“İrəvan anlayır ki, Rusiya artıq işğalçı rejimi dəstəkləməyəcək” Layihə

“İrəvan anlayır ki, Rusiya artıq işğalçı rejimi dəstəkləməyəcək”

Rusiyalı politoloq: “Dağlıq Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirir”

“Ermənistanın hərbi-siyasi vəziyyəti koronavirus pandemiyası şəraitində o qədər pisləşib ki, artıq bu ölkənin yalnız dərin böhran içində deyil, həm də humanitar fəlakətin astanasında olduğu kənardan da aydın görünür. Əhali artıq qara günə təxirə salınmış bütün ehtiyatları işlədir, sosial etirazlar başlayır və insanların yaşayış səviyyəsinin kəskin düşməsi fonunda cinayətlərin sayı artır”.
Bu sözləri açıqlamasında tanınmış rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, belə şəraitdə Dağlıq Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirir:“Ermənistan hakimiyyəti hər cür qanunsuz radikal təbliğatdan istifadə etməklə cəmiyyətin gözündən pərdə asmağa çalışacaq. Bu məsələdə müasir erməni siyasi ritorikasının yeni tendensiyasının antirusiya yönümlü olduğu da gözə çarpır. Bu ölkədə ictimai-siyasi diskurs trendinin mütəşəkkil şəkildə dəyişdirilməsi göz qabağındadır".
Politoloq vurğulayıb ki, bu, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların formatına və məzmununa dair bəyanatından sonra Rusiya-Ermənistan münasibətlərində baş vermiş diplomatik qalmaqalda daha qabarıq göründü.
Kuznetsovun sözlərinə əsasən, indi İrəvan anlayır ki, Rusiya artıq işğalçı rejimi dəstəkləməyəcək və Ermənistanı sülh yolu ilə torpaqları qaytarmağa vadar edəcək:“Yəni erməni ictimai şüuru paradiqmasının dəyişməsinə açıq-aydın cəhd göstərilir. Əgər əvvəllər Qarabağ "Azərbaycanın təcavüzündən qorunmalı olan əzəli erməni torpağıdır" fikri semantik dominant idisə, indi o, İrəvanın münaqişənin hərbi həlli ilə üz-üzə qalacağı ilə bağlı günahkarı kənarda axtarmaq barədə söhbətlərə doğru əhəmiyyətli dərəcədə dəyişir. Əslində, hazırda rəsmi erməni təbliğatı öz həmvətənlərinin kütləvi şüurunu 1988-1994-cü illər müharibəsinin nəticəsinə yenidən baxılacağı həqiqətini daha ağrısız qavramasına hazırlayır”.
O əlavə edib ki, şübhəsiz, Ermənistanda siyasi rejimin dəyişməsi, Qarabağ klanının və ya Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin hakimiyyətdən uzaqlaşdırılması bu tendensiyanın formalaşmasında prinsipial rol oynayıb. Lakin bu transformasiyanın başlanğıc nöqtəsi 2016-cı ilin aprel döyüşlərində baş verib. Məhz onda hamıya aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə də bərpa etməyə qadirdir:“Buna görə də hazırkı şəraitdə İrəvanın vəziyyətdən yalnız bir ağıllı çıxış yolu var – ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə planını yerinə yetirmək və işğal edilmiş bütün torpaqları mərhələli şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarmaq”.
Koronavirus dönəmində cəbhə xəttində atəşkəsin mütəmadi pozulması haqqında danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib ki, Ermənistan daxildəki sosial problemləri, siyasi gərginliyi gizlətmək üçün hər zaman olduğu kimi cəbhədə təxribatlara əl atır.
O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edənə qədər ermənilərin təxribatları davam edəcək: “Son zamanlar ermənilər xüsusilə Qazax istiqamətində sərhəd qoşunlarının yerləşdiyi hissələrdən atəşkəsi pozurlar, təxribatlara əl atırlar. Amma Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətində yerləşən bölmələrinin professionallığı göz qarşısındadır. Hiss olunur ki, şəxsi heyət də peşəkarlıqla torpaqlarımızı müdafiə edir.
Ermənilər cəbhə xəttində, o cümlədən sərhəd bölgəsində gərginliyi saxlayırlar ki, onların üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və digər beynəlxalq qurumların diqqətini çəksinlər. Çünki Təşkilatın katibi pandemiyadan öncə belə bir fikir səsləndirdi ki, hər hansı hadisə baş verərsə, Ermənistanın yanında olacaqlar. Bunu bayraq tutan rəsmi İrəvan gərginliyi ona görə artırmağa çalışır”.
Ş. Ramaldanovun sözlərinə görə, Ermənistan çalışır ki, Azərbaycan Silahlı Qüvvələri təxribatçı orduya atəş açsın: “Onların susdurulması nəticəsində Ermənistan tərəfinin itkiləri də ola bilər. Bu isə onların özünə xeyir edir. Ermənilər insanlığa xas olmayan addımlar atırlar. Bu gün bütün dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistan yenə də cəbhədə təxribatlara əl atır. Çünki Ermənistan ordusunun sıralarında da koronavirusa yoluxma halları var. Sosial şəbəkələrdə bunu təsdiqləyən paylaşımları oxuyuruq. Dağlıq Qarabağda koronavirusla əlaqədar vəziyyət daha gərgindir. Yoluxma faktlarının artması istisna edilmir. Amma Ermənistan hökuməti bu məsələni olduğu kimi əks etdirməkdən çəkinir.
İstənilən vəziyyətdə düşmən tərəfi öz cavabını alır, təxribat atəşləri cavab atəşi ilə susdurulur. Hələ ki, bizim torpaqlarımız işağl altındadır, müharibə şəraitindəyik, Ermənistanı yerində oturtmamışıq. Ona görə mütəmadi olaraq cəbhədə gərginliyi hiss edəcəyik. Azalmayan yeganə məqam isə əsgərlərimizin ruh yüksəkliyi, düşməni qarşısında əzmlə, cəsarətlə, peşəkarlıqla dayanmasıdır”.
Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların formatına və məzmununa dair bəyanatından sonra erməni ictimaiyyəti arasında da fikir müxtəlifliyi yaranıb.
Erməni hərbi xadim Gevorq Gevorqyan öz “Facebook” səhifəsində yazıb ki, anti-milli mənfi konsensus artıq imperativdir. Biz ölkəmizin təhlükəsizliyinin və dövlətçiliyimizin əsaslarının süquta uğramasına icazə verə bilmərik.
O qeyd edib ki, Azərbaycanın hərbi rəsmiləri açıq şəkildə ərazi bütövlüyünün bərpası haqqında danışır və onların istəkləri müharibəyə başlamaq müqəddiməsindən başqa bir şey deyil.
“Bu vəziyyətdə “azad edilmiş (işğal edilmiş-red.) torpaqlar lazımsız ərazilərdir” tezisinin müəllifi Nikol Paşinyan erməni xalqını sülhə hazırlayır. Cavab ver, niyə iki ildir davamlı olaraq niyə ərazilərin azərbaycanlıların qaytarılması proqramını dəstəkləyirsən?”, - deyə Gevorqyan bildirib.
Ermənistan Müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan isə öz “Facebook” səhifəsində yazıb ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüş-müzakirə ehtimal ki, Qarabağ münaqişəsinin danışıqlar prosesi ilə əlaqəli idi.
“Zöhrab can, zamanın və səylərin heyif idi ki, bu amorf mühitdə əslində heç nə deməyərək onu istifadə etdin. Burada maraqlı olanın məsələnin həlli və Qarabağın taleyi olduğu məgər əvvəldən aydın deyildi? Qarabağ məsələsi bizim siyasi müqəddəsliklərimizdən biridir, bu, daxili siyasi hesabları təmizləməyə xidmət edə bilməz”, - deyə o qeyd edib.
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının keçmiş sədri Armen Aşotyan isə deyib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bəyanatından sonra erməni cəmiyyətinin siyasi dairələrində Lavrovun yalan danışdığı, Nikol Paşinyan və ya ən azı Zöhrab Mnatsakanyanın birbaşa şəkildə bu bəyanatı təkzib edəcəyi ilə bağlı sadəlövhlük var idi.
Onin sözlərinə görə, reallıq başqa şey haqqında idi: “Reallıq o idi ki, Rusiya Xarici İşlər naziri Qarabağ danışıqları ətrafında davam edən prosesləri ortaya qoydu. Bu hakimiyyət Nikol Paşinyanın başçılığı ilə iki il davamlı olaraq bu proseslər haqqında erməni cəmiyyətini aldadırdı və müntəzəm şəkildə iddia edirdi ki, danışıqlar yoxdur, sənəd yoxdur, lakin gördüyümüz kimi, Rusiya Xarici İşlər nazirinin bəyanatı təkzib edilmədi, əksinə, əslində Ermənistan Xarici İşlər nazirinin mayın 4-də geniş, aldadıcı və çaşdırıcı qiymətləndirmələrində qırmızı tellə Lavrovun haqlı olduğu, Nikolun isə yalan danışdığına dair şüuraltı bir fikir keçirdi”.
Aşotyan qeyd edib ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan onların hansı informasiyaya sahib olduğunu yaxşı bilir.
Bu arada qeyd edək ki, ABŞ-ın Minnesota ştatı qondarma “Qarabağ rejimi”nin “müstəqilliyini” tanıyıb.
Ştatın Senatının həmin qərarı qanunverici orqanın saytında yerləşdirilib. Qərar hələ mayın 2-də qəbul olunub.
Xatırladaq ki, Minnesota Rod-Aylend, Massaçusets, Kaliforniya, Kolorado, Men, Luiziana, Corcoya, Miçiqan və Havay Adalarından sonra separatçı rejimi tanıyan 10-cu ABŞ ştatıdır.
Xaric İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın Minnesota Ştat Senatı tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun “tanınması” qətnaməsinin qəbulu ilə bağlı erməni mətbuatında yayılan məlumatla əlaqədar sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir:
"ABŞ-ın Minnesota Ştat Senatının qətnaməsi kimi təqdim edilən və üzərində senator Meri Kiffmeyer, Senatın katibi və Senatın Qaydalar və Administrasiya Komitəsinin sədrinin imzalarının yer aldığı bu kağız, Senat ofisinin məlumatında da təqdim edildiyi kimi, senator M.Kiffmeyerin şəxsi bəyanatıdır və simvolik bir jest xarakteri daşıyır. Senatın istənilən üzvü tərəfindən bəyan edilə bilən bu kimi kağızın qəbulu üçün hər hansı səsvermə tələb olunmur, yəni bu kağız Ştat tərəfindən rəsmi qətnamə kimi qəbul olunmur.
Göründüyü kimi, ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız əslində Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir.
Ümumiyyətlə isə vurğulamaq istərdim ki, hər hansı bir qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Amerika Birləşmiş Ştatlarının federal səviyyədə mövqeyinə gəldikdə isə, bu mövqe bəllidir; ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir".

Cavid