“Lavrovun istəyi odur ki...” Layihə

“Lavrovun istəyi odur ki...”

Eks-nazir: “Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa eləsin”

Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşdən sonra
bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır.
“Rusiya həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm Rusiya Federasiyası - Ermənistan - Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyəti bundan sonra da davam etməyə hazırdır”. Onun Azərbaycanda narazılıqla qarşılanan fikri isə “Dağlıq Qarabağ “xalqı” ifadəsidir. Lavrov bildirib ki, “Dağlıq Qarabağ “xalqı”nın razılığı olmadan heç bir razılaşmanı rəsmiləşdirmək mümkün deyil. Ermənistan, sadəcə olaraq, onu dəstəkləməyəcək”.
Politoloq Tofiq Zülfüqarov deyib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas məqsəd Dağlıq Qarabağ münaqişəsində danışıqlar formatını dəyişməkdir. O, Rusiyanın Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərməyə çalışdığını söyləyib: “Belə görünür ki, Lavrovun İrəvana səfərinin əsas məqsədi danışıqlar prosesində 1998-ci ilə qədər olan formatı bərpa etməkdir. O vaxtlar format belə idi ki, Dağlıq Qarabağı münaqişədə müstəqil tərəf kimi qələmə verməyə çalışırdılar. Bəzi məqamlarda Rusiya siyasəti buna nail olurdu. Amma 1998-ci ildə Moskvada Ermənistan Prezidenti Robert Köçəryan və Azərbaycan Prezidenti Heydər Əliyev qərara gəldi ki, danışıqlar iki dövlət başçısı arasında aparılsın. Bu, çox vacib bir məsələdir. Paşinyanın ikili bəyanatları ona gətirib çıxarıb ki, artıq o birmənalı olaraq işğal olunmuş ərazilərin Ermənistanın tərkib hissəsi olduğunu söyləyir. Lavrov isə deyir ki, Qarabağ müstəqil tərəfdir”.
Politoloq Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə münasibətinin düzgün olmadığını bildirib:
“Lavrovun istəyi odur ki, Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa eləsin. Biz nəyə görə 20 ildən çox sınaqdan keçmiş danışıqlar formatını dəyişməliyik? Qəribəsi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinə Lavrovun bu bəyanatına dəstək olaraq göstərir ki, Qarabağda həm Azərbaycan, həm də Ermənistan icması yaşayıb. Bu, yanlış olaraq 1998-ci ildə olan formata hazır olmağımız kimi anlaşıla bilər”.
Politoloqun sözlərinə görə, Lavrov üçtərəfli danışıqlar formatını bərpa etməklə Azərbaycanı torpaqlarımızın qaytarılacağına inandırmağa çalışır: “Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı qeyd eləmişdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Prezident həmçinin ona işarə eləmişdi ki, biz Dağlıq Qarabağı danışıqlar tərəfi kimi tanımaq niyyətində deyilik. Azərbaycan tərəfi də öz mövqeyində bildirib ki, proses dayanıb, danışıqlar getmir və Paşinyanın bəyanatları anneksiya siyasətidir. Əlbəttə ki, buna cavabdeh olan Lavrova tapşırıq verilib. Lavrov da ermənipərəst mövqeyindən irəli gələn bəyanatlar verir. Lavrov danışıqların formatını dəyişməklə hansısa irəliləyişin mümkün olacağını göstərməyə çalışır. Guya ki, Ermənistan bunun əsasında torpaqları qaytarmağa razılaşacaq. Amma təbii ki, bu, həqiqətdən uzaq bir məsələdir. Çünki format dəyişsə belə, ermənilər yenə də torpaqları qaytarmamaq üçün bəhanə tapacaqlar. Lavrovun İrəvandakı bəyanatlarını bu vəziyyəti təsdiq edən element kimi şərh etməliyik”.
Politoloq Natiq Miri deyib ki, Rusiya xarici işlər naziri tərəfindən xüsusi olaraq seçilən bu ifadə təxribat xarakterlidir və xalqların öz müqqədəratını təyin etmək prinsipini bilavasitə legitimləşdirməyə, önə çəkməyə hesablanmış addımdır: “Rusiya bununla ikili standartlardan çıxış etdiyini ortaya qoyur. Bu həmçinin Moskvanın problemin həllində səmimi olmadığını sübut edir. Lavrovun bu ifadəsi Dağlıq Qarabağ probleminin həllinə nəinki yardım etmir, əksinə bilavasitə ermənilərin marağına yönəlik, xüsusi olaraq ortalığa atılan bir ifadədir. Çünki Dağlıq Qarabağ “xalqı” deyilən bir xalq mövcud deyil. Sadəcə olaraq, Qarabağın Dağlıq hissəsində milli azlıq olaraq etnik ermənilər yaşayır. Ona görə də burada yaşayan erməniləri Dağlıq Qarabağ xalqı kimi təqdim etmək təxribat xarakteri daşıyır və problemin həllində daha çox Azərbaycanın mövqelərini zəiflədir”.
O bildirib ki, Lavronun həmin açıqlaması həm də problemin Rusiyasız həllinin mümkünsüz olması anlamına gəlir: "Çünki Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən bilavasitə Rusiyadır. Onlar bilavasitə həm siyasi, həm də hərbi anlamda Rusiyadan asılı və oradan idarə olunan qruplardır. Paşinyan istəsə belə problemi həll edə bilməz. Görünür, Moskvada belə bir əndişə yaranıb. Ona görə də Lavrovun həmin açıqlaması tək Azərbaycana yönəlməyib, həm də Paşinyana meydan oxumağa hesablanıb. Kreml məhz Qarabağ kartından istifadə etməklə Paşinyanın mövqeyini zəiflətməyi düşünür”.
Politoloq Mübariz Əhmədoğlu isə diqqətə çatdırıb ki, ATƏT-in Minsk Qrupu egidası altında aparılan danışıqlarda ən kəskin məsələlərdən biri Dağlıq Qarabağın hüquqi statusunu müəyyən edəcək subyektin kimliyidir: “Sənədlərdə aşkar şəkildə göstərilib ki, Dağlıq Qarabağın statusunu "Dağlıq Qarabağ əhalisi" müəyyənləşdirəcək. "Dağlıq Qarabağ əhalisi" Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin birgə məcmusudur. Ermənilər bununla razılaşmır. Çünki ermənilərin yumşaq desək ksenofobik baxışı azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmasını qəbul edə bilmir. Dağlıq Qarabağ azərbaycanlılarının dədə-baba torpaqlarına qayıtması erməni siyasi tarixinin rüsvay olması anlamındadır. Çünki hamı biləcək ki, Dağlıq Qarabağdan deportasiya olunanlar bu torpaqların əsl sahibi olan azərbaycanlılardır. Ermənistanın Xarici İşlər naziri Z.Mnasakanyan sübut etməyə çalışır ki, Dağlıq Qarabağ erməniləri öz torpaqlarından deportasiya olunublar. Amma Z.Mnasakanyan məntiqi izah vermir ki, necə olub "deportasiya olunan ermənilər" həmin torpaqda yaşayır, "deportasiya edən azərbaycanlılar" o torpaqdan qovulub, orada yaşamır?”.
Onun sözlərinə görə, Mnasakanyanın "Dağlıq Qarabağ əhalisi" terminin işlətməsi müsbət hadisədir: “Bir az öncə rəhbərlik etdiyi nazirlik rəsmi bəyanatlarında "Dağlıq Qarabağ əhalisi" terminini istifadə etməyə başlamışdı. Eks-prezident Sərkisyan bir neçə dəfə bu termini işlədib. Nalbandyan Xarici İşlər naziri postundan getdikdən sonra, yeni hökumətin dövründə son müsahibəsində "bütün sənədlərdə aydın şəkildə göstərilib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir". həqiqətini bəyan etdi. Əslində Ermənistanın rəhbərliyi erməni xalqını ələ salır.
Mnasakanyanın İsveçrə Beynəlxalq İnstitutunda çıxışı və orada azərbaycanlıların suallarına cavab verməsi onu daha çətin vəziyyətdə qoydu; Mnasakanyan Azərbaycanın müharibəni başlamaq adlı təhlükəsinin aktual olmadığını və Azərbaycanın bu hədəsinin Ermənistana tərəf təzyiq rıçaqı kimi istifadə oluna bilmədiyini bəyan etdi. Bir neçə saniyə keçmiş Mnasakanyan özünü təkzib edir: "Azərbaycanın yüksək səviyyədə militarist ritorikasının davamı yolverilməzdir. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu ritorikasına reaksiya verməlidir".
Sanki Mnasakanyanın da beynində Paşinyanın beynindəki kimi qarışqalar yeriyir.
Mnasakanyan aydın formada mövqeyini erməni xalqına izah etməlidir. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas tələblərindən biri xalqı sülhə hazırlamaqdır. Mnasakanyan hələki "Artsax (Dağlıq Qarabağ) xalqı" ilə "Dağlıq Qarabağ əhalisi" termininin fərqini öz xalqına izah edə bilmir. "Artsax (Dağlıq Qarabağ) xalqı", "Dağlıq Qarabağ ermənisi" adlı xalq yoxdur. Bu ermənilərin "miatsum" məntiqinə zidd olan daha bir yanaşmasıdır. Əgər erməni xalqı bütövdürsə Dağlıq Qarabağdakı ermənilər onun ayrı bir hissəsi ola bilməz. Rəsmi İrəvan Dağlıq Qarabağ ermənisini fərqləndirməklə Azərbaycanın mövqeyini dəstəkləmiş olur. Çünki Dağlıq Qarabağ ermənisinin Ermənistan ermənisindən fərqi Dağlıq Qarabağ ermənisinin danışdığı dildə türk və fars sözlərinin olmasıdır. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənisi İran və Osmanlıdan köçüb gəlmədirlər. Yəni, Dağlıq Qarabağ erməniləri yerli erməni deyil. Erməni məntiqi getdikcə ermənilərin özlərini daha çətin vəziyyətə salır”.

Əli