“Son gedişat onu deməyə əsas verir ki...” Layihə

“Son gedişat onu deməyə əsas verir ki...”

Politoloq: “Artıq münaqişənin həlli vaxtıdır”

Rəsmi İrəvan mərhələli versiyanın lehinədir, ya yox? Bu suala həm qarşıdakı qapalı danışıqlarda, həm də açıq şəkildə cavab verilməlidir. Rəsmi Bakı haqlı olaraq rəsmi İrəvanı Qarabağla bağlı mərhələli danışıqlar prosesini pozmaqda qınayır və qeyri-konstruktiv tərəf olaraq təqdim edir.
Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan və Rusiya xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son açıqlamalarına təkrarən münasibət bildirib.
Məmmədyarovun sözlərinə görə, Lavrovun bəyan etdiyi münaqişənin nizamlanmasının mərhələli variantı bir neçə ildir müzakirə mövzusu olub və həmsədrlərin açıqlamalarında açıq şəkildə əksini tapıb. Bununla yanaşı, o, danışıqların gizli olduğunu, detalların açıqlanmadığını, lakin danışıqların ümumi çərçivəsinin həmsədrlər, həm də həmsədr ölkə rəhbərlərinin açıqlamalarında açıqladığını qeyd edib.
“Bu açıqlamalarda münaqişənin mərhələli şəkildə həlli, yəni əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi və Azərbaycanla Ermənistan arasında əlaqənin açılmasını əhatə edən münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılmasının elementlərini əks etdirilir”, - deyə Məmmədyarov açıqlamasında bildirib. Daha sonra nazir əlavə edib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin müzakirə olunmadığını, danışıqlar masasında sənəd yoxdur, deməklə, öz həmvətənliləlirini aldadır.
“Ermənistan tərəfinin beynəlxalq ictimaiyyət qarşısında razılaşdırıldığı kimi vaxt itirmədən öz xalqını sülhə hazırlaması yaxşı olardı”, - deyə Məmmədyarov tərəflərin lazımi siyasi iradə nümayiş etdirəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilə biləcəyini söyləyib.
Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanın bir neçə gün əvvəl söylədiklərini xatırladaq. Mnatsakanyan aprelin 21-də Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin müzakirə olunduğunu, onun sözlərinə görə, Qarabağa bitişik bölgələrin təhvil verilməsini nəzərdə tutduğunu ifadə etdiyi açıqlaması ilə bağlı belə deyib: “Şərhlərdə qeyd olunan, ərazilərə gəldikdə, hər şeydən öncə, bu ərazilər təhlükəsizlik zonası və müdafiə xətləridir. Heç bir şəkildə heç bir erməni tərəfi Qarabağda yaşayan insanların təhlükəsizliyinə təhdid yaradan bu işə yenidən baxılmasının mümkün olduğunu güman edə bilməz. Bəli, heç bir erməni tərəfinin Qarabağ “xalqının” təhlükəsizliyinə təhlükə yarada biləcək hər hansı bir güzəştə gedə biləcəyini güman etmək olmaz”.
“Aravot.am” nəşri yazır ki, həll prosesinin bu fəallığının fonunda, güman etmək olar ki, hər hansı yekun sənədin razılaşdırılması üçün yaxın gələcəkdə vasitəçilər İlham Əliyev-Nikol Paşinyan görüşünü təşkil etməyə çalışacaqlar.
“Bugünkü ab-hava şəraitində, İrəvan və Bakı, açıq şəkildə, fərqli-fərqli prinsiplərdən danışarkən, belə bir prosesin mümkün olmadığı aydındır.
İndi erməni diplomatiyasının bir nömrəli vəzifəsi qarşıdakı danışıqlardan əvvəl erməni tərəfinin dəqiq fikri sahəsində mövqeyini qeyd etməkdir. Əvvəla, rəsmi İrəvan mərhələli versiyanın lehinədir, ya yox? Bu suala həm qarşıdakı qapalı danışıqlarda, həm də açıq birmənalı şəkildə cavab verilməlidir.
Moskva və Bakı daim hansı sənəddən bəhs edir? Əgər çoxsaylı işgüzar sənədləri varsa və Azərbaycan onlardan sadəcə birini vurğulayırsa, rəsmi İrəvan üçün sual yaranır ki, Ermənistan tərəfinin öz sənədi varmı və varsa, danışıqlar zamanı işgüzar bir variant olaraq istifadə olunurmu?
Erməni tərəfinin qarşıdakı danışıqlardan əvvəl görüləsi çox işi var. İstənilən sürüşkənlik rəsmi İrəvanı daha da çətin vəziyyətə sala bilər”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunub.
Onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığı bir dönəmlərdə işğalçı ordu atəşkəs rejimini intensiv olaraq pozmaqdadır.
Azərbaycan ordusu 2019-cu ilin iyun ayından sonra ilk dəfə atəşkəs rejimini pozan düşməni minaatanlardan istifadə edərək susdurub. Bu, Ermənistandakı daxili siyasi sahədə olduqca qaynar reallıqların fonunda, yeni hökumətlə keçmiş idarəetmə sistemi arasında canlı qarşıdurma dalğasının bir neçə vektorla yayıldığı bir şəraitdə baş verir.
Burada Ermənistandakı daxili inkişafın gərginləşməsi fonunda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məlum açıqlamanı verməsinə də diqqət yetirilməlidir. Lavrovun açıqlaması Ermənistan daxilində hökumətə qarşı siyasi və ya anti-siyasi basqın üçün açıq bir başlanğıca çevrildi.
“1in.am” nəşri yazır ki, İrəvana təzyiqin artırılması ilə bağlı məsələ varsa, Moskvanın bu məsələ ətrafında Bakı ilə razılığa gəlməyə çalışacağı istisna edilmir.
“Digər tərəfdən, bu, Ermənistana qarşı “sınanmış” şantajdır və ümumiyyətlə, qanuni bir hökumətə qarşı belə “ənənəvi” şantajın necə əldə edilməsinin mümkünsüz olduğu görünür, xüsusən də şantaj üsulu hətta keçmiş qanunsuz siyasi rəhbərliyə qarşı da işləmədiyini göz önünə aldıqda faydasız olduğu aydındır. Yekin olaraq, Qafqazda istənilən genişmiqyaslı hərbi əməliyyat təkcə onun birbaşa iştirakçıları üçün deyil, Moskvanın özü üçün də fəlakətli olardı. Kreml bu həqiqəti çətin ki, anlamamış olsun.
Hazırda, məsələni hərbi yolla həll etmək cəhdi Rusiyanın Qafqazdan çıxması məsələsi ilə yekunlaşa bilər. Əlbətdə ki, Ermənistana bu lazım deyil, ən azı hələki Rusiyanın Qafqazda erməni təhlükəsizliyinin məntiqinə uyğun davranışda qalması vacibdir. Şübhə yoxdur ki, Türkiyə və Azərbaycan bu perspektivi səbirsizliklə gözləyirlər. Buna baxmayaraq, Moskvanın Qafqazdakı varlığını Qərbə baha qiymətə belə bir perspektiv yaratmaqla satmağa cəhd edə biləcəyi istisna edilməməlidir.
Vəziyyət həqiqətən mürəkkəb və çoxşaxəlidir. Siyasi rəhbərlik və Ermənistan cəmiyyəti müxtəlif daxili çəkişmələrə deyil, bu miqyasa diqqət yetirməlidir”, - deyə nəşr yaranmış təşvişi gizlətməyib.
Erməni politoloq Qaqik Hambaryan deyib ki, Ermənistanda baş verən hadisələrə görə əhatəsindəki insanları günahlandırmaq, heç kimi əsirgəməmək və bununla müəyyən müddətlik cəmiyyətin diqqətini ölkənin daxili və xarici siyasət problemlərindən yayındırmaq Ermənistan Baş naziri Nikol Paşinyanın əlyazmasına çox uyğundur.
Hambaryan, həmçinin Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mərhələli variantla bağlı bəyanatına toxunub.
“Mən nə Ermənistan Xarici İşlər naziri, nə də XİN-in mətbuat katibi səviyyəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bəyanatı ilə bağlı konkret mövqe – “bəli, Lavrov doğru deyir və ya yox, Lavrov yalan deyir” görmədim”, - deyə o bildirib.
Erməni politoloq qeyd edib ki, Paşinyan hakimiyyət dəyişikliyinin arxasında dayanmış qüvvələrin proqramını həyata keçirməyə çalışsa, hakimiyyətini itirə bilər.
Erməni diplomat Arman Melikyan isə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun mərhələli variantla bağlı bəyanatına toxunarkən deyib ki, Lavrovun dediklərinin Minsk qrupunun digər həmsədrləri ilə razılaşdırıldığını düşünmürəm.
Melikyan bildirib ki, Lavrov məharətlə yaş və qurunu - həmsədrlərin birgə təşəbbüslərini yalnız Moskva tərəfindən rəsmi Bakıya və İrəvana edilmiş hansısa təkliflərlə bir-birinə qarışdırıb.
“Eyni zamanda onu da nəzərə almalıyıq ki, Minsk qrupunun həmsədrləri birlikdə və ya ayrı-ayrılıqda çıxış edərək vasitəçi statusuna malikdirlər və münaqişə tərəflərinin əvəzinə qərarlar qəbul edə bilməzlər. Doğrudur, xüsusi hallarda münaqişə tərəflərinin əhalisinin ictimai rəyinə və əhval-ruhiyyələrinə vacib təsir gösətərə bilərlər”, - deyə Melikyan bildirib.
Melikyan qeyd edib ki, Rusiya təşəbbüsü öz əlinə götürməyə çalışır, Azərbaycan isə ona dəstək verməyə hazırdır.
Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan da gərginliyin artacağını düşünür: “Ermənistanda, belə desək, daxili siyasi “klounada” tam qüvvə ilə davam edir, koronavirus infeksiyasının şiddətlənməsinə baxmayaraq, son zamanlar Qarabağ münaqişəsi cəbhəsində vəziyyət kifayət qədər gərginləşib”.
O bildirib ki, bir çox obyektiv və subyektiv amillərlə əlaqədar gərginliyin artmasını proqnozlaşdırır.
Politoloq Mirsamir Məmmədovun fikrincə isə, münaqişəni hərb yolu ilə həll etmək həm Ermənistanı, həm də Rusiyanı narahat etməkdədir: “Minsk qrupunun üzvləri rəsmi Bakını bu yoldan çəkindirməyə çalışırlar. Onlar bilirlər ki, müharibə başlayarsa Bakı işğal edilən torpaqlarımızı qısa zaman kəsiyində geri qaytaracaq. Rusiya Ermənistana dəstək durmayacaq. Rəsmi Moskva müharibə başlayarsa, heç vaxt işğalçını dəstəkləməyəcək. Rusiya Azərbaycanı itirməkdən qorxur. Elə ABŞ və Fransa da müharibənin Ermənistan üçün fəlakət olacağını göz önünə aldığından münaqişənin həllinə müxtəlif aspektlərdən yanaşırlar, bununla da vaxt uzadırlar. Amma son gedişat onu deməyə əsas verir ki, artıq münaqişənin həlli vaxtıdır. Minsk qrupu buna məcburdur və işğalçı Ermənistanı daha dəstəkləyə bilmir. Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub”.

Cavid