I  Dünya müharibəsi dövründə ermənilərin işğal və soyqırım siyasəti - 1-ci yazı   Layihə

I  Dünya müharibəsi dövründə ermənilərin işğal və soyqırım siyasəti - 1-ci yazı  

Bu gün dünyada erməni oyunçuluğu daha geniş vüsət alıb. Dünyanın iri gücləri bunu açıq-aydın gördükləri dərəcədə oyunçuluğa imkan yaradır. Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun araşdırmasında bildirilir ki, ermənilərin arzuladığı zaman gəldi: “1914-cü il 19 iyulda (1 avqustda) I Dünya müharibəsi başladı. I Dünya müharibəsi erməniliyin əsrlərlə formalaşmış mahiyyətini açdı, erməni cəmiyyətinin bütün təbəqələrini və onları təmsil edən aktyorları hərbi-siyasi meydana çıxardı. İlk dəfə bu sırada yeni bir dəstə - əlinə silah keçən və onu türk-müsəlman dinc əhaliyə qarşı yönəldən, sərkərdə kimi təqdim olunan hərbi güruh (Andronik, Dro və b.) peyda oldu. Rusiya ordusu tərkibinə daxil olan erməni könüllü korpusunun bu hərbi gürühu yerli erməni hərbi qüvvələri ilə müharibə qanunlarının ziddinə olaraq Şərqi Anadolunun türk müsəlman əhalisini məhv edir, həmin əraziləri etnik təmizləmə yolu ilə erməni dövləti üçün hazırlayırdı. Bu hərbi canilər sonra Azərbaycan ərazisində də fəaliyyətlərini davam etdirdilər.
Osmanlı hökuməti də hərbi vasitələrlə birgə, müharibə dövrünün tələblərinə uyğun dövlət tədbirləri həyata keçirirdi. 1915-ci ildə ermənilərin köçürülməsi haqqında qanun qəbul edildi. Hərbi əməliyyatlar və köçürmə zamanı 500 mindən çox erməni Rusiyanın hakimiyyəti altında olan ərazilərə, o cümələdən qərbi Azərbaycan torpaqlarına, İrəvan ətrafına köçdü”.
Osmanlı dövləti ərazisində çar Rusiyası vasitəsi ilə erməni dövləti yaratmaq arzusu: “Qafqaz cəbhəsindəki uğurlu hərbi əməliyyatlar nəticəsində Osmanlı ərazisinin böyük bir hissəsini ələ keçirən Rusiya burada idarəçiliyin təşkilinə başladı. Bu məqsədlə 1916-cı ilin iyulunda Türkiyədən müharibə hüququ üzrə tutulmuş vilayətlərin idarəsi haqqında müvəqqəti əsasnamə təsdiq olundu. Həmin ərazilərdə Qafqaz administrasiyasına tabe olan general-qubernatorluq yaradıldı, bununla da ermənilərin bu torpaqlarda Rusiya vasitəsi ilə dövlət yaratmaq arzuları gözündə qaldı. Ermənilərin əvvəlcə Azərbaycan torpaqlarında, sonra isə Osmanlı ərazisində I Pyotrdan bəri köməyi ilə dövlət yaradacaqlarına çalışdıqları çar hökuməti onların ümidlərini doğrultmadan 1917-ci ilin fevralında süqut etdi”.
Ermənilərin Rusiya orientasiyası, Rusiyanın isə ermənipərəst siyasətinin davamı: “Ermənilərin İsrail Ori vasitəsilə çar I Pyotrla münasibətlər yaratmasından 200 ildən çox dövr keçdi. Çarlıq Rusiyası ermənilərin ümidlərini doğrultmadan dağıldı. Buna baxmayaraq ermənilərin Rusiya orientasiyası aktuallığını itirmədi. Rusiyada qurulan sonrakı hökumətlər ermənilərin ümidlərini doğrultmaq üçün daha fəal siyasət yeritməyə başladılar. Müvəqqəti hökumət, ardınca isə sovet hökuməti ermənilərə dəstəyini aydın şəkildə ifadə etdi”.
Müvəqqəti hökumətin “Türkiyə Ermənistanının idarəsi haqqında” qərarı (1917, fevral-oktyabr): “Müvəqqəti hökumət prinsip etibarı ilə ermənipərəst hökumət idi. Xarici İşlər naziri P.N.Milyukov daha fəal idi. Sonralar baş nazir olmuş A.F.Kerenski isə daşnakların məhkəməsi zamanı onların vəkili olmuşdu. Milyukovun yaxından dəstəyi ilə 1917-ci ilin aprelində “Türkiyə Ermənistanının idarəsi haqqında” qərar qəbul edildi. Müvəqqəti hökumət bu qərarı qəbul etməklə qalmadı, onun reallaşdırılması ilə əlaqədar addımlar da atdı. Ermənilər bu qərarı dəstəkləməklə, eyni zamanda əsas ümidlərini işğal edilmiş ərazilərdəki Rusiya ordusuna bağlamışdı. 1917-ci ilin oktyabrında bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi ilə onun planı da aradan qalxdı”.
Erməni Milli Şurası: ermənilərin milli-siyasi təşkilatlanmasının Azərbaycan torpaqlarına qaytarılması (1917, noyabr-1918, aprel): “1917-ci ilin fevral inqilabı erməni elitasını hərəkətləndirdi. Sentyabrın sonu-oktyabrın əvvəllərində Tiflisdə keçirilən qurultaydan sonra Erməni Milli Şurası yaradıldı. 15 üzvdən 6-sı daşnak idi. Bu onu göstərirdi ki, ermənilərin siyasi fəaliyyəti daşnakların əlinə keçib. Erməni Milli Şurasının üzvləri 1917-ci ilin oktyabr çevrilişindən sonra meydana gələn Zaqafqaziya komissarlığında, Ümumrusiya Müəssisələr Məclisi qovulduqdan sonra çağrılan Zaqafqaziya Seymində də həlledici rola malik idi. Erməni Milli Şurası I Dünya müharibəsinin başlanmasından bəri, hakimiyyətlərin - çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyası tərəfindən Osmanlı dövlətinin ərazisinə yönəlmiş siyasi xətdə yeni şəraitə uyğun dəyişiklik etdi. Zaqafqaziyanın milli kantonlara bölünməklə Rusiyanın tərkibində muxtar olmasını müdafiə etdi. Bununla eyni zamanda, “Türkiyə Ermənistanı”nın öz müqəddəratını təyin hüququnu da irəli sürdü”.
Sovet Rusiyasının “Türkiyə Ermənistanı haqqında” dekreti: “Sovet Rusiyası da ermənilərin rəğbətini qazanmaq üçün avantürist addım atdı. Rusiya Xalq Komissarlar Soveti 1917-ci ilin dekabrında “Türkiyə Ermənistanı” haqqında dekret verdi. Elə həmin vaxt Millətlər məsələsi üzrə xalq komissarı Stalinin “Pravda” qəzetində “Türkiyə Ermənistanı” haqqında kiçik məqaləsi çap edildi. Dekret az bir müddət sonra, 1918-ci il 15 (28) yanvarda III Ümumrusiya Sovetlər qurultayı tərəfindən təsdiq olundu. Dekretdə erməni xalqının “Türkiyə Ermənistanı”nda tam müstəqilliyədək öz müqəddəratını təyin etmək hüququnun tanınması bildirilir və qeyd edilirdi ki, bu hüququn həyata keçirilməsi erməni xalqının azad referendumu üçün mütləq zəruri olan bir sıra ilkin təminatlar şəraitində mümkündür. Bu təminatlar kimi “Türkiyə Ermənistanı” hüdudlarından qoşunların çıxarılması, qaçqın və məcburi köçürülmüş ermənilərin maneəsiz geri qayıtması, erməni xalqının Deputatlar Soveti şəklində “Türkiyə Ermənistanı”nın Müvəqqəti Xalq İdarəsinin yaradılması və s. olması göstərilirdi. Dekretin həyata keçirilməsində əsas rol Sovet Rusiyasının Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissarı təyin edilmiş S.Şaumyana ayrılırdı. Dekretin qeydində “Türkiyə Ermənistanı”nın coğrafi sərhədlərinin müəyyən edilməsindən bəhs olunur və göstərilirdi ki, bu coğrafi sərhədlər erməni xalqının, qarışıq və mübahisəli bölgələrin müsəlman və digər əhalisinin demokratik yol ilə seçilmiş nümayəndələri ilə razılaşma əsasında, Şaumyan ilə birlikdə müəyyən edilməli idi. Bu dekret sadəcə bir deklarasiya olduğundan heç bir praktik əhəmiyyətə malik olmadı”.
Trabzon konfransı: ermənilərin “Türkiyə Ermənistanı” iddiasını reanimasiya cəhdləri və uğursuzluğu (1918-ci il 14 mart - 14 aprel): “Bolşeviklər tərəfindən Müəssisələr Məclisi qovulduqdana sonra Zaqafqaziya hökumətinin yenidən siyasi strukturlaşması aparıldı. 1918-ci ilin fevralında Zaqafqaziya Seymi yaradıldı. Seymin ilk addımlarından biri xarici siyasət sahəsində oldu. 23 fevralda Seym Osmanlı dövləti ilə danışıqlar üçün gürcü, azərbaycanlı və ermənilərdən ibarət nümayəndə heyəti seçdi. 14 martda Trabzonda danşıqlar başladı”.
Zaqafqaziya nümayəndələri danışıqlar üçün Seym tərəfindən qəbul edilən dörd maddəlik bir sənədlə gəldi: “Onun əsasını 1914-cü il sərhədləri daxilində sülh müqaviləsi imzalanması və ermənilərin təkidi ilə qəbul edilən Şərqi Anadolunun öz müqəddəratını təyin etməsi və Osmanlı dövlətində “Türkiyə Ermənistanı”na muxtariyyət verilməsi maddələri təşkil edirdi. Konfransın gedişində Seymin nümayəndə heyəti tərəfindən Brest sülh müqaviləsinın şərtlərinin (Kars, Ərdəhan və Batum Osmanlıya keçirdi) qəbul edilməsi irəli sürüldü. Ermənilərin “Türkiyə Ermənistanı” planını reanimasiya cəhdi isə Osmanlı imperiyasının daxili işlərinə qarışmaq kimi qiymətləndirildi. Osmanlı nümayəndə heyətinin rəhbəri Hüseyn Rauf Orbay hələ kifayət qədər diplomatik təcrübəsi olmayan Seymin nümayəndə heyətinin parçalanmasına nail oldu və Trabzon konfransı Osmanlı dövlətinin kontroluna keçdi. Təsadüfi deyil ki, tədqiqatçılardan biri Trabzon konfransını Osmanlı imperiyasının diplomatik zəfəri adlandırıb. Seym diplomatik məğlubiyyətə uğrayaraq, danışıqlardan müharibəyə keçdi”.
Osmanlı dövlətinin Cənubi Qafqazda əsas siyasi qüvvəyə çevrilməsi və ermənilərin taktikası (1918, mart-aprel): “Osmanlı dövlətinə müharibə elan edən Zaqafqaziya Seymi 8 günlük müharibədə (1918-ci il aprel) məğlub oldu. Beləliklə, Osmanlı dövlətinin 1918-ci ilin fevralında başlayan irəli hərəkatının miqyası genişləndi. Osmanlı dövləti qələbələri ilə 1877-1878-ci illər müharibəsinədək olan sərhəddi bərpa etdi. Aprelin 22-də Osmanlı dövlətinin təkidi ilə Zaqafqaziya Demokratik Federativ Respublika elan olundu. Ermənilər Osmanlı imperiyasının Zaqafqaziyada əsas siyasi qüvvəyə çevrilməsi nəticəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsindən qorxuya düşməyə başladı. Bunun nəticəsində azərbaycanlılara qarşı yeni soyqırım başladı”.
İrəvan və ətraf torpaqların ermənilər tərəfindən zəbt edilməsi, erməni işğal idarəsinin yaradılması və azərbaycanlılara qarşı soyqırımı (1918, mart-may): “İrəvan və ətrafında etnik təmizləmə nəticəsində ələ keçirilmiş Azərbaycan torpaqları qaçqınlar vasitəsi ilə erməniləşdirilməyə və burada işğal üsul-idarəsi yaradılmağa başlandı. Bu məqsədlə hələ 1917-ci ilin dekabrında İrəvanda təşkil edilmiş şəhər hakimiyyətinin müvəqqəti idarəsinin rəhbərliyində dəyişiklik edildi. Erməni Milli Şurasının üzvü, Aram paşa ləqəbli Aram Manukyan (1879-1919) İrəvana göndərildi. Keçmiş Van qubernatoru, türk-müsəlman əhaliyə qarşı soyqırımın təşkilatçılarından olan Manukyan 1918-ci ilin əvvəllərində İrəvana gəldi. Mart ayında İrəvan erməniləri tərəfindən diktator seçildi və burada da həmin əməllərini törətməkdə davam etdi. Manukyan başda olmaqla İrəvanda ermənilərin işğal rejimi yaradıldı. Bu rejim azərbaycanlılaraqarşı soyqırımına başladı. Burada soyqırımın ümumazərbaycan səbəbləri ilə birgə, Rusiya ordusunun Qafqaz cəbhəsini tərk etməsi, Trabzon konfransında “Türkiyə Ermənistanı” planının rədd edilməsi, Cənubi Qafqazda Osmanlı dövlətinin güclənməsindən irəli gələn səbəblər də var idi. İrəvan və ətrafında minlərlə insan qətlə yetirildi, doğma yurd-yuvasından qovuldu, yüzlərlə yaşayış məskənləri dağıdıldı”.

Elçin Qaliboğlu