İrəvan Türkmənçay müqaviləsindən sonra - 1-ci yazı  Layihə

İrəvan Türkmənçay müqaviləsindən sonra - 1-ci yazı 

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki, Gülüstan müqaviləsi imzalandıqdan sonra Qacarlar dövlətinin təsir dairəsində qalmış İrəvan hicri-qəməri tarixi ilə 1243-cü ildə (miladi tarixi ilə 1828-ci ildə) göstərilən ciddi müqavimətə baxmayaraq, Azərbaycanın Quzeyi Türkmənçay müqaviləsinə əsasən Rusiya imperiyasının müstəmləkəsinə çevrildi və həmin tarixdən başlayaraq, bu müsəlman (Azərbaycan türkləri – red.) sakinli diyarın erməniləşdirilməsinə başlanıldı. Ruslar İrəvan əhalisinin tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə bütün işləri gördülər. Ermənilər çar hökumətinin köməyi ilə Rusiyanın iqtisadi, mədəni, siyasi və hərbi sahələrinə nüfuz etdilər.
Miladi tarixi ilə 1985-ci ildə Ermənistan Respublikasında nəşr edilmiş "Ermənistan tarixi" adlı kitabda 1828-ci ildəki İrəvan şəhərinin əhalisinin tərkibi aşağıdakı kimi verilib: “Azərbaycanlılar (Azərbaycan türkləri –red.) 1805 ailə, yəni 7331 nəfər; ermənilər isə 567 ailə, yəni 2369 nəfər”. Yazılı mənbələr miladi tarixi ilə 1827-ci ildə İrəvanda 2400 ailənin, cəmi 12 min nəfər insanın yaşadığını göstərdiyi halda, bildirməliyik ki, Rusiya tərəfindən işğaldan sonra onların bir hissəsi İrana və Türkiyəyə köçmək məcburiyyətində qaldılar. Mühacirətə gedənlərin evləri və əmlakları həmin ölkələrdən gələnlər tərəfindən zəbt olundu. Nəticədə İrəvandakı azərbaycanlıların sayı 1807 ailə, 7331 nəfər azaldığı halda, ermənilərin sayı 567 ailə, 2379 nəfər artdı. Bütün bunlara baxmayaraq, hələ də dörd xan ailəsi, 41 bəy və sultan müqabilində, cəmi 8 erməni məliki və ağası orada yaşayırdı. 50 ruhani müqabilində isə 19 nəfər keşiş var idi.
Türkmənçay müqaviləsindən sonra, yəni 1829-cu ildə ruslar İvan Şopenin başçılığı ilə sonuncu işğal olunmuş yerlərin, yəni İrəvan və Naxçıvan xanlıqlarının iqtisadi, coğrafi vəziyyəti, sosial təbəqələri və əhalinin tərkibi barədə məlumat əldə etmək üçün bir heyət təşkil etdilər. Hesabatın hazırlanması üçün 4 il vaxt lazım gəldi. Rusca "Kameralnoe opisanie" adlanan bu sənəd işğal ərəfəsində və ruslar tərəfindən işğaldan sonra iki xanlıqdakı vəziyyəti əks etdirən ən dəqiq mənbələrdən biridir. Həmin sənədə görə, 1826-cı ildə bu iki xanlıqda 143 min insan yaşamış və həmin əhalinin 117.849 nəfəri müsəlman, 15.151 nəfəri isə erməni olmuşdur. Yəni müsəlmanlar cəmiyyətin 80 faizindən çoxunu təşkil etdiyi halda, ermənilər 20 faizdən də az idi. Müsəlman əhalinin isə əksəriyyəti azərbaycanlılar idilər. Yerdə qalan müsəlmanlar Qacar dövlətinin məmurları (kargüzar və qoşun üzvləri), onların ailələri və kürd əyalətindən gələnlər idi.
Adıçəkilən sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman (Qacar dövlətinin məmurları da daxil olmaqla) bu iki xanlığı tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman (Azərbaycan türkləri –red.) əhalinin sayı 93 min nəfər azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanların (Azərbaycan türkləri – red.) sayı yenə də azaldı. Adıçəkilən sənəddə göstərildiyi kimi, mühacirət nəticəsində müsəlman (Azərbaycan türkləri – red.) əhalinin sayı 82373 nəfər azaldı. Lakin həmin 4 il müddətində, yəni 1828-ci ildən 1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 82377 nəfər artdı. Daha doğrusu, erməni əhalinin sayı 25151 nəfərdən 82377 nəfərə qalxdı. Yəni 4 il müddətində erməni əhalisinin sayı 3 dəfə artdı.
Bu xərçəngvari yayılmanın səbəbi ermənilərin İrandan, Osmanlıdan və digər yerlərdən bu bölgəyə köçmələri olmuşdu. Müxtəlif tarixi mənbələrdə dəfələrlə toxunulan bu məsələ "Ermənistan tarixi" kitabında da öz əksini tapıb. Osmanlı torpağından bu ölkəyə mühacirətin əsas səbəblərindən biri barədə danışmaq yerinə düşər. Pasdar Maciyan yazır: "1829-cu ildəki rus-Osmanlı müharibələrində ruslar tərəfindən işğal olunmuş ərazilərin erməni sakinlərinin bir hissəsi (ən başlıcası, Ərzurum, Alaşgerd (Eleşkirt), Bayəzid, Qars və Van) Osmanlını tərk edib, rusların ardınca getdi. Beləliklə, yüz min nəfərə qədər erməni müharibə nəticəsində Ermənistana (İrəvana) gəldi və Axalkalakidə 40 min nəfər, Şirakda 12 min nəfər, İrəvan və Sevanda (Göyçə gölü) 25 min nəfər məskunlaşdılar. Bu mühacirətlər Rusiyanın hakim dairələrinin səyi nəticəsində baş tuturdu. Ruslar erməni məsələsinin idarə olunmasını erməni polkovniki Lazarevə tapşırmışdılar. Mühacirlərə torpaq, kənd təsərrüfatı ilə məşğul olanlara lazımi vəsait verirdilər və onlar beş il müddətində vergilərdən azad edilmişdilər".
Arazın o tayındakı vilayətlərin Rusiya imperiyasına ilhaq edilməsinin ilk illərində xanlıqlar ləğv olundu. Xanların əksəriyyəti yenidən öz hakimiyyətlərini bərpa etmək ümidi ilə İrana qaçdılar. Çar hökuməti bu situasiyadan istifadə edərək onların torpaqlarını, əmlaklarını müsadirə etdi. Çarizm xanlıq quruluşunu silah gücünə hərbi-inzibati idarəçiliklə əvəz etdi. Xanlıqlar əyalət və dairələrə çevrildi. Dairələrin çoxu "müsəlmanların əyalət rəisi" adlandırdığı hərbi şəxsə tabe idi və onun rezidensiyası Şuşada yerləşirdi. Digər əyalətlər də Dərbənd əyalətinin hərbi idarə rəisinə tabe idi. Bu yerlərdə çarizm qanunlarının həyata keçirilməsi ordu komandirlərinə tapşırıldığından, həmin idarəçilik sistemi "komendantlıq" adlanırdı. Əyalət keçmişdəki kimi məntəqələrə bölünürdü və bu məntəqələri naiblər (bu vəzifələrə əsasən bəylər seçilirdi) idarə edirdi. Şəkidə və Qarabağda əyalət məhkəmələri yaradılmışdı. Onların da sədri komendantlar olurdu.
Qafqazın Rusiya əsarətinə düşdüyü ilk günlərdə çar hökumətinin gözü bu ölkənin təbii sərvətlərinə dikilmişdi və həmin sərvətlərdən öz məqsədləri üçün istifadə etmək istəyirdi. Ancaq idarəçilik metodu çarizmin ümidlərini doğrultmadı. Buna görə də 1830-cu illərin axırlarında yeni hərbi idarəçilik sistemi layihəsi təsdiqləndi. Bu islahatda məqsəd Qafqazda çarizmin mövqeyini möhkəmləndirmək idi. 1840-cı ildə çar hökuməti Qafqazla bağlı bir sıra qanunlar verdi. Həmin qanunlara əsasən, mübaşir idarəçilik üsulu ləğv edildi. Qafqaz iki məntəqəyə - Gürcüstan və mərkəzi Şamaxı şəhəri olmaqla Xəzərsahili əyalətlərə bölünürdü. Sabiq məmurlar yerlərini rus məmurlarına verdilər.
Türkmənçay müqaviləsindən 10 il sonra çar Qafqaz vilayətini yoxlamaq üçün İrəvana gəldi. Əli Əkbər Bina yazır: "Hicri-qəməri tarixi ilə 1253-cü ildə Məhəmməd şahın başı Xorasanda Herat döyüşlərinə qarışmışdı. Bu vaxt şaha xəbər çatdı ki, I Nikolay Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusiyanın müstəmləkəsinə çevrilmiş Cənubi Qafqaz şəhərlərini görmək üçün ora gəlir.
Türkmənçay müqaviləsi imzalanandan sonra illər boyu mühacirət davam etdi. Səid Nəfisi yazır: "Türkmənçay müqaviləsi nəticəsində ölkədə sakitlik yaranmış, ən azı Qacarlar dövləti intəhasız dərd-sərlərdən azad olmuşdu. Müqavilənin icrası zamanı qarşıya çıxmış maneələr və ixtilaflar sonradan aradan götürüldü. Məsələn, 17 il iki dövlət - İran və Rusiya arasında problem yaratmış didərginlər və qaçqınlar haqqındakı XIV maddə, nəhayət, 1844-cü ilin iyun ayının 3-də (hicri-qəməri tarixi ilə 1260-cı ilin cəmadiülaxir ayının 28-də) İranın baş naziri Hacı Mirzə Ağasi və Rusiyanın səlahiyyətli nümayəndəsi A.Medem tərəfindən Tehranda təfsir edilərək, müqavilədəki ixtilafın aradan qaldırılması üçün aşağıdakı sənəd imzalandı: "Rusiya və İranın qonşu vilayətlərinin sakinlərinin bir-birinə mühacirəti zamanı baş verən intizamsızlığa və çoxüzlülüyə son qoymaq üçün müqavilə bağlamış iki dövlətin nümayəndələri öz dövlətlərinin icazəsi və razılığı ilə aşağıdakı müqaviləni imzaladılar:
Birinci maddə: Bundan sonra hər iki dövlətin təbəələri öz dövlətlərinin buraxılış vərəqəsi və mötəbər icazənaməsi olmadan bu ölkədən o biri ölkəyə keçə bilməzlər.
İkinci maddə: Hər kəs ki, hər iki dövlətə tabe olsa və üçüncü dövlətin ərazisinə getsə, buraxılış vərəqəsi olsa da saxlanacaq, onun bütün geyimi, silahı (yanında olandan başqa) daha yaxındakı sərhəd məntəqəsinin işçilərinə və yaxud da səlahiyyətli nümayəndəyə, vəzifəli şəxsə, öz dövlətinin konsuluna veriləcək.
Üçüncü maddə: Hər iki dövlətin təbəəsinin mühacirət üçün öz dövlətindən icazə almaq barədəki ərizəsinə başqaları tərəfindən müdaxilə olmadan baxılacaq.
Dördüncü maddə: Əgər iki dövlətin kargüzarları aralarındakı dostluqdan istifadə edərək bir-birindən bir neçə ailə üçün buraxılış vərəqəsi istəsələr və bu qanuna zidd olmasa, ondan imtina etməyəcəklər”.
Bu müqavilədən sonra da bütün problemlər həll olunmadı. Arazın o tayında yaşayan və rusların hakimiyyətinə dözməyən müsəlmanların İrana mühacirəti və ermənilərin İrandan Rusiya ərazisinə köçü davam etdi. Qarapapaqların şimaldan cənuba köçü də bu qəbildəndir. Hicri-qəməri tarixi ilə 1267-68-ci illərdə Rusiyanın səlahiyyətli nümayəndəsi tərəfindən İranın xarici işlər nazirinə göndərilmiş sənədlərdə də Qarapapaq camaatının İrana köçü haqqında danışılır: "Hökmdara yaxın olan ləyaqətli və şərafətli cənabın şəfqətli dostluq köməyinə ümidlə İrəvanın Göyçə torpağında məskunlaşmış Qarapapaq tayfasından bir neçə ailənin köçməsinə icazə məsələsi ilə bağlı məlumat gəlib çatdı. Dostsevən yüksək cəlallı cənabın o şərhinin tərcüməsindən anlaşdı ki, şövkətli və cəlallı cənabın öz xidmətindən göndərdiyi məktubda canişinə aid bir sifarişnaməsi var. Bu barədə müəzzəmullah cənabın dostsevənə məktubu çatarsa, əlbəttə, o cənabla mehribanlıq izharı ilə razılaşılacaq, çünki məsələ onun ixtiyarında olduğu üçün zəhmət tələb etmir.
Yazıldı 1267-ci ilin zilhiccə ayının 19-da. Cəlalınıza və ləyaqətinizə dostların böyük hörmət izharı ilə...”

Elçin Qaliboğlu