“Ermənistana Azərbaycan Ordusunun "nida"sını göstərmək lazımdır!” Layihə

“Ermənistana Azərbaycan Ordusunun "nida"sını göstərmək lazımdır!”

Ekspert: “Bunun üçün Azərbaycan ordusuna məxsus toplar, raketlər və fərəqət komandası altında bütün hərbi heyət "nida" vəziyyətinə gətirilməlidir”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ tənzimlənmə variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının marağına uyğun olaraq tənzimlənməlidir" tezisini sloqana çevirmişdi”.
Bunu politoloq Mübariz Əhmədoğlu deyib. “Qürur duyurdu ki, ilk Ermənistan lideridir ki, Azərbaycan xalqının marağını da nəzərə alır. Amma təbii ki, onun bu sloqanda hiyləsi var idi. İntellekti aşağı olduğu üçün elə düşünürdü ki, onun hiyləsini heç kəs başa düşməyəcək. Onun bu sloqanı həm də Ermənistanın əleyhinədir. Çünki bu "Dağlıq Qarabağ münaqişəsi 3-4 subyektin rəyi ilə tənzimlənməlidir" formatı alternativ vasitəçilik formatına uyğundur. ATƏT-in Minsk Qrupu formatı 25 ildir tam strukturlaşıb. ATƏT MQ formatı özünün nöqsanlarını da bilir. Yəqin ki, yaxınlarda BMT-yə müraciət edib, statusunu da artıracaq. Ona görə ATƏT MQ formatına alternativ düstur təqdim etmək, bu Ermənistan üçün baha başa gələ bilər. Çünki Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində yalnız ATƏT-in Minsk Qrupuna möhtacdır. ATƏT-in Minsk Qrupu qərarları konsensusla qəbul edir. Ermənistan dəqiq bilir ki, onun beynəlxalq aləmdə heç bir tərəfdaşı yoxdur, heç kəs Ermənistanı nüfuzlu tərəfdaş hesab etmir. Ermənistanın müstəqillik dövründəki siyasətçiləri qədim erməni tarixindən yaradılmış miflərin hamısını "yeyib dağıdıblar". Ona görə ermənilərin ümidi Dağlıq Qarabağ tənzimlənməsinə konsensus verməməklə tənzimlənmə prosesini yubatmaqdır.
ATƏT MQ-nin tənzimlənmə variantında isə konkret olaraq Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi, yəni Dağlıq Qarabağın azərbaycanlıları və erməniləri müəyyənləşdirəcəkdir. Bura Azərbaycanı və yaxud Ermənistanı əlavə etmək artıq bu formatdan kənara çıxmaq deməkdir. ATƏT MQ həmsədrləri N.Paşinyanın fikirlərini özlərinə qarşı hörmətsizlik kimi qəbul etməlidirlər.
Paşinyanın tezisindən daha ciddi politoloji əsaslandırmaya malik Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin mövqeyi ortalıqdadır. Bu ATƏT-in Minsk Qrupu həmsədrlərini iki ölkə liderinin yanaşmasına münasibət bildirməyə vadar etməlidir və ATƏT Minsk Qrupu özlərinin də fəaliyyəti ilə bağlı konkret addımlar atmalıdırlar. Əgər Ermənistan rəhbərliyinin savadsızlığının şantajına tez-tez rast gəlmək istəmirlərsə ATƏT-in Minsk Qrupu BMT qarşısında məsələ qaldırmalıdırlar-deyə politoloq bildirib.
Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) direktoru Əhməd Əlili Rusiya Prezidenti Vladimir Putinin İrəvan səfəri və “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Qarabağla bağlı səsləndirilmiş fikirləri təhlil edərkən deyib ki, Rusiya-Ermənistan münasibətlərində soyuqluğa dəlalət edən səbəblər və şərtlər son il yarımda özünü aşkar göstərir. Belə hallardan sonuncusu məhz Rusiya Prezidentinin İrəvana səfəri zamanı nəzərə çarpdı.
Politoloq Paşinyanın Rusiya lideri ilə səmimi görüntü yaratmaq üçün əlindən gələni etdiyini bildirib: “Putinin əvvəldən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyəcəyi elan olunsa da, Nikol protokol qaydalarını pozaraq, Rusiya Prezidenti ilə görüşdü. Protokol qaydalarına görə, ölkəyə gələn ən yüksək səviyyəli qonağı heç bir halda ölkənin Prezidenti və ya Baş naziri qarşılamamalıdır. Paşinyan isə protokol qaydalarını pozmaq naminə də olsa, Putinlə görüşərək, rus liderin onun dəstəkçisi olduğu görüntüsünü yaratmağa çalışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Valday” klubunda Dağlıq Qarabağla bağlı çıxışı da Putinin İrəvanda göstərdiyi münasibətin davamıdır. Lavrov Putinin Paşinyana olan münasibətini bilir. Ona görə də “Valday” forumu zamanı Putin xəttinə müvafiq olaraq Ermənistana soyuq münasibət göstərməyə çalışdı”.
Ekspertin sözlərinə görə, hətta Paşinyan öz bəyanatlarını ciddiyə almasa belə, Putin onun açıqlamalarının doğuracağı ciddi nəticələrin fərqindədir:
“Paşinyan Qarabağla bağlı bəyanat verdikdən sonra Azərbaycan ATƏT-in Minsk Qrupu ölkələrinə müraciət edərək, Xankəndidə səslənən fikirlərə münasibət bildirmələrini istəmişdi. Uzun müddət sükut olsa da, məsələ ilə bağlı ilk reaksiyanı Rusiya tərəfi verdi. Bir qədər əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikirlər və daha sonra Lavrovun çıxışı birmənalı olaraq göstərdi ki, Rusiya Xankəndidə səsləndirilmiş fikirlərin ciddiliyini daha aydın başa düşür. Paşinyan ola bilsin, dediklərini daxili auditoriyanı ələ almaq üçün səsləndirilmiş fikirlər kimi qəbul edir, lakin onun söylədikləri faktiki olaraq, danışıqlar prosesini məhv edir. Sonuncu dəfə belə hadisə 2011-ci ildə Kazan sammiti zamanı baş vermişdi. Tərəflər sülh razılığı əldə etməyə çox yaxın olsalar da, sonda alınmamışdı. 2011-ci ildə sülh prosesi məhv olduqdan sonra 2014-cü ilin avqust hadisələri, Ermənistan helikopterinin vurulması, daha sonra 2016-cı ilin aprel hadisələri baş verdi. Yəni Rusiya başa düşür ki, danışıqlar prosesinin məhvi çox ciddi fəsadlara səbəb ola bilir. Rusiya cənub sərhədlərində sabitliyi qoruyub saxlamaq üçün Ermənistana qarşı kəskin ifadələr səsləndirməyə və Paşinyanın bəyanatlarının ağır nəticələnə biləcəyini onlara başa salmağa məcburdur. Lavrov “Valday” klubunda çıxışı zamanı bildirdi ki, Rusiya regionda hərbi münaqişə gözləmir. Bu, o deməkdir ki, Rusiya Dağlıq Qarabağda müharibə olmasını istəmir. Belə olan halda şimal qonşumuz Ermənistan üzərində təzyiq elementləri formalaşdırmalı və ilkin mərhələ kimi Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılmasını təmin etməlidir”.
Müstəqil jurnalist Mübariz Azərbaycanlının fikrincə, ölkə prezidenti İlham Əliyevin Soçidə "Valday" forumundakı çıxışında erməni "nazirbaşın" məlum "nöqtəsinin" üstündən şamşax bir "nida" vurmasından sonra, uzun illərdir Ermənistan işğalından xəcalət çəkən və mənəvi cəhətdən qəddi "sual" işarəsinə dönmüş Azərbaycan xalqının ruhu qismən də olsa dikəlib "nida"laşdı: “Baxın, bütün dünya mediasının manşetini bəzəyən "Soçi nida"sından sonra, Ermənistan Demokratik Partiyasının başçısı Aram Sarkisyan başını başlara qoşaraq - artıq Qarabağ məsələsi ilə bağlı Bakının bütün hücumlarına hüquqi dillə və tarixi faktlarla cavab verməyin vaxtının çatdığını deyir. O, hətta erməni diasporunu dəvət etməklə ümumerməni forumu çağırmağı və ATƏT-in Minsk qrupuna təqdim etmək üçün təkliflər paketi hazırlamaq təklifini irəli sürür. Arama görə Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı hazırlanacaq bu sənəd özündə erməniliyin kollektiv baxışını əks etdirməli və Ermənistan diplomatik nota ilə BMT-nin bütün üzv dövlətlərinə Qarabağ konfliktinin hüquqi mahiyyətini təqdim etməlidir - deyir. Bu arada o, Paşinyanın 5 avqustda dediyi - "Qarabağ bu, Ermənistandır, nöqtə" ifadəsinin Paşinyana deyil, 1992-ci ildə müharibənin qızğın vaxtlarında Qarabağın özünümüdafiə dəstəsinin komandiri Leonid Azqaldyana aid olduğunu deməyi də unutmur”.
Jurnalist qeyd edib ki, indi qoy Qarabağ məsələsi ilə bağlı Bakının bütün hücumlarına hüquqi dillə və tarixi faktlarla cavab verməyə çağırış edən Aram Sarkisyan buyursun bir tarixi və bir hüquqi əsası olan suala cavab versin: 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə ucaldılmış abidə Qarabağ müharibəsinin ilk aylarında elə ermənilərin özü tərəfindən niyə dağıdıldı? Yəni, ermənilər, o cümlədən, bu "demokratik" Aram özü qanmasa da, ancaq bütün dünya yaxşı bilir ki, nəinki Dağlıq Qarabağ, hətta bugünkü Ermənistan ərazisi belə, qədim Azərbaycan torpaqlarıdır: “Rəsmi Bakı ilə hüquqi dildə danışmağa gəlincə isə, nəinki Aram Sarkisyan, hətta qoy bütün dünya erməniləri buyurub cavab versin, məgər Helsinki Yekun Aktında açıq-aydın göstərilmirmi ki, xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri, ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil etməməlidir? Yəni, kiminsə ərazi bütövlüyünü pozmamalıdır? Yeri gəlmişkən, ATƏT-in Minsk qrupuna təqdim etmək üçün təkliflər paketi hazırlamaq istəyən "demokratik" partiya rəhbəri onu da bilməlidir ki, indiyədək Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlarda Helsinki Yekun Aktına istinad edilir. O ki qaldı Ermənistanın diplomatik nota ilə BMT-nin bütün üzv dövlətlərinə Qarabağ konfliktinin hüquqi mahiyyətini təqdim etməsinə, bütün dünya, o cümlədən BMT, Qarabağ konfliktinin hüquqi mahiyyətini çox gözəl bilir və elə o üzdən də Ermənistan ordusunun işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması barədə dörd məlum qətnamə qəbul edib. Odur ki, Aram Sarkisyan qoy getsin öz tarixini, həmçinin beynəlxalq hüququn nədən ibarət olduğunu öyrənməsinin dalınca”.
Ermənistan xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyanın "Soçi nidası" ilə bağlı bildirdiyi şərhdə isə həyasızlığın həddi ərşə qalxır. O, Azərbaycan tərəfinin daim maksimalist mövqedə olduğunu və bunun xalqları barışa hazırlamağa, həmçinin sülh prosesinə təhdid olduğunu qeyd edərək, öz "paşasının" formulasını əsas tutub istənilən tənzimləmənin Ermənistan, "Artsax" və Azərbaycan xalqları üçün qəbuledilən ola bilməsini ön plana çəkir. Azərbaycan prezidentinin ədalətli çıxışını isə "Artsax xalqının" mövcudluğunu və onların öz tarixi vətənlərində yaşamalarını şübhə altına aldığını - deyir.
Maraqlıdır, bu erməni qızı niyə anlamır ki, rəsmi Bakı Dağlıq Qarabağa Madrid prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status vermək istədiyini dəfələrlə bəyan edib. Digər tərəfdən Azərbaycan tərəfi necə maksimalist çıxış edir ki, 30 ilə yaxındır Ermənistanın həyasızlığına qarşı dözüm nümayiş etdirir və məsələnin sülh yolu ilə həllinə sadiq qalır?
Bütün bunlar onu göstərir ki, deyəsən, Ermənistanı başa salmaq üçün durğu işarələri arasında öz qədi-qaməti ilə ən qürurlusu olan "nida" kifayət etmir! Doğrudur, burada ölkə prezidentinin söylədiyi - "Qarabağ bu, Azərbaycandır və nida işarəsi" nə qədər gözəl və ürəyəyatımlı səslənsə də, amma bu hələ Dağlıq Qarabağ və ətraf rayonların düşməndən azad olunması demək deyil. Ermənistana Azərbaycan Ordusunun "nida"sını göstərmək lazımdır! Bunun üçün Azərbaycan ordusuna məxsus toplar, raketlər və fərəqət komandası altında bütün hərbi heyət "nida" vəziyyətinə gətirilməlidir. Yəqin ki, yalnız bundan sonra ermənilər Azərbaycan torpaqlarında tülkü kimi oyduqları səngərdə "suala", "vergülə", "nöqtəyə" çevrilər və nəhayət "dırnaq" içərisinə salınıb işğal etdikləri torpaqlardan birdəfəlik yola salınarlar.

Cavid