Erməni  vandalları  İrəvan qalalarını necə yox ediblər? 2- ci yazı Layihə

Erməni  vandalları  İrəvan qalalarını necə yox ediblər? 2- ci yazı

Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar mövcuddur. Bu silsilə yazılarda tarixçi Güntəkin Nəcəflinin erməni vandallarının yox etdiyi İrəvan qalaları ilə bağlı araşdırması təqdim olunur. Tarixçi bildirir ki, 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsinin gedişində İrəvan şəhəri növbəti dəfə Osmanlı ordusunun hücumuna məruz qaldı. 1583-cü ilin avqustunda Şərq yürüşünün yeni hərbi rəhbəri Fərhad paşa 70-80 min nəfərlik qoşunla Çuxursəd vilayətinə daxil olaraq İrəvanı ələ keçirdi. O, İrəvan şəhərində “Şah bağı”nda Məhəmmədi xan Toxmağın sarayını içinə alan, Zəngi çayının şərq sahilində cənubdan şimala doğru uzanan bir Narınqala və Bayırqala tikdirdi. 5 dəmir qapılı, məscidi və hamamı olan Narınqala ilə 43 qülləli Bayırqala 45 gün ərzində inşa edildi.
Həmin dövrdə İrəvanın Bayır qalası Zəngi körpüsü, Dəmirbulaq, Abbasdərə, Köşəli, Abıhəyat, Qarabağ və Zoğalqala adlanan yerlərdən keçərək Zəngi çayına dönür və çay boyunca uzanaraq Zəngi körpüsündə birləşirdi. Uzunluğu təxminən 30 km olan qala divarlarında 50-60 bürc var idi.
Qala divarlarının önünə müdafiəni asanlaşdırmaq üçün sıx ağaclar əkildi. Şəhər ətrafında qaya və daşların az olması möhkəm qala divarlarının tikilməsini çətinləşdirdiyi üçün qala divarlarının qarşısında xəndək qazıldı. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsində Qızılbaşlar məğlub olduğu üçün İrəvan şəhər-qalası da Azərbaycanın digər əraziləri kimi XVII əsrin başlarına qədər Osmanlı dövlətinin idarəçiliyində qaldı. XVI əsrin sonunda Səfəvi hökmdarı I Şah Abbasın (1587- 1629) həyata keçirdiyi hərbi islahatlar nəticəsində odlu silahlarla təchiz edilmiş güclü nizami ordu yaradıldı. Səfəvi ordusu 1603-cü il oktyabrın 18-də İrəvan qalasını mühasirəyə aldı. Qalada Şərif paşanın 10 minlik Osmanlı qarnizonu möhkəmləndirilmiş üç istehkam xətti ilə müdafiə olunurdu.
Şəhərin mühasirəsi uzun müddət davam etdi. Şah Abbas “İrəvan qalasının ətrafında istehkam tikmək üçün Naxçıvan və Culfa əhalisini səfərbərliyə aldı və onların hərbi əməliyyatda iştirak etməsini məsləhət gördü”. 1604-cü il iyunun 8-də İrəvan qalası azad edildi. Beləliklə, 20 ildən artıq Osmanlı dövlətinin nəzarətində qalan İrəvan qalası azad edildi.
XVII əsrin birinci yarısında İrəvan şəhəri yenidən Osmanlı ordusunun hücumuna məruz qaldı. 1635-ci il iyulun 27-də İrəvan qalasını mühasirəyə alan IV Murad qalanı ağır toplarla dağıtmağa göstəriş verdi. Ciddi müqavimət göstərilsə də, avqustun 8-də İrəvan qalası böyük çətinliklə ələ keçirildi. Lakin tezliklə, Səfəvi hökmdarı I Şah Səfinin (1629-1642) Rüstəm xanın komandanlığı altında göndərdiyi ordu 1635- ci il dekabrın 25-də İrəvan qalasını mühasirəyə aldı. Osmanlı qarnizonunun ciddi müqavimət göstərməsinə baxmayaraq 1636-cı il aprelin 2-də İrəvan qalası Səfəvi ordusu tərəfindən azad edildi.
İrəvan şəhər-qalası Osmanlı işğalından azad edildikdən sonra Səfəvi şahları tərəfindən daha da möhkəmləndirildi. XVIII əsrin I rübündə Səfəvilərin zəifləməsindən istifadə edən erməni din xadimləri I Pyotrla əlaqəyə girərək onu Azərbaycan torpaqlarının, o cümlədən İrəvanın işğalına şirnikləndirdilər. Tiflisdəki erməni yeparxiyasının başçısı arxiyepiskop Minas Pərvazyan 1722-ci ilin dekabrında vardapet Minasa yazırdı: “Sənə məlumdur ki, İrəvan İran (Səfəvi - red.) torpaqlarının açarıdır və bizim niyyətimiz İrəvan qalasını ələ keçirməkdir. Əgər o bizim əlimizdə olarsa, nə türklər, nə də iranlılar bizə heç nə edə bilməyəcəklər”.
Rusiya 1722-1723-cü illərdə Səfəvi dövlətinin Xəzərsahili vilayatlərini işğal etdi. Bundan narahat olan Osmanlı dövləti Rusiyanı qabaqlamaq üçün 1723-cü ildə öz qoşunlarını Azərbaycana yeritdi. Beləliklə, 88 ildən sonra, 1724-cü ilin yayında İrəvan qalası yenidən Osmanlı qoşunları tərəfindən mühasirəyə alındı. 1724-cü ilin yayında Osmanlı sərkərdəsi Arifi Əhməd paşanın başçılıq etdiyi 60 min nəfərlik qoşun tərəfindən mühasirəyə alınan İrəvan qalası 92 gün (6 iyul-7 oktyabr) qəhrəmancasına müqavimət göstərdi. Qalanı ələ keçirə bilməyən Osmanlı sərkərdəsi sultandan əlavə qüvvə göndərilməsini istədi. Osmanlı sultanın öncə 35 min, sonra Kütahyadan 10 min, daha sonra isə Misirdən 3 min nəfərlik əlavə qüvvə göndərməsi nəticəsində İrəvan qalası böyük çətinliklə ələ keçirildi.
İrəvan qalaları – Azərbaycan xalqının mübarizə simvolu
XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı İrəvan və Sərdarabad qalalarını müdafiə edən Azərbaycan oğullarının çar Rusiyası işğalçılarına qarşı apardığı mübarizə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Zəngi çayının sol sahilində yerləşən İrəvan qalası təxminən kvadrat formasında (790 x 850 m) olub 7 ha sahəni əhatə edirdi. İki cərgəli qala divarlarının uzunluğu 4,5 km, xarici divarın hündürlüyü 10,5-12 m olan qala divarları ərazini şimal-şərq, cənub-şərq və cənub-qərb tərəfdən əhatə edirdi. Ərazinin digər tərəfi isə sıldırımlı Zəngi çayına söykənirdi. Qoşa qala divarları bir-birindən 36-42 m aralı tikilmişdi. Həm xarici, həm də daxili müdafiə divarları kifayət qədər qalın olan qala divarlarında yarımdairəvi qüllələr vardı. Qüllələrdə atəş üçün təqribən 2450 mazğal, müdafiə divarları boyunca 53 top yerləşdirmək mümkün idi.
İrəvan qalası XVIII əsrin sonlarında daha da möhkəmləndirildi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda tikilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şimalda – Şirvan qapısı, cənubda – Təbriz qapısı. Mühasirə zamanı sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi.
XIX əsrin birinci rübündə İrəvan qalasının içərisində Xan sarayı (Sərdar sarayı), hərbçilərin evləri, dükanlar və iki məscid vardı. Qalanın içərisinə 2 yerdən – Zəngi çayından və cənub-şərq tərəfdə olan Qırxbulaqdan yeraltı yolla su çəkilmişdi. Rusiya işğalına qədər İrəvan qalasında 800 ev vardı. İrəvan qalasının ətrafında – bayır şəhərdə isə 1736 ev, 5 meydan, 8 məscid, 6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470 üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı.
1813-cü ildə burada olan Qaspar Druvil yazırdı: “İrəvan qalası iki divarla əhatə olunub, şəhərdən yarım top atəşi məsafəsində yerləşir. Qala uzun müddət Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfəvilərin – red.) hakimiyyəti altında qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç nizami tabor, qalanı qoruyan 60 top və süvari artilleriya bölüyünün yarısını saxlayır ”.
XIX əsrin əvvəllərində Cənubi Qafqazı ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr meydanına çevrildi.
Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi. Rusiyanın xarici siyasət idarələrində “Tiflis-Təbriz tranzit yolunun üstündə yerləşən İrəvan qalasının alınmasının vacibliyi” qızğın müzakirə olunur və çar I Aleksandrın verdiyi fərmanda Rusiyaya tabe ediləcək ərazilər sırasında İrəvan xanlığının adı birinci çəkilirdi. 1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən birinci Rusiya-İran müharibəsi zamanı İrəvan qalası iki dəfə Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Xanlığın əhalisi cəsur dövlət xadimi olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxdı.
Gümrü və Üçkilsəni tutan rus qoşunları 1804-cü il iyulun 2-də gürcü əsilli, azərbaycanlılara həqarətlə yanaşan çar generalı Pavel Sisyanovun başçılığı ilə İrəvan qalasını mühasirəyə aldı. İrəvan xanının qoşunları yaxşı silahlanmışdı və qalanın müdafiəsi də lazımınca təşkil olunmuşdu. 1804-cü il iyulun 24-də rus qoşunlarının İrəvan qalasına hərtərəfli hücumu başlandı. 60 topa və 7000 əsgərə malik olan qala qarnizonunun ruslara qarşı inadlı mübarizəsi başlandı.
Dövrün mənbələrində qeyd olunur ki, “Zəngi çayının kənarındakı ən yüksək təpədə inşa olunmuş İrəvan qalasının çay tərəfdən qala divarı digər divarlara nisbətən zəif idi. Qalanın digər divarları ikiqat hasarlardan ibarət idi. Kərpic və daşdan hörülmüş qala divarları, həm hündür, həm də qalın idi. Birinci qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud 20 sajenə (42,68 metr) bərabər idi. Divarlar arasındakı xəndək su ilə doldurulmuşdu. Qalanın 17 bürcü var idi. Qala divarları üstündə qurulmuş 60 topdan yalnız 20-si saz vəziyyətdə idi. Qalada üç mortir (qısa lüləli top – red.) də qurulmuşdu. Qalanı müdafiə edən qarnizon 7000 nəfərdən ibarət idi”.
İrəvan qalasını Rusiya işğalçılarına qarşı qəhrəmancasına müdafiə edən Azərbaycan oğulları tez-tez qaladan çıxaraq bir neçə istiqamətdən qəfil hücumlar edərək rus qoşunlarına ağır itki verirdilər. Belə hücumlar nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi. Dövrün mənbələrində çar qoşunları ilə İrəvan qalasının müdafiəçiləri arasında baş verən 8 saatlıq döyüşdə rusların 3 zabit, 120 əsgər itirdiyi, 6 zabit, 200 əsgərin isə yaralandığı qeyd olunur.
Çarəsiz qalmış P.Sisianov İrəvan xanına məktubla müraciət edərək məsələni itki vermədən həll etməyə çalışdı. Lakin onun İrəvan xanı ilə 6 ay davam edən yazışması nəticəsiz qaldı. Qarakilsədə mühasirəyə alınan mayor Montrezor demək olar ki, bütün dəstəsi ilə məhv edildi. 1804-cü il avqustun sonunda çağırılan hərbi şurada mühasirənin götürülməsi və qoşunların geri çəkilməsi qərara alındı. Sentyabrın 1-də Sisianov axırıncı dəfə Məhəmməd xandan İrəvan qalasını təhvil verməsini tələb etdi. Məhəmməd xan yenidən rədd cavabı verdi. Yalnız bundan sonra – sentyabrın 3-də rus qoşunlarının geri çəkilməsi barədə əmr verildi.
İrəvan qalasının ikinci mühasirəsi və çar Rusiyası qoşunlarının rüsvayçı məğlubiyyəti (9 oktyabr-17 noyabr 1808-ci il) baş verdi. İrəvan xanı Hüseynqulu xan Qacar (1806-1827) 1807-ci ildən başlayaraq fransız hərbi mühəndislərinin köməyi ilə qalanın müdafiəsini daha da möhkəmləndirdi. General Qudoviç bu barədə yazırdı: “İrəvan qalasının Avropa hərbi qaydaları üzrə möhkəmlənmiş iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi var. Təpənin üstünə əvvəllər burada yerli hərbçilər tərəfindən istifadə edilməyən karteçlə işləyən toplar qoyulub. İrəvanlılar fuqas bombalarından da istifadə edirlər”.

Elçin Qaliboğlu