Erməni  vandalları  İrəvan qalalarını necə yox ediblər? Layihə

Erməni  vandalları  İrəvan qalalarını necə yox ediblər?

Həsən xan çar zabitinə yazırdı: “Nə olursa-olsun biz sizinlə nəinki qalanın içində, eləcə də açıq düzdə vuruşmağa hazırıq”

3-cü yazı

Ermənilərin tarixi Azərbaycan torpaqlarına iddiası və bu amansız prosesdə törətdikləri vəhşiliklər haqqında təkzibedilməz faktlar haqqında tarixçi Güntəkin Nəcəfli bildirir ki, İrəvanı ələ keçirmək üçün uzun müddət hazırlıq görmüş Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş komandanı Qudoviç 1808-ci il sentyabrın əvvəllərində Pəmbəkdən çıxaraq 6 minlik qoşun və 12 top ilə İrəvan istiqamətində hərəkət etdi. Rus qoşunlarının tərkibində 500 nəfərdən çox erməni süvarisi də iştirak edirdi.
Hücum ərəfəsində Hüseynqulu xan təcili tədbirlər gördü. O, qalın qala divarlarının bayır tərəfində səngərlər qazdıraraq bura toplar düzdürdü. Hüseynqulu xan qalanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xan Qacarı 2 min nəfər döyüşçü ilə burada qoyaraq, özü 4 min nəfər piyada ilə rus qoşunlarının qarşısına çıxdı.
Sentyabrın 30-da Üçkilsəni tutan rus qoşunları buradakı ermənilər tərəfindən sevinclə qarşılandı. Üçkilsədən sonra onlar İrəvan yaxınlığındakı Qarabağ kəndində mövqe tutdu. Hüseynqulu xan düşmənə qarşı Gərniçay sahilində düşərgə salaraq düşmənə arxadan həmlələrini edirdi. General Qudoviçin əmrinə əsasən general-mayor Portnyagin İrəvan xanını təqib etməklə onun başını qarışdırdı, özü isə rəhbərlik etdiyi korpuslarla oktyabrın 3-də Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə alsa da uğur qazana bilmədi. Böyük itkilər verən Qudoviç İrəvan qalasını ələ keçirmək üçün şirnikləndirici vasitələrə əl atdı. O, Həsən xana qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən xan Qacar bu təklifi qətiyyətlə rədd etdi. Hüseynqulu xan isə qalanın mühasirəsini yarıb şəhərə daxil olmağa çalışır, vaxtaşırı düşmənə zərbələr endirirdi.
Qudoviç bir neçə dəfə Həsən xandan qalanın rus qoşunlarına təhvil verilməsini tələb etdi. Bu tələblərə cavab olaraq, Həsən xan çar zabitinə yazırdı: “Nə olursa-olsun biz sizinlə nəinki qalanın içində (bu o qədər də çətin deyil!), eləcə də açıq düzdə vuruşmağa hazırıq. Məlumunuz olsun ki, qala qarnizonu bu barədə artıq öz qərarını verib”. Həmin məktubu Qudoviçə yetirən elçi “qala qarnizonunun axırıncı nəfərə qədər həlak oluncaya qədər silahı yerə qoymayacağını” qətiyyətlə bildirdi.
1808-ci il noyabrın 17-də tezdən sayı 3000 nəfərə yaxın olan işğalçı çar qoşunlarının İrəvan qalasına hücumu başladı. Düşmən ciddi müqavimətə rast gəldi. Rus qoşunlarının düzəltdiyi nərdivanlar da qalaya daxil olmağa kifayət etmədi. 1000 nəfərə yaxın itki verən rus qoşunları Tiflisə doğru geri çəkilməyə və hücumu dayandırmağa məcbur oldu.
Məğlub olmuş çar qoşunlarının İrəvan qalasına hücumu zamanı itkisi çox oldu. Qudoviçin çara göndərdiyi raportunda bu itkilər barədə rəqəmlər kiçildilir, guya Rusiya tərəfindən cəmi 17 zabit və 269 əsgərin öldürüldüyü, 64 zabit və 829 əsgərin isə yaralandığı göstərilirdi. Digər məlumata görə: “…alaylar (rus ordusu alayları- red.) elə vəziyyətə düşdü ki, təkrar hücum haqqında düşünməyə belə dəyməzdi”.
İkinci Rusiya-İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: “Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin”.
I Nikolayın Yermolova göndərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında yazırdı: “Təcili olaraq İrəvan Sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tutulub. Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir”.
1827-ci il martın sonlarında Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general İ.F.Paskeviç İrəvan xanlığının strateji əhəmiyyətini dərk etdiyi üçün ilk zərbəni bu xanlığa endirməyi qərara aldı. 1827-ci ilin yazında baron Dibiçin rəhbərlik etdiyi rus qoşunları arxiyepiskop Nerses Əştərəklinin müşayiəti ilə İrəvan xanlığı üzərinə hərəkət etdi.
Aprelin 13-də Üçkilsə monastırını tutan Benkendorfun qoşunları burada ərzaq olmadığı üçün çətin vəziyyətə düşdü. Aprelin 16-da onlar Sərdarabada doğru istiqamət götürdü. Ətrafı quru xəndəklə əhatə olunan Sərdarabad qalası 22 topa malik idi. Qala qarnizonunun sayı 3000 nəfərə çatırdı. Qalanın rəisi İrəvan sərdarının qardaşı Həsən xan və nəvəsi Fətəli xan idi.
Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general Benkendorf aprelin 16-da səhər 5 tağım və 4 topla qalaya hücum etsə də yalnız axşam gizlicə qalaya yaxınlaşa bildi. Qala müdafiəçiləri onlara aman verməyərək toplardan atəş açmağa başladı. Niyyətinin baş tutmadığını görən Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi. Fətəli xan Benkendorfun bu tələbini rədd edərək “qalanı təslim etməkdənsə, onun dağıntıları altında ölməyim yaxşıdı” cavabını verdi.
Sərdərabad qalasının müdafiəçilərindən rədd cavabı alan Benkendorf aprelin 16-dan 17-ə keçən gecə qalanı güclü top atəşinə tutmağı əmr etdi. Lakin qala müdafiəçiləri düşmənə əks zərbə endirməklə cavab verdilər. Sərdarabad qalasınının qəhrəman müdafiəçilərinin əzmkarlığı nəticəsində qalanı ala bilməyən rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildi.
İrəvan qalasının üçüncü mühasirəsi və qala qəhrəmanlarının işğalçılara təslim olmaması (27 aprel - 21 iyun 1827-ci il) Sərdarabadda məğlub olan rus qoşunları əsas məqsədinə yetişmək - İrəvan qalasını ələ keçirmək və xanlığı tamamilə işğal etmək üçün tələsdi. Rusiya ordusunun hücumu ərəfəsində İrəvan xanı Hüseynqulu xan ətraf kəndlərdən qalaya çoxlu taxıl ehtiyatı topladı, qala qarnizonunu daha da möhkəmləndirdi. Təkcə İrəvan qalasında yerləşən qarnizonun sayı 5 minə çatırdı, qalada 26 top yerləşdirilmişdi.
Aprelin 24-də Zəngi aşırımını keçən işğalçı qoşun İrəvanın cənub-şərqinə doğru hərəkət edərək buradakı yüksəklikləri tutdu. Aprelin 24-dən 27-ə qədər İrəvan qalasının müdafiəçiləri ilə işğalçı çar qoşunu və İrəvan xanına xəyanət edən ermənilər arasında dəfələrlə qanlı döyüş baş verdi. Çox çətin mübarizədən sonra, aprelin 27-də mayor Voljenskinin başçılığı ilə İrəvan qalasının şərq tərəfindəki “Şəhərətrafı” adlanan hissə tutuldu. Bununla da İrəvan qalasının mühasirəsi başa çatdı.
Hər tərəfdən mühasirəyə alınmasına baxmayaraq, İrəvan qalasının müdafiəçiləri mərdliklə mübarizə aparırdı. Buna görə də, general Benkendorf qala rəisi, Hüseynqulu xanın qardaşı oğlu və kürəkəni – Sübhanqulu xan vasitəsi ilə xanla danışıqlar aparmağa məcbur oldu. General əvvəlcə xanı pulla ələ almaq istədi, bunun nəticə vermədiyini gördükdə xana könüllü təslim olacağı təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki gəlirlərinin özünə qaytaracağına söz verdi. Lakin Hüseynqulu xan generalın təklifini nəinki qəbul etmədi, əksinə yenə də mübarizəni davam etdirməyi üstün tutdu. Aprelin 29-dan 30-na keçən gecə İrəvan süvariləri düşmən mühasirəsini yarıb qalaya daxil olmağa cəhd etdilər. Onlar Zəngi çayının üstündən keçən körpünü qoruyan düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onları çətin vəziyyətə saldılar.
İrəvan qalasının qəhrəmancasına müdafiəsi və mühasirənin uzanması baş komandan İ.F.Paskeviçin şəxsən özünü İrəvan üzərinə Səlib yürüşünə məcbur etdi. İ.F.Paskeviçin özünün başçılıq etdiyi qoşun hissələri, ona qoşulmuş erməni və gürcü dəstələrinin müşayiəti ilə mayın 12-də İrəvan istiqamətində hərəkətə başladı. Mayın 17-də imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı da əlavə olaraq bu yürüşə qoşuldu. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə çatırdı.
İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn İ.F.Paskeviç İrəvan qalası haqqında kəşfiyyat məlumatları toplamağa başladı. O, özünün hərbi əməliyyatlar jurnalında yazırdı: “İrəvan qalasının dərin xəndəklə əhatə olunmuş bürcləri olan iki hündür divarı var. Divarların arasındakı dar zolaq da sanki xəndək kimi maneə rolunu oynayır. İç divarın qapalı bürclərində toplar yerləşdirilib, bayır divar isə mazğal və bürclərdəki falkonet (kiçik çaplı top – red.) və tüfənglərdən açılan atəşlə qorunur. Qala qarnizonu 2 min döyüşçü və təxminən bu qədər qeyri-nizami atıcıdan ibarətdir”.
General-leytenant Krasovski 20-ci piyada diviziyası və iki kazak alayı ilə İrəvan yaxınlığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan Bekendorfun mühasirə dəstəsini əvəz etməli idi. Lakin İrəvan qalasının alınmazlığını görən general Paskeviç Bekendorfun yerinə Krasovskini İrəvan mühasirə dəstəsinin rəisi təyin etdi. Mühasirə dəstəsində 3200-ə yaxın piyada, 1200 süvari, 16 top, əsas qüvvələrin tərkibində isə 4800 piyada, 800 nəfər nizami və 3000 nəfər qeyri-nizami süvari dəstəsi var idi.
İyunun 19-da hərəkətə başlayan rus qoşunları ayın 21-də Dəvəli kəndinə girsə də irəvanlıların güclü müqaviməti ilə rastlaşdı. Havaların isti keçməsi və əsgərlər arasında yayılan xəstəliklər də İrəvan qalasını mühasirəyə alan rus qoşunlarının müqavimətini günbəgün ağırlaşdırırdı. Krasovski general Paskeviçə İrəvan qalasının mühasirəsinin mənasız olduğunu bildirdi və mühasirədən əl çəkmək üçün ondan razılıq istədi. İyunun 21-də gecə yarısı çar qoşunu Üçkilsəyə doğru geri çəkildi. İşğalçılar geri çəkildikdən sonra Həsən xan Qacar qalanı möhkəmləndirməyin qayğısına qaldı və bunun üçün heç bir şeyi əsirgəmədi.

Elçin Qaliboğlu