Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modeli formalaşıb Layihə

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modeli formalaşıb

Artıq 25 ildən çoxdur ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri edib. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirib. Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olub. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlayıb. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanır və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur.
Eyni zamanda, xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır. Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası''nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır. Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilir. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlir, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırır.
Dövlətlə bərabər vətəndaşlar da öz məsuliyyətini dərk etməli, əsas insan və vətəndaş hüuquqlarına hörmətlə yanaşmalıdır. Bununla bərabər vətəndaşlar dövlət inistitutlarının sarsılmasına səbəb olan, ölkədə anarxiya yaradan, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdır. Qarşılıqlı etimad, məsuliyyət gücləndikcə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu arzulanan inkişaf səviyyəsinə çata bilər.
Siyasi nəzəriyyədə dövlət və vətəndaşın qarşılıqlı məsuliyyəti dedikdə onların bərabər subyektlər kimi tanınması başa düşülür.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, sivilizasiyanın inkişafının hazırkı mərhələsində dövlətlərin demokratik inkişafı analitik tədqiqat obyektinə və müzakirə predmetinə çevrilən mühüm məsələlərdəndir. Bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məsələsi də böyük aktuallığa malikdir. O bildirib ki, insan hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə geniş mexanizmlərin formalaşdırılması, qanunun aliliyinin təmin olunması və sosial ədalətin möhkəmləndirilməsi demokratik cəmiyyətlərin mühüm parametrlərindən biridir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır. Ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətimizin diqqət mərkəzindədir.
Millət vəkilinin sözlərinə görə, insan hüquqlarının müdafiəsi milli dövlətlərin daxili siyasət kursunda mühüm yer tutur: "Dünyada insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı çoxsaylı problemlər mövcuddur. Bir çox ölkələrdə insan hüquqlarının pozulması faktlarına, bu məsələ ilə bağlı bir sıra neqativ hallara rast gəlinir. Bu sahədə Azərbaycan Respublikasının təcrübəsi isə müsbət nümunə kimi çıxış edir. Azərbaycanın insan hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirdiyi siyasət beynəlxalq miqyasda da yüksək qiymətləndirilir".
Azərbaycanın bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkə olduğunu bildirən Hikmət Babaoğlu qeyd edib ki, ölkəmizdə 1993-cü ildən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. "Çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilib, qanunvericilik davamlı olaraq təkmilləşdirilib. 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib", - deyə H.Babaoğlu vurğualyıb.
Millət vəkili həmçinin bildirib ki, mühüm məqamlardan biri də Azərbaycanda insan hüquqları Konstitusiya çərçivəsində qorunur və Əsas Qanunun üçdə iki hissəsi məhz insan hüquqlarına həsr edilib. Ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə də bu faktor daim prioritet olub. Bu kontekstdə son olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna edilən dəyişikliklərdə də insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilib. Son dövrlərdə ölkəmizdə hüquqi sferada həyata keçirilən islahatların da məqsədi vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində mexanizmlərin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Bütün bunlar isə onu deməyə sas verir ki, insan hüquqlarının müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Hazırkı şəraitdə cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, demokratik institutların inkişafında onların rolunu danmaq vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma kimi dəyərləndirilə bilər. Çünki QHT- lər ölkədə demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, хalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik, azadlıq, yaşamaq, şəхsi toхunulmazlıq, vicdan, tətil, şərəf və ləyaqətin müdafiəsi, fikir və söz azadlığı, sərbəst toplaşmaq və sair kimi hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu danılmazdır. Bunu nəzərə alan QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir. Etiraf edilməlidir ki, ölkədə vətəndaş cəmiyyətlərinin çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki gördüyü işlər Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Bu məqsədlə 27 iyul 2007-ci ildə prezident QHT-lərə dövlət dəstəyi konsepsiyasını təsdiq etdi və dekabrın 13-də Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla artıq QHT-lər üçün yeni bir mərhələyə qədəm qoymuş oldu. Bununla da vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxmış oldu. QHT-lərə dövlət dəstəyinin digər bariz nümunəsi kimi qanunvericilik təşəbbüsündən istifadə edən Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələrinin parlamentə təqdim edilməsidir. Eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Məhz bunu nəticəsidir ki, Şura tərəfindən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı dörd yeni qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunub ki, hazırda onların bir neçəsi hüquqi qüvvəyə malikdir. Bu isə nəticə etibarilə onun göstəricisidir ki, artıq ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modeli formalaşıb.
Cavid