“Şuşada Araik Aratunyunanın “andiçmə mərasimi”nin keçirilməsi müharibəyə dəvətdir” Layihə

“Şuşada Araik Aratunyunanın “andiçmə mərasimi”nin keçirilməsi müharibəyə dəvətdir”

Elxan Şahinoğlu: “Bu şəraitdə danışıqlara ehtiyac qalmır”

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 21-də işğal altındakı Şuşaya gəlib və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Arutunyanın “andiçmə mərasimi”nə qatılıb. İşğalçı ölkə rəhbərliyinin bu addımı bir daha müharibə ehtimalını ön plana çıxarır. Əksər ekspertlər də güc yolu ilə torpaqlarımızın işğaldan azad olunmasının vaxtının çatdığını deyirlər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, son tədbir erməni separatçılarının və baş nazir Nikol Paşinyanın təxribatı idi: “Çünki, keçmiş illərdə də Dağlıq Qarabağda “prezidentin” andiçmə mərasimi keçirilirdi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə baş verirdi. Bu dəfə isə “andiçmə mərasimi”ni Şuşada keçirdilər. Halbuki, beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır.
Nikol Paşinyanın “andiçmə mərasimi”ni Şuşada keçirməkdə iki məqsədi var.
Birinci məqsəd. Erməni separatçıları Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyirlər.
İkinci məqsəd. Erməni separatçıları göstərmək istəyirlər ki, Şuşanı azərbaycanlılara qaytarmayacaqlar.
Nikol Paşinyan hər açıqlamasında bildirir ki, Azərbaycanla müharibənin əleyhinədir və Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Ancaq Paşinyanın Şuşada tədbir keçirməsi müharibəni yaxınlaşdırır. Çünki, ermənilərin təxribatlarına uzun müddət dözməyin də bir limiti var. Nikol Paşinyan mayın 21-də “Pandora qutusunu” açdı. Azərbaycan cəmiyyəti hakimiyyətdən mayın 21-də Şuşada tədbir keçirən ermənilərə qarşı ciddi tədbirlər görməyi tələb etdi. Sosial şəbəkələrdə hətta “Şuşanı vurun!” təbliğatı aparıldı. Əlbəttə, müharibənin riskləri var. Ancaq bu risklər Azərbaycanı qətiyyətli addımlardan çəkindirməməlidir. Digər tərəfdən ermənilər Şuşada tədbir keçirəndə həm də onu düşünüblər ki, bölgədə koronavirus yayıldığı dövrdə Azərbaycan müharibəyə başlamayacaq. Onların bu düşüncələrinin yanlış olduğunu elə onların özünə sübut etməliyik”.
Ekspert a etdi ki, Azərbaycan Xarici İşlər Nazirliyi təkrarlanan bəyanatlarından birini yaydı: “Növbəti bəyanat cəmiyyəti məmnun etmədi. Çünki XİN-nin bəyanatları təkrarlanır, bu isə münaqişənin həllini yaxınlaşdırmır. Azərbaycan cəmiyyətində belə fikir var ki, hazırki dövrdə söz sahibi Xarici İşlər Nazirliyi deyil, Müdafiə Nazirliyi olmalıdır. Azərbaycan ordusu bugünlərdə genişmiqyaslı təlimlər keçirir. Görünür, Azərbaycanın hakimiyyət dəhlizlərində düşünüblər ki, bu hərbi təlimlər Nikol Paşinyanı Şuşada “andiçmə mərasimi” keçirməkdən yayındırmalı idi. Ancaq bu Paşinyanın və Xankəndidəki separatçıların planlarına mane olmadı.
Azərbaycan Dağlıq Qarabağın yollarına nəzarət edə bilmir. Buna baxmayaraq, Azərbaycanın hərbi hava qüvvələri Dağlıq Qarabağın səmasına nəzarət edə bilər. Hərbi təyyarələrin Dağlıq Qarabağ səmasında mütəmadi uçuşları erməni separatçılarına¸ Ermənistan hakimiyyətinə, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinə ciddi xəbərdarlıq olar. Erməni separatçıları Azərbaycanın hərbi təyyarəsini vursalar, bu müharibənin başlanmasına şərait yaradacaq. Azərbaycan cəmiyyətində belə bir fikir var ki, Ermənistan rəsmilərinin helikopterlə Dağlıq Qarabağa gəlişlərinin qarşısı alınmalıdır.
Bu arada, həmsəsdrlər – Rusiya, ABŞ və Fransa Ermənistan hakimiyyətini təxribatlardan çəkindirmirlər. Azərbaycan XİN vasitəçilərə ən azı iki sual verməlidir:
1) Həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?
2) Erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskulaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır.
Bu suallara cavab yoxdur. Belə olan halda danışıqlara ehtiyac qalmır. Ermənistan hakimiyətinin təxribatları fonunda ya danışıqlara ara verilməli, ya da danışıqlardan itmina edilməlidir. Bu, Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ciddi mesajı olar. Azərbaycan cəmiyyəti hakimiyyətdən erməni separatçılarına qarşı radikal addımlar atılmasını gözləyir”.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, separatçı rejimin "andiçmə" mərasimini Xankəndində də keçirə bilərdilər. O, bildirib ki, onlar bilirlər ki, Şuşa Azərbaycan üçün mədəni-mənəvi anlam kəsb edir: “Ona görə də bunu qəsdən etdilər. Qondarma seçkidə “qalib” gələn Araik Artunyan formal bir fiqurdur və Rusiyaya bağlı şəxsdir. Qarabağdakı separatçı qurum əsasən Rusiyanın "102-ci hərbi" bazası tərəfindən idarə olunur.
Ermənistanın işğal olunmuş ərazilərdə reallaşdırdığı hərbi infrastrurktur layihələr, həmçinin müdafiə xəttini gücləndirməsi, yeni silahların buraya yerləşdirməsi, açıq şəkildə danışıqlarda hər hansı bir güzəştə getməyəcəklərini göstərir. Bir məsələni bilməliyik ki, Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. Artıq 30 ildir ki, eyni senari aparılır. Görünən odur ki, Ermənistan bundan sonra da siyasətini davam etdirəcək. Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir. Azərbaycan dövləti tərəfindən ordunun maddi-texniki bazası kifayət qədər gücləndirilib. Orduya ayrılan vəsait demək olar ki, silahlı qüvvələrin dünya reytinq sırasına yüksəlib. Ordumuzun güclənməsi, heç də Rusiyadan aldığımız silahlar hesabına olmayıb. Bu, əsasən tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla hərbi-texniki əməkdaşlığımın bariz nümunəsidir. Yalnız geosiyasi şərtlər daxilində Türkiyə ilə birgə koordinasiyalı çalışaraq hərbi təzyiqlərlə vəziyəti dəyişmək lazımdır”.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş torpaqlarında martın 31-i və aprelin 14-də keçirilmiş seçkilər heç bir dövlət tərfindən tanınmayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma inauqurasiya mərasiminə dair “Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz” adlı məqaləsində isə bildirilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında martın 31-i və aprelin 14-də keçirilmiş seçkilər bir çox beynəlxalq aktor və ölkələr tərəfindən pislənib: “Bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış tanınmayan siyasi quruluşu legitimləşdirmək istiqamətində növbəti uğursuz cəhddir”.
Müəllif əlavə edir ki, yerli qondarma rəhbərlik Qarabağ regionunda aşkar edilmiş koronavirus infeksiyasının insanlar üçün yaratdığı təhlükəni görməzdən gəldiyi üçün seçkilərin keçirildiyi vaxt da geniş şəkildə tənqid olunub: “Seçkilər yerli icmanın vacib hissəsi olan azərbaycanlıların etnik təmizləmə yolu ilə qovulduğu bölgədə keçirilib. Bu insanlar indi də öz rayonlarına giriş imkanlarından məhrum edilib. Bu vəziyyət BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməyə rəğmən davam edir”.
Bildirilir ki, Azərbaycan hökuməti də bu “seçkilər”i pisləyib və bir daha bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması, azərbaycanlıların doğulduğu torpaqlara geri qayıtması və regionun erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpa olunmasından sonra hansısa seçkilər keçirilə bilər.
Məqalədə qeyd olunur ki, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO, ATƏT və digər beynəlxalqa təşkilatlar Azərbaycanın narahatlıqlarını bölüşərək seçkiləri tanımaqdan imtina ediblər. Eyni zamanda bu mövqe ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də nümayiş olunub və onlar bu seçkiləri Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini bəyan ediblər.
“Bu insanlar nəinki qeyd edilin beynəlxalq sənədlərə, həmçinin siyasi sistemin demokratik olmasına imkan verən inklüziv vətəndaşlıq prinsiplərinə məhəl qoymurlar. Yerli icmanın “arzuolumaz” seqmenti hesab etdikləri etnik azərbaycanlıları qovmaqla ermənilər onların fundamental hüquqlarını görməzdən gəliblər və regionda hansısa demokratiyaya yer saxlamayıblar”, - deyə F.Şəfiyev bildirib.
Müəllif həmçinin beynəlxalq ekspertlərin post-sovet məkanında mövcud olan münaqişələrə qarşı ikili standart nümayiş etdirmələrindən bəhs edib. “Liberal dəyərlər qanunsuz işğal üzərində qurula və azərbaycanlı icmanın Dağlıq Qarabağdan qovulması ilə uzlaşa bilməz. Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu həmin yerlərdə “neytrallıq” axtarışında olacaqlar sülhə nail olmaq çox çətin olacaq”.

Əli Zülfüqaroğlu