İrəvan Nadir şahın ölümündən sonrakı dövrdə Layihə

İrəvan Nadir şahın ölümündən sonrakı dövrdə

1-ci yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda daha sonra bildirilir ki, Nadir şah hicri-qəməri tarixi ilə 1169-cu ildə (miladi tarixi ilə 1747-ci ildə) Quçan qalasına sığınmış kürdlərin qiyamını yatırmaq üçün həmin istiqamətə doğru hərəkət etdi və Quçanı ələ keçirərək orada dayandı. Həmin il cəmadiülaxir ayının 11-də (bazar günü) qərara aldı ki, ona qarşı sui-qəsddə şübhəli bilinən yaxın adamları ələ keçirsin və sabahı gün onları edam etdirsin. Amma əks tərəf daha uzaqgörən olub, gecə ikən Nadirin özünü qətlə yetirdi. Qatillər arasında Məhəmməd bəy Qacar İrəvani də var idi. Mirzə Mehdi xan Astarabadi bununla bağlı yazır:

Gecə başında qətl və qarət fikri var idi,
Amma səhər nə bədənin başı, nə də başın tacı var idi.
Nilufər çarxın bir dəfə fırlanmağı ilə
Nə Nadir hakimiyyətdə qaldı, nə də onun izi.

Nadirin qətlindən bir neçə saat sonra onun ordusundan və sarayından heç bir əsər-əlamət qalmadı və nəticədə Azərbaycanın müxtəlif vilayətlərində xanlıqlar adı ilə müstəqil və yarımmüstəqil hakimiyyətlər yarandı. Onlardan biri də İrəvan xanlığı oldu. Bu xanlıq "Ağrı dərəsində və Göyçə gölü ətrafında yerləşirdi. O, Araz çayından tutmuş cənubi-qərbə qədər geniş bir ərazini əhatə edirdi. İrəvan xanlığının mövcud olduğu illərdə həmin yerlər dəfələrlə Osmanlı, İran, Kartli-Kaxeti arasında münaqişə meydanı olmuşdu. İrəvan şəhəri də tez-tez hücumlara sinə gərmişdi".
“Bu xanlığın hakimiyyəti altında olan ərazi 12 mahala bölünürdü. Xanın sarayı bir vəzir və bir neçə mirzədən ibarət idi. Qoşuna rəhbərliyi xan öz üzərinə götürmüşdü. Bu xanlığın əhalisi əkinçilik, bağçılıq, bostançılıq və heyvandarlıqla məşğul olurdular".
Nadir şah öldürüləndən sonra Qacar tayfasının başçılarından olan Hüseynəli xan Qacar İrəvani, yəni Qacar Əfşar Çuxursəd vilayətinin hakimi oldu. Şahidlərinin yazdığına görə, o, əvvəldən həmin yerlərin böyüklərindən biri olmuşdu. Nadirin hakimiyyəti devriləndən sonra digər yerlərin böyükləri kimi müstəqil hakimiyyət təsis etməyə başladı. XVIII əsrin ikinci yarısında İrəvan xanlığı iqtisadi baxımdan xeyli inkişaf etsə də, siyasi baxımdan hələ o qədər möhkəm deyildi. Hicri-qəməri tarixi ilə 1162-ci ildə (miladi tarixi ilə 1749-cu ildə) Gürcüstan çarı İrakli Hacı Çələbini aradan götürmək üçün müşavirə keçirmək adı ilə gəncəli Şahverdi xan, qarabağlı Pənahqulu xan, qaradağlı Kazım xan, irəvanlı Hüseynəli xan, naxçıvanlı Heydərqulu xanla Gəncənin qərbində görüşüb, onların hamısını bir yerdə əsir götürdü. Bu xəbəri eşidən Hacı Çələbi şücaəti ilə ad çıxarmış Ağarza bəylə ittifaqa girib, Gəncənin yarım fərsəngliyində Qızılqaya adlalan yerdə onu məğlub edib, adları çəkilən xanları azad etdi.
XVIII əsrin ortalarında Urmiya xanlığının rolu artmağa başladı. Onun qurucusu Fətəli xan Əfşar öz rəhbərliyi altında Azərbaycanda mərkəzi hakimiyyət yaratmağa çalışırdı. O, bu planı gerçəkləşdirmək məqsədilə hərbi qüvvələri gücləndirmək üçün bir sıra tədbirlər gördü. Fətəli xan Nadir şahın sabiq sərkərdələrindən birini 15 minlik əsgərlə öz tərəfinə çəkməyə müvəffəq oldu. Azad xan da Xoy hakimi Şahbaz xanın himayəsində idi. Fətəli xan Təbriz, Marağa, Qarabağ xanlarını və kiçik hakimlərdən bir qrupunu özünə tabe edə bildi. O, bəzi xanlarla ittifaq bağlayandan sonra bütün Qafqazda öz hakimiyyətini genişləndirib, İrəvana, Qarabağa, Kaxetiyə (Şərqi Gürcüstana) nümayəndə göndərərək, onlardan tabe olmaq əlaməti kimi öz girovlarını göndərməyi tələb etdi. Nümayəndələr adı çəkilən hakimlərdən mənfi cavab gətirdilər. Bu əhvalatdan sonra döyüş əməliyyatları başlandı. Miladi tarixi ilə 1751-ci ilin baharında Fətəli xanın ordusunun böyük bir hissəsi İrəvan qalasına yaxınlaşıb, onu mühasirəyə aldı. Lakin Kaxeti hakimi II İrakli İrəvanda mühasirəyə düşənlərə kömək məqsədi ilə xeyli hərbi qüvvə göndərdiyi ücün, Urmiya qoşunları İrəvanı buraxıb, Kaxetiyə üz tutdu. Tərəflər arasındakı döyüşdə Urmiya ordusu qalib gəldi və Kaxeti hakimindən girov və qənimət aldı.
Kərim xan Zənd Azad xan və Fətəli xanla mübarizə üçün Azərbaycana gələndə İrəvan hakiminə təzyiq göstərib, onun döyüşçülərini öz qüvvələrinin tərkibinə birləşdirdi. O, Urmiya şəhərini işğal edib, Əfşar hökumətini devirdi. Kərim xan Azərbaycan əmirlərini tabe etdikdən sonra diqqəti Zəki xan Zəndə yönəltdi. Buna görə də öz qoşunu ilə İraqi-Əcəm tərəfə yollandı. Bu yürüşdə o, Azərbaycanın, Şirvanın yerli hakimlərini, onlara bağlı adamların çoxunu özü ilə apardı. Tarixçilərin yazdığına görə, Hüseynəli xanın əmisi oğlanları da Kərim xanın məcburi döyüş dəstəsində idilər. Müəllim Rozuy "Məcməüt-təvarixe-Gülüstanə" əsərinə yazdığı şərhində Hüseynəli xanı Kərim xan Zəndin məcburi yoldaşları sırasında qeyd edib.
Kərim xanın ölümü ilə əyalətlərin mərkəzi Zənd hökuməti ilə əlaqələri qırıldı və Azərbaycanda hər şəhərin hakimi istiqlal təbili çaldı, aralarında çəkişmələr başlandı. Bu arada Əhməd xanın bariz şəxsiyyəti (Xoy hakimi) daha qabarıq göründü. Birinci təhlükə hicri-qəməri tarixi ilə 1193-cü ildə Gürcüstan valisi İrakli tərəfindən yarandı. O, İrəvanı işğal etmək fikrinə düşmüşdü. İrəvan bəylərbəyi Hüseynəli xan Ziyad oğlu Əhməd xandan kömək istədi. Gürcülərdən gələn təhlükənin qarşısını almaq üçün Əhməd xan Xoydan aralıda və Təbriz hakimi Nəcəfqulu xan isə Arpaçayın sahilində qərargah yaratdı. İrakli bu hazırlıq barədə xəbərləri eşidib, İrəvandan əlini çəkdi və Tiflisə qayıtdı.
Hüseynəli xanın hakimiyyəti dövründə onun göstərişi ilə İrəvanda Göy məscid tikildi. Əsgər Zeynalov bu barədə yazır: "Həm Bakı, həm Gəncə, həm də İrəvan Azərbaycanın qədim şəhərlərindəndir. Miladi tarixi ilə 1760-cı illərdə Hüseynəli İrəvan xanı idi. Bir gün səhər təzəcə yuxudan duran xalq maraqlı bir mənzərə ilə üzləşdi. Şəhərin ortasından daş karxanasına gedən yolun bir tərəfinə yonca, digər tərəfinə arpa tökülmüşdü. Yükləri daş olan ulaqlar daş karxanasından qayıdanda yonca yeyirdilər. Ulaqlar əziyyət çəkməsin deyə şallaqlar parçadan tikilmişdi. Bu, Hüseynəli xanın tədbiri idi. Xalq onu mehriban və səxavətli bir insan kimi tanıyırdı. Bu həmin Hüseynəli xan idi ki, bayram günlərində İrəvandakı təpənin başına qalxar, əlini alnının üstünə qoyub şəhərə baxardı. Hansı evdən tüstü qalxmazdısa, nökərini çağırıb deyərdi ki, bu düyü və kişmişi apar həmin evə ver. Qoy o evin də dudkeşindən tüstü qalxsın. Onun kəlamlarından biri zərbül-məsələ çevrilib: "Yalnız qışda içdiyim su ürəyimə yatır, çünki hamı bu soyuq sudan içə bilir".
Hüseynəli xan hakimiyyətə gələndə, təxminən 160 il idi ki, İrəvan xanlığı mövcud idi. Türk tarixçisi İ.Peçevinin yazdığına görə, İrəvan xanlığının bünövrəsi miladi tarixi ilə 1604-cü ildə qoyulub.
Hüseynəli xan qayıdıb, keçmişə nəzər salmaqda idi... O illər ki, onun ata-babaları İrəvanda hökmranlıq etmişdilər. Onun ataları özlərindən elə bir əsər yadigar qoymuşdular ki, tarixdə əbədi qalacaqdı. Hüseynəli xan yaxşı başa düşürdü ki, tale ona yaxşı bir fürsət yaradıb və o, bu fürsətdən istifadə etməlidir. Buna görə də Hüseynəli xan əcdadlarının adını yaşatmaq məqsədi ilə kisənin ağzını açıb, İrəvanda bir məscid tikmək qərarına gəldi. O, ustaları sənət beşiyi olan Təbrizdən dəvət etdi. Çünki Qahirədə, Şamda, Heratda, İstanbulda, Dehlidə, Bağdadda və ümumiyyətlə, Şərqdə elə bir qiymətli memarlıq nümunəsi ola bilməzdi ki, orada Təbriz memarlıq məktəbinin nümayəndələrinin əllərinin izi olmasın. Düşmənlər elə ki, Təbrizi dağıdardılar, ilk növbədə, onun sənətkarlarını öz ölkələrinə aparardılar.
Sənətkarlar işə başladılar. Torpağı qazıb tikintinin bünövrəsini qoydular. İş sürətlə gedirdi. Lakin bir gün səhər tezdən şəhərə xəbər yayıldı ki, ustalar gecə ikən qaçıblar. Əlacsız qalan Hüseynəli xan bilmədi, nə etsin. Başqa ustalar çağırdı. Onlar gəlib əvvəlki tikintini görəndən sonra çiyinlərini çəkib getdilər. Yenə bir dəstə gəldi, onlar da binanın strukturundan baş aça bilmədilər. Hüseynəli xanın əli hər yerdən üzüldü. Birdən qeyri-adi bir hadisə baş verdi. Təbrizli ustalar qayıdıb gəlmişdilər. Hüseynəli xan qəzəbli halda onlardan indiyədək harada olduqldarını soruşdu. Ustalar dedilər: "Bir il vaxt lazım idi ki, bünövrə yaxşı bitişsin. Bilirdik ki, sən bu qədər gözləməyə razı olmayacaqsan, ona görə də gizlicə qaçdıq. İndi həmin müddət başa çatıb və biz qayıtmışıq".
Hüseynəli xan başqa bir söz demədi. Binanın tikintisi davam etdi... Təbrizdə 1465-ci ildə tikilmiş Göy məsciddən, təxminən, üç əsr keçəndən sonra İrəvanda da Göy məscid ucaldı. Məscidin dörd minarəsi vardı. Üstündən illər keçəndən sonra da o öz gözəlliyi ilə insanları heyrətləndirməkdə idi.
Tarixçi Məhəmmədov yazır: "Hüseynəli xanın oğlu Göy məscidin aynalı salonunu tikdirdi və məşhur rəssam Mirzə Qədir İrəvani məscidin divarında bəzi heyvanların şəklini çəkdi. Onun həyətində hovuz var idi və hovuzun içərisindəki fəvvarələr 1-1,5 metr hündürlüyünə su vururdu. Nəziri olanlar bəzən qənd gətirib hovuza tökürdülər. Çünki camaat ondan şərbət kimi istifadə eləyirdi. Əsrin ziyalıları da Göy məsciddə toplaşırdı. XX əsrin 30-cu illərinə qədər İrəvanda Mirzə Hüseyn ağa adlı bir alim yaşayıb. O, həmişə Göy məsciddə oturardı. XX əsrin əvvəllərində onu Kazan və Peterburq universitetlərinə dəvət etmişdilər. Ən qüdrətli dilçilər Mirzə Hüseyn ağanın yanına gəlib, ərəb dilinin qrammatikasını ondan öyrənərdilər. Türkiyədən alimlər onun yanına gələrdilər. O, xoş təbli bir şair idi. Mirzə Hüseyn ağa 1937-ci ilin repressiyaları zamanı qətlə yetirildi.
Hal-hazırda İrəvanın Göy məscidinin təkcə bir günbəzi və 8-10 hücrəsi var. İrəvanda və bütövlükdə Ermənistanda azərbaycanlıların əli ilə yaradılmış tarixi əsərləri Azərbaycanın memarlıq nümunələrindən ayrılıqda saymaq mümkün deyil. Buna görə də onlar haqqında yazmaq hamımızın vəzifəsidir. Lakin böyük təəssüf hissi ilə bildirirəm ki, bu sahədə heç bir iş görülməyib. İrəvanın Göy məscidi Şərqin digər məscidlərindən heç də geri qalmır".
Xatırlatmaq lazımdır ki, "İrəvandakı Göy məscidin əsas dairəvi günbəzindəki yazıları hicri-qəməri tarixi ilə 1180-ci ildə Mir Mürtəza Təbrizi və Qaffar Ovcani adlı iki sənətkar yazıb".

Elçin Qaliboğlu