“Danışıqları silahla əvəzləməliyik” Layihə

“Danışıqları silahla əvəzləməliyik”

Politoloq: “Erməniləri yalnız Azərbaycan ordusu düz yola çəkə bilər”

“Facebook”da canlı yayım zamanı ABŞ-ın Ermənistandakı səfiri Lin Treysiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suallar verilib. İstifadəçilərdən biri, “ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması ilə razılaşırmı», deyə sual edib.
Xatırladaq ki, təxminən bir ay əvvəl Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin mərhələli prinsiplərə söykəndiyini bildirmişdi. Lavrovun fikrincə, birinci mərhələdə, Qarabağ ətrafındakı bir sıra bölgələr azad edilməlidir.
“ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu işdə fəal şəkildə cəlb edilmiş qalmaqda davam etdiyini vurğulamaq istəyirəm. Əlbətdə ki, Rusiya üç həmsədrdən biridir və biz digər həmsədrlərlə işimizi konstruktiv şəkildə qurmağa çalışırıq. Münaqişənin həllində vasitəçilik öhdəliyimizə sadiq qalırıq. Həmsədrlər olaraq vəzifəmiz münaqişənin sülh yolu ilə həllinə dəstək verməkdir”, - deyə ABŞ-ın Ermənistandakı səfiri cavabında bildirib.
Yeri gəlmişkən vurğulayaq ki, Rusiya Xarici İşlər nazirinin məlum açıqlamasından sonra digər iki həmsədr ölkə - ABŞ və Fransa heç bir əks-bəyanat vermədi.
Erməni politoloq Suren Sarkisyanın fikrincə, Minsk qrupundakı hər üç həmsədr tərəfin hər zaman ortaq bir razılığı olur.
“Minsk qrupu həmsədrlərindən birinin bir şey söylədiyi, digərinin isə əksini söylədiyi bir hadisəni xatırlamıram, çünki ümumiyyətlə onlar açıqlamalarını razılaşdırırlar. Ən vacib olan isə amerikalıların və rusların birgə işlədiyi Minsk Qrupu formatıdır”, - deyə ekspert bildirib.
ABŞ-ın mövqeyinə gəldikdə, erməni politoloqun fikrincə, nə ABŞ, nə də Fransa heç bir şəkildə Lavrovun sözlərini inkar etmədi.
“Başqa sözlə, inkar etməyərək, fikirlərinin eyni olduğuna dair mövqelərini göstərdilər. Lavrovun açıqlamasının heç kim tərəfindən rədd edilmədiyi bir vəziyyətlə qarşılaşırıq, bu da dediklərinin həqiqət olduğunu göstərir”, - deyə o bildirib.
Erməni politoloq Levon Şirinyan isə əks fikirdədir. Onun sözlərinə görə, amerikalılar yəqin ki, Ermənistanı daim çətin vəziyyətlərə cəlb etmək üzrə Rusiya tərəfinin istəyini başa düşürlər.
“Düşünürəm ki, səfir Treysi diplomatik dildə danışıb və Lavrovun yanaşmasını bölüşsəydi, bu barədə dəqiq danışa bilərdi”, - deyə o qeyd edib.
Amerikanın Erməni Milli Komitəsi məlumat verib ki, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Facebook” sosial şəbəkəsində izləyənlərin suallarına cavab verərkən, diqqəti əhalini sülhə hazırlama işlərinə cəlb edərək Birləşmiş Ştatların Qarabağdakı minatəmizləmə işlərini başa vurduğunu söyləyib.
Amerika Erməni Milli Komitəsinin (AEMK) mətbuar katibi Elizabet Çulcyan ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasından narahatlığını bildirib.
“Göründüyü kimi, ABŞ-ın hazırkı rəhbərliyi “əhalini sülhə hazırlamağı” həyat qurtaran bir proqramın maliyyələşdirilməsini dayandırmaq kimi qəbul edir, eyni zamanda hərbi təhlükəsizlik üçün Azərbaycana 100 milyon dollarlıq hərbi dəstək verir. Bu yolverilməzdir. ABŞ Konqresi tərəfindən məsələ ilə bağlı son sözünü deməsi üçün işimizi davam etdirəcəyik”, - deyə Çulcyan bildirib.
Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin (AEMK) rəhbərləri və ABŞ Konqresinin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Palone ABŞ rəhbərliyinə və ATƏT-in Minsk Qrupu həmsədrlərinə guya Azərbaycanda geniş miqyaslı hərbi təlimlərin təhlükəsi ilə bağlı iki ayrı təxribatçı məktub göndərib.
Erməni politoloq Hakob Badalyan, ABŞ-ın mövqeyinin Suriyaya humanitar missiya göndərməklə əlaqəsi olduğunu düşünmür. Badalyan bildirib ki, xatırladığı qədər ABŞ belə bir qərarı daha öncə qəbul edib.
“Düşünürəm ki, bunun bir-biri ilə qətiyyətlə əlaqəsi yoxdur və burada ABŞ-ın vəziyyətə mənfi münasibətini göstərən, Suriyaya humanitar qrup göndərilməsinə cavab olaraq nəzərdən keçirə biləcəyimiz bir şey görmürəm. Humanitar minalardan təmizlənmə işləri üçün müəyyən vəsait verildi, bu elə də böyük bir vəsait deyildi. Bunu ABŞ-ın xarici strategiyasının daha geniş kontekstində görürəm. ABŞ-ın belə vəziyyətlərə yanaşması dəyişir və Qarabağ məsələsinə müəyyən yanaşmalar yenidən nəzərdən keçirilir”, - deyə o qeyd edib.
Eyni zamanda, Badalyan Tramp administrasiyasının xüsusi bir yanaşması olduğunu düşünmədiyini söyləyib.
“Çox vacib bir problem var - minatəmizləmə işləri illər boyu görülüb və təbiidir ki, bu müddət ərzində minatəmizləmə baş verən sadə məntiqlə getdikcə əhəmiyyəti azalmalı idi və getdikcə daha az minalar qalır. Buna görə də, bu alət dəstinin əhəmiyyətinə görə getdikcə azalması çox məntiqlidir. Lakin bu, ABŞ-ın Qarabağ məsələsinə marağının azalması demək deyil. ABŞ-ın burada birbaşa marağı olmayıb, daha geniş təsir dairəsini qoruyub saxlayıb və Rusiyaya daha böyük bir missiya buraxıb.
Bu baxımdan ABŞ Rusiyanın bu rolu effektiv oynamadığı və sabitləşmə təhlükəsi olduğu aydın şəkildə göründüyü halda müdaxilə etməyə çalışır. Buna görə, düşünmürəm ki, bu qərar Trampın Qarabağ məsələsinə diqqət yetirməməsinə dəlalət edə bilər. Hesab edirəm ki, ABŞ-ın strategiyasına daha geniş kontekstdə baxmaq lazımdır. Tramp administrasiyasının işində sırf maliyyə praqmatik bir yanaşma ola bilər. Bildiyiniz kimi, minatəmizləmə yardımı bu baxımdan ABŞ üçün böyük pul deyildi, Trump bu addımı göstərir ki, o, hər qəpiyi sayır və bu addım, sırf maliyyə hesablaşması ola bilər. Bəlkə də düşünürlər ki, bu xərc onlar üçün lazımsızdır və dayandırılmalıdır. ABŞ-ın davranışı baxımından buna çox geosiyasi əhəmiyyət verməzdim”, - deyə erməni politoloq qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və yaxud da verilən hansısa təkliflərin işğalçı ermənilər tərəfindən qəbul edilmədiyi aydın olduğundan müharibənin qaçılmaz olmayacağı da şübhəsizdir. İllərdir ki, işğalçılar bu prosesin həllini uzatmaqla vaxt qazanmaq niyyətindən əl çəkmirlər.
Milli Məclisin deputatı Anar Məmmədovun fikrincə, bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir! Düşmənlə səngərdə olan əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.
1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının istəyi ilə siyasi hakimiyyətə qayıtdı və xalqın sarsıdılmış ruhunu özünə qaytardı. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə nəinki dağılmış iqtisadiyyatını bərpa etdi, eyni zamanda dünyada nüfuzlu dövlətə çevrildi. Ulu öndər ilk vaxtlar xarici ölkələrə səfərləri zamanı özü ilə Azərbaycanın xəritəsini də aparırdı. Səfər etdiyi ölkələrdə Azərbaycanın yerləşdiyi coğrafi məkanı, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı həmin ölkələrin ictimaiyyətinə göstərirdi. Münaqişədə Azərbaycanın tutduğu ədalətli mövqeyi dünya ictimaiyyətinin diqqətinə əsaslandırılmış şəkildə çatdırırdı. Bu siyasi strategiyanın yeni mərhələdə uğurla davam etdirilməsi böyük nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Azərbaycan bu gün dünyada iqtisadi, siyasi və hərbi cəhətdən yerləşdiyi regionun ən qüdrətli dövləti kimi qəbul edilir. Bu da xalqın və ordunun mənəvi-psixoloji ruhunun yüksək səviyyədə olmasına xidmət edən güclü amildir. Ordu quruculuğu sahəsində aparılan ardıcıl islahatlar nəticəsində Azərbaycan ordusu daha da qüdrətlənmişdir. Bu gün işğalçı Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan ordusunda fərarilik hallarına rast gəlmək qeyri-mümkündür. Gənclərimiz böyük həvəslə ordu sıralarında xidmət keçirlər. Azərbaycan ordusunun əsgər və zabit heyəti milli ruhda, dövlətçilik ruhunda hazırlanır. Bu faktın özü də insanların orduya münasibətini əks etdirir: “Təmsil olunduğum 96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə seçicilərlə keçirdiyimiz mütəmadi görüşlərdə bir daha şahidi oluram ki, xalq və ordu torpaqlarımızın işğaldan tezliklə azad edilməsi məsələsində yekdil mövqedədir. İndi hamı cəbhə üçün çalışmalı, tarixi ədalətsizliyə son qoymaq üçün əlindən gələni etməlidir. 28 May – Respublika Günü münasibətilə ölkə başçısının “Qobu 3” yaşayış kompleksinin açılışında dediyi kimi – « torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik.
Bununla da cənab Prezidentin münaqişə ilə bağlı tutduğu prinsipial mövqeyi bir daha diqqətə çatdırması nəinki Azərbaycan xalqı, ordusu tərəfindən, bütün sülhpərvər insanlar, dövlətlər tərəfindən yüksək qiymətləndirildi. Burada söhbət heç də müharibəyə çağırışdan getmir. Sadəcə olaraq Ermənistan tərəfindən aparılan işğalçı siyasətin, separatizmin insanlığa, bəşəriyyətə qarşı təhlükəsinə diqqət yönəldilir”.
Politoloq Mirsamir Məmməodv da qeyd edib ki, işğalçılara yalnız silahla cavab vermək lazımdır: “Fikrimcə, danışıqları silahla əvəzləməyin vaxtı çatıb. Azərbaycan ordusu işğal edılən torpaqlarımızı geri qaytarmağa hazırdır. Biz Ali Baş komandanın əmrini gözləyirik. Ermənistan və elə onun işğalçılıq siyasətinə göz yuman Minsk qrupu da bunu yaxşı dərk edir ki, rəsmi Bakı danışıqları silahla əvəzləsə qarşısını heç bir qüvvə ala bilməyəcək”.

Cavid