazımdır və Kremlin xarici siyasətinə təsir edən şəxslərlə əməkdaşlıq yüksək səviyyədə saxlanılmalıdır. Rusiyanın sabiq baş nazirinin müavini, silah satışını kurasiya edən Roqozinin ölkəmizə münasibətində müsbət siyasət var idi. Onun dövründə kifayət edər silah satışı ölkəmizlə reallaşdı. Roqozin getdi, silah satışı da dayandı. Volinkinin fəaliyyəti anti-Azərbaycan siyasəti olacaq və rəsmi Bakı daha çevik siyasət aparıb, onun təxribatçı ermənipərəst siyasətinin qarşısını almalıdır.
- Kasprişiklə bağlı da birmənalı fikir yoxdur...
-Qarabağ münaqişəsinin həllində Anjy Kasprişik yalnız öz şəxsi məqsədləri və ermənilərin mənafelərini qorumaqdan istifadə edir. Kaspşikin fəaliyyətində biz yalnız təxribatın şahidi oluruq. Kifayət qədər bu şəxsin işi yalnız status-kvonu qorunmasına hesablanıb. Ona görə də biz bu şəxsin Qarabağa səfərində yalnız erməni təxribatının baş verdiyini görürük. Bu şəxs mütləq şəkildə münaqişənin həlli prosesindən uzaqlaşdırılmalıdır. Rəsmi Bakı bu istiqamətdə onun mandatının uzadılmasına etiraz etməlidir. Qarabağda separatçılar arasında keçiriləcək qondarma seçkilərə özünün təlimatını verməyə gəlib. Qeyd edim ki, işğal olunmuş ərazilərdə qondarma seçkilərin gələn il keçirilməsi İrrəvan klanı ilə Qarabağ klanı arasında siyasi münaqişəyə yol açacaq. Nikol Paşinyan çalışır ki, burada öz adamını rəhbərliyi gətirsin. Qarabağ klanı çalışır ki,burada möhkəmlənsin və toparlanıb revanş hazırlasın. Məhz eks-prezident Serj Sarkisyanın Qarabağa gəlişi və burda siyasiləri öz ətrafında toplaması gözlənilir. Çünki Paşinyan ciddi şəkildə burada iş aparır. Hesab edirəm ki, Sarkisyan gələn il seçkilərdə digər namizədə üstünlük verəcək. Ona görə də buradakı fəaliyyətdə Qarabağ klanını ətrafına toplayıb, Paşinyana qarşı siyasi savaşa hazırlaşır. Ümumiyyətlə, Azərbaycan bu şəxslərin işğal olunmuş ərazilərə gəlməsinin qarşısını yalnız hərbi yolla ala bilər. Yol və infrastrukturlar vurularsa onların bu ərazilərə girişi məhdudlaşar. Hesab edirəm ki, Azərbaycanın buna tam hüququ var. Azərbaycanın hərbi potensialının güclənməsi, mütəmadi təlimlər Ermənistanda panika ilə qarşılanır. Həmçinin erməni ordusunda şəxsi heyət çatışmamazlığı qocaları posta gətirməyə sövq edib. Bu onu göstərir ki, işğal olunmuş ərazilərdə canlı qüvvə çatışmır və Ermənistan ordusu çətinlik çəkir.
-Mnatsaknayanın Gürcüstan səfəri ilə bağlı düşüncələriniz necədir?
-Ermənistan xarici işlər nazirləri Z. Mnatsaknayanın Gürcüstana səfərində əsasən Yuxarı Lars yolu Abxaziyadan keçən dəmiryolunun açılması da prioritet olub. Abxaziya dəmiryolunun açılması barədə detallara varmaması bu məsələnin Azərbaycan və Türkiyə üçün mühüm amil olmasından qaynaqlanır. Abxaziyadan keçən dəmiryolunun açılması Ermənistana Rusiya ilə quru əlaqəsinin bərpası və blokadanın qismən yarılması deməkdir. Bu həm də Gürcüstanın da milli suverenliyini təhdid edəcək. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bu məsələdə aktiv olmalı, işğalçı ölkənin Rusiya ilə dəmiryolunun açılmasına imkan verməməlidir. Bu məsələdə Ermənistan və Rusiya birgə çalışaraq regionda yeni bir situasiyanın başlanmasına Azərbaycanın geosiyasi üstünlüyünə mane olmağa çalışırlar. Hesab edirəm ki, Mnatsaknayanın bu kimi səfəri əsasən regionda destiblizasiyaya xidmət edir. Azərbaycanın siyasəti regionda təhlükəsizliyin qorunmasına xidmət edir.

Əli