Erməni lobbisinin ABŞ fiaskosu Layihə

Erməni lobbisinin ABŞ fiaskosu

Məhəmməd Əsədullazadə: “Onlardan istifadə edildiyini artıq başa düşdülər”

ABŞ konqresinin Respublikaçı senatoru Lindsi Qrem Nümayəndələr Palatasında 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan qətnaməni blok edib.
O, sənədi blok etmək hüququndan istifadə edərək, Türkiyəyə qarşı qərəzli qətnamənin qəbuluna imkan verməyib: “Biz Türkiyə prezidenti və ABŞ rəhbəri ilə görüşüb, Suriyada qarşılaşdığımız problemlərlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki,Türkiyə və Ermənistan problemlərinin birgə həlli mümkündür”.
Qeyd edək ki, nümayəndələr Palatasının 405 konqresmeni Osmanlı imperiyası ərazisində ötən əsrin əvvəllərində baş verən ermənilərin kütləvi qırğınını “soyqırım” kimi tanıyıb. Bunun əleyhinə səsverənlər cəmi 11 konqresmen olub. Üstəlik qətnaməni həm demokratlar, həm də ABŞ prezidenti Donald Trampın təmsil etdiyi Respublika Partiyasının üzvləri dəstəkləyib.
Senat qəbul etsəydi, qətnamə ABŞ prezidentinin imzasına göndəriləcəkdi.
İndiyə qədər ABŞ prezidentləri, o cümlədən də Donald Tramp öz rəsmi çıxışlarında 1915-ci il hadisələri haqda danışarkən “soyqırım” sözündən istifadə etməyiblər.
ABŞ-ın 50 ştatından 49-u rəsmən erməni “soyqırımı”nı tanıyıb, amma federal səviyyədə proses hər dəfə hansısa məqamda ilişib qalır.
Lindsi Qrem izah edib ki, qətnaməni Türkiyə prezidenti Ərdoğanla Ağ Evdə baş tutan görüşdən sonra bloklayıb. Onun sözlərinə görə, o, qətnaməni “keçmiş üçün yox, gələcək üçün” bloklayıb:
“Mən indicə Ərdoğanla və prezident Trampla görüşdüm və Türkiyənin Suriyaya hərbi müdaxiləsi nəticəsində qarşılaşdığımız problemlər haqda danışdım. Mən ümid edirəm ki, Türkiyə və Ermənistan bu problemi birlikdə çözə biləcəklər”. Qrem əlavə edib ki, senatorlar “nə şişirtməli, nə də tarixi yenidən yazmalıdırlar”.
Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq hüquq üzrə mütəxəssis Suren Sarkisyan özünün Facebook səhifəsində qeyd edib ki, qondarma erməni soyqırımı ilə bağlı qətnaməni dayandıran senatorun türk "kökləri" tezliklə üzə çıxacaq. Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri qondarma Erməni Soyqırımının tanınması ilə bağlı qətnaməyə veto qoyulmasına baxmayaraq ABŞ Senatında hələ də şansların olduğunu söyləyib. Görünür, mərkəzin rəhbəri ya hələ də ümidlərini itirmək istəmir, ya da erməni cəmiyyətinə təskinlik vermək niyyətindədir. O, iddia edir ki, respublikaçı senator Lindsi Qrem, cəmiyyətin ciddi təzyiqi səbəbiylə vetonu götürə bilər. Amma yanlış düşüncədə olduğunu özü də yaxşı bilir. Yaxşı bilir ki, qondarma bir soyqırım barədə danışıb tarixdə yanlışlıqlara yol verilməyəcəyi təkzib edilə bilməz.
Sarkisyan onu da iddia edir ki, hazırda Erməni Amerika Araşdırmaları Mərkəzinin mütəxəssisləri Qremin türk lobbiçiləri ilə əlaqələrini diqqətlə araşdırır və məlumatlar yaxın vaxtlarda yayımlanacaq. Bəlli olur ki, ermənilər soyqırımla bağlı fiaskonu həzm edə bilmirlər və Sarkisyan kimi bir beynəlxalq hüquq üzrə mütəxəssisin fikirlərində bu özünü biruzə verir.
Suren Sarkisyan hesab edir ki, qətnamənin bloklanmasına müxtəlif amillər təsir edib. Onlardan biri də Amerika-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasıdır: “Tram-Ərdoğan görüşündən sonra Türkiyə və ABŞ arasında münasibətlər tamam başqa yolla irəliləyə bilər. Bu il ərzində yaxınlaşma ola bilər, çünki görüş isti keçib. Bu o deməkdir ki, bir çox məsələlərə yanaşma dəyişir. Münasibətlər iki strateji müttəfiqin münasibətləri kimi inkişaf edəcək. Yaxın zamanda çox güman ki, onların münasibətlərində yaxşılaşma müşahidə edəcəyik”. O deyir ki, indi də qətnaməni irəlilətmək imkanı mövcuddur: “Senatdakı respublikaçıların lideri qətnamə üzərindən vetonu götürmək hüququna sahibdir. Amma bunun üçün böyük siyasi iradə və senatorların güclü dəstəyi lazımdır. O zaman qətnamənin şansı olacaq. Amma bu, çox zaman alacaq”. Suren Sarkisyan deyir ki, indi erməni lobbisi qarşısında çətin vəzifə durur – Qremin vetonu qaldırmasına nail olmaq: “Əgər o, qətnaməyə qarşıdırsa, sadəcə əleyhinə səs verə bilər, senatda qətnaməni bloklamaz. Əgər o, digər senatorlar tərəfindən güclü dəstək ala bilsə, bu yolla gedə bilər”.
Amerikalı politoloq Piter Teys deyib ki, senator Lindsi Qrem hərəkətləri ilə tarixi faktları müdafiə edir və dünya tarixini həqiqətən bilən, anlayan və erməni təbliğatının və onun dezinformasiya maşınının qurbanı olmayan ABŞ qanunvericilərinin və senatorlarının da olduğunu nümayiş etdirir: “Cənubi Karolina ştatından olan senator Lindsi Qrem həmişə ABŞ-Türkiyə ittifaqını dəstəkləyib. Güclü, fəal liderliyi və ardıcıllığı onu hər zaman müstəsna senator edib”. Ekspert vurğulayıb ki, “erməni soyqırımı”nın tanınmasına qarşı çıxan L.Qremin hərəkətləri çox yüksək qiymətləndirilir.
Rusiyalı ekspert Yevgeni Mixaylov “Report”a deyib ki, senator Lindsey Qraham ABŞ-dakı erməni lobbisinin nüfuzuna sarsıdıcı zərbə vurub. “Osmanlı imperiyasında guya baş vermiş erməni soyqırımını tanıyan qətnaməyə veto qoyulması ABŞ-ın xarici siyasətində Ermənistanın həqiqi yerini ilk dəfədir bu qədər əyani şəkildə ortaya qoydu. Bütün bu məsələ yalnız və yalnız türklərə təzyiq göstərmək məqsədi daşıyır”, - deyən rusiyalı politoloq Türkiyə tərəfinin də keçmişin əsirinə çevrilmək niyyətində olmadığını qeyd edib.
“Vaşinqtonda ağlı başında olan adamlar da var. Oradakılar erməni məsələsinin türklər üçün ABŞ tərəfindən qoşulan qulpdan başqa bir şey olmadığının fərqindədir. Türkiyə ilə münasibətlərin pozulması Vaşinqtona çox baha otura, ilk növbədə də, NATO-dakı ən böyük müttəfiqinin əldən çıxmasına gətirib çıxara bilər”, - deyən ekspert dünyanın təkcə “soyqırımı” qətnaməsini qəbul etdirməyə çalışan erməni lobbisinin məğlubiyyətinə yox, həm də prezident Donald Tramp və administrasiyasının ABŞ-dakı erməni diasporuna açıq ismarıcına şahid olduğunu qeyd edib.
Rusiyalı politoloqun fikrincə, qətnaməyə qoyulan vetoda "olmayan məsələni qəbul etdirmək üçün dəridən-qabıqdan çıxan yad qövmə təkəbbürlə göz qoyan” yəhudi icması da mühüm rol oynayıb.
“Nasistlər tərəfindən yəhudilərə qarşı törədilmiş Holokost hamı tərəfindən qəbul edilən tarixi fakt olduğuna görə yəhudilər başlarına gələnlər müqabilində haqlı olaraq təzminat alıblarsa, ermənilərin türkləri “cəzalandırmaq” cəhdləri arxasında fikrimcə, hansısa təzminatla yanaşı, “böyük Ermənistan”ın xəyali ərazilərini qaytarmaq istəyi də gizlənir ki, bu da əslində qeyri-mümkündür”, - deyən politoloq Osmanlı imperiyasında 1915-ci ildə baş verənlərin tarixçilər tərəfindən az tədqiq olunduğunu, iki dövlət arasındakı siyasi gündəmə çıxarılacaq bir məsələ olmadığını vurğulayıb.
“Qeyd etmək istərdim ki, XX əsrin əvvəlində bir çox xalqlar böyük məşəqqətlərə düçar olublar. Odur ki, o vaxt kim əziyyət çəkibsə, hamısının soyqırımını tanımaqla ifratçılıqla məşğul olmaqdansa, keçmişdəki səhvləri üzə çıxararaq müasir dövrdə təkrarlanmaması üçün ibrət götürsək, daha yaxşı olar”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb.
Siyasi ekspert Kənan Rövşənaoğlu isə “Xalq Cəbhəsi”nə bildirib ki, bu, ABŞ-ın Türkiyəyə təzyiq məqsədi ilə atdığı addımdır: “İndi də Ərdoğanla danışıqlardan sonra geri addım ataraq sənədi blokladı. Bu, əslində ermənilər üçün pisdir ki, onların tarixi hadisə kimi qələmə verdiyi hadisə 3-cü ölkənin əlində təzyiq vasitəsinə çevrilib...”.
Qeyd edək ki, erməni lobbisi soyqırım yalanları ilə Azərbaycana qarşı təbliğatlarını paralel aparırlar. Azərbaycan və Türkiyə disporu isə birlikdə fəaliyyət göstərərək erməni yalanlarına qarşı tutarlı arqumentlərlə çıxış edir. Xüsusilə Qarabağ mövzusunda birgə fəaliyyət xüsusi əhəmiyyət kəsb edir.
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırıb ki, ABŞ kongrensinin qondarma erməni soyqırımı qətanaməsini qəbul etməsi Vaşinqton və Ankara arasında ciddi uçurum yaratamışdı: “Təssüf ki, ABŞ-ın müttəfiqi olan bir ölkəyə qarşı belə bir addım atması ikitərəfli əlaqələrə kölgə salmış oldu. Göründüyü kimi erməni lobbisinin fəaliyyəti artıq ABŞ-da fiaskoya uğradı. Bundan sonra erməni lobbisi konqrensmenlərə inanmayacaq. Onlardan istifadə edildiyini artıq başa düşdülər. ABŞ öz böyük siyasətində bir daha Türkiyənin yanında oldu. Erməni lobbisi qondarma soyqırımın ABŞ üçün artıq əhəmiyyətsiz bir qətanamə oduğunun fəqrinə vardı”.

Əli