1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım Layihə

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım

5-ci yazı

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Ermənilərin havadarlarının dəstəyi ilə həyata keçirdikləri soyqırımlarından başlıca məqsədləri müəyyən ərazidə digər bir xalqın varlığına son qoymaq hesabına özlərinə müstəqil dövlət yaratmaqdan ibarət olub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, Gəncə qəzasının dağlıq hissəsinin 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayıl Sultanov Gəncə qəza rəisinə ünvanladığı 1919-cu il 22 aprel tarixli məlumatında yazırdı: “Aprelin 13-dən etibarən Ararat Respublikasının qoşunları Novo-Bəyazid qəzasının Göyçə rayonunun şərq və şimal bölgəsinin müsəlman kəndlərini təmizləmək məqsədilə hücumlara başlayıb. İndiyədək Göyçənin 60 minə yaxın əhalisi olan 22 kəndi dağıdılıb, yandırılıb və əhalisi təmizlənib... Ermənistan respublikası öz məqsədinə çatıb, artıq Göyçə rayonunda müsəlman (Azərbaycan türkü-red.) qalmayıb. Novo-Bəyazid qəzasının 84 müsəlman kəndi məhv edilib ki, onlardan da 22-si aprelin 13-20-si arasında dağıdılıb. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca, Söyünquluağalı, Ağkilsə, Zod, Quluağalı, Böyük Qaraqoyunlu, Bala Qaraqoyunlu, Zərzibil, Canəhməd, İnəkdağı, Qaraiman, Kəsəmən, Başkənd. Bala Məzrə, Böyük Məzrə, Şişqaya, Qayabaşı, Hacı Qərib kəndlərində 15 min evin əhalisinin mal-mülkü talan edilib və ermənilərə qismət olub.
Erməni müəllifi Anahid Lalayan “Daşnaksutyun” partiyasının quldur dəstələrinin Basarkeçərdə törətdikləri vəhşiliyi erməni zabiti Vaһramın dili ilə belə təsvir edir: “Mən Basarkeçərdə һeç nəyi nəzərə almadan türk əһalisini qırdım - deyə, daşnak “başkəsəni” lovğalanırdı. Lakin bəzən gülləyə һeyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların һamısını su quyusuna doldurub, üstündən ağır daşları tökəsən ki, onlardan əsər-əlamət qalmasın”. Bandit sözünə davam edərək deyir: “Mən elə də etdim: bütün kişiləri, qadınları və uşaqları öldürüb doldurdum quyuya və üstünü də daşla doldurdum...”.
1919-cu il aprelin 11-də Tiflisdə keçirilən Cənubi Qafqaz respublikalarının konfransında milli zəmində toqquşmalara son qoyulması üçün konfrans adından Azərbaycan və Ermənistan respublikalarının hökumət başçılarına müraciət qəbul edilmişdi. Müraciətdə həmin günlərdə Qazaxda, Naxçıvanda, Ordubadda, Qarabağda baş verən toqquşmaların və qan tökülməsinin dərhal dayandırılması tələb edilir, hər iki respublikanın sərhədləri daxilində erməni və müsəlan əhali arasında hər hansı toqquşmalara yol verilməməsi üçün dərhal ən həlledici qərarlar qəbul edilməsi təkid edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümündə Azərbaycan hökuməti adından müttəfiq dövlətlərin Paris sülh konfransındakı nümayəndələrinə Memorandum müraciət qəbul edilmişdi. Memorandumda respublikanın əhalisinin böyük əksəriyyətinin Azərbaycan türklərindən ibarət olduğu, onun mövcud sərhədlər daxilində qonşu ölkələrlə dostluq münasibətində olduğu, lakin yalnız ərazi məsələsində Gürcüstanla və Ermənistanla mübahisələri olduğu qeyd edilmişdi. Gürcüstanla mübahisənin Borçalı qəzası və Tiflis qəzasının Qarayazı bölgəsi üstündə olduğu, Ermənistanla isə mübahisənin Sürməli qəzasının və İrəvan qəzasının bir hissəsi üstündə olduğu, son vaxtlarda isə müttəfiqlərin komandanlığının razılığı ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan, Şərur-Dərələyəz qəzaları və Novo-Bəyazid qəzasının bir hissəsinin yerli əhalinin ciddi müqavimətinə baxmayaraq Ermənistan hakimiyyətinə zorla tabe etdirilməsi nəticəsində yeni mübahisənin yarandığı qeyd edilmişdi. Demək olar ki, əhalisinin tamamilə Azərbaycan türklərindən ibarət olduğu yuxarıda qeyd edilən mübahisəli ərazilərin etnoqrafik, coğrafi, iqtisadi, mədəni-siyasi, sosial və s. cəhətdən ədalət naminə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması memorandumda öz əksini tapmışdı. Həmin ərazilərin silah gücünə deyil, xalqların öz müqəddəratını təyin etməsi prinsipi əsasında referendum yolu ilə öz iradəsini ifadə etməklə, şəxsi taleyini və siyasi həyatını qura biləcəyi ifadə edilmişdi. Daha sonra qeyd edilirdi ki, Azərbaycan hökumətinin və yerli əhalinin dəfələrlə etirazına baxmayaraq bu ərazilər güclə Ermənistana tabe etdirilmiş, müttəfiq dövlətlərin komandanlığının Qafqazda olmasına və onun tərəfindən heç kimin özgəsinin torpağını zorla ələ keçirmək ixtiyarının olmadığını bəyan etməsinə baxmayaraq, azacıq istisnalarla İrəvan quberniyasının müsəlman kəndləri erməni qoşunları tərəfindən dağıdılmışdı. Memorandumda Sülh konfransından xahiş edilirdi ki, son 6 ayda, yəni Müttəfiq dövlətlərin qoşunlarının Qafqazda olduğu müddətdə İrəvan quberniyasında neçə müsəlman kəndinin dağıdıldığını və neçə müsəlmanın qətlə yetirildiyini müəyyənləşdirmək üçün dərhal xüsusi istintaq komissiyası yaradılsın. Memorandumun sonunda bildirilirdi ki, əgər ərazi mübahisələri Tiflisdə üç Cənubi Qafqaz respublikaları arasında keçirilən sülh konfransında öz həllini tapmazsa, onda Azərbaycan hökuməti bu məsələni Avropa dövlətlərinin arbitrajına təqdim etməyə hazırdır.
Lakin aprelin hələ aprelin 25-də öz işinə başlayan Tiflis konfransının gedişində Deninkin qoşunlarının hücumu səbəbindən konfrans öz işini başa çatdıra bilməmiş, bununla da milli-ərazi münaqişələri növbəti dəfə öz həllini tapmamışdı. Aprel konfransının keçirildiyi günlərdə Qarabağ və Naxçıvanda ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmalar davam edirdi. Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrini Ermənistanın xeyrinə həll etmək üçün Birləşmiş Dövlətlərin Ali Komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neytral zona yaratmaq, bununla da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək o şərtlə neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin ərazidə Azərbaycanın suveren hüquqları saxlanmış olsun.
Azərbaycanın xarici işlər naziri 30 aprel 1919-cu ildə Britaniyanın Qafqazdakı qoşunlarının komandanına göndərdiyi etiraz məktubunda Naxçıvan, Şərur-Dərələyəz və Sürməli qəzalarının, habelə İrəvan qəzasının bir hissəsinin idarəçiliyinin Ermənistana veriləcəyi barədə Briyaniya komandanlığının razılıq verməsindən narahatlığını ifadə etmişdi. Etiraz məktubunda qeyd edilən ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, sakinlərinin isə tamamilə müsəlmanlardan ibarət olduğu qeyd edilmişdi. 3 may 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərdiyi bildirilirdi.
Naxçıvan Milli Şurasının Azərbaycan xarici işlər nazirinə göndərdiyi məktubda bildirilirdi ki, mayın 2-də general Devi Naxçıvana gələrək Milli Şuranın üzvləri və ağsaqqallarla görüşmüş, Sülh Konfransı qurtaranadək bölgənin Ermənistan hökumətinin idarəçiliyində qalmasını istəyib. Milli Şuranın üzvləri general Devidən bölgənin müvəqqəti olaraq ermənilərin idarəçiliyinə veriləcəyi barədə yazılı sənəd istəmişlər. Mayın 14- də general Devi Ermənistanın baş naziri A.Xatisovla birlikdə Şahtaxtı stansiyasına gəlirlər. Ertəsi gün A.Xatisov əvvəlcə Milli Şuranın üzvləri ilə görüşür, sonra isə meydana toplaşan əhaliyə müraciət edir. Naxçıvan əhalisi A.Xatisovu boykot edir. Xatisov Ermənistan hökumətinin Naxçıvana təyin etdiyi mülki qubernator Varşamyanı ingilis əsgərlərinin nəzarəti altında Naxçıvanda qoyub İrəvana qayıdır.
Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçmişlər. Ermənistana təzyiq etmək üçün M.Təkinski təklif edir ki, qoşunları Ermənistanla sərhəddə cəmləşdirmək lazımdır. 4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament istintaq komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi teleqramda qeyd olunmuşdu.
İyunun 10-da Azərbaycan XİN-ni Ermənistandakı diplomatik nümayəndə M. Təkinskiyə göndərdiyi şifrəli teleqramda tapşırılırdı ki, dağıdılmış kəndlərin təmsilçilərinin köməyi ilə xəlvəti İrəvan quberniyasında, imkan olarsa Qars vilayətində zərərçəkmişlərin ad və soyadları, yaşayış yerləri, yaşları göstərilməklə müsəlmanların həm insani, həm də əmlak itkiləri haqqında statistik məlumatlar toplansın. Məlumatlarda öldürülənlər, yaralanlar, əsir götürülənlər, dağıdılmış kəndlər, bağlar, aparılmış sürülər haqqında səhih məlumatların əks olunması tapşırılırdı. Həmçinin qeyd edilirdi ki, Azərbaycan hökumətinin qərarı ilə ingilis, italyan və digər ölkələrin təmsilçilərinin iştirakı ilə ermənilərin azərbaycanlılara vurduğu itkilərin miqyasını müəyyən etmək üçün beynəlxalq komissiya yaradılması qərara alınıb.
Şərur-Naxçıvan bölgəsində vəziyyətlə bağlı M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə iyunun 13-də göndərdiyi şifrəli teleqramdan aydın olur ki, bölgədəki silahlı qüvvələrin maddi təminatını Azərbaycan hökuməti İrəvandakı diplomatik nümayəndəliyin vasitəsi ilə həyata keçirmişdi. Həmin bölgədə 6 min əsgər və süvaridən ibarət yarı nizami qoşunlar mövcuddur. M.Təkinski qoşunların döyüş hazırlığının heç də erməni qoşunlarının hazırlığından geri qalmadığını ingilislərin də etiraf etdiklərini bildirir. Daha sonra M.Təkinski yazır ki, bölgədəki silahlı qüvvələrin sayını lazım gələrsə hərbi əməliyyatlar zamanı 10 min nəfərə də çatdırmaq olar. Diplomatik nümayəndə Şərur-Naxçıvan bölgəsindəki silahlı qüvvələrin əvvəlki mövqelərində qalmağının və Zəngəzurla sərhəddəki dağlarda yerləşdirməyin vacibliyini qeyd edir.
İyunun 16-da M.Təkinski xarici işlər naziri M.Y.Cəfərova yazırdı ki, o Ermənistan hökumətinin başçısı A.Xatisova uzun müddət söhbət edib və Xatisov, ingilis polkovniki Plantona və Amerika missiyasına arxalanaraq öz mövqeyini haqlı hesab etdiyini bildirib. M.Təkinski həmçinin ingilislərin gizlətmədən müsəlmanların əleyhinə çıxdıqlarını yazır.

Elçin Qaliboğlu