Ermənistan beynəlxalq hüquq prinsiplərini qəddarcasına pozur Layihə

Ermənistan beynəlxalq hüquq prinsiplərini qəddarcasına pozur

Müasir və qloballaşan dünyada ən aktual və əhəmiyyətli məsələlərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq hüquqları insanın ayrılmaz və toxunulmaz hüquqlarıdır. İnsan hüquqları ideyasının tarixi kökü çox qədimdir. Bəşəriyyət yaranandan dünyanın ən ağıllı varlığı olan insan hər zaman öz hüquqları və azadlıqları uğrunda fədakarlıqla mübarizə aparmışdır. Bu mübarizə ən qəddar rejimlərdə də, ən liberal cəmiyyətlərdə də həmişə aktual olub. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə qəbul edib. O vaxtdan başlayaraq insan hüquq və azadlıqlarının müxtəlif normaları dünyanın bir çox dövlətlərinin əsas qanunlarında öz əksini tapıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizindən çoxu işğal edilib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, qadınlar, uşaqlar, qocalar dəhşətli zorakılıqla qətlə yetirilib, minlərlə insan əsir və girov götürülüb, tarixdə analoqu olmayan Xocalı soyqırımı törədilib. Azərbaycan dövlətinin ərazisində "Dağlıq Qarabağ Respublikası" adlı qondarma bir qurum yaradılıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək, işğal faktını və törətdiyi etnik təmizləmənin nəticələrini "xalqların öz müqəddəratını təyin etməsi" kimi təqdim edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafına mane olan ən başlıca səbəblərdəndir. Cənubi Qafqaz regionunda beynəlxalq hüquqa və ATƏT-in Helsinki Yekun Aktına uyğun sivil, dövlətlərarası münasibətlər bərqərar deyil. İki ölkə arasında elan edilmədən aparılan müharibənin nəticələri bölgədə sülh və sabitliyin yaranmasına mane olur. Müharibənin bütün dəhşətlərini və ölkəyə vurduğu maddi-mənəvi zərəri təkcə statistik göstəricilərlə ifadə etmək mümkün deyil. İşğal nəticəsində, bütövlükdə Azərbaycanın 900-ə yaxın yaşayış məntəqəsi dağıdılaraq məhv edilib. Münaqişə nəticəsində 20 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, 50 mindən çox insan yaralanmış, əlil və ya şikəst olmuş, bir neçə min insan isə itkin düşmüşdür.
BMT Təhlükəsizlik Şurasının adı çəkilən münaqişə ilə bağlı 7 bəyanat və 4 qətnaməsi qəbul edilsə də, Ermənistanın indiyədək bu beynəlxalq sənədlərin tələblərini yerinə yetirməyib. Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul ediblər. 2005-ci il yanvarın 25-də AŞPA-nın qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilib. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənilmiş, bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlıq ifadə edilib. Sənəddə bildirilib ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir. Əli Həsənov vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir.
Azərbaycanın haqlı tələblərinə, bütün dünyanın təcavüzkarlıq faktını pisləməsinə baxmayaraq, Ermənistan işğaqlçılıq siyasətini davam etdirir. Bu işğalın nəticəsi olaraq, Azərbaycan dövlətinin ərazi bütövlüyü kobud şəkildə pozularaq Qarabağ əhalisinin yaşamaq hüququ əlindən alınıb. BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycana qarşı təcavüzünə hüquqi qiymət verilmişdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü yenidən təsdiq edilərək hərbi əməliyyatlara dərhal son qoyulması, işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması, qaçqınların doğma yurd-yuvalarına geri qaytarılması tələb edilmişdir. BMT-nin Baş Məclisi hələ 23 mart 1994-cü ildə qəbul olunmuş Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında qətnaməsində Azərbaycanda qaçqınların və yerlərini dəyişmiş şəxslərin sayının bir milyonu keçməsini qeyd etmişdir.
Erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımı insan hüquq və azadlıqlarının ən kobud və ən qəddar şəkildə pozulmasına bir nümunədir və bu, bir çox beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərdə də öz əksini tapıb. Bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalıda mülki insanların vəhşicəsinə öldürülməsi birmənalı olaraq pislənilir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda və ətraf ərazilərdə yüzlərlə abidəmiz də məqsədli şəkildə məhv edilir, yaxud erməniləşdirilir. Bu isə xalqlarımızın sahib olduğu mədəni hüquqların pozulması deməkdir. Çünki hər bir xalq öz mədəni dəyərləri, milli keyfiyyətləri ilə tanınır. Bu xüsusiyyətlərin başqaları tərəfindən mənimsənilməsi yolverilməzdir. Ona görə də insan hüquqlarının, xüsusilə də mədəni hüquqların təmin olunmasında beynəlxalq təşkilatların, dövlət qurumlarının fəaliyyəti genişləndirilməli və əlaqələndirilməlidir. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsində nəzərdə tutulduğu kimi, beynəlxalq əməkdaşlıq yolu ilə mədəni sahədə fəaliyyətlərin əlaqələndirilməsi bu təşkilat üçün prioritet əhəmiyyət daşıyır.
Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən müvafiq dörd qətnamənin icrasına məhəl qoymadan hələ də torpaqlarımıza hərbi təcavüzünü, cəbhə xəttində təxribatlar törətməklə mülki əhalini və mülki obyektləri hədəfə almaq siyasətini davam etdirməsi, dinc sakinlərin, o cümlədən qadınların, uşaqların öldürülməsi insanlıq əleyhinə ən ağır hərbi cinayətdir, beynəlxalq hüququn və insan haqlarının, 1949-cu il Cenevrə, həmçinin BMT-nin Uşaq hüquqları haqqında konvensiyaların və digər sənədlərin kobud şəkildə pozulmasıdır. Bu hərbi təcavüz faktı, həmçinin həyata keçirilən hərtərəfli islahatların, beynəlxalq konvension öhdəliklərin icrasının bütün ölkə üzrə tətbiq olunmasında ən ciddi maneədir. Ona görə də beynəlxalq birlik Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün daha təsirli tədbirlər görməli, günahsız insanların qətlə yetirilməsinə, bütövlükdə Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə laqeyd və susqun münasibət bəsləməməlidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 5-ci maddəsində göstərilir: "Heç kim isgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır".
İndiki mərhələdə ən vacib məsələ Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə əsasən, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələrin saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. Prosesin başlandığı 2014-cü ildən ötən müddətdə 1943 itkinlə bağlı 5889 nümunə toplanıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində məsuliyyət problem ilə bağlı maraqlı məqamlardan biri də beynəlxalq hüquqda xüsusi əhəmiyyət kəsb edən əks-tədbirlərin və sanksiyaların tətbiqi məsələsidir. Beynəlxalq hüquqda əks-tədbirlər yalnız hər hansı bir dövlətin hüquqazidd hərəkətləri nəticəsində tətbiq oluna bilər və belə tədbirlər qarşı tərəf üçün cəza xarakteri daşımır. Əks-tədbirlər hüquq pozuntusu törədən dövlətə qarşı demərkəzləşmiş məcburetmə mexanizminin elementlərini özündə cəmləşdirir. Beynəlxalq hüquq bəzi pozuntulara görə əks-tədbirlərin tətbiq olunmadığı bir sıra öhdəliklər müəyyən edir. Bura imperativ normalardan irəli gələn öhdəliklər, ilk növbədə güc tətbiq etməmək prinsipi aiddir və yalnız özünümüdafiə halları istisna oluna bilər. Çünki, bu prinsip bütün hallarda güc tətbiqi və güclə hədələməni, o cümlədən, əks-tədbirlərin tətbiqini qadağan edir. Ermənistanın təcavüz hərəkətlərinə qarşı Azərbaycanın əks-tədbirləri yalnız özünümüdafiə məqsədilə tətbiq oluna bilər. Bu zaman əks-tədbirlər hüquq pozuntusu törədən Ermənistana qarşı demərkəzləşmiş məcburetmə mexanizminin elementlərini özündə əks etdirir.
Ölkəmiz özünümüdafiə hüququndan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən həm fərdi, həm də kollektiv şəkildə - digər maraqlı dövlətlərlə birgə və ya onların yardımından istifadə etməklə yararlana bilər. Bu kontekstdə Azərbaycan üçün xüsusilə kollektiv özünümüdafiənin seçilməsini daha məqsədəuyğun hesab edirik. Çünki Ermənistanın təcavüz hərəkətlərinin kriminal nəticələri təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz regionun və Avropaya inteqrasiya proseslərində maraqlı olan ölkələrin mənafelərinə toxunaraq, digər dövlətlərin də siyasi və iqtisadi təhlükəsizlik maraqlarını pozmuşdur. Digər tərəfdən, Azərbaycan üçün beynəlxalq hüququn imkan verdiyi və hazırki geosiyasi maraqlar prizmasından aktual hesab olunan ən məqbul həll variantlarından biri - antiterror əməliyyatlarının aparılması da əhəmiyyətli ola bilər.
Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində məsuliyyət problem ilə bağlı maraqlı məqamlardan biri də beynəlxalq hüquqda xüsusi əhəmiyyət kəsb edən əks-tədbirlərin və sanksiyaların tətbiqi məsələsidir. Beynəlxalq hüquqda əks-tədbirlər yalnız hər hansı bir dövlətin hüquqazidd hərəkətləri nəticəsində tətbiq oluna bilər və belə tədbirlər qarşı tərəf üçün cəza xarakteri daşımır. Əks-tədbirlər hüquq pozuntusu törədən dövlətə qarşı demərkəzləşmiş məcburetmə mexanizminin elementlərini özündə cəmləşdirir. Beynəlxalq hüquq bəzi pozuntulara görə əks-tədbirlərin tətbiq olunmadığı bir sıra öhdəliklər müəyyən edir. Buraya imperativ normalardan irəli gələn öhdəliklər, ilk növbədə güc tətbiq etməmək prinsipi aiddir və yalnız özünümüdafiə halları istisna oluna bilər. Çünki, bu prinsip bütün hallarda güc tətbiqi və güclə hədələməni, o cümlədən, əks-tədbirlərin tətbiqini qadağan edir. Ermənistanın təcavüz hərəkətlərinə qarşı Azərbaycanın əks-tədbirləri yalnız özünümüdafiə məqsədilə tətbiq oluna bilər. Bu zaman əks-tədbirlər hüquq pozuntusu törədən Ermənistana qarşı demərkəzləşmiş məcburetmə mexanizminin elementlərini özündə əks etdirir.
Cavid