İşğalçı orduda əsgər ölümü artır Layihə

İşğalçı orduda əsgər ölümü artır

Müdafiə Nazirliyi qətlə yetirilən və intihar edən hərbi qulluqçuları hesablamağı çatdıra bilmir

12 fevral tarixində verilən məlumata görə, 1 yanvar tarixindən həmin günədək Ermənistan ordusunda 13 hərbi qulluqçusunu itirib. Onların 6-sı özünə qəsd edib. Həmin gün əsgər Tiqran Manvelyan və kiçik çavuş Tiqran Mxoyanın ölüm xəbəri yayıldı. İstintaq komitəsi “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açdı.
14 fevral tarixində isə işğal altında olan Qarabağdakı qanunsuz “hərbi birləşmə” tərəfindən yayılan məlumata görə, saat 19:30 radələrində “N” saylı hərbi hissənin döyüş mövqeyində döyüş növbətçiliyinə cəlb olunmuş hərbi qulluqçu, 1997-ci il təvəllüdlü, leytenant Hayk Nerses Asryan alın nahiyəsindən açılan odlu silah yarası ilə ölü vəziyyətdə tapılıb.
Məlumata görə, ölən hərbi qulluqçu Asryan ixtisaca proqramçı olub. Əvvəllər belə hadisə olanda Müdafiə naziri, hərbi prokurorlar hadisə yerinə gedirdilər. Hərbi prokuror Vahe Harutyunyan isə indi sanki yoxdur. Ermənistan Müdafiə naziri üçün Azərbaycan tərəfi “günahkar” olduğu halda, Paşinyan bütün bu baş verənlərdə kriminal submədəniyyət daşıyan sıravi hərbi qulluqçuları ittiham edib.
“Bizim əsgərlərin alt paltarlarının digər əsgərin alt paltarları ilə eyni maşında yuyulması onların ləyaqətində problem yaradır”, - deyə “orduda hansı problemlər var” sualına cavabında Paşinyan bildirib.
Son 3 gündə isə orduda 3 intihar faktı qeydə alınıb. Qondarma rejimin “müdafiə naziri” Karen Abramyanın istefaya göndəriləcəyi və onun yerinə “Baş Qərargah rəisi” Cəlal Arutunyanın gətiriləcəyi iddia olunur.
Bundan başqa, “Hərbi Polisin rəisi” Artur Baqdasaryanın da istefası gözlənilir.Dağlıq Qarabağda son aylarda əsgər ölümlərinin kəskin artımı qondarma rejim rəhbərliyini ciddi narahat edib.
Ermənistanın “Forrights” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, məsələ ölkənin yuxarı rəhbərliyi, müdafiə nazirliyi və hüquq mühafizə orqanları qarşısında heç vaxt bu qədər “kəskin” qoyulmayıb.
“Bunu generallara, keçmiş və indiki müdafiə nazirlərinə, hərbi prokurorlara verə bilmərik, çünki bunların hamısında onların təqsir payı var, daha doğrusu, onların məsuliyyətsizliyi bu gün Ermənistan ordusunda vəziyyətin yaranmasına səbəb olub”, - deyə nəşr yazıb.
Beləliklə, bu sual, ömrünün son 24 ilini orduda ölən əsgərlərin cinayət hadisələrini araşdırmaq, varislərini təmsil etmək və müdafiə etməklə keçirən və sadəcə bu günlərdə depresiyaya düşən kriminalist, hüquq müdafiəçisi Ruben Martirosyana ünvanlanıb.
Ermənistanın həm keçmiş, həm də hazırkı hakimiyyəti orduda baş verən ağır cinayətləri və qətlləri çağırışçılar tərəfindən orduya transfer olunan əxlaq ilə əsaslandırmağa, bağlamağa çalışır. Erməni hüquq müdafiəçisi Ruben Martirosyanın məsələyə tam fərqli bir baxışı var. Onun sözlərinə görə, orduya gələn istənilən çağırışçı zabit heyəti tərəfindən formalaşdırılan əxlaqa tabe olur.
“Zabit heyəti üçün bu əxlaqın qorunub saxlanması sərf edir. Çünki belə olan halda, zəif, faydasız və sərxoş zabitlər üçün hərbi qulluqçuların xidmətinə nəzarət etmək daha asan olur. Belə olan halda heç bir şey etmədən, bölüyün, taborun, alayın taleyini “avtoritetlər” üzərinə yükləyir və sərbəst olurlar. Bu oğru aləminin əxlaqları da vaxtaşırı qətllərlə nəticələnir. Məhkəmə və istintaq orqanları daim inkar etmələrinə baxmayaraq, yaranmış vəziyyət, yəni orduda cinayətlərin baş verməsi elə onlara da sərf edir. Bu onlar üçün əlavə gəlir mənbəyinə çevrilib. Onlar nəinki cinayətkarlığın qarşısını alr və bunu törədən səbəblərin aradan qaldırılmasına xidmət edir, hətta öz fəaliyyətləri və fəaliyyətsizlikləri ilə bunun yaranmasına xidmət edirlər. Bu isə öz növbəsində ölüm hallarına yol açır”, - deyə Martirosyan bildirib.
Martirosyan prokurorluğun və istintaq komitəsinin hadisənin baş vermə vaxtını, yerini, qətl alətinin dəyişdirilməsini, qətlin əsl səbəblərini və qatilin gizlədilməsini, günahsız əsgərlərin mühakimə edilməsini, yaxud heç kimin cəzalandırılmamasını, baş vermiş cinayəti havadan asılı vəziyyətə salmalarını əks etdirən konkret faktlara malik olduğunu bildirir. Cinayətlərin üstünün açılmaması cinayət əxlaqının yayılmasını təşviq edir.
Ermənistanın prokurorluq və istintaq komitəsinin əvvəllər tətbiq etdiyi və indidə buna davam edilən cinayət hadisələrinin üstünün açılmamasının əsas sxemi nədən ibarətdir?
Ermənistanın “İrates” nəşrində dərc olunan məqalədə qeyd olunub ki, orduda əsgərlərin alt paltarlarının eyni paltaryuyan maşınla yumaqdan daha vacib bir məsələ varmı? Bu ritorik bir sual deyil, ölkənin bir nömrəli simasının parlamentdəki bir nömrəli siyasi kürsüdən verdiyi açıqlamadır.
Müəllif qeyd edib ki, Paşinyan ordunun problemlərindəki əsas payının əsgərlərin cinayət subkulturası daşıyıcısı olduqları üçün paltarları eyni paltaryuyan maşınla yumamaları ilə əlaqəli olduğunu iddia edir.
“Açığını deyim ki, gigiyenanın nə vaxtdan bəri cinayət subkulturasına tabe olmasını bilmirəm, amma başqa bir şəxsin özünün və digərinin alt paltarlarını eyni paltaryuyan maşınla yumağa razı olacağı ehtimal etmək çətindir. Əsgərlər belə davranırsa, gigiyena qaydalarına görə deyil, cinayətkar davranışa görə düşünürsə, bu eyni haldır bütün bunlar arasında yanlış məntiq yoxdur. Əgər Nikol Paşinyan normal hesab edirsə, üstəlik, fərqli insanların alt paltarlarının eyni paltaryuyan maşında necə pis görünə biləcəyi ilə bağlı çaşqınlıq duyursa, o zaman bütün nazirlərin alt paltarlarını birləşdirib eyni ipə sərməyi təklif edirik.
Yeri gəlmişkən, Paşinyan, müxalifətçi olduğu müddətdə, bir valideynin əsgər corabları, alt paltarları və digər gigiyena əşyaları ilə necə narahat olmasına dair müntəzəm olaraq açıq-aşkar çıxışlar edən bir nömrəli məmur idi. Cənab Paşinyan, buna məsul olan vəzifəli şəxslərə qarşı çox sərt və kəskin davranırdı. Baş nazir indi bir sıra çıxışlar kimi bu barədə unutmuş kimi görünür, ancaq bir əsgər corabı, konfet və müxtəlif ləvazimatlara dair yenə valideyn qayğı göstərməkdə davam edir.
Bir neçə il əvvəl, keçmiş hakimiyyət, məsələn, belə bir həll yolu düşünüb və hər bir əsgər üçün xüsusi bir torba yaradıb. Əsgərlər öz alt paltarlarını yuyunma zamanı çıxmaması üçün həmin torbaya qoyurdular. Ancaq təcrübə bir dəfə tətbiq olunduqdan sonra rədd edilir. Hesab edirik ki, problemin ən yaxşı həlli pula qənaət etməmək və əsgərləri mütəmadi olaraq yeni alt geyimləri ilə təmin etməkdir”, - deyə müəllif bildirib.
Qeyd edək ki, orduda alt paltarı məsələsi Paşinyanın “orduda baş verən son hadisələrin əsgərlərin rəqib gülləsindən deyil, dinc şəraitdə öldürülməsi ilə bağlı narahatlıq yaratmırmı”, deyə deputatın verdiyi sualına cavabı olub.
“Baş nazir, əslində, sualdan yan keçib və indiyə qədər heç kim orduda nə baş verənlərə bağlı məsələyə cavab verməyib. 2020-ci ilin yanvar ayından indiyədək naməlum şəraitdə 13 əsgər həlak olub, ya intihara təhrik edilib, yaxud əsgər yoldaşı tərəfindən öldürülüb. Bütün bu baş verənlər fonunda isə ölkənin ali baş komandanını narahat edən yeganə məsələ isə əsgərlərin niyə alt geyimlərini yumamalarıdır”, - deyə nəşr qeyd edib.
Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Kristine Poğosyan isə son həftələrdə orduda baş verən ölüm hadisələrinə istinad edərək bildirib ki, vəziyyət faciəvi olaraq qiymətləndirilir. Baş verənlərin hamısı çox pisdir.
O qeyd edib ki, bir sessiya oldu, ətraflı müzakirələr oldu və bu sessiyanın ardınca konkret addımlar atılacaq və bu da müsbət bir hərəkətə səbəb olacaq.
“Bir yerdə bir itkimiz varsa, bu, yavaşladığımız anlamına gəlir, eyni zamanda orduya mənfi təsir göstərə biləcək duyğulara və uyğun olmayan hərəkətlərə tab gətirə bilmərik. Ordu-cəmiyyət ayrılması (bölgüsü) olmamalıdır və olmayacaq da. Bu barədə danışanların hamısı, Ermənistan Respublikasının təhlükəsizliyinə ən pis xidmət edənlərdir”, - deyə Poğosyan vurğulayıb.
Ermənistan Müdafiə nazirinin sabiq müavini Artak Zakaryan öz “Facebook” səhifəsində yazıb ki, zZabit heyətinin seçilməsi və komplektləşdirilməsi proseduru hələlik səmərəli fəaliyyət göstərmir, zabit heyətini intellektual kadrlarla komplektləşdirmək lazımdır.
O qeyd edib ki, zabit ictimai diqqət mərkəzində olmalı və mütləq hörmətə sahib olmalıdır.
“Əsgərin necəliyi zabitdən asılıdır, o, ordunun onurğasıdır. Cəmiyyət orduya emosional şəkildə yanaşır və bu halda yalnız əsgərlərin problemlərini görürük, zabit isə laqeyd qalır”, - deyə Zakaryan vurğulayıb.
Keçmiş erməni döyüşçü Şahe Acemyan son zamanlar Ermənistan ordusunda ölüm hallarının sayının artmasına toxunarkən bildirib ki, mülki həyatda güllələnmə qadağan olunub, lakin orduda bir çox ölkələrdə olduğu kimi olmalıdır.
Onun görə, ordua ölüm hadisələri yenilik deyil, lakin bu miqyasda, yəni 1 ay ərzində 13 ölüm hadisəsi görünməmiş bir şeydir.
“Səbəblər çoxdur. Cəmiyyətin səhvləri orduya çatır, digərlərindən fərqlənən inqilabçı gənclər peyda olub. Bir şey aydındır ki, orduda qanunlar dəyişdirilməlidir”, - deyə Acemyan bildirib.
Erməni hərbi və ictimai xadim Gevorq Gevorqyanın sözlərinə görə, Ermənistan ordusunda hökm sürən isti atmosferin bir nömrəli cavabdehi Nikol Paşinyandır.
“Nikol Paşinyanın bölüşdürücü xətlərinə görə orduda bu cür atmosfer var. Ordu haqqında danışmazdan əvvəl ordunu tanımaq lazımdır”, - deyə Gevorqyan bildirib.
Erməni general-mayor Arkadi Ter-Tadevosyan da Ermənistan ordusundakı ölüm hadisələrinə toxunub.
O qeyd edib ki, cəmiyyətdə olan son iki ildəki düşmənçilik hər yerə, o cümlədən orduya da keçib.
“Hər birimiz bir fikrə sahibik, lakin bu fikirin düzgün olduğunu deyə bilməzsən. İnşaallah, mən səhv edim, lakin siz yaxşı bilirsiniz ki, bu 2 il ərzində qaralarla ağlar arasında bir xətt çəkildi və bir düşmənçilik atmosferi yaradıldı. Bu düşmənçilik hər yerə keçdi, bir-birini bağışlaya, bir-birinə güzəştə gedə bilmirlər. Hesab edirəm, bu belədir. Ola bilər bu belə deyil və mən yanılıram”, - deyə Ter-Tadevosyan bildirib.

Cavid