Azərbaycan diasporu: İtaliya Layihə

Azərbaycan diasporu: İtaliya

Real vəziyyət, problemlər və perspektivlər

Avropanın nüfuzlu dövlətlərindən biri də İtaliyadır. 301,338 km2 ərazisi, 60,5 milyondan artıq əhalisi olan İtaliya dünyada nüfuza və təsir imkanlarına sahib olan bir dövlədir. Qeyri-rəsmi məlumata görə burada yaşayan azərbaycanlıların sayı 4 000 nəfərdir.
Xatırladaq ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. 1992-ci il, mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb.
Azərbaycanla İtaliya arasında ticarət əlaqələri də mövcuddur və hər iki dövlətin rəhbər şəxsləri, əlaqələrin inkişafında, ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Təbii ki, iki ölkə arasında əlaqələrin inkişafında diaspor amili də rol oynaya bilər. Bir şərtlə ki, Azərbaycan diasporu burada geniş təsir imkanlarına, parlament, bələdiyyə, dövlət qurumları və digər təşkilatlarla ciddi əlaqələrə malik olsun. Həqiqətənmi belədir? Hazırda durum necədir, hansı problemlər var, hansı işlər görülür və perspektiv imkanları nə qədərdir? Bunu araşdırmaq üçün öncə İtaliyada fəaliyyət göstərən Azərbaycanın diapsor təmsilçilərinə müraciət etdik.
Onu da nəzərə çatdıraq ki, İtaliya ötən il ATƏT-ə sədrlik edib.

İtaliyadakı diaspor təmsilçiləri nə düşünürlər?

Azərbaycan İtaliya Gənclər Assosiasiyasının rəhbəri Emin Rüstəmov bildirdi ki, bugün diasporun inkişafı istiqamətində çoxtərəfli islahatlar aparılır: “Təbii ki, bu da xaricdə yaşayan azərbaycanlılar olaraq bizləri sevindirməyə bilməz. Diasporla iş üzrə Dövlət komitəsinin əməkdaşlarının müxtəlif ölkələrə səfərləri, oradakı Azərbaycan icması ilə görüşləri, koordinasiya şuralarının təsis edilməsi və s. amillər yaxın zamanda daha güclü diasporumuzun olacağından xəbər verir. Bu gün İtaliya ilə Azərbaycan arasındakı çoxtərəfli münasibətlərin inkişafı, burda da güclü Azərbaycan diasporunun yaranmasını labüd edir. Bugün İtaliyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar var. Bunların əksəriyyətini tələbələr təşkil edir. Təssüf ki, uzun illərdir İtaliyada yaşayan azərbaycanlıların sayı bir o qədər də çox deyil. Ona görə də bizim əsas hədəf kütləmiz, burada təhsil alan və hal hazırda fəaliyyət göstərən gənclərdir”. Emin Rüstəmov əlavə etdi ki, geridə qalan illərdə İtaliyadakı Azərbaycan diasporunun formalaşması istiqamətində gərəkli addımlar atılıb: “Amma təssüf ki, hələ də bəzi problemlər qalmaqdadır. Bizim təşkilat olaraq əsas məqsədimiz bu problemləri aradan qaldırmaqla yanaşı, ölkəmizin düzgün istiqamətdə təbliği, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılar arasında güclü şəbəkənin qurulması, onların vahid platforma altında birləşdirilməsi, İtaliyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlər və xarici diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi, gənclərimizin assimilyasiya olmadan doğru istiqamətdə cəmiyyətə inteqrasiyası, Dağlıq Qarabağ həqiqətlərinin yerli o cümlədən dünya ictimaiyyətinə çatdırılması, Avropada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin qurulmasından ibarətdir. Planlar çoxdur. Hesab edirəm ki, əgər qarşımıza qoyduğumuz məqsədlərin, heç olmazsa 40/50 faizini həyata keçirə bilsək, ölkəmiz, diasporumuz adina İtaliyada çox böyük işlər görmüş olacağıq. Təşkilat olaraq tam gücümüzlə fəaliyyətə başlayacağıq. Artıq yeni formatda Azərbaycan İtaliya Gənclər Assosiasiyası görəcəksiniz”.

İtalyan dili dərsləri

İtaliyada yaşayan gənc fəal Məryəm Mehdiyeva isə dedi ki, İtaliyada azərbaycanlıların sayı getdikcə artır. O, əlavə etdi ki, burada illər boyu yaşayan ailələrlə bərabər İtaliyada təhsil alan azərbaycanlı tələbələrin də sayı çoxdur: “Müxtəlif fakültələrdə oxuyan tələbələr həm savadlı bir gənc kimi bizi xaricdə təmsil edir, həm də imkan daxilində diaspor fəaliyyəti ilə məşğul olurlar”.
Azərbaycan Türkiyə diasporunun İtaliyadakı birgə fəaliyyətinə gəlincə isə M. Mehdiyeva diqqətə çatdırdı ki, Türkiyə türkləri bu işdə çox aktiv deyillər: “Amma burada təhsil alan türkiyəli tələbələrin içində əməkdaşlığa təşəbbüs göstərən aktiv tələbələr var. Amma təəssüf ki, hələ də koodinasiyali əməkdaşlıq yoxdur”.
Görülən işlərlə bağlı danışan M. Mehdiyeva “Xocalı soyqırımı ilə, aprel hadisələri ilə bağlı aksiyalar təşkil edir, mühüm tarixlərlə bağlı və tədbirlər həyata keçiririk”, - deyə vurğuladı: “Bundan başqa Azərbaycan həqiqətləri ilə bağlı tədbirlər təşkil edirik. Birbaşa təşəbbüskarı olmadığımız tədbirlərə də qatılırıq, dəstək veririk”.
Qeyd edək ki, M.Mehdiyeva 2013-cü ildən 2016-cı ilə qədər Venesiyanın Ca Foscari Universitetində Azərbaycan dilini tədris edib: “Hazırda İtaliyada diasporla bağlı görəcək çox iş var. Burada yaşayan azərbaycanlıların böyük əksəriyyəti tələbədir. Təbii ki savadlı və perspektivli soydaşlarımız var. Bəzi çətinliklərimiz italyan dilini yaxşı bilməməyimizdən irəli gəlir. Bununla bağlı bacardığım qədər həmvətənlərimizə kömək edir, onların bu dili mənimsəməsinə çalışıram”.
M.Mehdiyeva onu da əlavə etdi ki, gələn ildən könüllü olaraq italyan dili dərsləri keçmək istəyir: “Hesab edirəm ki, burada yerli cəmiyyətə interqasiya olmaq, əlaqələr qurmaq, effektli diaspor fəaliyyəti göstərmək üçün dil bilikləri mütləqdir. Belə bir planım həmişə olub, sadəcə tədris üçün yerimiz olmadığından həyata keçməyib”.

Sistemli fəaliyyəti gücləndirmək lazımdır

Diaspor üzrə araşdırmaçı, ekspert Elnur Eltürk isə fərqli düşünr. Onun fikirncə, son illər İtaliyada fəaliyyət göstərən Azərbycan diaspor təşkilatlarında fəallıq müşahidə olunur: “Xüsusilə, İtaliyada Azərbaycan icmasında gənclərin rolu artmaqdadır. İtaliyada təhsil alan və yaşayan gənclərimiz uğurlu fəaliyyət ortaya qoyurlar. Biz burada səfirliyin fəaliyyətini xüsusi qeyd etməliyik. Səfirliyimiz İtaliyada Azərbaycan-İtaliya əlaqələrinin inkişafında, yerli media və siyasi dairələrlə sıx əlaqələr qurub. Bununla yanaşı Azərbaycan tarixi, həqiqətləri, mədəniyyəti və turizm potensialı haqqında sistemli fəaliyyəti gücləndirmək lazımdır. Parlamentlə əlaqələr xüsusilə diqqətdə saxlanılamalıdır. Mətbuada mütəmadi olaraq ölkəmizlə bağlı məqalə və yazıların çap olunmasına nail olmalıyıq”.

Lobbiçilik modeli

Siyasi elmlər üsrə fəlsəfə doktoru, dosent, diaspor ezrə ekspert Zaur Əliyev vurğuladı ki, bu gün nəinki İtaliyada, bir sıra ölkələrdə Azərbaycan diasporunun fəaliyyəti zəifdir: “2001-ci ildə Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayından sonra biz gözləyirdik ki, diasporumuz yeni modelə-lobbiçilik modelinə keçəcək. Lakin gözləntilər özünü doğrultmadı. 18 ildir ki, biz hər dəfə diasporun fəaliyyətindən yazmağa çalışırıq, lakin hər dəfə də eyni sözləri yazmağa məcbur oluruq. Hazırda dünyada lobbi təşkilatlarının ciddi təsir imkanları var. Bizim isə İtaliya daxil olmaqla dünyada lobbi təşkilatlarımız demək olar ki, yoxdur. Biz hansı fəaliyyətdən danışaq ki, həmin ölkənin parlamentində Azərbaycanın dostları qrupu yoxdur? İtaliyanın hansı TV kanalında Qarabağ həqiqətləri barədə sənədli filmi diasporumuz maliyyələşdirib? Ancaq ölkə başçısının şəxsi təşəbbüsü ilə addımlar atılır. Artıq İtaliyanın iri şəhərlərində Azərbaycan evləri yaradılmalı və lobbi mərhələsinə keçilməli təşkilatlarımız buradan idarə edilməlidir”.

“İdeyalarla zəngin gənclərimiz az deyil”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə diqqətə çatdırdı ki, bir çox ölkələr kimi, İtaliyadakı diasporumuzda da süstlük var: “Hazırda nisbətən aktivlik Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının üzlərindən hiss olunur. Roma Sapienza Universitetində təhsil alan tələbələrimiz həmrəylik nümayiş etdirib ara-sıra tədbirlər keçirirlər.
Sevindirici haldır ki, ordakı bir neçə gəncimiz hətta biznes fəaliyyəti də göstərirlər. Yəni İtalıyada ideyalarla zəngin, ambisiyalı gənclərimiz az deyil.
Onların bu və ya digər formada fəaliyyəti gələcəkdə azərbaycanlıların təşkilatlanması baxımından da çox önəmlidir. İtaliya kimi strateji baxımdan önəmli dövlətdə bu cür işlərin görülməsi diaspor fəaliyyəti nöqteyi-nəzərindən də faydalıdır.
İtaliyadakı gənclərimiz geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq etməlidir. Ümumiyyətlə, xaricdəki gənclərimiz yaşadıqları ölkələrin dilini öyrənməlidir...”.

Rəsmi mövqe

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı isə söylədi ki, azərbaycanlıların İtaliyaya axını və bu ölkədə məskunlaşma XX əsrin 90-cı illərindən etibarən başlayıb. Onun szölərinə görə, azərbaycanlılar əsasən Roma, Milan, Bolonya, Padova, Venetsiya şəhərlərində məskunlaşıblar: “Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata əsasən bu ölkədə hal-hazırda təqribən 4000 nəfərə yaxın azərbaycanlı var. İtaliyadakı Azərbaycanlıların əksəriyyəti tələbələrdir. Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata əsasən tələbələrimizin sayı təqribən 2000-2500 nəfər təşkil edir”.
İtaliyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat verən V.Vahidqızı əlavə etdi ki, İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar 2000-ci illərin əvvəllərindən etibarən təşkilatlanmağa başlayıblar: “Bu ölkədə ilk Azərbaycan diaspor təşkilatı 25 iyun 2004-cü ildə Padova şəhərində yaranan və rəsmi qeydiyyatdan keçən İtaliya-Azərbaycan "Dostluq" assosiasiyasıdır.
İtaliyada yaranan və hal-hazırda da fəaliyyət göstərən növbəti təşkilat "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasıdır.
Digər təşkilat “İtaliya-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”dir. Təşkilat Milan şəhərində təsis edilib və rəsmi qeydiyyatdan keçib.
Bakı-Neapol Assosiasiyası isə Azərbaycanla İtaliya arasında mövcud olan dostluq, ticarət və mədəniyyət əlaqələrini daha da inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən təşkilatdır. Assosiasiya 2014-cü ildə İtaliyanın Neapol şəhərində yaradılıb. Təşkilatın sədri İtaliya vətəndaşı olan Cüzeppe Kanilyadır. Assosiasiya yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində yaxından xidmət göstərib, bir sıra tədbirlərin təşkilatçısı olub”.
V.Vahidqızı əlavə edib ki, İtaliyada yaşayan azərbaycanlıların əksər hissəsini təşkil edən tələbələr təşkilatlanma prosesindən kənarda qalmayıblar: “2014-cü ilin iyun ayında Romanın nüfuzlu ali təhsil müəssisələrindən olan Carlo Universitetində Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təsis konfransı keçirilib. İtaliyada yaşayan, təhsil alan soydaşlarımızın diaspor istiqamətində fəaliyyətlərində effektivliyin yüksəldilməsi məqsədilə cari ilin may ayında Roma şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə toplantı keçirilib və Koordinasiya Şurasının yaradılması qərara alınıb. İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Roma üzrə koordinatoru Fərid Abbasov, Milan üzrə koordinatoru Bahar Yusifzadə, Malta üzrə koordinatoru Leyla Cavadova toplantı iştirakçıları tərəfində səsvermə yolu ilə seçilib”.

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir