Paşinyan “seçki şou”su ilə yenidən biabır oldu Layihə

Paşinyan “seçki şou”su ilə yenidən biabır oldu

“Martın 31-də Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquqa zidd olmaqla bərabər, regionda sülhə və inkişafa ən böyük təhdiddir. Baş verənlər bir daha göstərir ki, təcavüzkar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında iştirak etməsi görüntü xarakterlidir. Əsl həqiqət odur ki, qarşı tərəf Azərbaycan ərazisinin 20 faizinin işğalından əl çəkmək niyyətində deyil.
Yeri gəlmişkən, qeyd etməliyik ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayıb. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü, nəhayət, mehriban qonşuluq və dostluq prinsiplərinə kəskin şəkildə ziddir. Məlum olduğu kimi, bu “seçki” şousu artıq pislənməkdədir.
Dünya pandemiyaya qarşı mübarizə aparır. Demək olar ki, bütün ölkələr vətəndaşlarının təhlükəsizliyi və sağlamlığını təmin etmək məqsədilə karantin elan edib. Əksər beynəlxalq idman yarışları, konfranslar və görüşlərin təxirə salındığı bir ərəfədə Dağlıq Qarabağdakı separatçı rejim saxta seçki şousu keçirib. Bunun özü göstərir ki, orada hər hansı bir ciddi struktur mövcud deyil və dünya ilə ayaqlaşmaq imkanları da sıfırdır”.
Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dünya tərəfindən rədd edilən işğal altında olan Qarabağdakı separatçı rejimin keçirdiyi "seçki"lər haqqında danışarkən deyib.
Politoloq bildirib ki, Ermənistan rəhbərliyi və işğal altındakı torpaqlarımızda qurulan cinayətkar rejim hesab edib ki, Dağlıq Qarabağ işğaldan sonra qapalı bir yerə çevrilib, ora gedib-gələn azdır və “seçki"ni keçirmək olar:“Əslində söhbət hansı "seçki"dən gedə bilər: Bunların Xankəndindən başqa heç bir işğal edilən ərazilərimizdə seçicisi belə yoxdur. Adını da "seçki" qoyublar. Vəziyyətən istifadə edərək "seçki"lərini keçiriblər, amma bunun heç bir hüquqi əsası yoxdur”.
Deputat əlavə edib ki, saxta rejim tərəfindən keçirilən seçkiləri reallıqda heç bir dövlət və beynəlxalq təşkilat tanımayıb və Qarabağın Azərbaycan ərazisi olduğunu anlayan dövlət və təşkilatların sayı günü-gündən çoxalır:"Digər tərəfdən, bundan əvvəl keçirdikləri "seçkilər"də hansısa dövlətlərdən özlərinə yaxın olan insanları gətirərək bu şoular vasitəsilə gündəmdə qalmaq istəyirdilər. Bu dəfə isə heç bunu da edə bilmədilər. Rusiyadan və başqa ölkələrdən pul müqabilində müşahidəçilər belə gətirmək imkanları olmadı. Bu tədbirin beynəlxalq səviyyədə heç bir əhəmiyyəti yoxdur, əksinə, dünya ölkələri bunda maraqlı olmadıqlarını göstərdi. Xankəndində baş verənlərin Ermənistanın daxili situasiyası baxımından müəyyən əhəmiyyəti var.
Paşinyan Dağlıq Qarabağa da nəzarətini gücləndirmək istəyirdi. Ehtiyat edirdi ki, buradan ona qarşı terrordan tutmuş, rəqiblərinə dəstək verməyə qədər addımlar ola bilər. Odur ki, bu ərazilərə nəzarəti ələ almağa çalışırdı, amma bunu bacara bilmədi”.
Analitik qeyd edib ki, seçkilərə beynəlalq reaksiyar da vacibdir:“Əlbəttə, indiyə qədər keçirilən seçkiləri tanımayıblar. Əksinə, açıq elan edilib ki, bu seçkilərin konfliktin həllinə dair danışıqlar prosesinə heç bir təsiri olmayacaq. Yəni onları bu saxta seçkilərin nəticəsi olaraq heç kim gətirib danışıqlar masası arxasında əyləşdirməyəcək. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, NATO-dan tutmuş Qoşulmayanlar Hərəkatına qədər bütün qurumlar bu seçkiləri tanımadıqlarını bəyan edib.
Nəzərə almaq lazımdır ki, bu reaksiyalar təsədüfi deyil. Bu cür mövqelərin sərgilənməsi Azərbaycan dövlətinin və bizim diplomatların apardığı işlərin və səylərin nəticəsində ortaya çıxıb”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində keçirilən “seçkilər”in qanunsuz, qondarma olduğunu artıq bütün dünya dövlətləri, beynəlxalq qurumlar bəyan edib və onu tanımadıqlarını bildiriblər. Ermənistan da bu qondarma seçki oyununu oynayarkən nəticəsinin belə olacağını bildirdi. Bununla belə, “seçki şousu”nu davam etdirdi. Bu isə bir çox məsələnin üstünü açdı.
Q.Paşayeva qeyd edib ki, koronavirusun bütün dünyada tüğyan etdiyi bir məqamda ermənilərin Dağlıq Qarabağda “seçki”dən əl çəkməməsi ən diqqətçəkici məqamdır:
“Əvvəla, dünyanın ən mötəbər qurumları rəsmən tanınmış, BMT üzvü olan ölkələrə seçkiləri təxirə salmaqla bağlı çağırış etdi və əksər ölkələrdə seçkilər koronavirus pandemiyasına görə təxirə salındı. Çünki hazırkı pandemiyada kütləvi tədbirlərin təxirə salınması və insanların bir-biri ilə təmaslarının azaldılması vacibdir.
Ermənistan və Qarabağdakı qondarma qurumun terrorçu rəhbərləri “seçkini” davam etdirməklə sübut etdilər ki, mötəbər rəsmi qurumların tanınan dövlətlərə çağırışının onlara heç bir aidiyyəti yoxdur. Başqa sözlə, özləri də dolayısı ilə etiraf etdilər ki, orda hər hansı “dövlət”-filan yoxdur, tanınmayan qondarma qurumdur.
İkinci tərəfdən, qondarma qurumun rəhbərləri bir daha əhaliyə qarşı münasibətlərini ortaya qoydular. Sübut etdilər ki, Qarabağda olan-qalan bir ovuc əhalinin belə qırılması, koronavirusa yoluxub-yoluxmaması onlar üçün heç bir əhəmiyyət kəsb etmir, əsas onların ambisiyaları, vəzifə hərisliyi və Paşinyanın qondarma qurumda “hakimiyyətə” öz adamını gətirməsidir”.
Millət vəkilinin sözlərinə görə, bundan Dağlıq Qarabağda hazırda yaşayan erməni əhalisi dərs çıxartmalıdır:“Bir faktı xatırladım ki, 1989-cu il siyahıyaalınmasına görə, Dağlıq Qarabağ Muxtar Vilayətində 188 min əhali yaşayırdı ki, bunun da 41 mini azərbaycanlılar, 145 mini ermənilər olaraq qeyd edilmişdi (2 min də digər xalqlar). Azərbaycanlılar öz yurd-yuvalarından didərgin düşüb. Amma 145 min erməni hara getdi bəs? Tam 31 ildən sonra rəsmi statistikada Ermənistan bu bölgəmizdə yaşayan erməni əhalisinin 140 min civarında olduğunu bildirir. Halbuki Ermənistanın öz mediası bu bölgədə hətta 65 mindən daha az əhalinin qaldığını qeyd edir. Bu da təsadüfü deyil, erməni terrorçularının erməni əhalisinə qarşı münasibəti göz qabağındadır. Belə olduğu halda əlbəttə ki, Dağlıq Qarabağda yaşayan əhali oradan qaçmalıdır və qaçır da”.
Q.Paşayeva qeyd edib ki, bütün dünya dövlətlərinin hökumətləri öz xalqını qorumağa çalışarkən Nikol Paşinyanın Dağlıq Qarabağın erməni əhalisinə yardım etməməsi, əksinə onları böyük bir risklə üz-üzə qoyması artıq faktdır:“Guya pandemiya Dağlıq Qarabağda yox idi. Ancaq seçkidən dərhal sonra “məlum oldu” ki, Qarabağ erməniləri arasında da koronaviruslu xəstə var və bunu rəsmən etiraf etməyə məcbur oldular. Bunun yalnız bir səbəbi var: Paşinyan Dağlıq Qarabağın erməni əhalisinə nifrət edir, onun Ermənistanda apardığı siyasət də bunu sübut edir. Onunçün Qarabağ ermənilərinin qarışqa qədər dəyəri yoxdur. Hətta iş o yerə çatıb ki, “ikinci tur” oyununa da getməkdən çəkinmədilər. Çünki klanlararası müharibə gedir və Paşinyan klanı nəyin bahasına olursa-olsun, Qarabağdakı qondarma quruma rəhbərliyi ələ keçirməyə çalışır. Mənzərə budur və ona görə deyirəm ki, Dağlıq Qarabağın erməni əhalisi bundan nəticə çıxarmalıdır. Onlar bilməlidirlər ki, normal yaşamaq üçün özləri Qarabağ ermənilərini virusla, müharibə ilə, qırılmaqla üz-üzə qoyan və səfalət içində yaşamağa məcbur edən o terrorçu şəbəkəsini linç etməli, nicatlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaqdan asılı olduğunu anlamalıdırlar”.
Qeyd edək ki, bir çox dövlətlər və beynəlxlaq təşkilatlar, hətta Minsk qrupu Qarabağdakeçirilən saxta seçkiləri tanımadıqlarını bəyan edib. Norveç Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qondarma "seçkilər"i tanımır.
Norveç Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinə rəsmi nota ünvanlayıb.
Rəsmi notada deyilir ki, Norveç martın 31-də Azərbaycanın işğal altında olan ərazisi Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır.

Cavid