Ermənistan dövlətinin yaradılması: Erməni tarixşünaslığı nə yazır? Layihə

Ermənistan dövlətinin yaradılması: Erməni tarixşünaslığı nə yazır?

2-ci yazı
Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun araşdırmasında bildirilir ki, Osmanlı ordusunun İrəvan istiqamətində yürüşü nəticəsində ələ keçirilmiş Kars, Aleksandropol və digər yaşayış məskənlərinin erməni əhalisi qaçaraq İrəvana gəlməkdə davam edirdi. Ermənilər Osmanlı ordusunu dayandırmaq üçün tədbirlər gördülər. Onun təşkilində İrəvan erməniləri və onun maddi resursları həlledici rol oynadı. Sərdarabad, Başaparan və Qarakilsə döyüşlərində ermənilər buna nail ola bildilər. Sonrakı hərbi-siyasi vəziyyət Osmanlı planını Bakıya yönəltdi.
İrəvan və Bakıdakı erməni işğal rejimlərinin əlaqəsi (1918, aprel-may): “İrəvanın ələ keçirilməsi və burada işğal rejiminin yaradılması ilə birgə, Qafqazın əsas iqtisadi mərkəzi olan Bakıda da erməni daşnak-bolşevik hakimiyyətinin bərqərar edilməsi onlar üçün ciddi stimul idi. Rusiyada 1917-cilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ almasından sonra Bakıda da hakimiyyət sovetlərə keçdi. Bakı Soveti Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında burada azərbaycanlılara qarşı soyqırım həyata keçirdi. Aprelin 25-də isə Bakı Xalq Komissarları Soveti təşkil olundu. Bu hakimiyyət də faktik olaraq şəhərdə hakimiyyəti silah gücünə qəsb etmiş işğalçı üsul-idarə idi. İrəvanda və Bakıda qurulmuş rejim anti-Azərbaycan mahiyyəti daşıyırdı. İrəvan işğal rejimi onu Azərbaycandan ayıraraq Ermənistanın mərkəzinə çevirmək istəyir, Bakı rejimi isə şəhəri və ətrafını Rusiyaya birləşdirmək istəyirdi. Bu iki işğal rejimi arasında sıx əlaqə var idi. Digər tərəfdən 1918-ci ilin sentyabrında Bakı azad edilərkən Azərbaycanın bu tarixi hüququ İrəvan rejimini ciddi narahat etdi”.
Batum konfransının birinci raundu: Osmanlı dövləti və Zaqafqaziya Federasiyası (1918-ci il 11-26 may): “Osmanlı dövlətinin Seym hökuməti ilə müharibədə qalib gəlməsindən sonra diplomatik münasibətlər fəallaşdı. Yeni konfransın Batumda keçirilməsi qərara alındı. Konfrans öncəsi Osmanlı dövləti ilə Almaniya arasında yaranan intriqa da onun işinə və Zaqafqaziyanın sonrakı taleyinə mühüm təsir göstərdi. Konfrans mayın 11-də açıldı. Bu konfrans diplomatiya tarixində bir sıra özəllikləri ilə tarixə keçib. Osmanlı dövləti ilə Zaqafqaziya Federasiyası nümayəndələri arasındabaşlayan konfransın gedişində ciddi format dəyişikliyi baş verdi. Osmanlı dövləti yeni yaranan üç dövlət ilə onu davam etdirdi. Buna görə də konfrans iki raundda davam etdi.
Birinci raund Trabzon konfransından fərqli olaraq ilk və yeganə iclasdan ibarət oldu. Bu iclasda Osmanlı hökuməti tələblərini Zaqafqaziya nümayəndə heyətinə təqdim etdi. Burada Brest müqaviləsi ilə birgə, yeni ərazi tələbləri üstünlük təşkil edirdi. Bundan sonra konfrans pərdəarxası diplomatiya və notalar mübadiləsilə davam etdirildi. Osmanlı dövlətinin tələb etdiyi ərazilər erməniləri daha mürəkkəb vəziyyətə salırdı, çünki onlar məhz bu ərazilərdə möhkəmlənməyə çalışırdı. Ermənilər vəziyyətdən çıxmaq üçün hər vasitə ilə federasiyanın qalmasını istəyirdi. Konfransın bu raundunda Gürcüstan ilə Almaniyanın yaxınlaşması əsas süjetlərdən biri oldu və gürcülərin müstəqilliyini elan etməsi ilə federasiyanın dağılacağı ortaya çıxdı. Bütün bu dəyişikliklərdən hələ xəbəri olmayan Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Gürcüstanın müstəqilliyini elan etməsindən üç saat sonra, saat 20-də 11 may notasının 72 saat ərzində qəbul edilməsini tələb etdi. Ultimatum qarşı tərəfdən saat 21-də alındı. Osmanlı nümayəndələri Tiflisdə cərəyan edən hadisələrdən bir gün sonra xəbər tutdu və qarşı tərəfin nümayəndələrini gözləməyə başladı”.
Ermənistan dövlətinin yaradılması: Erməni tarixşünaslığı nə yazır? “Ermənistan dövlətinin yaradılması haqqında erməni tarixşünaslığında vahid fikir yoxdur. İlk konsepsiyanı daşnak liderləri yaradıb. Ermənistan Respublikasının ilk baş naziri Kaçaznuni bunu 1923-cü ildə yazdığı və “məruzə” adlandırdığı “Daşnaksütuna bir iş qalmadı” kitabında ifadə edib. Onun fikrincə, Ermənistan dövlətinin yaradılması daşnakların işi idi. Bu kitaba ön söz yazan kommunist S.Xanoyan isə Kaçaznuninin sözləri ilə bütövlükdə daşnaklara qarşı çıxıb, özlərini haqlı hesab edir. İkinci konsepsiya kommunist ideologiyasına əsaslanan erməni sovet tarixşünaslığına məxsusdur. Erməni sovet tarixşünaslığı Ermənistan Respublikasının yaradılmasını Osmanlı imperiyası ilə bağlayırdı. Y.K.Sərkisyan Osmanlı imperiyasının I Dünya müharibəsi ərəfəsi və illərində Zaqafqaziyada təcavüzkar siyasəti adlandırdığı monoqrafiyasında (1962) Ənvər paşaya istinadən belə bir iqtibas verir: “Türkiyə nazirləri iki həftə fikirləşdilər ki, Ermənistan yaratsınlar ya da yox və nəhayət, qərara aldılar ki, yaratsınlar, ona görə ki, bu həm ermənilər üçün, həm də türklər üçün əlverişli idi.”
Üçüncü konsepsiya isə müasir dövrdə yaradılıb. Bu konsepsiya o zaman dövlətin yaradılmasını erməni xalqı və onun mübarizəsi, xüsusilə 1918-ci il mayın 21-28 arasında olan üç döyüşün - Sərdarabad, Başaparan və Qarakilsə döyüşlərinə xüsusi yer ayırır. Bunu Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan Respublikasının 100 illiyi münasibətilə Sərdarabadda keçirilən paradda çıxışından da aydın görmək olur. O, deyib ki, erməni xalqı qalib gəldi, ona görə ki, öz tarixinin 400 ilində ilk dəfə olaraq özünə ümid etdi, ona görə ki, milli dövlətin təhlükəsizliyin yeganə qarantı olduğunu başa düşdü. Burada erməni baş nazir, eyni zamanda, azadlıq hərəkatı haqqında erməni mifini də rədd edir, təsdiq edir ki, ermənilər tarixinin 400 ilində yalnız başqalarına ümid edib”.
Ermənistanın müstəqilliyinin qəbul edilməsi və daşnakların hakimiyyəti ələ alması (1918-ci il 26-28 may): "Batum konfransının birinci raundunun gedişində Gürcüstan və Almaniya arasında yaxınlaşma nəticədə gürcülərin müstəqilliyini elan etməsinə qərar verməsi ilə nəticələndi. Bu xüsusi prosedurla həyata keçirildi. Seymin 1918-ci il 26 may iclasında iki əleyhinə olmaqla bütün səslərin çoxluğu ilə Seym Zaqafqaziyanın parçalanmasını təsdiq etməklə səlahiyyətlərinə xitam verdi. Seymin sədri Çxenkelinin onun buraxılması haqqında digər dövlətlərə məlumatında Zaqafqaziya Seymi tərəfindən gündüz saat 3-də Zaqafqaziya Federativ Respublikasının hissələrə bölündüyü və daha mövcud olmadığının elan edildiyi bildirilirdi. Həmin gün, elə həmin zalda 2 saat sonra, saat 5-də gürcülər müstəqilliyini elan etdi.
Erməni Milli Şurası yenə həmin gün axşam iclasa toplandı. Gürcülər əleyhinə çıxışlarla birlikdə, yeni şəraitə uyğun hərəkət etmək qərara alındı. Daşnak partiyası daha çox canfəşanlıq etməyə başladı. Mayın 27-də Tiflis təşkilatının iclasında Erməni Milli Şurasının hökumət funksiyası və diktator hüququnu üzərinə götürməsi haqqında qətnamə qəbul etdi. Azərbaycan Milli Şurasının həmin gün müstəqilliyini elan etməsini qərara alması ermənilər üçün həlledici rol oynadı. Kaçaznuni bunu özünməxsus tərzdə belə izah edir: “Növbə Ermənistanın idi. Biz müstəqillyimizi elan etməli idikmi, öz dövlətimizi yaratmaq və onu saxlamaq imkanımız var idimi? Bu suallar gülüş doğuracaq qədər gülünc idi. 1918-ci ilin mayında seçimin yeri və vaxtı deyildi. Tarix bizi müəyyən vəziyyətə gətirmişdi” və s. Daha sonra qeyd edir ki, 28 mayda gecədən keçmiş mərkəzi milli şura Ermənistanı müstəqil respublika, özünü respublikanın ali hakimiyyəti elan etməyi qərara aldı. Kaçaznuninin bütün fikirlərinin üzərində ətraflı şəkildə dayanmadan iki məsələni xüsusi qeyd etmək lazımdır:
1. Müstəqil Ermənistan elan edilməsinin ən mühüm səbəblərindən biri də Azərbaycanın öz torpaqlarına sahib olmasının qarşısının bu yol ilə alınması olub. Kaçaznuni yazırdı: “Biz Ermənistanın sahibi olmalı idik, başqa cür onu geridönməz şəkildə itirə bilərdik”;
2. Ermənistanın müstəqilliyini elan edən mərkəzi milli şura milli məclisdən belə bir səlahiyyət almamışdı. Kaçaznuni yazırdı ki, sonralar heç kimin ağlına gəlmirdi ki, bunun üçün onu hakimiyyətini artırmaqda günahlandırsın.
O, burada tamam yanlışlığa yol verib. Ola bilsin ki, nə onda, nə də indi bu qanunsuzluq ermənilərin ağlına gəlməsin, lakin tarix bunu unutmur. Elə həmin gün türklər tərəfindən verilən ultimatumun qəbul edilməsi və Batuma geniş səlahiyyətlər ilə yeni nümayəndə heyəti (A.Xatisyan, O.Kaçaznuni və M.Papacanyan) göndərilməsi də qərara alındı: “Müstəqil Ermənistan haqqında siyasi qərar onun “ərazi təminatını”da tələb edirdi. Əsil məsələ də bundan ibarət idi. Ermənilər Cənubi Qafqazda heç bir əraziyə malik deyildi. Ona görə də əsas obyekt Azərbaycan torpaqları oldu. Bu torpaqların ələ keçirilməsi üçün təcavüzkar mahiyyətə malik olan hərbi-siyasi vasitələrə əl atdı. İlk hədəf yeni yaradılmış Azərbaycan Cümhuriyyəti oldu. İrəvanın tədricən ermənilər tərəfindən işğalı və Cümhuriyyətdən fərqli olaraq böyük hərbi qüvvəyə malik olması ona təzyiqi gücləndirdi. Sonralar bu Ermənistan-Azərbaycan müharibəsinə çevrildi. Osmanlı dövlətinə yanaşma fərqli oldu. Batum danışıqlarının yeni formatda davam etdirilməsi qərara alındı. Ərazi iddiaları Gürcüstan ilə də müharibəyə səbəb oldu”.
Azərbaycan Milli Şurası iclasının 3 №li protokolu: əsas müddəaları və nəticəsi (1918, 29 may): "İclasın açılması ilə Şuranın üzvü Fətəli xan Xoyski Azərbaycan Milli Şurasıvə Erməni Milli Şurası nümayəndələrinin Azərbaycan və Ermənistan federasiyası ərazilərinin sərhəddi xüsusunda məruzə edir. O, məruzəsini belə bir məlumat ilə bitirir ki, Ermənistan federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropol türklərə keçdiyi üçün belə mərkəz İrəvan ola bilər, bunun üçün İrəvanın ermənilərə güzəşt edilməsi, labüddür. Bu məsələ üzrə X.Xasməmmədov, M.Cəfərov, A. Şeyxülislamov, M.Məhərrəmov fikirlərini bildirərək, İrəvanın ermənilərə güzəşt edilməsini tarixi zərurət, labüd bəla adlandırır. Bu məsələ üzrə səsvermə aşağıdakı nəticəni verir: İrəvanın güzəşt edilməsinə 28 ümumi saydan 16 lehinə, əleyhinə bir, üç bitərəf olmaqla səs verilir”.
Elçin Qaliboğlu