“Ermənistanda Dağlıq Qarabağda övladlarını itirən anaların üsyanı başlayıb” Layihə

“Ermənistanda Dağlıq Qarabağda övladlarını itirən anaların üsyanı başlayıb”

Politoloq : “Onlar Ermənistan hakimiyyətindən övladlarının başqa dövlətin torpağında ölməsinə etiraz edirlər və Paşinyandan tələb edirlər ki, bu işğalçılıq siyasətinə son qoysun, gənclərin ölümlərinə səbəb olmasın”

““Qarabağ Ermənistandır, vəssalam” deməklə, nəyi nəzərdə tutduğumuza dair İrəvanın izahatından sonra Misnk qrupunun məsələyə münasibəti məlum olacaq”.
Erməni KİV xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Gevondyan deyib.
Onun sözlərinə görə, Ermənistan Baş nazirinin Xankəndində səsləndiridiyi bəyanatalara münasibət bildirməsinə dair Bakının çağırışılarına Minsk qrupunun həmsədrləri sanki reaksiya verməyə tələsmir.
“Həmçinin Bakı bəyan edib ki, Paşinyanın bəyanataları üzunmüddətli danışıqlarla ziddiyyət təşkil edir. Əlbəttə, Xankəndində verilən bəyanat, məhz Paşinyanın özü tərəfindən Qarabağın danışıqlar masasında iştirakına dair verdiyi bəyanatla ziddiyyət təşkil edir. Lakin söhbət Qarabağ məsələsindən getdiyi bir məqamda, Minsk qrupu hər hansı şəkildə heç olmasa öz mövqeyini bildirməlidir. Bəs indiki halda Minsk qrupu niyə münasibət bildirmir, yoxsa susqunluq özü Bakıya bir cavabdır. Paşinyanın bəyanatı Ermənistanın maraqlarına kifayət qədər cavab verirdi. Bu bəyanat, Ağdam bizim vətənimiz deyil və bu kimi məntiqdən uzaq idi. Bakının reaksiyası gözlənilən idi, təbii ki, Paşinyanın dediklərini Bakı qəbul edə bilməzdi. Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hesab edirəm ki, yaxınlarda münasibət bildiriləcək. Bu münasibət sonrakı proseslərdən asılı olacaq”, - deyə Gevondyan bildirib.
Erməni politoloq qeyd edib ki, bu proses Ermənistanın “Qarabağ Ermənistandır, vəssalam” açıqlamasına nə izahatı verəcəyindən çox asılıdır: “Yəni hər şey Ermənistanın bəyanatlarından asılı olacaq. Hesab edirəm ki, istənilən halda İrəvanın açıqlamasından asılı olmayaraq, Bakı mənfi ritorikasını davam etdirəcək. Bu açıqlama belə ola bilər, Ermənistan bu bəyanatla, Qarabağ tarixi Ermənistanın bir hissəsi olduğunu nəzərdə tutduğunu açıqlaya bilər. Əlbəttə, Ermənistanın bu bəyanatı izah edəcək seçim müxtəlifliyi çoxdur. Minsk qrupunun həmsədrlərindən isə münasibəti hələ də gözləyirik”.
Eyni zamanda, erməni politoloq, hətta Ermənistanın təxribatçı açıqlamada birləşmə yolu ilə getdiklərini desə belə, gözlənilən reaksiyanın sərt olacağını düşünmədiyini bildirib.
“Mənim fikrimcə, istər Ermənistan, istərsə Azərbaycan baxımından Minsk qrupundan sərt açıqlama gözləməyə dəyməz. Ona görə ki, Minsk qrupu istənilən halda vasitəçilikdən başqa missiya yerinə yetirmir. Adətən, bir qayda olaraq, biz Minsk qrupu tərəfindən hər iki tərəfə ünvanlanan tarazlaşdırılmış bəyanatlar eşidirik. Düşünürəm ki, bu dəfə oxşar bir şey olacaq, tarazlaşdırılmış bir bəyanat veriləcək. Görüşlərdə ictimaiyyətə məlum olmayacaq formatda sərt danışıqlar ola bilər. Lakin düşünmürəm ki, bu danışıqlar otağından kənara çıxa bilsin. Əlbəttə, Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qayıtması haqqında Paşinyanın bəyanatı Minsk qrupunun xoşuna gəlməyib. Ona görə ki, belə olan halda Minsk qrupu son 20-25 il ərzində həyata keçirdiyi fəaliyyətinin bütün məntiqinə yenidən baxmalı idi. Burada da belə bir inkişaf prosesi mümkündür. Lakin yalnız tərtib olunan formatdalarda əksini tapan bəyanatın kəskin olmasını, indi də baş verə biləcəyini düşünürəm. Bu halda tərəflərə bu və ya digər formatda davam etdirilməli olmaları barədə, hər hansı təzyiq edilməyəcək”, - deyə erməni politoloq vurğulayıb.
Qeyd edək ki, erməni politoloq verdiyi açıqlamada əslində Minsk qrupunun susqunluğunu fəqli şəkildə xarakterizə etməyə çalışaraq, həmsədrlərin bəyanatından öncə qabaqlayıcı yol cızmağa çalışıb. Lakin bununla belə erməni siyasi dairələri də yaxşı anlayır ki, qondarma qurumun danışıqlar masasına əyləşməsinə icazə verməyən Minsk qrupu Paşinyanın təxribatçı bəyanatına da müsbət münasibət bildirməyəcək.
Xatırladaq ki, Xankəndindəki meydanda Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, “Qarabağ Ermənistandır, vəssalam”, həmçinin “birləşmə” haqqında danışıb. Daha öncə Minsk qrupu Qarabağın danışıqlar masasına qayıtması barədə Paşinyanın açıqlamalarına qarşı çıxış edib və yaydığı digər bir bəyanatda danışıqların artıq mövcud formatda aparılmasını açıq şəkildə vurğulayıb.
Siyasi-şərhçi Arzu Nağıyev də deyib ki, Ermənistanda təkcə Zohrab Mnatsakanyan deyil, artıq bir neçə məmur Nikol Paşinyanın qeyri-konstruktiv bəyanatlarından bezib. Çünki onun bir-birinə uyğun gəlməyən bəyanatları bütün siyasi elitanı biabırçı vəziyyətə salıb.
Paşinyanın Xankəndidə verdiyi bəyanatının ermənilər arasında birmənalı qarşılanmadığını deyən siyasi şərhçi söyləyib ki, bu mövqe həm də separatçılara vurulan bir zərbədir: “Çünki, onlar ”müstəqillik" arzusu ilə yaşadıqları bir vaxtda, “qeyri-legitim” adlandırıldılar və bir qurum olmadıqlarını eşitdilər”.
A.Nağıyev vurğulayıb ki, istər Paşinyanın Xankəndində söylədiyi, istərsə də XİN başçısı Zohrab Mnatsakanyanın sərsəm bəyanatlarına Bakıdan sərt cavab verilsə də, ümumilikdə bu bəyanatlardan sonra ikitərəfli görüşlərin keçirilməsi artıq sual altına düşür: “Fikrimcə, bu ərəfədə belə bəyanatların verilməsi düşünülmüş siyasi gedişdir. Lakin avqust ayının 5-də Paşinyanın Xankəndində səsləndirdiyi sərsəm bəyanatları, eləcə də XİN başçısının həmin fikirləri təsdiqləsə də ATƏT-in Minsk qrupu məsələyə heç bir münasibət bildirmir. Həmsədər dövlətlər susmaqla kifayətlənirlər. Belə olan halda, hesab edirəm ki, konstruktiv addımların atılmasının vaxtı çatıb”.
Politoloq Zaur Məmmədovun fikrincə isə, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzrə gedən müzakirələrə ciddi xələl gətirdi.
Ekspert Ermənistan baş naziri və xarici işlər nazirinin “Qarabağ Ermənistandır” bəyanatını şərh edib:
“Paşinyan və Mnatsakanyanın “Qarabağ Ermənistandır” bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara müraciətlər edilib. Erməni tərəfi açıq-aşkar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirdi. İndi növbə beynəlxalq təşkilatlarındır, əgər onlar Ermənistanın bu davranışlarına göz yumsa, Azərbaycan tərəfi münaqişəni digər yollarla həll etmək üçün “mandat” alacaq.
Onsuz da bu illər ərzində qəbul edilmiş bütün beynəlxalq qətnamə və qərarlar Bakıya imkan verir ki, torpaqlarımızı erməni hərbi terror birləşmələrindən azad etsin”.
Dünən Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Azərbaycana qarşı təxribat xarakterli açıqlama verib.
O, çıxışında “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə yer verib. İşğalçı ölkənin baş diplomatının bəyanatı rəsmi Bakının sərt etirazı ilə qarşılanıb.
Analoji fikirləri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı da səsləndirilmişdi.
Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sələfi Serj Sarqsyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır.
Sənəd Tbilisidə təsis olunan “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.
Bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndində meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır: "Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”.
Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının fəalları imzalayıblar.
Ermənistanda dərc olunan “Qraparak” qəzeti yazıb ki, Qarabağın Ermənistanın bir hissəsi olduğunu iddia edən Nikol Paşinyana dəstək verən Ermənistan Xarici İşlər naziri Zohrab Mnasakanyan bütün vəzifələrə öz dost və qohumlarını təyin edir.
“Nazirə sadiq biri deyilsinizsə, o zaman karyeranın yüksəlməsi məsələsində ciddi problemlərlə qarşılaşacaqsınız. Nazirin bütün müavinləri öz dostlarıdı. Səfirlər və idarə rəisləri ilə də eyni vəziyyətdir”, - deyə mənbə yazır.
Erməni KİV-ləri vəzifəyə təzə təyin olunan zaman peşəkar diplomat sayılan Mnasakanyanın populizmdə rəisi Paşinyandan heç nə ilə seçilmədiyini yazırlar. Onların fikrincə, Mnasakanyan İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı Nikol Paşinyanın Xankəndidə verdiyi «miatsum» bəyanatını dəstəkləməsi sırf Qarabağda erməni hərbçi Araik Kazaryanın Azərbaycan tərəfə keçməsi faktını unutdurmaq üçün gerçəkləşdirib.
Yəni Mnasakanyan düşünüb ki, yeni anormal bəyanat Kazaryan amilini unutdura bilər, yaxud Paşinyanın məhz bu cür düşünməsinə ümid edib. Hər halda, dostları başına yığıb dövlət pulları ilə kef etmək üçün peşə nüfuzunu zədələmək də olar - onun fikrincə.
Yəni hər şey «ArmenianReport»un yazdığı kimi cərəyan edir - Paşinyanın nazirləri xalqın ümidlərini puç etməkdə onun özünə bənzəməyə başlayıblar.
Politoloq Mirsamir Məmmədov isə qeyd edib ki, Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi olması ilə ağlı sərsəm fikirlərinin heç bir hüququ əsası yoxdur: “İşğalçı Ermənistanın özü belə qorxudan Dağlıq Qarabağın müstəqilliyini tanımır. Ermənistan prezidentləri sadəcə daxili auditoriyanı sakitləşdirmək üçün elə fikirlər söyləyirlər. Qarabağın yaxın zamanlarda işğaldan azad olunacağını anlayan Paşinyan əhalinin ayağa qalxmasından ehtiyatlanıb belə sərsəm ifadələr işlədirlər. Bu gün Ermənistanda Dağlıq Qarabağda övladlarını itirən anaların üsyanı başlayıb. Onlar Ermənistan hakimiyyətindən övladlarının başqa dövlətin torpağında ölməsinə etiraz edirlər və Paşinyandan tələb edirlər ki, bu işğalçılıq siyasətinə son qoysun, gənclərin ölümlərinə səbəb olmasın. Bu gün Ermənistan ordusunda acınacaqlı vəziyyət yaranıb, gənclər hərbi xidmətdən qaçırlar, son günlərdə daha bir erməni əsgərinin ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçməsi buna sübutdur. Erməni gəncləri başa düşürlər ki, başqa dövlətin torpağını işaql ediblər və yaxın zamanlarda Azərbaycan ordusu öz torpağını işğaldan azad edəcək. Ona görə də aşqa ölkənin torpağında ölmək istəmirlər. Paşinyan bu üsyanın baş verməsini əngəlləməkdən ötrü Qarabağın Ermənistana aid olduğunu deyir. Amma ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və tezliklə bu torpağı işğaldan azad edəcəini bilir”.

Cavid