“Danışıqlar mahiyyət üzrə aparılmalıdır və substantiv xarakter daşımalıdır” Layihə

“Danışıqlar mahiyyət üzrə aparılmalıdır və substantiv xarakter daşımalıdır”

İlyas Hüseynov: “Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik mümkün deyil”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı Qarabağ mövzusuna da toxunub, həmsədrləri sərt tənqid etməklə bir sıra məqamlara aydınlıq gətirib.
Politoloq İlyas Hüseynov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi: “Dövlət başçısına verilən suallardan sonuncusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Belə ki, bu yaxınlarda ATƏT-in Minsk qrupu da bəyanat yayıb. Ümumiyyətlə, son dövrlərdə danışıqlarda hansı proseslərin getdiyinə cənab Prezident aydınlıq gətirib.
Burada əsas tezis ondan ibarətdir ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Respublikasının Prezidentinin bu məsələ ilə bağlı beynəlxalq tədbirlər çərçivəsində çoxlu açıqlamaları olub.
Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdır. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəklədiyini ifadə edib”.
Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər: “BMT, onun Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən əsas amillər hesab olunur.
Cari ilin əvvəlində cənab Prezident İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi və Ermənistanın baş naziri Nikol Paşinyan tarix, siyasət və diplomatiya dərsi aldı. Prezidentin bu çıxışından sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini təhlil edirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar.
Ermənilər bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın baş nazirinin hansısa yalanı beynəlxalq tədbirdə utanmadan danışması yolverilməzdir.
Ötən il Nikol Paşinyan “Qarabağ Ermənistandır” ifadəsini işlətməklə danışıqlar prosesinə böyük ölçüdə kölgə saldı. Bu ifadə Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Lakin Minsk qrupu öz bəyanatlarında bu və ya digər məsələlərlə bağlı susqunluq nümayiş etdirirlər. Rəsmi Bakı isə konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir.
Ermənistan tərəfi 2018-ci ildən bəri danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Buna da ATƏT-in Minsk Qrupu adekvat cavab vermir. Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir.
Azərbaycan tərəfi danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini də əsas götürür. Lakin qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta “prezident" Şuşada “andiçmə” mərasimi keçirdi. Burada da ATƏT-in Minsk Qrupunun həmsədrləri susmağa üstünlük verdilər. Bu cür təxribatlar sülh müstəvisini alt-üst edir və bu təxribata görə Ermənistan cavabdehlik daşıyır.
Digər tərəfdən, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Azərbaycanın bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı da Minsk qrupunun həmsədrləri açıqlama vermirlər. ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistana Yaxın Şərqdən və digər bölgələrdən erməniləri Qarabağa gətirirlər. Bizim şəhərlərimizin tarixi adları dəyişdirilir, işğal edilmiş torpaqlarda kilsələr tikilir.
Azərbaycan tərəfi bütün bu çətinliklərə baxmayaraq, dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi dalana dirənib. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfransları əhəmiyyətsiz görünür. Bu, sadəcə olaraq, imitasiya xarakteri daşıyır və sanki Minsk qrupunun fəaliyyətdə olmasını göstərir. Danışıqlar mahiyyət üzrə aparılmalıdır və substantiv xarakter daşımalıdır”.
Deputat Pərvin Kərimzadə isə yap.org.az-a deyib ki, vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferasında, xarici siyasətdə qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, tərəfdaşlarının artmasına şərait yaradıb: “Bir-birini tamamlayan, dövlətin dayanıqlı inkişafında harmoniya yaradan uğurlarla, əldə edilən nailiyyətlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən ağrılı problem olaraq bir an da olsun diqqətdən kənarda qalmır.Təəssüflər olsun ki, ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yanaşmaları ilə üzləşməkdədir”. P.Kərimzadə bildirib ki, istər yerli, istərsə də beynəlxalq səviyyəli görüş və çıxışlarında, "Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir" söyləyən dövlət başçısı İlham Əliyevin iyulun 6-da yerli telekanallara müsahibəsində də beynəlxalq təşkilatlara ünvanlanan və cavab axtarılan sualları öz əksini tapıb. Ölkə başçısı növbəti dəfə də diqqəti nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın hüquqlarını pozan bu ölkənin saxta demokratiyasına, hazırkı hakimiyyətin qurduğu diktatura rejiminə yönəldib: “Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz”.
P.Kərimzadə “Prezident İlham Əliyevin qeyd olunan müshibəsindəki tariximizin bugünkü reallığını əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən beynəlxalq təşkilatlar, Ermənistanın başına sığal çəkən dövlətlərdir”, - deyə bildirib: “Ölkə Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün Ermənistan əsl xislətini gizlədə bilmədi, bəzəriyyətin gələcəyi naminə atılan addımın əleyhinə çıxdı. “Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir” söyləyən ölkə Prezidenti bildirir ki, biz onların əsl mahiyyətini üzə çıxarırıq, faşist mahiyyətini ifşa edirik: “Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir”.
Artıq diktaturanın formalaşdığı Ermənistanın bu günkü reallıqları işğalçı dövlətin demokratiyanın yanından belə keçmədiyini nümayiş etdirir və yaşanan hadisələr bu ölkəyə yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir. Bu bir həqiqətdir ki, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər”.

Əli Zülfüqaroğlu