“Ermənistan işğala son qoymalıdır” Layihə

“Ermənistan işğala son qoymalıdır”

Azər Badamov: “Ya da öz fəlakətlərinə hazır olmalıdır”

Danışıqlar prosesini pozmağa yönəlik açıqlamalarla yadda qalan Paşinyan hökiməti çətin durumdadır. Daxili problemləri aradan qaldırmaq iqtidarında olmayan Paşinyan daha bir zərbə alıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyanın istefasından sonra Ermənistanın polis rəisi Valeriy Osipyan da analoji addım atır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “bu həftə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan baş nazir Nikol Paşiyanın siyasətini tənqid edərək istefa verdi, üstündən heç tam bir gün keçməmiş Ermənistanın polis rəisi Valeriy Osipyanla hökumətin yolları ayrılır. Bu dəfə Paşinyan qabaqlayıcı addım ataraq, prezident Armen Sərkisyana müraciət edərək polis rəisinin istefaya göndərilməsi məsələsini qaldırıb”, - deyə vurğulayıb: “Görünür, Valeriy Osipyan da Artur Vanesyan kimi Paşinyana qarşı demarşa hazırlaşırdı və bundan xəbər tutan baş nazir birinci addımı atmağa qərar verib. Çünki istefasıyla əlaqədar Artur Vanesyanın baş nazirə qarşı verdiyi açıqlamalar Ermənistanda əsas müzakirə predmetidir. Eyni sərt sözləri polis rəisi də istefa ərizəsiylə birgə yaza bilərdi. Bu isə rəsmən Paşinyan hökumətinin dağılmasının sürətlənməsi demək olacaqdı. Onsuz da polis rəisi istefadan sonra Paşinyan əleyhinə ürəyini boşaltmağa başlayacaq.
Ermənistanda sentyabrın 17-də baş nazirin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bununla əlaqədar İrəvanda iki şayiə yayılıb. Birinci şayiə budur ki, polis rəisinin istefası məsələsi Təhlükəsizlik Şurasında qaldırılıb. Ancaq Təhlükəsizlik Şurasında iştirak edən qurumun baş katibi Areq Koçinyan, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan və müdafiə naziri David Tonoyan toplantıda polis rəisinin istefası məsələsini müzakirə edilmədiyini bildiriblər.
Buna baxmayaraq, Nikol Paşinyan polis rəisini məhz Təhlükəsizlik Şurasının toplantısından dərhal sonra istefaya göndərməyə qərar verib. Demək bu ikisi arasında birbaşa əlaqə var. Böyük ehtimalla bu Paşinyan hökumətində sonuncu istefa deyil. İstefaların sayı artdıqca Paşinyanın mövqeləri zəifləyəcək. İstefalar isə onunla bağlıdır ki, məmurlar batmaqda olan gəmidə Paşinyanla çiyin-çiyinə dayanmaq istəmirlər. İstefa verənlər Rusiyadan da gərəkən siqanalları alıblar. İrəvanda ikinci şayiə budur ki, müdafiə naziri də istefaya hazırlaşır. Tonoyan hələ ki, bunu inkar edir. Ancaq Tonoyanın da Ermənistandakı mövcud duruma görə dərin düşüncə içində olduğunu istisna etmək olmaz.
Bu arada, Ermənistan parlamentində aprel savaşının nəticələrini araşdıran komissiya var gücü ilə çalışır. Müdafiə Nazirliyi aprel savaşı ilə bağlı gizli məlumatları komissiyaya göndərir. Komissiyanın işinin nəticəsi olaraq həbslərin olacağını müdafiə naziri Tonoyan istisna etməyib.
Paşinyan bu komissiyadan rəqiblərinə qarşı istifadə etməyi planlaşdırır, ancaq əldə ediləcək nəticələr baş nazirin özünün əleyhinə işləyəcək. Çünki rəqibləri arasında həbslərin sayı artıqca Paşinyana qarşı müqavimət də güclənəcək. İnqilabın əks-inqilabı olur, Paşinyanın rəqibləri revanşa hazırlaşırlar”.
Millət vəkili Sahib Alıyev isə hesab edir ki, Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın bu addımını onunla Nikol Paşinyan arasındakı qarşıdrumanın, yaxud da fikir ayrılığının nəticəsi kimi qiymətləndirmək düzgün deyil: "Xatırlayanlar bəlkə də var, Artur Vanetsyanla Nikol Paşinyan arasında Ermənistandakı sifarişli həbslərlə bağlı telefon danışıqları yayılanda da mən bir məsələyə diqqət çəkmişdim. Qeyd etmişdim ki, yaxşı, Nikol Paşinyan hakimiyyətə küçədən gələn biridir, o üzdən də telefonu rominqdəykən dinlənilmə ehtimalının birə on artdığını bəlkə də bilmir. Bəs uzun zaman Təhlükəsizlik Xidmətində çalışan Artur Vanetsyan necə, o da bunu anlamırdı? Anlayırdısa nə üçün o, xaricdə olan baş nazirlə ölkəsindəki operativ vəziyyəti və Köçəryanla Xaçaturyanın tutulması kimi bir sıra "incə" məsələləri açıq mətnlə danışırdı? O zaman da vurğulamışdım, indi də bu fikirdəyəm ki, Artur Vanetsyan baş nazirlə danışıqlarının dinlənildiyinin yaxşı fərqində idi. Sadəcə bütün bunlar Nikol Paşinyanı gülünc və çıxılmaz vəziyyətdə qoymaq üçün reallaşdırılan bir əməliyyat idi.
Ona görə də bildirmişdim ki, əgər hayları regionda vassal gözündə görənlərin dedikləriylə durub-oturmasa, gələcəkdə ən böyük zərbəni Nikol Paşinyana Artur Vanetsyan endirəcək. Bu da baş verdi. Artur Vanetsyan qapını çırparaq getdi. Gedərkən baş nazirlə komandasına bir "dayanın" da dedi. Amma bu "dayanın" sözü də onun özünün deyil, Vanetsyana vəzifəsindən getməyin vaxtının çatdığını bildirənlərin Paşinyana son xəbərdarlıqlarıdır".
Bu arada Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Tvitterdə Ermənistanla bağlı maraqlı paylaşım edib. Politoloq Zaur Məmmədov “Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Tvitterdə Ermənistan baş naziri Nikol Paşinyanla bağlı paylaşım edib. O, paylaşımıda bildirir ki, Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı sülh prosesinə əngəl törədir, Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”, - deyə bu barədə məlumat verib. Onun sözlərinə görə, alman deputat illərdir Bakının dediyini bir daha təkrarlayıb: “Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu. Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır.
İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılır. Sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılır, məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kommunikasiya xəttləri açılır. Sonda isə Dağlıq Qarabağın statusuna aydınlıq gətirilir”.
Zaur Məmmədov qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə xələl gətirdi:
“Dünya bilməlidir ki, Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Belə olan təqdirdə, rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kvadrat kilometrlik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər”.
Millət vəkili Azər Badamov isə deyib ki, regionda baş verən prosesləri qonşu dövlət və ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya da görür, izləyir: “Bilir ki, əgər Azərbaycan işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə geniş müharibəyə başlayarsa, ermənilər tamamilə Qarabağdan çıxarılacaq. Bu halda ermənilərə, Ermənistan dəstək verə bilməyəcək. Düzdür, zamanında Rusiyanın Ermənistana himayədarlığı, böyük dəstəyi olub, ermənilərdən bu amildən, faktordan da geniş bəhrələnməyə, yararlanmğa çalışblar. Bu günün özündə belə Rusiyada hələ də "bəlkə də qaytardılar" sevdası ilə yaşayanlar var, onların ermənilərə, Ermənistana dəstəyini də zaman-zaman görür, eşidir və müstəqil dövlət olaraq, onlara qarşı mövqeyimizi də ortaya qoyuruq. Amma bütövlükdə Rusiyanın dövlət, hökumət və parlament rəhbərliyi səviyyəsində bu gün Azərbaycana böyük rəğbət, əməkdaşlıq, tərəfdaşlıq istəkləri var. Onlar Ermənistandan daha çox Azərbaycanla əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdırlar”. Azər Badamov qeyd edib ki, bu baxımdn hərb variantına keçiləcəyi təqdirdə, Rusiyanın Ermənistana, Dağlıq Qarabağ separatçılarına dəstəyi istisna olunur: "Birincisi ona görə ki, Azərbaycan başqasının deyil, öz torpaqlarını işğaldan azad edir və təmizləmə əməliyyatını öz sərhədləri çərçivəsində aparır. İkincisi isə dediyim kimi, Rusiya-Azərbaycan münasibətləri bu gün 90-ci illərin əvvəlləri ilə müqayisədə çox yüksək səviyyədədir, hətta, münasibətlərin səviyyəsi müqayisəyəgəlməzdir, yerlə göy qədər fərq var. Bu səbəbdən də, Rusiya üçün güclü, qüdrətli, hər cəhətdən inkişaf etmiş, ən əsası başqa dövlətlərin daxili işlərinə müdaxilə etməyən Azərbaycan iflasa uğranmış Ermənistandan daha dəyərlidir, önəmlidir. Rusiyada bunu bilir, anlayır və qiymətləndirirlər. Ancaq çox təəssüf ki, bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi, küçələrdən hakimiyyətə çevriliş yolu ilə gəlmiş Paşinyan hökuməti, Dağlıq Qarabağ separatçıları bunu görmür, anlamır, yəni, baş verə biləcək hadisələri görmək üçün kordurlar, ölkənin, sadə ermənilərini gələcəyini dərk etmirlər. Onlar üçün öz şəxsi maraqlarıdır, qulluqlarında dayandıqlarının, itaət etdiklərinin istəklərini yerinə yetirməkdir. Konkret olaraq, Qarabağla bağlı ağzı köpüklənə-köpüklənə pafoslu, bəlağətli çıxışlar edən Paşinyan üçün hər şeydən önəmlisi hakimiyyəti əlində saxlamaqdır. Ancaq o anlamır ki, Azərbaycan müharibəyə başlayarsa, bu, onun hakimiyyətdən getməsini də sürətləndirəcək, tezləşdirəcək. Hər halda seçim özlərinindir, ya Azərbaycanla razılığa gəlmək, Azərbaycanın şərtlərinə razı olmaq, işğala son qoymaq, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarmaq, ya da öz fəlakətlərinə hazır olmaq. Yaxşı düşünsünlər, zamanları getdikcə daralır, zaman onların əleyhinə işləyir".

Əli