İrəvan 1905-1906-cı illər hadisələri zamanında Layihə

İrəvan 1905-1906-cı illər hadisələri zamanında

2-ci yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında bildirilir ki, Rusiyanın nisbətən yeniləşməsi də Zaqafqaziyanın rusların hakimiyyəti altında bu bölgəsində yaşayan və getdikcə millətçiliyə daha çox meyl edən ermənilərin mənafeyinə uyğun idi. Dövlət və ordu işlərinə qəbulda onlara daha çox üstünlük verilir və rus cəmiyyətinə inteqrasiya olunmalarına şərait yaradılırdı. Bölgənin iqtisadi inkişafı ilə əlaqədar ermənilər ticarətdə, sənayedə, xüsusilə, Bakı neftinin ixracı sahəsində yaxşı mövqe tuta bildilər. Şəhər mədəniyyəti, peşə növlərinin artması, Qərblə əlaqələrin inkişafı güclü ictimai təbəqələşməyə səbəb oldu və cəmiyyət iki yerə parçalandı. Bu zaman Daşnak partiyasının ifrat millətçilik fəaliyyəti bu təfriqəni daha da gücləndirdi.
Daşnak partiyasının ifrat millətçiliyi onları Rusiya hökuməti ilə də üz-üzə qoydu. Aliyə Orfeinin fikrincə, XIX əsrin son illərində və XX əsrin əvvəllərində inqilabçı ermənilərlə çar hökuməti arasında baş verən siyasi çarpışmalar ermənilərin millətçilik düşüncələrinin güclənməsindən yaranmışdı. 1905-ci il erməni-müsəlman davasını çar Rusiyası özü törətsə də, ancaq daşnakların çılğınlığı və onların “Böyük Ermənistan” yaratmağa tələsməsi sonrakı qanlı və faciəli çarpışmaların meydana gəlməsində ümdə rol oynadı. Məmməd Səid Ordubadi "Qanlı sənələr" adlı kitabında həmin qırğınların başlaması barədə yazır: "Ermənilər hər fikirdən, hər sözdən müsəlmanlar əleyhinə qiyam fikrinə düşərək müxtəlif hiylələrə əl atırdılar. Onlar hər yerdə müsəlmanları sıxışdırır, acı sözlərlə onları təhqir edir, əlaqələrini kəsir, lazımsız mübahisələr başlayırdılar. Müsəlmanlar (Azərbaycan türkləri - red.) da bu işin sonunu böyük bir uzaqgörənliklə duyaraq, özlərini müdafiə etmək üçün hazır olmağa çalışırdılar. Yerli hökumət xırda cinayətləri nəzarət altında saxlasa da, böyük hadisələrin qarşısını almaq fikrində deyildi. Bu hadisələr onu göstərirdi ki, hər iki millət bir-birindən təcrid edilərək qarşıdurmalara sövq edilir. Bu zaman ermənilər müsəlmanlar əleyhinə daha çox məhdudiyyətlər yaratmağa başlamışdılar. Doğrudur, bəzi ermənilər iğtişaş yaratmaqdan boyun qaçırsalar da, nüfuzlu və imkanlı şəxslər davanın tez başlamasını istəyirdilər. Araqarışdıranlar partiya komitələrindən olduqlarından onların sözləri təsirsiz ötüşmürdü və nəticə onların istədikləri kimi oldu.
Fevralın 2-də müsəlmanlar arasında xüsusi nüfuza malik olan Ağarza adlı şəxs Quba meydanında erməni komitəsinin tapşırığı ilə qətlə yetirildi. Bu faciəvi hadisəni müsəlmanlar öz milli heysiyyatlarının təhqir olunması kimi qəbul etdilər. Bundan sonra onların hislərini cilovlamaq mümkün olardımı? Bu hadisə müsəlmanları nəhayətsiz dərəcədə həyacanlandırdığı halda, onlara yuxarıdan intiqam almamaq barədə göstəriş gəldi. Lakin bir azərbaycanlı məhbusun istintaq araşdırması üçün aparılarkən yolda erməni əsgəri tərəfindən günahsız yerə güllələnməsi müsəlmanları daha çox qəzəbləndirdi.
Həmin gün fevralın altısı idi. Hadisələrin gedişi bizi qan dəryasına doğru aparırdı. Həmin gün ermənilər həqiqətən qırğın törətmək istəyirdilər, azərbaycanlılar isə heyrət və təəccüb içində donub qalmışdılar. Əvvəllər bir-biri ilə mehriban olan qonşular indi əlaqələrini kəsmiş, bir-birlərini qətlə yetirməyə hazır idilər. Nəhayət, xeyli öncə hər iki millətin vücudunda yerləşdirilmiş bomba partladı və bütün Qafqaz həmin partlayışdan od tutdu. Görək, bu partlayıcı maddə həqiqətən bomba idimi? Bəli, bu bomba ayın altısında partlamaqla Bakının faciəsinə çevrildi və onun atəşi buradan başlayaraq bütün Qafqazı bürüdü...".
Polis qüvvələri qarşıdurmalara müdaxilə etmirdilər. Bu qeyri-sabitlik İrəvana, Naxçıvana, Şuşaya doğru uzanmaqda idi. Nəhayət, Gəncə və Tiflisə də sirayət etdi. Bu qarşıdurmalarda 158 azərbaycanlı kəndi qarət və talanlara məruz qaldı. Qətlə yetirilən azərbaycanlıların sayı ermənilərinkindən çox idi. Bakıda, Naxçıvanda azərbaycanlılar qalib gəlmişdilər, İrəvanda, Üçkilsədə isə ermənilər qələbə qazandılar. Rusların bitərəfliliyi bir o qədər də uzun çəkmədi. Vorontsov Daşkov vali vəzifəsinə gələn kimi azərilərin (Azərbaycan türklərinin - red.) əleyhinə hücum fərmanı verildi və erməni-müsəlman davasının birinci mərhələsi bir-iki ildən sonra başa çatdı.
Arazın o biri sahilindəki əksər şəhərlərdə çoxsaylı insan itkilərinə səbəb olmuş erməni-müsəlman davalarında İrəvan şəhəri də qana bələndi. Görkəmli yazıçı Məmməd Səid Ordubadi "Qanlı sənələr" kitabında həmin faciələri belə təsvir edir: "1905-ci ildə gözlənilmədən Bakıda baş verən qırğınlar birdən-birə sakitləşmədi. May ayının əvvəllərində bu hadisələr Naxçıvan və İrəvan şəhərlərinə sirayət etdi. Bu dövrdə Naxçıvanda müsəlmanlar say baxımından ermənilərdən çox idilər. Əvvəldən dava arzulayan ermənilər Naxçıvan qarşıdurmalarında ağır məğlubiyyətə düçar oldular. Onların bu uğursuzluğu İrəvan ermənilərinin bərk qəzəblənməsinə səbəb oldu.
Onlar bu hadisədən sonra azərbaycanlılar əleyhinə daha çox ləyaqətsiz hərəkətlər etməyə başladılar: qonşuluq əlaqələrini kəsir, müsəlmanlara (Azərbaycan türklərinə - red.) nifrət və qəzəblərini açıq-aydın büruzə verirdilər. Hadisələrin gedişi tezliklə İrəvanda da iğtişaşların baş verəcəyini güman etməyə şərait yaradırdı. Ayrı-ayrı yerlərdən gələn qorxunc xəbərlər şəhər sakinlərini məyus edir, tacirlərin əlini işdən soyudur, ticarəti böhrana sürükləyirdi. Müsəlmanlar qayğı və narahatçılıq içində idi. Xüsusilə də, düşmənin güclü olması, azərbaycanlıların isə davaya hazır olmaması ziyalı və gözüaçıq azərbaycanlıları həyəcanlandırırdı. Məzlumlar pəjmürdə və iztirablı görünürdülər. Hamının üzündə əzab və iztirab var idi. Ermənilər Naxçıvandakı məğlubiyyətin intiqamını almaq üçün tələsirdilər. Onlar qisas hissi ilə yanıb-qovrulur, müsəlmanlara zərbə vurmaq, onları pərişan etmək üçün hər cür hiyləyə əl atırdılar. Buna görə Naxçıvana gedən yolları nəzarətə götürmüş, şəhərə gedib-gələnləri pusur, müxtəlif vasitələrlə onlara mane olmağa çalışırdılar. Özləri isə gizlincə Naxçıvan ermənilərinə silah-sursat yardımı edirdilər. İrəvan müsəlmanları isə bu mürəkkəb və ziddiyyətli dövrdə nəinki qırğına hazırlaşmır, üstəlik qonşuluq haqqı kimi xam xəyallara qapılmışdılar. Şəhərin sakinlərindən hər biri yalnız özünü müdafiə etmək haqqında düşünür, vəziyyətdən çıxmaq üçün davadankənar yollar gəzirdi. Nəhayət, Naxçıvan odunu söndürmək üçün general Əlixanov- Avarski Tiflisdən Naxçıvana ezam oldu. Digər tərəfdən də, Voronsov Daşkovun göstərişi ilə şeyxülislam Uluxanlı İrəvan qazisi ilə birgə Naxçıvana yola düşdü.
İrəvan erməniləri barışıq xəbərini eşidən kimi öz “ziyalı”larını Naxçıvana göndərib oradakı erməni camaatının vəziyyətindən xəbər tutmağa tələsdi. Onlar buradakı məğlubiyyəti pərdələmək, ermənilərin bacarıqsızlıqlarını gizləmək üçün müsəlmanlar haqqında ləyaqətsiz şayiələr yaymağa başladılar. Buna baxmayaraq, İrəvan və onun ətraflarında yaşayan müsəlmanlar (Azərbaycan türkləri - red.) Naxçıvanda ermənilərin məğlub olmasına sevinir, bu qələbəni öz qələbələri hesab edərək, qürurla gəzib-dolanırdılar. Onlar bu zaman ermənilərin bütün qüvvələrini səfərbərliyə alıb, azərbaycanlıları soyqırıma məruz qoymaq üçün yeni planlar hazırlamaqda olduqlarını başa düşmürdülər. Nəhayət, mayın 23-də baş verən hadisə ermənilərə bu planı gerçəkləşdirməyə şərait yaratdı.
1905-ci il mayın 23-də "Qarsaçay" erməni çay bağçasına gedən üç nəfər müsəlman sərxoş vəziyyətdə polis idarəsinin qarşısına gəlir. Onlar burada məsuliyyətsiz hərəkətlər etməyə başlayırlar. Ermənilər fürsətdən istifadə edib, onları möhkəmcə döyür. Sonda həmin üç nəfər xəncərini çıxarıb, özlərini müdafiə edə-edə və qışqıra-qışqıra bazar meydanına tərəf qaçırlar. İçkili müsəlmanların səsi hər tərəfə yayılır.
Bu qışqırıqları eşidən erməni və müsəlmanlar üz- üzə gəlir və onların arasında şiddətli dava başlayır. Ermənilərin hiylə və fırıldağından xəbərsiz olan bəzi müsəlmanlar humanistlik nümayiş etdirir, öz dükanlarını buraxıb, onların yiyəsiz qalmış mağazalarına güdükçü olurlar. Bəziləri isə erməniləri qorumaq üçün onları öz dükanlarında gizlədirlər. Lakin ermənilərin hiddət və qəzəbini görən bəzi müsəlmanlar, nəhayət vəziyyəti başa düşüb müqavimət göstərməyə başlayırlar. Bir-birinin ardınca cinayətlər baş verir. Əgər həmin gün müsəlmanlar “hümanizm bəlasından” xilas olub, ermənilərlə həqiqi döyüşə girsəydilər, bu təcavüzkarların aqibətinin necə olacağını indi də təsəvvür etmək mümkün deyil. Fəqət müsəlmanların ermənilərin məkrli niyyətindən xəbərləri yox idi. Onlar zaman-zaman qoruyub saxladıqları qonşuluq haqqını qabardaraq əhalini birtəhər sakitləşdirdilər. Gecə sakit və aram keçdi.
24 may 1905-ci il səhər saat 9-a yaxın ermənilər öz mağazalarını açmaq üçün bazara gedən müsəlmanlara atəş açdılar. Lakin müsəlmanlardan xəsarət alan olmadı, bir neçə erməni isə yaralandı. Elə bu zaman gəlib çıxan əsgərlər bir neçə dəfə havaya atəş açaraq, erməniləri sakitləşdirdilər. Bir neçə dəqiqədən sonra şəhərdə gediş-gəliş tamamilə kəsildi və hər kəs öz yerində donub qaldı. İrəvanı dəhşətli bir sükut bürüdü.
Lakin saat iki radələrində ermənilər yenidən müsəlmanları şiddətli gülləbarana tutdular. Erməni məhəllələrindən açılan atəşlər ara vermədən davam edirdi. Onlar binaların, hasarların üstündən, pəncərələrdən müsəlmanları hədəfə götürürdülər. Güllə dolu kimi yağırdı. Müsəlmanlar isə bu atəşlərə cavab vermir, öz təmkinlərini qoruyub saxlamağa çalışırdılar. Əslində bu, təmkin də deyildi, sadəcə olaraq hazırlıqsız və müharibə görməyən, ermənilərin məkrli planından xəbərsiz olan müsəlmanlar özlərini itirmişdilər. Belə bir vaxtda İrəvan şəhərində cəmi iyirmi tüfəng, təxminən bir qədər də fişəng var idi. Tüfənglərin əksəriyyəti köhnə və paslanmış ov tüfəngləri idi. Tarixçilərdən biri haqlı olaraq, həmin silahları “Nuhdan qalmış əşya” adlandırmışdı.

Elçin Qaliboğlu