“Mərhələli həll variantı işğalçı ölkəni narahat edir” Layihə

“Mərhələli həll variantı işğalçı ölkəni narahat edir”

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ nizamlanmasına dair onlayn danışıqları ilə eyni vaxtda Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov əsl “bomba parltladıb”. Bu, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun dəyirmi masasında baş verib. Yerevanda iddia edirlər ki, bu “partlayıcı qurğu” açıq-aşkar antierməni və Azərbaycanpərəst xarakter daşıyır.
Başlayaq Zöhrab Mnasakanyanla Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin iştirakı ilə keçirilmiş danışıqlarından. ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumata görə, tərəflər Qarabağ məsələsinin həllilə bağlı müzakirələri davam etdirmək, ilk fürsətdə növbəti görüşü təyin etmək barədə razılığa gəlib. Həmçinin qeyd edilir ki, koronavirus pandemiyası səbəbindən humanitar tədbirlər, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin təkbətək görüşləri və həmsədrlərin bölgəyə səfərləri təxirə salınsa da, onların həyata keçirilməsinə hazırlıqlar davam edir. Bundan başqa, atəşkəs rejiminə əməl olunmasının və “qlobal böhran” şəraitində təxribatlara yol verməməyin vacibliyi də vurğulanır.
WorldMedia Rosbalta istinadən yazır ki, əslində, görüşdən sonra yayılmış belə “hamar” məlumata bəlkə də heç kəs əhəmiyyət verməzdi, əgər Lavrov Qarabağ nizamlanması ilə bağlı “sirr”i açmasaydı. Lavrov bildirib ki, ötən ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilmiş görüşündə Qarabağ münaqişəsinin mərhələli həllilə bağlı sənəd qəbul edilib. Nazirin sözlərinə görə, planın ilk mərhələsində Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad edilməsini, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların açılması nəzərdə tutulur. “Bəli, onlarda (sənədlərdə) Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir… O vaxtdan bu danışıqlar davam etdirilir və artıq bir neçə görüş keçirilib”, - deyə Lavrov bildirib.
Onun sözləri Ermənistanda qəzəblə qarşılanıb. “Bu necə olur?”, - deyə ermənilər soruşur: Belə çıxır ki, hakimiyyət gizlincə “vətəni satır”?” Bu vəziyyəti görən Mnaskakanyan tələsik bəyanat verərək, deyilənləri inkar edib. O, bildirib ki, Nikol Paşinyanın başçılıq etdiyi yeni hökumət danışıqları “həddindən artıq şəffaf” aparır, mərhələli həllə bağlı yanaşmalar 2014-2016-cı illərə aiddir və o vaxtkı təşəbbüslər artıq “danışıqlar masası üzərində” deyil.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Nağdalyan isə daha açıq danışıb. O, “Kommersant”a müsahibəsində mərhələli həll variantının Ermənistan üçün qəbuledilməz olduğunu söyləyib. Nağdalyanın sözlərinə görə, ölkəsi 2018-ci ildən bu istiqamətdə danışıqlar aparmır. Maraqlıdır ki, adətən çox danışan və sosial şəbəkələrdən yeri gəldi-gəlmədi fəal istifadə edən Nikol Paşinyan Lavrovun dediklərini nə təsdiq, nə də təkzib edib. Yerevanda isə bunu məhz ondan tələb edirlər.
Bu yerdə sual yaranır: elə isə, Ermənistanın “inqilabi hakimiyyət”i Azərbaycan tərəfi ilə söhbətlər zamanı, həmçinin Rusiya və digər həmsədrlərin iştirakı ilə aparılan danışıqlarda 2 ildir nədən danışır? Tərəflər hələ də bir-biri ilə tanış olur, yoxsa Bakı ilə Yerevanın hava durumunu müzakirə edirlər? Bəlkə həqiqətən, işğal olunmuş 7 rayondan 5-nin Azərbaycana qaytarılmasının detalları müzakirə olunur? Birincisi, ən ədalətlisi elə bu olardı. İkincisi isə bu, uzaq gələcəkdə də olsa, Qarabağın statusunun müzakirəsinə yol açardı.
Nəhayət bu, regionu yeni irimiqyaslı hərbi əməliyyatlardan xilas edərdi. Hər halda, Azərbaycanın səbri tükənməz deyil və bölgədə döyüşün nə vaxt başlaya biləcəyini heç kəs bilmir. Xüsusən maraqlıdır ki, bu savaşın kimin “xeyir-duası” ilə başlaya biləcəyi, bundan regiondan kənar oyunçulardan kimin və hansı formada hərbi-siyasi divident qazanacağı da məlum deyil.
Hələliksə görünən odur ki, Ermənistan XİN-nin tutduğu mövqe ya danışıqlar prosesində real vəziyyətin gizlədilməsinə (yəni Lavrov yalan deməyib), ya da prosesi pozmaqla, münaqişə bölgəsində status-kvonun qorunub-saxlanılmasına hesablanıb. Amma bu variantların heç biri Ermənistana yaxşı nəsə vəd etmir.
Daha bir xüsusiyyəti qeyd edək: Ermənistan özünün real və xəyali bəlalarının hamısında Rusiyanı günahlandırmaqdadır. Son hadisələr zamanı, yəni başıbəlalı “Lavrov planı”ndan danışılarkən isə Lavrovu “dünya proletariatının rəhbəri”nə belə, bənzədənlər tapılıb. Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan “Lragir”ə müsahibəsində Lavrovun sözlərini belə şərh edib: “Onların Dağlıq Qarabağla bağlı bütün formullarını Lenin və Atatürk, Stalin və Trotski verib və Rusiya bu formulalara sadiqdir. Lakin azad və suveren Ermənistanı tanıyan ölkələr Rusiyanı “təpikləyir”, o isə incik şəkildə bizə mesajlar verir. Buna qatlaşmaq lazımdır”.
Bəs Azərbaycan? Onların erməni həmkarlarına cavabı təmkinli olsa belə, bu da Yerevanda qeyri-adekvat reaksiya yaradıb. Azərbaycan XİN-nin məlumatında deyilir: “Yaxşı olardı ki, Ermənistan hakimiyyəti sülh prosesi barədə ölkə əhalisini məlumatlandırsın, onun sülhə hazırlanması üçün addımlar atsın”. Yerevanın mərhələli həllə bağlı danışıqlar aparmadığı haqda bəyanatını isə Azərbaycanın xarici siyasət idarəsi gülməli adlandırır. Bakıda hesab edirkər ki, burada məqsəd erməni ictimaiyyətini sakitləşdirməkdir.
Bu arada, Azərbaycan tərəfinin bəzi bəyanatları ermənilərə qeybət üçün əsas verib. Məsələn, “Haqqın.az”ın məlumatına görə, Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan XİN-nin Mnatskakanyanın bəyanatına cavabını tənqid edib. “Haqq bizim tərəfimizdə olduğu halda, nə üçün hücum etmək əvəzinə müdafiə olunuruq?”, - deyə deputat bildirib. O, Azərbaycanın xaricdəki diplomatik missiyalarını da tənqid edib. Bakıdan gələn bu tip xəbərlər erməni tərəfinə bəzi iddialarla çıxış etmək üçün əsas verib. “Lragir”dən sitat: “Azərbaycan parlamentinin deputatları durmadan deyirlər ki, “Məmmədyarov dişsizdir və Əliyevin siyasətin dəstəkləyə bilmir”, sonuncu isə Lavrovun bəyanatından sonra öz xarici işlər nazirinə “misli görünməmiş hücum” edir ”.
Təbii ki, bu deyilənlərdə məntiq yoxdur. Bu, sadəcə rişxənd və Azərbaycanın siyasi spektrinə parçalanma salmaq cəhdləridir. Görünür, Yerevana daha çox Lavrovla Məmmədyarovun açıq kobudluq etməsi sərf edərdi – “höcətləşmə” daha çox olar və bunun fonunda nizamlama məsələsi bir müddət arxa plana keçərdi. Lakin burada ən azı iki amili nəzərə almayıblar. Birincisi, pişiyi torbada gizlətmək olmaz – bunu Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, hazırda müxalifətdə olan siyasətçi David Şahnazaryan da təsdiqləyib. O, “News.am”a müsahibəsində bildirib ki, “mərhələli həll variantı ətrafında danışıqlar yekun tura yaxınlaşmaqdadır” və artıq “sənəd imzalanmalıdır”. Onun sözlərinə görə, Lavrov təkcə öz adından yox, ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışıb. Şahnazaryanın fikrincə, Ermənistanın yeni hakimiyyəti dövründə təkcə Qarabağ problemində deyil, bütün xarici siyasətdə “biabırçı vəziyyət” hökm sürür.
İkincisi, Azərbaycanda artıq həm “xalq arasında”, həm də hakimiyyətin müxtəlif səviyyələrində problemin dinc yolla nizamlanacağına çox az adam inanır. İndi, onlar daha çox hərbi həll yoluna ümid edir. Odur ki, Bakını qıcıqlandırmaq olmaz. Bu, təhlükəlidir!
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mərhələli həll planını açıqlaması, demək olar ki, işğalçı ölkədə Paşinyana qarşı Qarabağ klanı yeni cəbhə açır. Onlar Baş naziri Qarabağı Azərbaycana verməkdə günahlandıraraq siyasi reavanş götümək istəyir. Amma qüvvələri yoxdur: «Qeyd edim ki, Sergey Lavrovun bu açıqlması, Paşinyan iqtidarını çox pis vəziyyətlə üzləşdirib. Onlar hər vəchlə bunu yalanlamağı və mərhələli həll planın olmadığını qeyd edirlər. Təbii ki, onların bu arqumenti əsassızdır və mərhələli həll planına uyğun olaraq danışıqlar masasında əyləşiblər. Amma məsələnin digər fərqi ondadır ki, işğalçı tərəf planı mahiyyətcə qəbul etsə də, ilk növbədə Qarabağın statusunu ilkin şərt kimi irəli sürürlər. Bu ilkin şərt Qarabağın müstəqilliyi deməkdir.
Bundan əlavə, mərhələli həll formulu özü polimikadı və münaqişənin həllini kifayət qədər uzadır. Burada xalqların öz müqqədaratı prinsipinin ehtiva olunması, birbaşa işğal faktorunda erməni amilini qabardır. Qarabağın həll formulu bütün danışıqları tormozlayır və bizim yekunda əleyhimizə işləyə bilər. Həmçinin xalqların özünün müqqədartının həlli prinsipi Qarabağ münaqişənin həllində ən problemli məsələdi və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə əsaslanmalıdır. Amma Ermənistan tərəfi qəti şəkildə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmir. Ona görə də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində danışıqların yekun nəticəsi, yalnız danışıqların pozulması olacaq. Bu onda baş tutmaya bilər ki, Minsk formatı kənara çəkilsin Azərbaycan və Ermənistan özü bir araya gəlib, həll formulunu müəyyən edib, razılığa gəlsin. Belə bir imkan və şərait mümkündür. Amma, maraqlı ölkələr buna imkan vermir”.
Politoloq onu da bildirib ki, hazırda Ermənistan daxilində ümumi siyasi vəziyyət gərginləşir. Paşinyana qarşı yeni cəbhə formalaşır. Keçmiş Təhlükəsizlik Komitəsnin sədri Vanetisyan yeni siyasi qüvvə toparlayır. Rusiya da bu şəxsi dəstəkləyir. Göründüyü kimi daxildə siyasi gərginliklər Paşinyanın Qarabağ danışıqlarında kompromis mövqe tutmasının qarşısını alır. Azərbaycan yalnız təzyiq vasitəsilə münaqişənin həllini sürətləndirə bilər. Artıq uzun müddətdən sonra cəbhə xəttində artilleriyanın işə düşməsi Ermənistan üçün mesajdır. Nikol Paşinyan öz xalqını sülhə hazırlamadı və substantiv danışıqlara razı olsa da nəticədən çəkinir.
Cavid