“Paşinyan qadınların arxasında gizlənəcək” Layihə

“Paşinyan qadınların arxasında gizlənəcək”

“Dağlıq Qarabağ münaqişəsi Ermənistanın və xalqımızın təhlükəsizliyinə böyük təhdiddir. Odur ki, hökumətimiz prosesə tərəddüd etmədən, dərhal və konstruktiv mövqe ilə qoşulub. Sülhün bizə verəcəyi üstünlükləri tam anlayırıq. Odur ki, sülh istəyirik, buna nail olmaq niyyətindəyik. Bzim üçün əsas məsələ Dağlıq Qarabağ xalqının statusu və təhlükəsizliyidir”.
Bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan BBC-yə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Paşinyan həqiqətən də sülh istəyir. Məhz bu üzdən deyir ki, münaqişənin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz Azərbaycandan Dağlıq Qarabağ xalqının təhlükəsizliyi, bununla bağlı narahatlığımız, bizim maraqlarımızla bağlı mesaj gözləyirdik. Lakin onlar bundan boyun qaçırdılar.
Müxbir ona sual edib ki, baş nazir “Qarabağ Ermənistandır və nöqtə” deyən zaman, hər halda, bu bəyanatın beynəlxalq hüquqa, BMT-nin və bütün müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu bilirdi. Odur ki, bu bəyanatın necə sülhə doğru addım olduğunu təsəvvür etməkdə çətinlik çəkirəm. Üstəlik, baş nazir bu fikri birləşmə ilə bağlı nəğmələrin oxunduğu, millətçi şüarların səsləndiyi mitinqdə, kütlənin qarşısında söyləyib. Biz bu şüarları 1980-1990-cı illərdə, Azərbaycanla müharibə zamanı eşitmişdik. İndi mənə deyirsiniz ki, baş naziriniz sülh istəyir?
Zohrab Mnatsakanyan deyib ki, çünki Dağlıq Qarabağla bağlı narahatlıq Ermənistanın, bütün ermənilərin gündəmindədir. Ermənistan dövləti bütün ermənilərin həmrəyliyi ilə bağlı proqram hazırlayır. Dağlıq Qarabağ xalqı da bu proqramdan kənarda deyil. Biz təkcə Ermənistanda yaşamırıq, həm də dünyanın digər ölkələrində yaşayırıq.
Müxbirin ona “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan baş nazirinin bir ay əvvəlki açıq və qeyri-adi sözlərindən sonra bildirib ki, tərəflərin verdiyi bəyanatlardan ən ciddisi – “Qarabağ Ermənistandır” bəyanatıdır. O deyib ki, “bu, Albaniya baş nazirinin Tiranadan Kosovo Albaniyadır deməsinə bənzəyərdi”. Beləliklə, hətta ruslar belə, mövqeyinizin qəbuledilməz olduğunu deyir” fikrinə cavab vern nazir qeyd edib ki, Ermənistanın baş naziri hər zaman təkidlə bildirir ki, bizim Azərbaycandan kompromislə bağlı mesaj almamız lazımdır: “Lakin bunu görmürük. Baş nazir “sülhün Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmasının zəruriliyi” haqda danışdıqda, hökumətimiz tənqidlərə məruz qalır. Amma biz təkid edirik. Hesab edirik ki, çıxış yolu öhdəliklərin bərabər bölünəcəyi kompromisin tapılmasıdır. Baş nazir həmin çıxışında Dağlıq Qarabağ probleminin həllilə bağlı ayrıca danışıb. Bu, münaqişənin kompromislər əsasında həll edilməli olduğuna dair yanaşmamıza uyğundur”.
Müxbirin məntiqli sulları qarşısnda acız qalan erməni nazir hər dəfə eyni yalanlar danışmaq məcburiyyətində qalıb. Müxbir ona sual edib ki, “Human Right Watch” təşkilatının 1995-ci ildə hazırladığı böyük hesabatda deyilir ki, Ermənistan Respublikasının dəstəklədiyi erməni hərbi birləşmələri müharibənin həmin dövründə törədilmiş əksər zorakılıqlara görə cavabdehlik daşıyır. 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanla bağlı 12 ittiham irəli sürmüşdü. Onlardan 11-i Ermənistanın Avropa İttifaqı İnsan Hüquqları Konvensiyasını pozduğunu göstərir. Sualım belədir: “Bəli, keçmişdə səhvlər olub, zorakılıqlar edilib və biz, həmçinin Azərbaycan baş verənlərdən təəssüflənməli, sülh arayışında olmalıdır” deməyə hazırsınızmı?”
Erməni nazir cavabında: “ Bəli, dorğudur. Bu, irəliləyişə nail olmağın bir yoludur. Lakin biz bu gün eyni zamanda, əsas prioritetin, yəni insanların təhlükəsizliyinin təmin edilməsinin yolunu tapmalıyıq” – deyib. Daha sonra əlavə edib ki, yeni hökumət olaraq danışıqlar prosesinə cəlb olunduqdan sonra müəyyən inam yarada bilmişik. Nəticədə atəşkəs rejiminin pozulması halları da azalıb. Bu, məqsədimizin ciddiliyinin göstəricisidir. Fikrimizi atəşkəs rejiminin möhkəmləndirilməsinə cəmləmişik. Bu, bizim üçün prioritetdir. Azərbaycan hökuməti və Dağlıq Qarabağ rəhbərliyilə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Bu, danışıqlar prosesinin çox vacib hissələrindən biridir
Bu arada qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vağarşak Harutyunyan 2016-cı ildə baş vermiş aprel döyüşlərilə bağlı araşdırma aparan xüsusi istintaq komissiyasına tövsiyələrini verib. O, əmindir ki, “dördgünlük müharibə”də erməni tərəfi vəziyyəti düzgün qiymətləndirməyib və nəticədə həm operativ, həm də taktiki səhvlərə yol verilib.
Vağarşak Harutyunyan hesab edir ki, erməni tərəfinin böyük itkilər verməsinə nələrin səbəb olduğu, anında verilmiş qərarların düzgün olub-olmadığı diqqətlə araşdırılmalıdır.
“Həm taktiki, həm operativ, həm də strateji baxımdan ciddi qüsurlara yol verildiyi faktdır. Bütün bunların səbəbi isə vəziyyətin düzgün qiymətləndirilməməsi olun”, - deyə Harutyunyan qeyd edib.
“Azadlıq” radiosunun “kəşfiyyat işində də qüsurlar olubmu?” sualını sabiq nazir belə cavablandırıb: “Bu mövzuda çox dərinə getmək istəməzdim. Komissiya işini davam etdirir. Erməni kəşfiyyatının Azərbaycan ordusunun hücumu barədə məlumatlı olub-olmadığı araşdırmalar nəticəsində üzə çıxacaq. Əgər onlarda belə məlumat olubsa, bu haqda hansı dairələrə məruzə edilib, məruzə nəticəsində hansı qərar qəbul olunub?”.
General-leytenant istənilən halda, qüsurların olduğuna əmindir: “Bu, birmənalıdır! Artıq deyiləcək söz yoxdur! Yanlışlıqlara yol verildiyi şübhəsizdir! Hər bir itkiyə görə araşdırma aparılmalıdır. Düzdür, müharibədir və təbii ki, müharibədə itki olur. Amma biz məqam aydınlaşdırılmalıdır: itkilərin sayı vəziyyətin qəlizliyinə, ciddiliyinə adekvatdırmı? Komandirlər tərəfindən verilmiş qərarların itkilərin sayına necə təsir göstərib? Hər bir ölmüş əsgərlə bağlı mütləq araşdırma aparılacaq!”.
“Deyirsiniz ki, səhvlərə yol verilib. Amma aprel hadisələri zamanı Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini olmuş general-leytenant Enriko Apriamov bildirir ki, o zaman ciddi qüsurlar olsaydı, Azərbaycan ordusu Mardakerti, Talış kəndini və başqa yaşayış məntəqələrini ələ keçirərdi” sualını Vağarşak Harutyunyan belə cavablandırıb: “Əgər bu məntiqlə yanaşsaq, onda ciddi səhv yalnız Qarabağın Azərbaycana verilməsi sayıla bilər? Mən bununla razılaşa bilmərəm. “Ciddi qüsur” nə deməkdir? Fakt odur ki, aprel döyüşləri zamanı biz ərazilər itirmişik. Ən əsası isə təmas xətti dəyişib. İndi biz bunun səbəblərini aydınlaşdırmalıyıq. Əgər dediyiniz şəxs bu sualın cavabını bilirsə, bu başqa məsələ. Onda qoy bütün səbəbləri bir-bir izah etsin. Söhbət itirilmiş ərazilərin böyüklüyündən getmir. Bizim əsas məqsədimiz yol verilən qüsurları araşdırmaqdır. Çünki təmas xəttinin Azərbaycanın xeyrinə dəyişməsinə məhz həmin qüsurlar imkan verib”.
Sabiq müdafiə naziri deyir ki, aprel müharibəsini araşdıran komissiyanın məqsədi kimlərinsə cəzalandırılması olmamalıdır. O, hesab edir ki, parlamentin istintaq komissiyası 2016-cı ildə baş vermiş döyüşləri zamanı yol verilmiş bütün qüsurları üzə çıxarmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın: “Əlbəttə ki, araşdırma nəticəsində əsgər ölümlərinə, ərazi itkisinə səbəb olmuş kobud səhvlər aşkarlanarsa, məsuliyyətə cəlbetmə də gündəmə gələ bilər. Amma bu komissiya heç kəsi cəzalandırmır. O, buraxılan nöqsanları ifşa edir. Məqsəd budur. Bəziləri onu cəzalandırıcı qurum kimi təqdim etməyə çalışır. Günahsız yerə heç kəs cəzalandırılmayacaq. Buna hamı əmin ola bilər. Amma kiminsə kobud səhvi ucbatından canlı qüvvə və ya ərazi itkisi baş veribsə, demək, həmin şəxs cəzalandırılmalıdır”.
“Dördgünlük müharibə”nin əvvəlcədən razılaşdırılmış qəsd olduğu haqda iddialara da toxunan sabiq nazir hesab edir ki, heç nəyi istisna etmək olmaz. Bununla yanaşı, o, bu versiyanı inandırıcı saymır: “Müharibə barədə razılığa gəlmək, sonradan hansısa məqamda dayanmaq olmur. Odur ki, mən bu versiyanı, demək olar ki, tam istisna edirəm. Problem başqadır: bu əməliyyatların olacağını əvvəldən bilmişik, ya yox? Bunu əvvəldən aşkar etmək mümkün idimi? Analitik orqanlarımız nə dərəcədə dəqiq işləyib? Axı onlar bu informasiyanı təhlil edib düzgün nəticə çıxarmalı idilər”.
1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olmuş Vağarşak Harutyunyan 2016-cı ilin aprel müharibəsi zamanı erməni ordusunun ümumilikdə vəzifəsinin öhdəsindən gəldiyini düşünür. O, deyir ki, həmin vaxt Azərbaycana əsas məqsədinə nail olmaq, yəni təmas xəttini tam dəyişmək imkanı verilməyib. “Bununla belə, erməni tərəfi bəzi dayaq nöqtələrini itirib və bu, arzuolunmaz idi”, - deyə o, bildirib: “Aydındır ki, Azərbaycanın məqsədi yalnız bir neçə dayaq nöqtəsini tutmaq deyildi. Əminəm ki, onların məqsədi təmas xəttini tam dəyişmək və sonrakı diplomatiyalarını, siyasətini ona uyğun qurmaq idi”.
Onu da bildirək ki, məxməri inqilabdan sonra “xalq ordusu” ideyası bir növ unudulsa da, “xalqın baş naziri” Nikol Paşinyan onun varlığını xatırlatdı. O, bir müddət əvvəl Ermənistanda peşəkar orduda çalışan qadın hərbçilərin sayının ilbəil artdığını bildirmişdi. Baş nazir növbəti addımın qadınların orduda məcburi xidmət etməsi ilə bağlı aparılacaq müzakirə olacağını əlavə edib.
Rusiya Zabitləri Ekspert Şurasının üzvü Aleksandr Perenciyev bildirib ki, ümumiyyətlə, əsla ordu ilə əlaqəsi olmayan, Silahlı Qüvvələrin nə olduğunu başa düşməyən insanlar bu cür islahatlardan danışır: “Düşünürəm ki, Nikol Paşinyan artıq Rusiyanın və ya KTMT-nin onu qoruyacağına ümid etmir. O bilir ki, artıq özbaşına vuruşmalı olacaq.
Bu mövqe məni təəccübləndirir. Əslində, hərbiləşdirmə üçün heç bir əsas yoxdur. Danışıqlar aparılır. Və sadəcə, mövcud müqavilələri yerinə yetirmək lazımdır. Eyni vəziyyətdə olan “Madrid prinsipləri”ni götürün. Ermənistan Dağlıq Qarabağa dəhliz qoyaraq, yeddi rayonu azad etməlidir. Qarabağın statusu isə sonra müzakirə ediləcək.
Üstəlik, azad olunan ərazilərin demilitarizasiyası da danışılıb. Bunlar hamısı həll edilə bilər. Ancaq belə çıxır ki, Paşinyan Ermənistanın torpaqları işğal etdiyini anlayaraq özünü insanları, hətta qadınları da döyüşə atmaqdan çəkinməyən fanatik kimi aparır. O, Ermənistandakı demoqrafik vəziyyətə baxmayaraq, insanları qurban verməyə hazırdır.
Əslində, Paşinyan qadınların arxasında gizlənəcək və bu da yaxşı bir şey deyil. Mənim mövqeyim nə Azərbaycan, nə də ermənilər tərəfindən deyil. Mən beynəlxalq hüquqa riayət olunmasının tərəfdarıyam.
Yaxşı, deyək ki, BMT qətnamələrini unutduq. Bəs “Madrid prinsipləri”? Onları yerinə yetirmək lazımdır. Lakin erməni tərəfi razılaşdırılmış prinsipləri yerinə yetirməmək üçün xalqını qurban verməyə hazırdır. Bu, kədərlidir və təkrar edirəm, Ermənistan cəmiyyətinin hərbiləşdirilməsinə çalışıldığından xəbər verir.
Ancaq, yeri gəlmişkən, sual yaranır: Bəs Ermənistanda bu cür fikirlər dəstəklənir? Onlar qadınların orduda xidmət etməsinə hazırdırlarmı? Əvvəllər Ermənistanı yalnız gənc oğlanlar tərk edirdi, indi qadınlar da onlara qoşulacaq. Rusiyada bərbərlərin sayı artacaq”.

Cavid