Rəsmi Bakının hərbi büdcəsinin artımı Ermənistanı qorxuya salıb Layihə

Rəsmi Bakının hərbi büdcəsinin artımı Ermənistanı qorxuya salıb

Dağlıq Qarabağ münaqişəsi onilliklərdir davam edir. Zəngin neft ehtiyatlarına malik Azərbaycan məhz bu üzdən, Silahlı qüvvələrinin modernləşdirilməsinə böyük vəsait xərcləyib. Ermənistanın Azərbaycanla bu sahədə rəqabət aparması isə onun büdcəsinin boşalması ilə nəticələnir.
WorldMedia “Eurasianet.org”a (ABŞ) istinadən yazır ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yenilənmiş hesabatına əsasən, 2009-2018-ci illərdə Azərbaycanın hərbi xərcləri təxminən 24 milyard dollar təşkil edib. Ermənistan isə eyni dövrdə hərbi sahəyə təxminən 4 milyard dollar ayırıb.
Dövlətin ümumi xərclərini nəzərə aldıqda isə Yerevanın müdafiə sahəsinə daha böyük vəsait ayırdığı görünür. Yenə də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Ermənistan dövlət xərclərinin 21%-ni birbaşa hərbi sahəyə yönəldib. Azərbaycanda bu göstərici təxminən 11%-dir.
Əhalisinin təxminən 26%-i yoxsul olan Ermənistanın hərbi sahəyə bu qədər vəsait xərcləməsi ölkənin iqtisadi inkişafına əngəldir.
Bu arada bir məqamı qeyd etmək yerinə düşər: dünyanın ən böyük silah ixracatçılarından olan Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satır. Doğrudur, Moskva Yerevana hərbi avandanlıqları daha güzəştli qiymətə satır və bu, Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasından irəli gəlir. Azərbaycan isə buna cavab olaraq, silah tədarük etdiyi ölkələrin siyahısını şaxələndirir. Bu sahədə o, İsraillə də yaxınlaşıb.
Yeri gəlmişkən, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Azərbaycan İsraildən hərbi avadanlıqlar tədarük edən ölkələr sıraslnda ikinci yerdədir. İsrailin silah ixracının 17%-i Azərbaycanın payına düşür. Azərbaycan prezidenti İlham Əliyev hələ 2016-cı ildə bəyan etmişdi ki, ölkəsi İsraildən 4,85 milyard dollarlıq hərbi avadanlıq alıb. Üstəlik, bu iki ölkə arasındakı əlaqələr birtərəfli deyil: Azərbaycanın İsrailə 2018-ci ildə ixrac etdiyi məhsulların (əsasən neft) dəyəri 1,3 milyard dollar olub. Bu, Azərbaycanın ümumi ixracatının təxminən 7%-i deməkdir.
Ermənistan isə iqtisadi sahədə daha çox Rusiyadan asılıdır.
Cənubi Qafqazdakı silah yarışında Azərbaycanın neftdən qazandığı dollarlar Ermənistanın hərbi sahəyə ayırdığı dramlardan daha çoxdur.
2020-ci il üçün Ermənistan dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclər məsələsi son 2-3 həftə ərzində erməni mediasında və ictimai dairələrdə qızğın müzakirə mövzusu olub.
Belə ki, 2019-cu ildə hərbi xərclərlə müqayisədə 2020-ci il üçün hərbi və ya müdafiə büdcələrində artım olduqca kiçikdir. Yəni 2019-cu ildə dövlət büdcəsindən hərbi xərclər üçün 300 milyard 585 milyon 247 min dram ayırılıb, 2020-ci il üçün dövlət büdcəsi layihəsinə görə isə bu rəqəm 301 milyard 167 milyon 213 min dram olacaq. Bu da faiz hesabı ilə cəmi 0,8 faiz artım deməkdir.
“Təbii ki, Ermənistan-Azərbaycan münaqişə vəziyyətini və Ermənistanın təhlükəsizlik problemlərini nəzərə alaraq, bu rəqəm və göstəricilərinin təhlili ümumiyyətlə Ermənistan və Azərbaycan arasındakı rəqabət məntiqində aparılır və Azərbaycanın qeyd etdiyi rəqəmlərlə müqayisə edilir. 2018-ci ildə Stokholm İnstitutuna görə, Azərbaycanın hərbi xərcləri (təqribən 1.7 milyard dollar) 2017-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artmayıb (təxminən 1.5 milyard dollar), rəsmi məlumatlara görə 2019-cu ildə qonşu ölkənin hərbi büdcəsi 1.88 mlrd dollar təşkil edib. Azərbaycan hökuməti 2020-ci ilin büdcəsi layihəsinə əsasən müdafiə və milli təhlükəsizlik üçün 2 milyard 267 milyon dollar (3 milyard 853 milyon manat) ayırmağı planlaşdırır. Bu, 2019-cu ildə ayrılan məbləğdən 20,9% çoxdur”, - deyə erməni şərhçi Aram Sarkisyan bildirib.
Burada, əlbəttə ki, müdafiə və təhlükəsizlik xərclərinin real xərcləri barədə daha dəqiq məlumat əldə etmək üçün nəzərə alınmalı bəzi nüanslar var. Bu həm Ermənistana, həm də Azərbaycana aiddir.
“Hesablanmayan bəzi rəqəmləri nəzərə alsaq, Ermənistanın hərbi büdcəsinin həcmi təhlükəsizlik problemlərimizlə müqayisədə təsiredici görünmür. Bu, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin tənqidçilərinə ölkəmizin təhlükəsizlik sahəsinə laqeyd qaldığı bir vaxtda Azərbaycanın yeni müharibəyə hazırlaşdığını bəyan etmələrinə imkan verir”, - deyə Sarkisyan qeyd edib.
Yeri gəlmişkən, erməni hərbi ekspert Hraç Petrosyants Ermənistanın “Araçin Lratvakan” nəşrinə müsahibəsində bildirib ki, Stokholm İnstitutu bu bülleteni tərtib edərkən Stokholm İnstitutunun mütəxəssisləri əvvəlcə bir sıra meyarlara baxırlar ki, bunlardan ən vacibi orduya ayrılan vəsaitin ölkənin ÜDM-ə nisbəti neçə faiz olmasıdır. Ermənistanın 2018-ci ildə böyük bir artıma imza atması da, sadəcə, ölkəmizin büdcəsinin neçə faizinin orduya ayrılmasından asılıdır. Burada məsələ pul miqdarı deyil, büdcənin faizidir. Fərz edək ki, Azərbaycanın büdcəsi 20 milyard dollardır və hərbi sahəyə 2 milyard dollar ayırır və Ermənistanın büdcəsi 500 milyon dollardır və hökumətimiz 100 milyon dollar ayırır, həqiqi rəqəmlər müqayisə olunmur, amma faiz baxımından, belə çıxır ki, Ermənistan 20 faiz, Azərbaycan isə 10 faiz ayırır. Fərz edin. Nəticədə deyirlər ki, Ermənistan hərbi büdcəsində çox böyük bir artım qeydə alınıb. Təqdim olunan rəqəm yalnız bununla şərtlənir.
Ekspert qeyd edib ki, bu gün biz dövlət üçün çox vacib məsələlərə çoxlu pul yönəldirik, amma düşünürəm ki, müharibə vəziyyətində olan bir ölkə olduğumuzu və bütün iqtisadiyyatımızın müdafiəyə çalışmalı olduğunu unutmamalıyıq: “Şəxsi fikrim budur. Çünki daha çox sosial məsələlərə və məişət mövzularına diqqət etdikdə, müdafiə sahəsinə ayrılan xərclər məsələsində geri qalırıq. Bu sahəyə nə qədər pul qoysaq da, Hovhannisyanın dediyi kimi, görünməyən müxtəlif məqamlar çoxdur, buna baxmayaraq, bu xərclər azdı, azdır və çox az olduğunu düşünürəm”.
Ekspert onu da bildirib ki, Azərbaycan 2017-ci ildə 1.5 milyard dollar, növbəti il 1.7 milyard dollar, keçən il 1.88 milyard dollar, bu il 2 milyard 267 milyon dollar xərcləyib. Bizim rəqəmlərimiz isə 600-650 milyon dollar arasında dəyişir: “Bu vəsait təhlükəsizlik məsələlərini həll etmək üçün kifayətdirmi? Bu vəziyyətdə əlbəttə ki, Azərbaycanla eyni miqdarda silah əldə etməməli olduğumuzu vurğulamalıyıq, çünki maddi imkanlarımız müqayisə olunmaz dərəcədə azdır. Ancaq hər halda, cari həcmlər kifayətdirmi?
Geriyə baxıb keçmiş illərin təcrübəsini xatırlasaq, müstəqilliyin ilk illərində eyni vəziyyət olduğunu görərik. Bizim xərclərimiz və Azərbaycanın xərcləri, hərbi potensialımız və rəqibimizin potensialı müqayisə olunmaz idi. İndi bütün problem yenidən bu məsələdədir. Xərclər həqiqətən də kiçik ola bilər, o qədər də çox deyil, lakin onların effektivliyi müəyyən keyfiyyət verə bilər. Ancaq biz XXI əsrin ilk rübündə yaşayırıq və bir anda çox böyük xərc tələb edən əsaslı, köklü dəyişikliklər etməliyik”.
Ekspertin fikrincə, bu sektorun xərclərini ödəmək üçün milyardlarla dollar xərclənsə də, hələ də azlıq təşkil edir. Digər tərəfdən, hər şey texnika ilə müəyyən edilmir: “Nəhayət insan amili var. Keyfiyyətli və səmərəli olmaq üçün isə ordunun hərbi qulluqçularını qaldırmalı, ən yüksək sosial təbəqə olmasını təmin etməyi bacarmalıyıq. Təəssüf ki, bu gün tamamilə əksinədir. Bu gün hərbi personal sosial sahənin ən aşağı səviyyəsindədir”.
Politoloq Hrant Melik-Şahnazaryan isə bildirib ki, Azərbaycanın hərbi büdcəsi həmişə bizimkindən böyük olub. “Hətta bir vaxtlar Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər idi. Onlar hərbi xərclərini durmadan artırır, bununla da Qarabağ danışıqlarında bundan təzyiq vasitəsi kimi istifadə edir. Doğrudur, münaqişənın mahiyyətini və məzmununu nəzərə alaraq deyə bilərik ki, bütün məsələləri tək pulla həll etmək olmaz. Amma bu, o demək deyil ki, məsələ bu günədək pulla həll olunmayıbsa, gələcəkdə də oluna bilməz”, - deyə Şahnazaryan qeyd edib: “Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi regiondakı təhlükələrin miqyasını anlamır. Burada söhbət təkcə Azərbaycanın hərbi potensialından getmir. Məsələ ondadır ki, artıq Türkiyə həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə razılıq halında öz maraqlarını irəli apara bilir. O, bunu ABŞ-ın milli maraqlarına zidd alındığı halda belə, edir. Hər halda, Suriyada bunu aydın şəkildə gördük. Bu, çox ciddi məsələdir”.
Politoloq bu gün Ermənistanın təhlükəsizliyi məsələsinin çox dəyişdiyini düşünür: “Əgər biz bu dəyişikliklərə reaksiya vermir, fiziki təhlükəsizliyimizin təmininə əlavə vəsait ayırmır, ümumiyyətlə, bu haqda düşünmürüksə (hər halda, Ermənistan hakimiyyətinin bu haqda düşünmədiyini görürük), demək, faciəvi günlərimiz uzaqda deyil”.
“Rusiya ilə Türkiyənin Suriya məsələsindəki əməkdaşlığı, bunun fonunda Türkiyə rəhbərlərinin Azərbaycanpərəst bəyanatları Qarabağ münaqişəsi zonasındakı vəziyyətə təsir edə bilərmi?” sualını politoloq belə cavablandırıb: “Əminəm ki, Türkiyə nəzərini gec-tez Cənubi Qafqaza yönəldəcək. Hazırda o, Suriya ərazisində zəruri təhlükəsizlik zonası yaratmaqla məşğuldur. Bu məqsədə nail olunduqdan sonra Türkiyə və Suriya ərazisində yaşayan kürdlər arasında əlaqə kəsiləcək. Bu problemin həllindən sonra isə Ankara nəzərini təbii ki, bizim regiona yönəldəcək”.
Hrant Melik-Şahnazaryan hesab edir ki, Türkiyənin regionda nüfuzunu artırmasına Rusiyanın daim müqavimət göstərəcəyini gözləmək yanlış olardı.

Cavid