“Ərəb ölkələrinin işğalçı Ermənistana qarşı qətnaməyə səs verməsinə nail oluruq” Layihə

“Ərəb ölkələrinin işğalçı Ermənistana qarşı qətnaməyə səs verməsinə nail oluruq”

Məhəmməd Əsədullazadə: “Paşinyan çalışır ki, ərəb ölkələrinin Ermənistana qarşı siysətində müsbət dəyişikliyə nail olsun”

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Xarici işlər nazirlərinin Bratislava görüşündən nəticə əldə olunmadı. Daha bir maraqlı məqam isə son zamanlar Ermənistanla ərəb ölkələrinin əlaqələrində canıanmanın müşahiodə olunmasıdır.
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə müsahibəsində bildirdi ki, Ermənistan son illər ərzində ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək siyasətini həyata keçirir: “Məhz bu siyasət Azərbaycana qarşı yönəlib”. Onun sözlərinə görə, İordaniya kralının Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xidmət etməklə yanaşı, ölkəmizin ərəb ölkələri ilə əmədaşlığında mühüm rol oynayır: “Qeyd edim ki, İordaniya kralı Ermənistana səfər edərək baş nazir Nikol Paşinyanla görüşüb. Ermənistan baş naziri Nikol Paşinyan ərəb ölkələrinin liderləri ilə görüşündə Qarabağ münaqişəsinə toxunaraq bunun dini münaqişə olmadığını xüsusi qeyd etməklə, ərəb ölkələrinin Ermənistana siyasi mövqelərinin dəyişməsinə çalışır”.
- Məhz İslam Əmədaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın işağal olunmuş ərazilərində müsəlman abidələrinin Ermənistan tərəfindən tərəfindən dağıdılması daima qeyd edilir və ərəb ölkələrinin işğalçı Ermənistana qarşı qətnaməyə səsverməsinə nail oluruq. Məhz Nikol Paşinyan çalışır ki, Azərbaycanın bu istiqamətdə bu cəbhəsini yarsın və ərəb ölkələrinin Ermənistana siysətində müsbət dəyişikliyə nail olsun. Qətərlə, İordaniya və BƏƏ əməkdaşlığını genişləndirən Ermənistan Azərbaycana qarşı anti-təbliğat siyasətini həyata keçirir, ərəb iş adamlarının Qarabağda tikinti sektoruna cəlb edilir.
Artıq, Ermənistan ərəb ölkələri ilə fəal siyasət aparır, ərəb investorlarını Ermənistana cəlb edirlər. Bundan əlavə, işğal olunmuş ərazilərin turizm stendləri ərəb ölkələrində nümayiş etdirilərək turistlər cəlb edilir. Qeyd edim ki. Ermənistanın ərəb dünyasına açılımı Azərbaycanın indiyə qədər ərəb ölkələrindən aldğı dəstəyi zəiflədə bilər. Rəsmi Bakı körfəz ölkələri ilə sıx əməkdaşlığı artırmalı, İordaniya, Səudiyyə Ərəbistanı, Misirlə əməkdaşlığını yeni mərhələyə gətirməlidir.
Qeyd edim ki, İordaniya kralı ikinci Abdullah Azərbaycan Prezident ilə şəxsi dostluq əlaqələrinə malikdir. Bu dostluq iki dövlət arasında Ermənistanın avantürasına imkan verməyəcək.
Hətta rəsmi Bakı Ərəb ölkələri ilə iki və üç tərəfli siyasi-iqtisadi əməkdaşlıq formatı yaradılması istiqamətində işə başlamalıdr. Xarici İşlər nazirliyi bu istiqamətdə siyasətində fəallıq göstərməlidir.
Ümumiyyətlə son illər Ermənistanla ərəb ölkələri arasında sıx siyasi təmaslar sözügedən müsəlman ölkələrinin İslam Əməkdaşlıq Təşkilatında tutduqları mövqe ilə ziddiyyət təşkil edir. Ermənistanın Qətərlə siyasi-iqtisadi əlaqələri inkişaf etdirməsi, ardınca İordaniya ilə bu əlaqələrə başlaması həqiqətən müəyyən suallar doğurur. Azərbaycan kifayət qədər çalışır ki, müsəlman ölkələrini öz ətrafında birləşdirsin və Ermənistana qarşı cəbhə formalaşdırsın. İslam Əməkdaşlıq Təşkilatında buna nail olub. Ancaq bəzi ərəb ölkələrinin diversant şəklində Ermənistanla əlaqələrə önəm verməsi öz siyasi dəyərlərinə qarşı çıxmaq deməkdir. Demək, Ermənistan Azərbaycanın bu istiqamətdə siyasətini neytrallaşdırmağa çalışır. Müsəlman ölkələri ilə əlaqələri inkişaf etdirir. Məhz Paşinyan İordaniya kralı ilə görüşdə Qarabağ münaqişəsinin dini bir münaqişə olmadığını qeyd etdi. Ermənistan çalışır ki, iradəcə zəif ərəb monarxlarını öz tərəfinə çəksin. Bu zəif monarxlar da, göründüyü kimi, islam dəyərlərinin ziddinə gedərək Qarabağda islam abidələrini yerlə yeksan edən bir ölkə ilə əməkdaşlıq qurur. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi ərəb ölkələri ilə əlaqələri sıxlaşdırıb bu istiqamətdə fəaliyyət göstərməlidir. Azərbaycan da İordaniya və Qətərlə diplomatik əlaqələri gücləndirib bu əməkdaşlığın qarşısını almalıdır. Onlara Ermənistanın islam ocaqlarında vandalizm siyasəti apardığını çatdırmalıdır. Hərçənd ki, Prezident İlham Əliyev çıxışlarında bunu dəfələrlə bəyan edib. Ancaq çox təəssüflər olsun ki, bəzi ərəb ölkələri bunu görməzdən gəlir.

- Bu istiqamətdə son günlər ən mühüm hadisə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislava görüşü oldu. Bu əvvəlki görüşlərdən nə ilə fərqləndi, ümumiyyələ necə yadda qaldı?
- Nəzərinizə çatdırım ki, Rəsmi İrəvan hələ də substantiv, real nəticə verəcək danışıqlardan qaçır. Bratislavada keçirilən ATƏT-in Nazirlər Şurasının toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müəyyən razılıqlar əldə edildi. Bu razılıqlara əsasən növbəti ilin əvvəlində yeni görüşlər keçiriləcək və danışıqlar prosesi davam etdiriləcək. Amma Ermənistan tərəfi hələ də substantiv, real nəticəsi olan danışıqlarda maraqlı deyil. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bratislava görüşü ərəfəsində qeyd etmişdi ki, Ermənistanın qəti mövqeyi məhz bu görüş çərçivəsində tam məlum olacaq. Görüş baş tutdu, ciddi nəticə əldə olunmasa da, bu istiqamətdə hər hansı bir açıqlamanı da eşitmədik.
Bratislava görüşündə sadəcə, növbəti görüşlərin keçirilməsi barədə razılığa gəliblər. Sadəcə, növbəti görüşlərin keçirilməsi barədə razılaşmanın əldə olunduğu qeyd edildi. Ermənistanın hazırkı ritorikası, baş nazir Nikol Paşinyanın bir neçə gün əvvəl işğal olunmuş Dağlıq Qarabağa gələrək verdiyi bəyanatlar göstərir ki, İrəvan hələ də qeyri-səmimi olaraq qalır. O, danışıqlar prosesində manipulyasiya ilə məşğuldur və prosesin real nəticələrə gətirib çıxarmasına imkan vermir.
Ermənistan Kremldən asılı vəziyyətdədir və belədə qərar vermək iradəsində deyil. Hazırda proseslərə Rusiya vasitəçilik edir. Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərləri çərçivəsində humanitar missiyanın həyata keçirilməsi, jurnalistlərin qarşılıqlı səfərləri və bu kimi digər proseslərin şahidi oluruq. Başa çatmaqda olan il ərzində Ermənistan tərəfi adi etimad mühitinin formalaşması istiqamətində addımlardan qaçır. Belə ki, onlar əsirlərin hamının-hamıya prinsipilə dəyişdirilməsinə razılıq verməyiblər. Bratislava görüşü ilə bu il üçün danışıqlar prosesinə nöqtə qoyuldu. Ümidverici şəkildə qeyd edirlər ki, gələn il danışıqlar prosesi davam etdiriləcək. Hesab edirəm ki, Bratislava görüşündə işğal olunmuş ərazilərimizin bir hissəsinin geri qaytarılması, humanitar missiya çərçivəsində əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunsa da, İrəvanın yenə də öz mövqeyində qaldığı bir daha üzə çıxdı. Paşinyanın danışıqlar prosesində irəli sürdüyü format qeyri-obyektivdir. Bu da onu göstərir ki, İrəvan yenilənmiş Madrid prinsiplərindən uzaqlaşmaq istəyir və qondarma rejimin də danışıqlar prosesinə qoşulmasına çalışır.
- Amma Azərbaycan bununla bağlı qəti mövqeyini ortaya qoydu...
- Doğrudur, Bratislava görüşü Azərbaycanın danışıqlar prosesində qəti mövqeyini ortaya qoyması ilə də yadda qaldı. Azərbaycan tərəfi Bratislava görüşündə Dağlıq Qarabağdakı separatçıların tərəf kimi iştirakının qəbul edilmədiyi barədə qəti mövqeyini ortaya qoydu. Azərbaycan Madrid prinsipləri əsasında danışıqların mərhələli şəkildə aparılması tərəfdarıdır. Bu mənada Bratislava görüşü Azərbaycanın qəti mövqeyinin bir daha ortaya qoyulması ilə nəticələndi.
Bu görüşün Azərbaycan üçün əhəmiyyəti odur ki, ölkəmiz Paşinyanın avantürist siyasətinə qarşı öz siyasi mövqeyini ortaya qoydu və yeni ildən danışıqları hansı istiqamətdə aparacağını qırmızı xətt kimi göstərdi. Gələn il olacaq növbəti danışıqlar prosesində Azərbaycan tərəfi danışıqlarda qəti və prinsipial şəkildə nəticənin əldə edilməsi prosesinə başlayacaq.
- Həmsədrlərin fəaliyyətini necə qiymətləndirmək olar. Bəyanatlar ənnəvi xarakter daşıyır, yoxsa hər hansı bir dəyişiklik varmı?
- Minsk Qrupunun Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etdiyi 30 ilə yaxın müddət ərzində heç bir nəticə əldə olunmayıb. İrəli sürülən həll variantları Ermənistamnın qeyri konstruktiv mövqeyi ucbatından öz həllini tapmayıb. Həmsədrlər münaqişənin həllində prinsipial olmalıdırlar. Amma təəssüf ki, biz bunun şahidi olmuruq. Hətta bir bəzi hallarda işğalçı ilə işğala məriuz qalana eyni standartlar tətbiq olunur. Bəzən isə Ermənistana güzəşt edilir, bəzən də işğalçıya dəstək verilir. Amma onu da qeyd etməliyik ki, indiyə qədər verilən açıqlamalar qısa və lakonik olurdu, əsasən ikili standartlara yol verilirdi. Bratislava görüşündən sonra bəyanatın geniş tərkibindən aydın olur ki, Azərbaycanın ciddi və uğurlu mövqeyi belə bir açıqlama verilməsinə gətirib çıxarıb. Artıq həmsədrlər regionda destabilizasiyaya xidmət edən Ermənistanın siyasətinin Avropa üçün təhlükəli olduğunu görürlər. Bundan əlavə, apardıqları missiyanın uğursuz nəticələrindən dolayı bu formatın uğursuz olduğunu artıq anlayırlar. Hesab edirəm ki, bu bəyanat həmsədrlərin növbəti danışıqlarda müəyyən qədər öz fəaliyyətlərində ciddi dönüş yaratmasına gətirə bilər. Hesab edirəm ki, Ermənistana qarşı daha sərt mövqe ortaya qoyulmalıdır. Ermənistan dəstəksiz qalsa, işğalçı olduğuna görə sanksiyalaa məruz qalsa o zaman işğaldan əl çəkməkdən başq ayolu qalmayacaq”.
Əli