Dağlıq Qarabağın nizama salınması prosesində dəyişikliklər var? Layihə

Dağlıq Qarabağın nizama salınması prosesində dəyişikliklər var?

“Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi mövqeyi tutub”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, həlli gecikmiş münaqişənin nizamlanmasında tərəflərə köməklik göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır.
"Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs Sazişi var. Ölkəmizin vasitəçilik səylərindəki vacib mərhələ 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi oldu, hansı ki, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllindən bəhs olunur. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan ilk və bu günə qədər yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında da həlledici rol oynadı", - deyə Rusiya XİN başçısının müavini qeyd edib.
A. Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb.
"Ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbragimov geri qaytarılıb. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir", - deyə o bildirib.
Rusiyanın “Regnum” xəbər agentliyinin redaktoru, siyasi analitik, köşə yazarı Stanislav Tarasov Qarabağ münaqişəsinin nizama salınması prosesinə toxunarkən deyib ki, Cenevrədə 11 saat ikimərhələli müzakirə baş tutdu, artıq bu fakt o deməkdir ki, mövzulu dialoq genişlənir, masada olan ssenari var.
Tarasovun sözlərinə görə, Dağlıq Qarabağın nizama salınması prosesində artıq dəyişikliklər var.
“Güman edirəm və əminəm ki, müzakirə olunan sənəd lahiyəsi var. Lakin məsələ burasındadır ki, tərəflər bu barədə danışmırlar və gizlilik rejimini qoruyurlar. Lakin bu münaqişə ilə ilk dəfə məşğul olmayan insanlar deyə bilərlər ki, əgər danışılası bir şey yoxdursa, onda dialoq da genişlənə bilməz, bu cür davamlılıqla müzakirələr varsa, bu o deməkdir ki, sərt, kəskin müzakirələr davam edir, nə ətrafında müzakirə aparıldığını isə yalnız güman edə bilərik. Görünür ki, Azərbaycan və Ermənistanın iştirakı ilə hansısa ssenari hazırlanır. Azərbaycanın mövqeyi mənim üçün anlaşılandır, açıq şəkildə ərazi bütövlüyü barədə bəyanat verir, masa ətrafında isə kompromislər axtarır”, - deyə rus analitik bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır:“Bakı birmənalı şəkildə ölkənin ərazi bütövlüyünün bərpa olunmağını istəyir və danışıqlar masası arxasında kompromislər axtarır. Tərəflər qeyd edirlər ki, Madrid prinsipləri hüquqi sənəd deyil, onlar danışıqlar üçün əsas kimi qəbul edilib. Azərbaycan və Ermənistan işarə edib ki, Madrid prinsiplərindən razı deyillər, amma istənilən halda onlar bundan imtina etmirlər. Əgər tərəflər danışıqları davam etdirsələr, bu o deməkdir ki, Madrid prinsiplərinin modernləşdirilib-modernləşdirilməməsindən asılı olamayaraq, onlar işləyir. Paşinyan yeni oyun təklif edir. Mən bunu ikili standart adlandırıram və düşünürəm ki, Azərbaycan daha davamlı və dəqiq siyasət yürüdür. İrəvanın mövqeyi hələ də anlaşılmazdır”.
Politoloq Qabil Hüseynli isə deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan xəstəhal bir adamdır. Bir çox mənbələr göstərir ki, ruhi xəstəliyə malik olan bu adam normal insan deyil. Çünki o dünən söylədiklərini bu gün başqa cür deyir. Bu onun ruhi, psixoloji durumu ilə bağlıdır. Təbii ki, bunu əsas kimi tutmaq da lazım deyil. Əsas məsələ odur ki, bu və onun məsləhətçiləri hədsiz dərəcədə millətçidirlər.
Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əldə edilmiş torpaqların geriyə qaytarılması istiqamətində qətiyyən səmimi deyil: "O müxtəlif variantlarla gah danışıqlar prosesində qondarma DQR-nın qatılmasını, gah da bu torpaqların tarixən Ermənistana aid olması və s. bu kimi sərsəm iddialar irəli sürür. Danışıqlar prosesində müəyyən manevrlər etməsinin əsas səbəbi isə Ermənistana edilən təzyiqlərlə bağlıdır. Son vaxtlar bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər post-sovet məkanındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə səsləndirdikləri birmənalı fikirlər bütün Ermənistanı, o cümlədən də Paşinyanı xeyli silkələyib. Yəni bu gün dünya Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edir. Bunu BMT, Avropa İttifaqı, Avropa Şurası, ABŞ və s. belə düşünür. Yəni Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri kimi Azərbaycanın da ərazi bütövlüyünü birmənalı surətdə dəstəkləyirlər. Eyni zamanda son vaxtlar artıq ATƏT Ermənistana təzyiq göstərməyə başlayıb və müxtəlif yollarla Ermənistanın siyasi rəhbərliyini danışıqlarda qeyri-konstruktiv mövqeyinə görə qınayıb və bununla bağlı müəyyən tədbirlərə əl atacaqları barədə ona eyham vurublar. Bu təzyiqlərin təsiri altında o müəyyən pozitiv bəyanatlar verir. Amma eyni zamanda əl altından danışıqları uzatmaq, danışıqlara müxtəlif qeyri-konstruktiv ideyalar tapmaq və s. bu kimi gedişlər etməyi də unutmur".
Politoloq Elşad Mirbəşiroğlunun fikrincə isə, ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtdan imitasiya xarakterli addımlar atıb. Ona görə də hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı onun səmimi mövqeyi haqqında danışmaq üçün əsas yoxdur.
Politoloqun sözlərinə görə, Paşinyan separatçı rejimə tez-tez səfərlər edir, orada elə separatçı bəyanatlar verir və münaqişənin tənzimlənməsi istiqamətində irəliyə aparacaq bütün addımlardan qaçır: "Bu baxımdan hesab edirəm ki, Paşinyan sadəcə olaraq qeyri-səmimi davranışlarında həmişə israrlı olacaq. O sadəcə olaraq bu gün özünün siyasi kariyerasını düşünməklə məşğuldur. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru aparan yeganə yol Azərbaycanın gücü, qüdrətidir. Paşinyan Azərbaycanın gücünü, potensialını, beynəlxalq nüfuzunu davamlı olaraq görür. Bu baxımdan ola bilsin ki, yenə də imitasiya xarakterli addımlara yol verir. Bütövlükdə isə hesab edirəm ki, Paşinyan bütün davranışları ilə münaqişə vəziyyətinin qalmasına çalışır. Ən azından hesab edir ki, istənilən dəyişiklik onun siyasi kariyerasının sonu olacaq. Çünki bütün hallarda Azərbaycanın gücü, qüdrəti dəyişikliyin Azərbaycanın maraqları çərçivəsində baş verməsini şərtləndirəcək. Bu baxımdan da Paşinyan istənilən vasitələrlə "status-kvo" vəziyyətinin qalmasına çalışır və bunda maraqlıdır”.
Yeri gəlmişkən, Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 28 il ötür. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.
Malıbəyli kəndindəki əhalinin sayı 1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Cavid