İrəvan 1905-1906-cı illər hadisələri zamanında Layihə

İrəvan 1905-1906-cı illər hadisələri zamanında

4-cü yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bildirilir ki, iyunun 2-də ermənilər həmin günə qədər müsəlmanların pənahgahı olan Məkus kəndinə hücum edirlər. Bu dəfə erməni dəstələrindəki silahlıların sayı 10 min nəfərə qədər olub. Hər dəfə də kəndin üzərinə beş min tüfəngdən atəş açılırdı. Bütün kənd boşalandan sonra hərəkət etməyə taqəti olmayan səksən yaşlı şikəst bir qoca ermənilərin əlinə keçir. Deyilənə görə, ermənilər onun gözlərinə, qarnına təndir şişi soxmaqla qətlə yetiriblər.
1905-ci il iyunun 3-də ermənilər mərkəzdə yerləşən və 150 evi olan Güllücə kəndinə hücuma başlayırlar... Sübh vaxtı Güllücə kəndinin şimalında yerləşən və hər birində dörd yüz ailə olan 12 kəndə 10 min erməni könüllüsü toplaşır. Onlar cənub tərəfdə – dağın arxasında yerləşən və beş yüz ailəsi olan Başkən erməni kəndindən Güllücəni atəşə tuturlar. Ermənilərin məqsədi müsəlmanları ya öz hakimiyyətləri altına almaq, ya da onları məhv etmək idi. İstəyirdilər ki, bu yolla uzun müddətdən bəri beyinlərində dolaşdırdıqları ideyanı gerçəkləşdirsinlər. Buna görə də bütün ermənilər silahlanıb, müsəlmanlar əleyhinə müharibəyə başlamışdılar. Beləliklə, camaat qaçandan sonra 15 nəfər nüfuzlu şəxs, o cümlədən Məşədi Qəmbər, Mahmud, Hacı Hüseyn və başqaları öz var-dövlətlərini qorumaq üçün kənddə qaldılar. Onlar silaha sarılaraq ermənilərə müqavimət göstərməyə başladılar. İlk qarşılaşmadaca 8 ermənini məhv etdilər. Ancaq ardı-arası kəsilməyən erməni hücumları nəticəsində Mahmud öldürüldü. Onun kənddə sahibsiz qalmış arvadını bir erməni əsgəri 8 güllə ilə qətlə yetirdi. Qalan müsəlman silahlıları birtəhər aradan çıxıb, 1,5 fərsəngdə yerləşən Tutiya, Damagirməz və Kamal kəndlərinə sığındılar. Bu qırğında hamıdan sonra kəndi tərk edən Seyid Mustafanın oğlu Mirsüleymanın atını ermənilər güllə ilə vurub öldürdülər. Ancaq o, bir ermənini öldürərək canını qurtara bildi.
150 evlik Kamal kəndinin sakinləri yaşadıqları yerin təhlükəli olduğunu görüb, arvad-uşaqlarını götürərək, hücumdan qabaq cənub səmtdə yerləşən Damagirməz kəndinə qaçdılar. Sonra bu kəndin də adamları onlara qoşulub, yuxarıda adı çəkilən iyirmi verstlikdə yerləşən Təzəkənd kəndinə üz tutdular. Bu hadisələrdən 18 gün sonra İrəvanda sülh bağlandı. Hökumət ətraf kəndlərə qoşun göndərdi. Bir qrup əsgər də Güllücədə yerləşdirildi. Bundan sonra müsəlmanlar öz yerlərinə qayıtdılar.
“Böyük Ermənistan” röyası ilə yaşayan ermənilər 1918-ci ilə qədər Qafqazın heç bir bölgəsində əksəriyyət təşkil etmirdilər. Ter Minasyan yazır: "Tiflis konfransının əsas nigarançılıqlarından biri Qafqazda erməni əhalisinin sayca az olması idi. Onlar muxtariyyət əldə etmək istəyir və belə bir xahişlə konfransa müraciət etmişdilər. Pərakəndə erməni cəmiyyətlərini əhatə etmək üçün əyalət vahidlərindən məhdud bir miqyasda zemstvolar təsis etmək planı ətrafında fikirlər səsləndi".
Rus casusları hələ xeyli əvvəl ermənilərə pul və silah verərək onları Türkiyə əleyhinə müharibəyə təhrik etmişdilər. Nəhayət, Osmanlı dövlətinin rəsmiləri ermənilərin xəyanətlərini görüb onları sərhəd bölgələrdən köçürmək qərarına gəldi. Əks halda, ölkənin şərq sərhədlərini qorumaq mümkün olmayacaqdı. Çünki ermənilər Osmanlı dövlətinə qarşı üsyana qalxmış, xarici ölkələrlə əlaqəyə girmişdilər. Onların bu xəyanətkar addımları XX əsrin astanasında bir milyona yaxın insanın fəlakətinə səbəb oldu. Daşnaklar, eyni zamanda, Urmiya və Salmasda da xristianların köməyi ilə bir neçə dəfə türklərin ümumi qətli barədə fərman vermiş və görünməmiş cinayətlər törətmişdilər.
Arazın o biri tayında da həmin hadisələr baş verdi. Daşnaklar İrəvan və Qars əhalisini qətliama məruz qoydular, onların mülklərini qarət etdilər. Ərdəhanda, Axsada, Borçalıda da azərbaycanlılar təzyiq altında idilər. 1917-ci il inqilabı və vətəndaş müharibəsi bu ölkənin hər yerində olduğu kimi Qafqazda da fəlakət və qanların tökülməsinə səbəb oldu. Gürcü, azəri və erməni siyasətçiləri Tiflisdə bir hökumət təşkil edib, müstəqil şəkildə idarəçilik işlərinə başladılar. Bu zaman Dağıstan da menşeviklərlə ağqvardiyaçılar arasında çəkişmə meydanı idi. İmam Nəcməddin və Uzun Hacı da dini ideyalara söykənərək mübarizəyə qalxmışdı. Bakı şəhəri bolşeviklərin əlində idi.
Daşnaklar hakimiyyətsizlikdən istifadə edib, İrəvan bölgəsindəki azərbaycanlıların kəndlərini yerlə-yeksan etdilər. İrəvan hadisələri Zaqafqaziya Seymində fevralın 5-dən 20-dək müzakirə edildi. Seym məsələni araşdırmaq üçün İrəvana nümayəndə heyəti göndərdi. Təhqiqatın nəticəsi belə olmuşdur: İrəvan vilayətində 211 Azərbaycan kəndi dağıdılmış və yüz minlərlə insan qətliam olunmuşdu. 300 minə yaxın İrəvan azərbaycanlısı qətlə yetirilib və qalanları özlərini bir təhər Gəncə və digər şəhərlərə çatdırmışdılar. Yalnız az bir hissə dədə-baba torpağında qalmışdı. Qafqazda ikinci erməni-azərbaycanlı qırğınına çevrilən bu hadisələr iki xalq arasında münasibətləri o qədər kəskinləşdirib ki, daha onların üçtərəfli Qafqaz Federal Hökuməti İttifaqında bir yerdə qalması mümkün deyildi.
Buna görə 1918-ci il mayın 26-da Federasiya parçalandı. Bundan sonra üç müstəqil cümhuriyyət - Azərbaycan, Ermənistan, Gürcüstan təşkil olundu". Bu hadisədən sonra minlərlə irəvanlı müsəlman evini, mülkünü atıb, dağlara və biyabanlara qaçdı. Həmin qaçqınlardan biri də maarifçi xadim Mirzə Cabbar Baxçaban oldu. O, bir kəndə gəlib çıxaraq xeyli ağır və məşəqqətli günlər yaşadı. Sonradan Vətənə – Təbrizə köçərək burada öz sevdiyi peşəsi ilə məşğul olmaq qərarına gəlir. Cabbar Baxçaban əvvəl Təbrizdə, sonra isə Tehranda kar və lallar üçün bir mədrəsə açır.
Mirzə Cabbar Baxçabanın keçirdiyi ağır və dözülməz günlər barədə onun ürəkparçalayan xatirələrindən bir hissəni burada vermək yerinə düşər. Bu xatirələr o qanlı-qadalı illərin mənzərəsini düzgün təsəvvür etməyə imkan verir. O yazır: "Dünyanı oda calayan Birinci Dünya müharibəsinin axırlarında mən yarımcan halda bir kəndə gəlib çıxdım. Taqətdən düşmüşdüm. Bütün ailəm qarın yatalağı xəstəliyinə tutulmuşdu. Mən özüm də 25 gün cəhənnəm əzabı çəkmişdim. Qızdırma içində qovrulurdum. Bizə nəinki dava-dərman, heç bir qaşıq su verən də yox idi. Bir gün qızdırmanın atəşindən evdən çıxıb qaçdım. Özümü Araz çayına atmaq istəyirdim. Lakin adamlar yetişib, məni birtəhər sakitləşdirdilər. Nəhayət, 25 gündən sonra özümə gəldim. Bu vaxt gördüm ki, ermənilərin əlindən qaçarkən özümüzlə götürdüyümüz xırda-para şeyləri də oğurlayıblar.
Rəbiyə adlı 6 yaşlı bir qız bizə xidmət edirdi. Öz arıq vücudu ilə səhra adamını xatırladan bu qız bütün günü bizim üçün çöllərdən bitki toplayırdı. On gün müddətində yalnız həmin otlarla qidalandım. Qazayağı adlanan bitkinin gövdəsini çeynəyir, suyunu udurduq. Təbii ki, həmin günlərin məşəqqətlərini adi sözlərlə ifadə etmək mümkün deyil. Sadəcə olaraq, həmin məşəqqətli günlərdə biz beş nəfərin salamat qalması Allahın möcüzəsi idi... Özümə gələndən sonra hər iki ayağımın topuqdan aşağı qaraldığını gördüm. Bir neçə gündən sonra məni dəvənin belinə bağlayıb bir kəndə gətirdilər. Ayaq barmaqlarım suluqlamışdı. Deyilənə görə, bu, yeyici su idi.
...Doğrusu, insan gözləmədiyi anda həyat özünün bütün sifətlərini göstərir. Bu hadisədən bir il əvvəl mən öz doğma yurdumda vəzifə sahibi idim. Evsiz-eşiksizlərə yer-yurd vermək işinə baxır, əhaliyə taxıl bölürdüm. Amma indi məni nə bir tanıyan var, nə də özüm və ailəm üçün çörək qazana bilirdim. Bütün mənalarda fəlakətə məhkum olmuş bir insan idim. Həmin kəndə çatanda gördüm ki, bütün evlər qaçqın və köçkünlərlə doludur. Çətinliklə bir boş tövlə tapıb orada məskunlaşdıq.
Ədalətsizlik və mərhəmətsizlikdən məyus olmuşdum. Ayaqqabı və papağımı satandan sonra nə edəcəyimi bilmirdim. Qara fikirlər məni gecələr səhərəcən yatmağa qoymurdu. Qan azlığı və halsızlıq da bir yandan sıxırdı. O qara üfunətli tövlənin təndir istisində boğulur və təngnəfəs olurdum. Ağcaqanadlar, bit və birələr bədənimi lalə kimi qıpqırmızı eləmişdi. Kirpiklərim ağırlaşıb qapananda və məni yuxu aparanda dəhşətli yuxular görürdüm. Həmin yuxuların bəzisini 50 ildən sonra da xatırlayıram.
...Bir vaxt kəndin əhalisi məndən qaçdığı halda, indi başıma toplaşır, məndən aralanmırdı. Onlar da qaçqın və köçkünlər idilər. Mən onlara təsəlli və ümid verməyə çalışırdım. Qəribə idi ki, bu adamlar mənim nağıllarıma qulaq asır və inanırdılar. Bəzən mənə elə gəlirdi ki, elə bu mehriban və arıq adamlardan biri mənim pal-paltarımı oğurlayıb.
...Noraşen kəndində bir köynək və dizdikdə (alt paltarı) qaldığım, hər iki ayağımın qanqrena olduğunu və meyidimin bir xəndəyə atılacağını düşündüyüm həmin günlərdə təsadüfən bir xeyirxah insana rast gəldim. Onun köməyi ilə məni qəsəbənin yeganə həkimi olan doktor Səfizadənin yanına gətirdilər. O, mənim müəllim olduğumu biləndə çox sevindi. Çünki həmin ağır zamanlarda müəllimlər hərəsi bir tərəfə qaçmış, qəsəbədə dərs verən bir adam qalmamışdı. Tanrı məni sanki nemət göndərmişdi. Üstəlik, həkimin uşaqları təhsil baxımından geri qaldığından, mən onun üçün göydəndüşmə idim. Doktor yubanmadan mənim ayağım üçün dərman hazırlamağa başladı. Asissenti olmadığından o, əməliyyatı təkbaşına etməli oldu. Doktor ayaq barmaqlarımın arasını kəsib, məlhəm qoyaraq yaranı bağladı. Bir qədər keçəndən sonra mənim rəhbərliyim altında məktəb fəaliyyətə başladı...
Təsis etdiyim bu qarışıq məktəbdə yerli uşaqların tərbiyə və təlimi ilə məşğul olurdum. Doktorun dörd oğlu, üstəgəl digər iki oğlan və bir qıza dərs deyirdim. Nəhayət, tarixin bir vərəqi də çevrildi və ermənilər həmin kəndə hücum edəndə mən doktorla birgə öz ata-baba yurduma – İrana qaçdım. Makuya tabe olan Ərəblər kəndinə gəlib çıxdım".

Elçin Qaliboğlu