“Paşinyan beynəlxalq paltformalarda daim prezident İlham Əliyev qarşısında aciz duruma düşür” Layihə

“Paşinyan beynəlxalq paltformalarda daim prezident İlham Əliyev qarşısında aciz duruma düşür”

Məhəmməd Əsədullazadə: “Bu, haqlı mövqeyimizin beynəlxaq səviyyədə ictimailəşməsinə gətirib çıxarır”

Danışılqar prosesində durğunluq olsa da Dağlıq Qarabağla bağlı daha çox müzakirə olunan və gündəmdə olan 2 məsələ var. Bunlardan biri bir sıra beynəlxalq tədbirlərdə olduğu kimi, Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində də Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşasıdır. Xatırladaq ki, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən Prezident İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Sammit, eyni zamanda, Paşinyanın növbəti fiaskosu ilə yadda qaldı. Artıq neçənci dəfədir ki, Paşinyan İlham Əliyevin qarşısında aciz qalır və beynəlxalq siyasi arenada biabrıçı duruma düşür.
Digər məsələ isə müdafiə naziri Zakir Həsənovun açıqlamaları və Ermənistana verdiyi konkret meajlarla bağlıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Xalq Cəbhəsi”nə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində növbəti təxribata əl atmaq istədi: “Əsas məqsədi ondan ibarət idi ki, Azərbaycan əleyhinə söylədiyi fikirlər digər dövlət başçıları tərəfindən də dəstək qazansın. Amma əksinə, heç bir dəstək qazanmadı və heç ona reaksiya verən də olmadı. Prezident İlham Əliyev tutarlı cavabla, konkret faktlarla Paşinyanı yerində oturtdu. Bununla da Paşinyan İlham Əıiyevin qarşısında növbəti məğlubiyyətini yaşadı”.
Politoloq əlavə etdi ki, müdafiə naziri Zakir Həsənovun verdiyi son müsahibələr çox vacib idi: “Çünki cəmiyyətdə xeyli suallar yığılmışdı. Zakir Həsənovun eyni gündə iki televiziya kanalına Azərbaycan və rus dillərində müsahibə verməsinin də xüsusi əhəmiyyəti var. Görünür, müdafiə naziri onun mesajlarının Azərbaycan cəmiyyəti ilə yanaşı, Rusiya və Ermənistanda da eşidilməsini istəyib. Beləliklə, müdafiə naziri 3 cəmiyyətə mesajlar vermiş oldu.
Azərbaycan cəmiyyətini narahat edən əsas sual bu idi: “Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Şuşada qondarma andiçmə mərasimi təşkil etdikdə Azərbaycan ordusu nədən bu təxribata cavab vermədi”.
Zakir Həsənovun bu suala cavabı belə oldu ki, Şuşada “andiçmə” mərasimi keçirilərkən Azərbaycan Ordusu prezidentin tapşırığı ilə iri planlı genişmiqyaslı hərbi təlimlərə başladı. Həmin təlimlərdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Zakir Həsənov haqlıdır. Həmin təlimlər Ermənistan hakimiyyətini və Dağlıq Qarabağ separatçılarını ciddi narahat etdi. Erməni saytları müxtəlif yazılar yayınladılar, erməni eskpertlər müharibə riskinin artdığını bildirdilər. Üstəgəl ermənipərəst konqresmen Frank Pallone Ağ Ev, Dövlət Departamenti və Pentaqona eyni məzmunlu 3 məktub göndərdi. O həmin məktublarda Azərbaycanın başladığı hərbi təlimlərin bölgədə gərgin vəziyyət yaratdığını iddia etdi. Aydındır ki, erməni lobbisi də qorxu içində olub ki, Pallonedən belə bir məktub yazmağı xahiş edib. Ancaq Zakir Həsənovun cavabından o da aydın oldu ki, Azərbaycan ordusu bəzilərinin istədiyi kimi Paşinyan Şuşada olarkən, müharibəyə başlaya bilməzdi.
Buna baxmayaraq, Zakir Həsənovun sözlərindən bəlli oldu ki, Azərbaycan ordusu müharibəyə hazırdır, sadəcə əmr gözləyir. Müdafiə nazirinin sözlərinə görə, budəfəki müharibə 4 günlük aprel savaşına bənzəməyəcək, Ermənistan növbəti müharibədə minlərlə itki verəcək. Bu mesaj birbaşa ermənilərə ünvanlanmışdı ki, danışıqlar əsasında Dağlıq Qarabağ ətarfındakı rayonların boşaldılmasına razılaşmasalar, onları müharibə və böyük itkilər gözləyir. Zakir Həsənov ilk dəfə aprel savaşı zamanı Ermənistanın itkilərini də açıqladı. Əhalisi 3 milyona çatmayan Ermənistan üçün 4 günlük savaşda 560 nəfər itirmək böyük rəqəmdir. Məhz bu itkilərdən sonra Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyan müdafiə nazirini və xeyli generalını dəyişdi, orduda korrupsiya ittihamları ilə həbslər başladı. Bütün bunlar sonda ona gətirdi ki, Serj Sərkisyan özü də hakimiyyətini itirdi. Növbəti müharibə Paşinyanın hakimiyyətinin itirilməsiylə nəticələnəcək”.
Ekspert əlavə etdi ki, Zakir Həsənov müsahibəsi zamanı bir başqa məsələyə də aydınlıq gətirdi: “Müdafiə naziri ötən ilki müsahibəsində aprel savaşı günlərində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ona zəng etdyini bildirmişdi. Zakir Həsənov Şoyqunun ondan müharibəni dayandırmasını xahiş etdiyini vurğulamışdı. Ermənistanın 2016-cı ilin aprel ayında ağır vəziyyətdə olmasını Zakir Həsənov belə izah edib ki, həmin günlərdə Ermənistanda səfərbərlik elan olunub. Səfərbərlik isə ordunun əlavə heyətə ehtiyac olduğu halda elan edilir. Ermənistanda səfərbərlik zor əsasında həyata keçirildiyi halda, minlərlə Azərbaycan gənci döyüşə atılmaq üçün orduya könüllü yazılmaq istəyirdi. Bu müharibəyə istəyin və hazırlığın iki ölkənin cəmiyyətləri arasındakı fərqin bariz nümunəsidir.
Zakir Həsənov budəfəki müsahibəsində rusiyalı həmkarıyla söhbətin detallarını daha geniş şəkildə açıqladı. Bəlli oldu ki, Sergey Şoyqu Zakir Həsənova zəng edəndə Azərbaycan ordusu Lələtəpə yüksəkliyini ələ keçirib Talış kəndinə doğru irəriləyirdi. Başqa sözlə, Şoyqunun zəngi olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Ancaq Zakir Həsənovun sözlərinə görə, ermənilər Şoyquya yalvarıblar ki, Azərbaycan ordusunun hücumunu dayandırmasına nail olsun.
Zakir Həsənov Şoyqunun israrlı xahişlərini nəzərə alaraq aprel müharibəsinin dördüncü günü hücum əməliyyatlarını dayandırıb. Halbuki, Şoyqunun xahişinə rəğmən, hücum davam etdirilsəydi, Azərbaycan ordusu irəriləməkdə davam edəcək, separatçıların itkiləri aratacaqdı. Bəlkə də bu amil sonrakı mərhələdə Ermənistan hakimiyyətinin danışıqlarda mövqelərini zəiflədəcəkdi. Əslində Rusiya rəsmiləri Azərbaycan ordusunun hücumunu dayandırması əvəzində Ermənistan hakimiyyətini münaqişənin “mərhələli həll” planına razı salacağını vəd etmişdilər. Ancaq Moskva vədini yerinə yetirmədi. Ona görə də Zakir Həsənovun müsahibəsindən onu anlamaq olar ki, növbəti savaş zamanı heç bir vədə inanmadan güc yoluyla Ermənistan hakimiyyətini “mərhələli həll” planına razı salmaq lazım gərəkəcək. Həqiqətən növbəti müharibə zamanı zənglərə inanmaq olmaz, nəticəyə yaxınlaşdıqdan sonra yenidən atəşkəsə razılaşmaq olar, əks halda erməni separatçıları yenə zaman qazanmış olacaq və işğalı davam etdirəcəklər”.
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırdı ki, Şərq Tərəfdaşlığı zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyevin tutarlı arqumentləri Paşinyan üçün soyuq duş effektidi yaratdı. Onun sözlərinə görə, ümumiyyətlə, Paşinyan beynəlxalq paltformalarda daim prezident İlham Əliyev qarşısında aciz duruma düşür: “Bu da onun dar düşüncəsi və haqsız tərəf olması ilə bağlıdır. Çünki, yalan və heç bir tarixi əsaslara uymayan cəfəng iddialara İlham Əliyev tərəfindən adekavat cavab verilir və bu da Paşinyanı beynəlxalq platformalarda aciz duruma salır: “Əlbəttə ki, belə platformalarda Azərbaycanın mövqeyi güclənir və haqlı mövqeyimizin beynəlxaq arenada ictimailəşməsinə gətirib çıxarır. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın mövqeyi hər keçən gün güclənir və bu da Azərbaycan xarici siyasətinin uğurudur. Artıq, AŞPA Azərbaycanın ərazi bütövlüyünü qeyd-şətrsiz dəstəkləyir. Azərbaycan müdafiədən hücum diplomatiyasına keçib. Bu da prezident İlham Əliyev tərəfindən çox dəqiq və konturlu aparılır. Bundan sonra çətin ki, Paşinyan İlham Əliyevlə belə debata və söz duelinə çıxa. Çünki, onun arqumentləri çürükdür və reallığı əsk etdirmir. Nəticədə həm xaricdə, həm də daxildə mənfi imici formalaşır”.
Ekspert onu da bildirdi ki, müdafiə naziri Zakir Həsənovun açıqlmaları və ordumuzun döyüşə hazır vəziyyətdə olmasını vurğulması əlbəttə ki, Ermənistana ciddi mesaj idi: “Bu onu göstərir ki, yüksək komandanlıq səviyyəsində ordunun döyüş qabliyyətinin yüksəldilməsi diqqətdədir və bu da ərazilərin işğaldan azad edilməsinə hesablanıb. Hesab edirəm ki, Zakir Həsəsnovun bu açıqlmasından Ermənistan nəticə çıxarmalı və diplomatik danışıqlarda kompromisə gəlməlidir. Yoxsa, onları ağır məğlubiyyət gözləyir”.

Əli Zülfüqaroğlu